Məhkəmə qərarları › İş №2-1(105)-161/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-161/2021

22.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-161/2021 22.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim: Babayeva Hökümə Çingiz qızı, Hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı 18.11.2014-cü il tarixdən yaşayış sahəsinə ehtiyacı olan qismində yaşayış yeri üzrə uçota götürülməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2- 1(118)-498/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan:ünvan 2aydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra iddiaçı) Sumqayıt şəhər İcra Hakimiyyətinə (bundan sonra cavabdeh)müraciət edərək, ona 2-ci qrup Qarabağ müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində yaşayış yeri üzrə 2017-ci ildən mövcud olan mənzil növbəliyinin 2014-cü ildən bərpa olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı 09 dekabr 2019-cu il tarixli məktubda bildirmişdir ki, ilk dəfə şəhər İcra Hakimiyyətinə daxil olmuş Ş-61 saylı, 18.11.2014-cü il tarixli müraciətə əlavə olunmuş 2 saylı Forma arayışında onun ailə tərkibi 1 nəfər olmaqla qohumlarına məxsus, yaşayış sahəsi 16,74 kv.metrdən ibarət 1 otaqlı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4b/29, mənzil 1-də 2014-cü ildən qeydiyyatda olduğu göstərilmişdir. Beləliklə, mənzil uçotuna alınması üçün hüquqi əsaslar mövcud olmadığından (Sumqayıt şəhərində 5 il daimi qeydiyyat müddəti tamam olmadığı, eyni zamanda hüquqi əsasların müəyyən edilməsi üçün müvafiq sənədlər) tam tərkibdə təqdim edilmədiyi səbəbdən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmamışdır. Sonradan müraciət və tərəfindən təqdim edilmiş sənədlər əsasında “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə və Mənzil Məcəlləsinin 50, 51-ci maddələrinin tələblərinə uyğun olaraq, o, şəhər İcra Hakimiyyətinin 20.10.2017-ci il tarixli, 226 saylı sərəncamı ilə 2-ci qrup Qarabağ müharibəsi əlili kimi yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Qeyd olunanları nəzərə alaraq yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəliyinin 2014-cü ildən bərpa olunması barədə xahişinin müsbət həlli mümkün olmamışdır. Bununla razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, onun Qarabağ müharibəsi əlili imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində yaşayış yeri üzrə 18.11.2014-cü ildən növbəyə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli, 2-1(118)-498/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən apellyasiya şikayəti icraata qəbul edilmiş və inzibati iş baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdeh tərəfindən tələbi təmin edildiyi üçün iddia tələbindən imtina etdiyini bildirmiş, ərizəsini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddiaçının iddiadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Belə ki, cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 78 saylı, 17 sentyabr 2021-ci il tarixli məktubda bildirilmişdir ki, 2-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı 20.10.2017-ci il tarixdən mövcud olan mənzil uçotu Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 17.09.2021-ci il tarixli, 532 saylı sərəncamı ilə 20.10.2014-cü il tarixdən bərpa olunmuşdur. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 17 sentyabr 2021-ci il tarixli, 532 saylı sərəncamından görünür ki, 2-ci qrup Qarabaq müharibəsi əlili İddiaçı 20.10.2017-ci il tarixdən mövcud olan mənzil uçotu 20.10.2014-cü il tarixdən bərpa edilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən, məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.4-cü maddəsinə əsasən, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsində isə deyilir ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, kollegiya hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından, həmçinin iddiaçı bu əsasla tələbindən imtina etdiyindən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 67, 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2020-ci il tarixli 2-1(118)-498/2020 saylı qərarı ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar