Məhkəmə qərarları › İş №2-1(105)-160/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-160/2025

14.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-160/2025 14.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri X2 (sədrlik edən, məruzəçi hakim), hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı X3 adına X10 və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində tərtib edilmiş 1530,78 kv.m torpaq sahəsinin planı və ölçüsünün və X8 kitabında torpaq sahəsinin uçota alınması barədə xx.xx.2010-cu il tarixli, 1328 nömrəli (A225035) qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-434/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X3 adına X10 və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində tərtib edilmiş 1530,78 kv.m torpaq sahəsinin planı və ölçüsünün və X8 kitabında torpaq sahəsinin uçota ahnması barədə xx.xx.2010-cu il tarixli, 1328 nömrəli (A225035) qeydin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Şamaxı rayonu, Göylər kəndində anadan olmuşdur və həmin kənddə daimi yaşayır. Şamaxı rayonu, Göylər kəndi ərazisində, Yenikənd yolunun üst tərəfində 0,16 ha torpaq sahəsi 2000-ci ildən onun istifadəsində olmaqla, orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərir, çoxillik meyvə ağacları əkib böyütmüşdür. Torpaq sahəsinin vergisini ərazi Bələdiyyəsinə ödəyir. Həmin torpaq sahəsində 2010-cu ildə ev tikib ailəliklə yaşayır. İşlətdiyi qaz və elektrik enerjisinin pulunu ödəyir. Həmin torpaq sahəsinə görə Göylər Bələdiyyəsinə həyətyanı torpaq sahəsinin vergisini ödəyir. RF-da 50 ildən artıq daimi yaşayan və qeydiyyatda olan qardaşı X5 həmin torpaq sahəsinin ona məxsus olub torpaq sahəsindən çıxarılmağı və tikdiyi evin sökülməsini tələb edir. Bununla əlaqədar olaraq aralarında məhkəmə mübahisəsi gedir. 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən məhkəmə təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçülərində X4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530,78 kv.m həyətyanı torpaq sahəsi verilmiş və bu X10 kitabında xx.xx.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır (A225035). Qeyd olunan sənədlər hüquqverici sənədlər hesab edilmir, yalnız texniki sənədlər hesab edilir. Torpağa mülkiyyət hüququnun verilməsinə dair sənəd torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə hesab edilir. Lakin belə bir şəhadətnamə mövcüd deyildir. Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarında (protokolunda) Ataxan Rəhimova torpaq sahəsinə dair ilkin sənədlərinin olub-olmaması, vardırsa təsdiq olunmuş surətini əldə etmək məqsədi ilə Milli Arxiv İdarəsinin X11 filialına vəkil sorğusu göndərilmişdir. Sorğuya verilmiş xx.xx.2022-ci tarixli, 482/191 nömrəli cavab məktubunda göstərilir ki, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2021-ci il tarixli 03 nömrəli qərarın (protokolun) təsdiq olunmuş surəti göndərilmişdir. Həmin qərarda X4 torpaq sahəsinin ayrılması barədə heç bir qeyd yoxdur. Bundan başqa Göylər kədində keçirilmiş Aqrar islahat zamanı adlı siyahıda X4 torpaq sahəsinin verilib-verilməməsi ilə bağlı X11 filialına təkrar vəkil sorğusu göndərilmişdir. Sorğuya verilmiş xx.xx.2022-ci il tarixli 493/193 nömrəli cavab məktubunda qeyd olunur ki, Şamaxı filialında saxlanılan Göylər kənd Üzüm istehsalı və Emalı müəssisəsinin 1990- 1996-cı illərə dair sənədlərinə baxış keçirilərkən X3 adına torpaq sahəsinin verilməsi barədə məlumat aşkar olunmamışdır. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, İddiaçı cavabdeh "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı qeydin ləğv edilməsi tələbinə dair" iddia ərizəsini əsassız hesab edirlər. 14 saylı Şamaxı Ərazi idarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23- cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, X10 və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş X8 kitabında xx.xx.2010-cu il tarixdə, 1328 nömrə ilə X3 adına qeyd olunmuş 1530,78 kv.m torpaq sahəsinə dair Torpaq sahəsinin planı və ölçüsü sənədinin və müvafiq qeydiyyatın ləğv edilməsi xahiş etmişdir. Məlumat üçün bildiririk ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquq şəxsinin 14 saylı Şamaxı Ərazi idarəsi qanunamüvafiq qaydada daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatını aparan orqandır. Ərazi idarəsinin hər-hansı bir şəxsin sənədinin və mülkiyyət hüququnun ləğv edilməsi səlahiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı tələbi qeyri-qanuni olduğuna görə onun ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-434/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, müvafiq olaraq “Torpaq islahatı haqqında” haqqında Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli Qanununun 4- cü maddəsində göstərilir ki, torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasıın vətəndaşlarına və hüquqi şəxslərə verilir. Əcnəbilər və vətəndaşləğı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklət və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasıında torpaq sahələri icarə hüququ əsasında əldə edə bilərlər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsində 3-cü bəndinə əsasən, əcnəbilər və vətəndaşləğı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklət və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasıında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər1950-ci il təvəllüdlü qardaşı Ağaxan Rəhimov 18 yaşında keşmiş SSRİ Silahlı qüvvvələrinin tərkibinə xidmətə ketmişdir. Hərbi xidmətdən sonra RF-da qalıb daimi yaşamaqla, oranın vətəndaşlığını qəbul etmişdir. Yaşadığı Göylər kəndində torpaq islahatı aparılarkən Ağaxan Rəhimov kənddə olmamış, AR vətəndaşlığı da olmamışdır. Torpaq yalnız ərazidə yaşayan və qeydiyyatda olan şəxslərə verilirdi. Həmin Qanun və Məcəllənin qeyd olunan madddələrinə əsasən onun adına torpağın verilməsi tamqanunsuz vəəsassızdır. Məhkəmə Ağaxan Rəhimovun Torpaq islahatı aparıldığı və mülkiyyətinə torpaq sahəsi ayrılması müddətdə (2000-2011-ci illərdə) Azərbaycan Respublikası hüdudlarında olub-olmaması ilə bağlı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və vətəndaşlıq mənsubiyyəti ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə sorğular verib cavab almasını təmin etmişdir. Həmin cavabların alınması iş üzrə obyektiv qərar qəbul edilməsi üçün əsasladan biridir. Məhkəmə maddi hüquq norması kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və 2.2-ci maddələrinə istinad etmişdir. Həmin qanunun 2.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqalarına keçməsinin və bunlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Qanunun 2.2-ci maddəsinə əsasən, AR Mülki Məcəlləsinin və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakən dövlət Reyestrində aparılır. Məhkəmə qərarınin 5-ci səhifəsində göstərilir ki, güya iddia tələbində Şamaxı rayonu Göylər kənd ərazisində yerləşən 0.16 ha torpaq sahəsi ilə 225035 saylı“torpaq sahəsinin planı və ölçüsü”sənədlərində qeyd edilən X4 məxsus, 1530 kv.metr torpaq sahəsinin üst-üstə düşdüyünü, bu səbəblə də Ağaxan Rəhimova məxsus olan həmin plan-ölçü sənədinin və müvafiq qeydiyyatın ləğv edilməsi olduğunu bilirmişdir. Lakin torpaq sahəsinin ona məxsus olmasına dair nə inzibati icraat zamanı inzibati orqana, nə də məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmənin qeyd etdikləri tam əsassızdır. Torpaq sahəsinin Ağaxan Rəhimova məxsus torpaq sahəsi ilə üst-üstə düşməyilə bağlı iddia tələbi mövcud deyildir. Şamaxı rayonu, Göylər kəndi ərazisində Yenikənd yolunun üst tərəfində 0,16 ha torpaq sahəsi 2000-ci ildən istifadəsində olmaqla hasara almışdır. Orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib-becərir, çoxillik meyvə ağacları əkib böyütmüşdür. Torpaq sahəsinin vergisini ərazi Bələdiyyəsinə ödəyir. Həmin torpaq sahəsində 2010-cu ildə ev tikib ailəliklə yaşayır. Bunu Şamaxı rayon İHB-nın Göylər kənd İƏD-si üzrə nümayəndəliyi tərfindən verilmiş xx.xx.2022-ci ilarixli 448 saylı arayışı təsdiq edir. Arayışda qeyd olunur ki, “İddiaçı 2010-cu ildən Yenikəd yolunun üstündəki tikdiyievdə yaşayır”. Bundan başqa Göylər Bələdiyyəsinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 549 saylı arayışında qeyd olunur ki, etdiyi xx.xx.2022-ci il tarixli 549 saylıarayışında qeyd olunur ki, X1 sisteminə əsasən İddiaçı istifadə etdiyi həyətyanı torpaq sahəsinin vergisinin ödəyir. Eyni zamanda işlətdiyi qaz və elektrik eneriisinin pulunu ödəyir. Qeyd olunan arayışlar sübut əhəmiyyəti kəsb etdiyindən məhkəməyə təqdim olunmuşdur. Lakin məhkəmə həmin arayışları sübut kimi nəzərə almamışdır. Məhkəmə cavabdeh təşkilatın imtinasında qeyd olunanlarla kifayətlənərək qərar qəbul etmişdir. Belə ki, məhkəmə 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən məhkəmə təqdim olunmuş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçülərində X4 Şamaxı rayon Aqrar İslahat Komissiyasının 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 1530,78 kv.m həyətyanı torpaq sahəsi verilmiş və bu X10 kitabında xx.xx.2010-cu il tarixdə 1328 nömrə ilə uçota alınmışdır (A225035). Qeyd olunan sənədlər hüquqverici sənədlər hesab edilmir, yalnız texniki sənədlər hesab edilir. Torpağa mülkiyyət hüququnun verilməsinə dair sənəd torpağın mülkiyyətə verilməsi barədə şəhadətnamə hesab edilir. Lakin belə bir şəhadətnamə mövcüd deyildir. Həmçinin sözügedən 03 nömrəli qərarda Ağaxan Rəhimovun adı barədə qeydlər yoxdur. Həmçinin Milli Arxiv İdarəsi X11 İdarəsınin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 493/193 nömrəli məktubda qeyd olunmuşdur ki, filialda saxlanılan Göylər kənd üzüm istehsalı və emalı müəssisəsinin 1990- 1996-cı illər aid sənədlərdə X3 adına torpaq sahəsi haqqında məlumat aşkar olunmamışdır. Bundan başqa Milli Arxiv İdarəsi X11 Filialının 2-1(118)-1147/2024 nömrəli iş üzrə təqdim eydiyi xx.xx.2024-cü il tarixli məktubu ilə Şamaxı rayon Göylər Üzüm istehsalı və X7 Aqrar İslahat Komissiyasının torpaq bölgüsü ilə bağlı xx.xx.2021-ci il tarixli 2 nömrəli protokolun qərarında X5 barədə heç bir məlumat mövcüd deyildir. Məhkəmə həmin sənədə istinad etməmişdir. Məhkəmə X3 Şamaxı rayon Aqrar İsahat Komissiyasının xx.xx.2006-cı il tarixli cədvəlində Şamaxı rayonu Göylər kəndi ərazisində torpaq almaq hüququ olan sübyektlərin siyahısında 2441 nömrə ilə qeyd olunmasına istinad etməklə qərar qəbul etmişdir. Yaşadığı Göylər kəndi ərazisində X12 zamanı torpaq sahələri yalnız həmin ərazidə yaşayan və Üzüm istehsalı və Emalı müəssisəsində işləyənlərə verilirdi. RF-da yaşayan və oranın vətəndaşlarına mənsub olan şəxslərə torpaq sahəsinin ayrılması nəzərdə tutulmamışdır. Əsassız və qanunsuz olaraq Ağaxan Rəhimovun adı siyahıya daxil edilmişdir. Ən azı bunun üçün Ağaxan Rəhimovun mülkiyyətinə torpaq sahəsinin əldə etməsi ilə bağlı Yerli İslahat Komissiyasına müraciətləri mövcüd olmalıdır. Belə bir müraciət mövcud deyildir. Ağaxan Rəhimovun adının cədvələ torpaq sahəsi alanların sübyektlərinin dairəsinə qəbul edilməsi tam qanunsuzdur. Mübahisəli torpaq sahəsi 2000-ci ildə istifadədə olmaqla hasara almış, 2010-cu ildə orada yaşayış evi tikmələ torpaq sahəsi yüklü olunmuşdur. Həmin torpaq sahəsi X10 və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsunün və X8 kitabında xx.xx.2010-cu il tarixdə, 1328 nömrə ilə (A225035) qeydə alınmışdır. Bu hal aşdırılmamış və buna məhkəmə tərəfindən qiymət verilməmişdir. Birinci instansiya məhkəməsi 1 ildən artıq müddətində məhkəmə prosesi davam etməsinə baxmayaraq iş üzrə 3-cü şəxs X3 mübahisəli torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı sübyektiv hüquqa malik olub-olmaması faktına qiymət verilməmişdir. İş materiallarndan göründüyü kimi cavabdeh tərəfindən mübahisəli torpağ sahəsinin 3-cü şəxs Ataxan Rəhimovun mülkiyyətinə verilməsi dair ilkin hüquqverici sənəd saydıqarı Şamaxı RAİK-nın xx.xx.2001-ci il tarixli 3 saylı qərarında Ağaxan Rəhimov barədə hər hansı qeyd, topaq islahatı ilə bağlı arxiv sənədlərindəki adlı siyahıda adı yoxdur və onun torpaq sahəsi almaqla bağlı müraciəti mövcüd deyildir. Bu da həmin sənədlərin saxta olmasına dələlat edir. Bundan başqa Şamaxı rayonu Göylər Üzüm istehsalı və Emalı müəssisəsinin X12 Komissiyasının xx.xx.2001-ci il tarixli 2 saylı protokolunda siyahıda Ağaxan Rəhimovun adı yoxdur. Məhkəmə bu hala qiymət versəydi Ağaxan Rəhimovun torpağı əldə etməsinə sübyektiv hüququnun olmaması müəyyənləşdirilmiş olardı. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həm iştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərardad qəbul edilməli, iddia tələbi mümkün sayılmamalıdır. İndiki halda iddiaçının iddia tələbi X3 adına X10 və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsində tərtib edilmiş 1530,78 kv.m torpaq sahəsinin planı və ölçüsünün və X8 kitabında torpaq sahəsinin uçota ahnması barədə xx.xx.2010-cu il tarixli, 1328 nömrəli (A225035) qeydin ləğv edilməsindən ibarət olmuşdur. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibatı məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İşin müəyyən edilmiş hallarından görünür ki, Şamaxı Rayonu AİK-nın 04 aprel 2001-ci il tarixli 03 nömrəli qərarı ilə üçüncü şəxs X3 adına 1530,78 kv.m torpaq sahəsi ayrılmış, onun əsasında üçüncü şəxsin adına torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmiş, həmin sənəd xx.xx.2010-cu il tarixdə kadastr kitabında uçota alınmışdır. Arxiv sənədlərin məzmunundan görünür ki, üçüncü şəxs X4 0,16 ha torpaq sahəsi xüsusi mülkiyyətinə verilmiş, Dövlət aktının nömrəsi 1507, xəritədə nömrəsi 2222, ailə üzvi kimi 1 nəfər qeyd edilmişdir. İş materiallarında olan müayinə aktının məzmunundan görünür ki, üçüncü şəxsin adına ayrılmış torpaq sahəsi naturada mövcud olmaqla, orada fərdi yaşayış evi və tikililər mövcuddur. İş materiallarından görünür ki, iddiaçının adına tərtib edilmiş Torpaq sahəsinin plan və ölçü sənədi aşkar edilməmiş, həyətyanı və pay torpaq sahələrinə dair subyektlərin siyahılarından iddiaçının adına olan çıxarışın məzmununda iddiaçının xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçüsü 0,08 ha, ailə üzvi kimi 3 nəfər, Dövlət Aktının nömrəsi kimi 1508, xəritədə nömrəsi kimi 256 qeyd edilmişdir. Göründüyü kimi iddiaçının hazırda faktiki olaraq istifadəsində olan torpaq sahəsinin məhz üçüncü şəxsin adına ayrılmış torpaq sahəsi olması halı cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş müayinə aktının məzmununda öz əksini tapmışdır. Nəticə etibarilə iddiaçının hazırki iş üzrə mübahisələndirdiyi torpaq sahəsinin ona məxsus olması və ya onun qanuni sahibliyində və ya qanuni istifadəsində olması halı iş materialları əsasında təkzib olunur. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ mövcud olmamışdır. Başqa sözlə desək, iddiaçı o halda subyektiv hüquqa malik ola billərdi ki, sözügedən torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş sənədlərin onun qanunla qorunan hüquqlarına (qanuni sahibliyində və ya istifadəsində olması və s.) və maraqlarına toxunması halı müəyyən edilmiş olardı. İndiki halda iddiaçı qeyd edilən torpaq sahəsinin ona məxsus olması halını bildirsə də, məhkəmə araşdırması zamanı həmin hal öz təsdiqini tapmamışdır. Başqa sözlə desək, sözügedən torpaq sahəsinin iddiaçının qanuni sahibliyində və ya qanuni istifadəsində olması halı müəyyən edilməmişdir. İddiaçı sözügedən torpaq sahəsinin uzun müddət (2000-ci ildən) onun faktiki istifadəsində olması, orada kənd təsərrüfatı məhsullarını yetişdirməsi ilə məşğul olması, 2010-cu ildən fərdi yaşayış evi tikməklə, orada yaşaması, torpaq vergisinin ödənilməsi halına istinad etmişdir ki, həmin hallar özlüyündə iddiaçının sözügedən torpaq sahəsinə dair hər hansı əmlak hüququna malik olması halını müəyyən etməyə imkan verməməklə, hazırki iddia tələbinin mümkünlüyü baxımından iddiaçının subyektiv hüquqa malik olmasının əsası qismində çıxış etməmişdir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçı həmin torpaq sahəsinə dair onun adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərin (plan və ölçü və s.) olduğunu qeyd etsə də, həmin hal iş materialları əsasında təkzib olunmaqla, aşkar edilməmişdir. İddiaçının və onun ailə üzvlərinin adına 0,08 ha torpaq sahəsinin verilməsi halı müəyyən edilmişdir ki, hazırda iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi həmin torpaq sahəsi olmamaqla, məhz üçüncü şəxsin adına ayrılmış torpaq sahəsi olmuşdur. Üçüncü şəxsin adına ayrılmış torpaq sahəsi ilə bağlı iddiaçının adına tərtib edilmiş hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmamışdır. Başqa sözlə desək, iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olması üçün onun həmin torpaq sahəsinə dair əmlak hüququ (hüquqi bağlılığı) mövcud olmalı idi. İndiki halda isə belə bir halın müəyyən edilməsi mümkün olmamışdır. Belə olan halda isə iddiaçının üçüncü şəxsə aid sənədləri mübahisələndirməklə bağlı subyektiv hüququ mövcud olmamışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə cavabdehin hansı hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarının (əmlak hüquqlarının və s.) və ya qanuni maraqlarının pozulması halının, o cümlədən hüquqi müdaxilənin mövcudluğu da müəyyən edilmədiyindən, iddia mümkün sayılmamalıdır. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iddianın mümkünlük şərtlərinin ödənilib-ödənilməməsi halını yoxlamadan, tələbə mahiyyəti üzrə baxmışdır, bu hal isə prosessual qanunvericiliyin tələblərinin pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərardad qəbul edilməli, iddia tələbi mümkün sayılmamalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-434/2024 nömrəli qərarı ləğv edilsin, yeni qərardad qəbul edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar