Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-161/2025 10.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının sədri Nümayəndə1, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)- 4840/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Aynur Axundova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 4840/2024 nömrəli qərarı ilə iddiaçı Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatına hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3.136,97 manat (2.605 manat əsas, hesablanmış faizlər üzrə 531,97 manat) borcun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatına hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3136,97 manat (2.605 manat əsas, hesablanmış faizlər üzrə 531,97 manat) borcun silinməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia onunla əsaslandırılmışdır ki, Nümayəndə1 1985-ci ildən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin (köhnə adı Korlar Cəmiyyəti) Xaçmaz rayon təşkilatının sədridir. Özü İ dərəcəli gözdən əlildir (görmə qabiliyyəti sıfırdır). Cavabdeh, onun sədr olduğu Xaçmaz rayon təşkilatına tam əsassız olaraq Dövlət Sosial Müdafiə Fonduna 3236,97 manat, o cümlədən 2605 manat əsas, hesablanmış faizlər üzrə 531,97 manat və tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100 manat borc hesablanmışdır. Bu əsasla cavabdeh 3 saylı Ərazi Vergilər İdarəsi ona qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iddia qaldırmış və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-111/2022 nömrəli qətnaməsi ilə 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilərək ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Nümayəndə1 rəsmi məktubla 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edərək, onun sədr olduğu Xaçmaz rayon təşkilatına hesabladığı borcun izah edilməsini xahiş etmişdir. Həmin məktuba 3 saylı Vergilər İdarəsinin rəisi, baş vergi xidmətinin müşaviri Ziya Ağagülovun xx.xx.2024-cü il tarixli **********246900 nömrəli məktubla cavab verilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 vergi orqanına daxil olmuş məlumatlara əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının xx.xx.2019-cu il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3136,97 manat, o cümlədən 2605,0 manat əsas və hesablanmış faizlər üzrə 531,97 manat borcu mövcud olmuşdur. Həmçinin, hüquqi şəxsin aktivləri barədə məlumatı 10 gün müddətində vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatına 100 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hesab edir ki, sədrlik etdiyi Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyəti Xaçmaz rayon Təşkilatına 3236,97 manat borcun hesablanması tamamilə qanunsuz və əsassızdır. Belə ki, 2001-ci ilin dekabr ayında sonuncu dəfə olaraq əmək haqqı almışdır, bundan sonra Xaçmaz rayon Təşkilatına mərkəzi idarəsi olan Azərbaycan Respublikası Korlar Cəmiyyəti tərəfindən heç bir pul vəsaiti köçürülməmişdir. Xaçmaz rayon təşkilatının başqa heç bir gəlir mənbəyi yoxdur. İanə formasında Xaçmaz rayon təşkilatına daxil olmuş cüzi vəsaitlər hesabına DSMF-na köçürmələr etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2001-ci ilin dekabr ayında sonuncu dəfə olaraq əmək haqqı almışdır, bundan sonra Xaçmaz rayon Təşkilatına mərkəzi idarəsi olan Azərbaycan Respublikası Korlar Cəmiyyəti tərəfindən heç bir pul vəsaiti köçürülməmişdir. Xaçmaz rayon təşkilatının başqa heç bir gəlir mənbəyi yoxdur. İanə formasında Xaçmaz rayon təşkilatına daxil olmuş cüzi vəsaitlər hesabına DSMF-na köçürmələr etmişdir. Azərbaycan Respublikası Korlar Cəmiyyətinin müvəqqəti sədr əvəzi R.Ə.Məmmədovanın xx.xx.2005-ci il tarixli 03 nömrəli əmri ilə Xaçmaz rayon təşkilatının sədr vəzifəsinin tərəfindən icra edilməsi cəmiyyətin maliyyə vəziyəti ilə əlaqədar ictimai əsaslarla icra edilməsi qərara alınmışdır. Buna əsas kimi Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2006-ci il tarixli 32ş saylı əmrinin 2-ci hissəsi göstərilmişdir. "xxxx" ASC-nin Xaçmaz Filialının 05 may 2024-cü il tarixli 115 nömrəli arayışında qeyd olunur ki, Azərbaycan Respublikası Korlar Cəmiyyəti Xaçmaz rayonunun Bank hesabı 11 dekabr 2001-ci ildə açılmış və 07 may 2015-ci ildə hesab bağlanmışdır. Hesabdan cəmi 898,92 qəpik mədaxil olmuşdur və sonuncu 05 may 2014-cü ildə DSMF-ə ödəniş getmişdir. Beləliklə, 2001-ci ildən Xaçmaz rayonun təşkilatının bank hesabına Korlar Cəmiyyəti tərəfindən heç bir pul köçürmələri olmamışdır. Qeyd olunanların nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi iddiaçının apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının sədri Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi və izahatında bildirdi ki, o, 1985-ci ildən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin (köhnə adı Korlar Cəmiyyəti) Xaçmaz rayon təşkilatının sədri vəzifəsində çalışır, birinci dərəcəli gözdən əlildir. Sonuncu dəfə Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 01/1 -Ş saylı əmri ilə Xaçmaz rayon təşkilatının sədri vəzifəsinə təyin edilmişdir. 01 sentyabr 2016-cı il tarixdə Xaçmaz rayon təşkilatında metodist vəsifəsində işləmiş S.Ə.Şabanova işdən azad edildikdən sonra Xaçmaz rayon təşkilatında yeganə işçi kimi olaraq qalmışdır. Özü xx.xx.2005-ci il tarixdən hər hansı məbləğdə əmək haqqı almamış, sədr vəzifəni ictimai əsaslarla həyata keçirmişdir. 2016-cı ildə rayon təşkilatının "xxxx" ASC-də mövcud olmuş bank hesabı bağlanmışdır. 2016-cı ildən sonra Xaçmaz rayon təşkilatının sədri olaraq o, DSMF-yə heç bir hesabat verməmişdir. Bütün bunlara baxmayaraq məhkəmə öz qərarında tam əsassız olaraq qeyd edir ki, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş hesabat əsasında MDSS üzrə borc məbləği yaranmışdır. Lakin məhkəmənin qərarında həmin borcun hansı illərə aid olması barədə konkret məlumat yoxdur. Əgər hesablanmış borc Xaçmaz rayon təşkilatı tərəfindən 2016-cı ilə qədər verilmiş hesabatlara əsasən hesablanmışdırsa, həmin borc “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanuna əsasən tam məbləğdə silinməlidir. Həmin borcun 2018-ci ildən sonrakı dövrə təsadüf etdiyi halda belə qeyd olunanlar tamamilə əsassızdır, çünki rayon təşkilatının sədri olaraq 2016-cı ildən bəri DSMF-yə və yaxud vergi orqanlarına heç bir hesabat verməmişdir. Məhkəmə qərarında da onun 2016-cı ildən sonra hər hansı hesabatın verilməsini təsdiq edəcək sübut öz əksini tapmamışdır. Təşkilata pul ayrılması 1997-ci ildən dayandırılıb. O, işçilərə əmək haqqı ödəməmişdir. Vergi Xidməti onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair iddia qaldırmış və Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-111/2022 saylı qətnaməsi ilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bu səbəbdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cəmiyyət tərəfindən DSMF-yə hesabatlar təqdim edilirdi, lakin 2016-cı ildən sonra hesabat təqdim edilməmişdir. Hazırda ictimai əsaslarla tək fəaliyyət göstərir və heç bir işçisi yoxdur. Əmrlər onun tərəfindən Azərbaycan Respublikası Gözdən Əlillər Cəmiyyətinin müvafiq məktubu əsasında verilmişdir. Onlara əvvəlcə işçilərə əmək haqqı ödəniləcəyi bildirilsə də, sonradan bu ödəniş həyata keçirilməmiş və 2008-2016-cı illərdə işçilərlə əmək müqavilələri bağlamamışdır. Qeyd olunanların nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği iddiaçı tərəfindən DSMF-na təqdim edilmiş hesabatlar əsasında hesablanmışdır. İddiaçının nümayəndəsi izahatında işçilərlə əmək müqaviləsinin bağlanmadığını və əmək haqqının verilmədiyini bildirsə də, iddiaçı tərəfindən təqdim edilmiş Xaçmaz rayon Gözdən Əlillər Cəmiyyətinin əmlər kitabında 2008-2016-cı illərdə işçilərin müxtəlif vəzifələrə işə qəbul edilməsi barədə əmrlərin qeydi aparılmışdır. Borc məbləği xx.xx.2006 - xx.xx.2018-ci illəri əhatə edir. İddiaçının təqdim etdiyi hesabatlar üzrə borc yaranmışdır. Bu borcun silinməsi üçün qanunvercilikdə tənzimləmələr yoxdur. Əmək haqqı ödənilmədiyi halda məcburi dövlət sosial sığorta haqlarına dair hesabatların təqdim olunması əsassızdır. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmənin kollegiyasının iclasının xx.xx.2025-ci il tarixə saat 11:40-a təyin edilməsi barədə iddiaçı Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatına və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinə məlumat verilməsinə baxmayaraq, iddiaçının və cavabdehin nümayəndələri məhkəməyə gəlməmişdir. Cavabdehin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, işə baxılmasını başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının iddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia ərizəsində qeyd edilmiş əsas və faiz borcunun məbləği xx.xx.2019-cu il tarixdən əvvəl yaranmış və “Dövlət Sosial Müdafiə Fondu” X5 3 saylı Ərazi Vergilər İdarəsinə keçmişdir. Vergi ödəyicisi Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının (VÖEN **********) şəxsi hesab vərəqəsində yaranan MDSS, həmçinin MDSS üzrə faiz borcu vergi orqanları tərəfindən aparılmış hər hansı bir kameral vergi yoxlaması nəticəsində yaranmamışdır. Hal-hazırda mövcud olan müvafiq borc, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarına təqdim edilən saldo nəticəsində yaranmışdır. Aktivlərin təqdim edilməməsi barədə maliyyə sanksiyası, xx.xx.2021-ci il tarixli **********946800 nömrəli məktuba qanunvericilikdə müəyyən edilmiş müddətdə cavab verilmədiyinə görə tətbiq edilmiş və xx.xx.2021-ci il tarixli **********004500 nömrəli qərar göndərilmişdir. Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən vergi ödəyicisi qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən qəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 aprel 2019-cu il tarixli Qərarı ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsini şərh etmişdir (xx.xx.2019-cu il tarixdə “Respublika” qəzetində dərc olunaraq həmin tarixdən qüvvəyə minmişdir). Həmin qərarda əks olunmuş mövqeyə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəalarının tətbiq edilməsi istisna olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu funksiyaların həyata keçirilməsinin təmin edilməsi qanunla müəyyən edilmiş vergiləri ödəməklə bağlı fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yaradır. Konstitusiyanın 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Konstitusiyanın 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycan Respublikasında aparılan vahid maliyyə və büdcə siyasəti çərçivəsində vergilərin, məcburi dövlət sosial sğorta, işsizlikdən sğorta və icbari tibbi sğorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Pzezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin vaxtında və tam yığılmasını təmin edilməsi sahəsində dövlət nəzarətini həyata keçirilməsini təmin edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin struktruna daxil olan qurumdur. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsi ilə qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin, 24.0.1-ci maddəsi ilə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-111/2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinin maraqlı şəxs Nümayəndə1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi təmin edilmiş, Nümayəndə1 ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2021-ci il tarixə vergi ödəyicisi olan Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatının (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 3.236,97 manat borcu vardır. Nümayəndə1 iş materiallarına əlavə edilmiş AR ƏSSMN DSMF-nun Xaçmaz rayon şöbəsinə ünvanlanmış ərizəsində təşkilatın maliyyə vəsaiti olmadığı üçün xx.xx.2016-cı il tarixdən öz iş fəaliyyətini dayandırdığını, bundan sonra faəliyyətini ictimai əsaslarla davam etdirəcəyini qeyd etmişdir. Xaçmaz rayon Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2005-ci il tarixli 03 saylı əmrində Nümayəndə1 Azərbaycan Respublikası Gözlər Əlillər Cəmiyyətinin xx.xx.2005-ci il tarixli 32 Ş saylı əmrinin 2-ci hissəsinə görə maliyyə vəziyyəti İlə əlaqədar vəzifəsini xx.xx.2005-ci il tarixdən ictimai əsaslarla icra etməli olduğu qeyd edilmişdir. Xaçmaz rayon Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2016-cı il tarixli 03 saylı əmrində X3 Cəmiyyətin metodisti ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdən işdən azad edilməsi qeyd edilmişdir. "xxxx" ASC-nin Xaçmaz Filialının xx.xx.2024-cü il tarixli 115 saylı arayışında qeyd edilir ki, Azərbaycan Respublikası Korlar Cəmiyyəti Xaçmaz rayonun bank hesabı 11 Dekabr 2001-ci ildə açılmış və 07 May 2015 -ci ildə isə hesab bağlanmışdır. Hesabdan cəmi 898,92 manat mədaxil olmuşdur və sonuncu xx.xx.2014-cü ildə DSMF-yə ödəniş getmişdir. Hesab üzrə çıxarış (AZ14AİİB******************** hesab nömrəli, xx.xx.2000-xx.xx.2024 hesabat tarixli) məktuba əlavə edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2024-cü il tarixli **********533900 nömrəli məktubla məhkəmənin sorğusuna cavab verərək qeyd edilmişdir ki, Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatının (VÖEN **********) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondundan vergi orqanına daxil olmuş məlumatlara əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatının xx.xx.2019-cu il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3136,97 manat, o cümlədən 2605,0 manat əsas və hesablanmış faizlər üzrə 531,97 manat borcu mövcud olmuşdur. Həmçinin, hüquqi şəxsin aktivləri barədə məlumatı 10 gün müddətində vergi orqanına təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatına 100,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Hal-hazırda Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatının məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3236,97 manat, o cümlədən 2605,0 manat əsas, hesablanmış faizlər üzrə 531,97 manat və tətbiq edilmiş maliyyə sanksiyası üzrə 100,0 manat borcu (xx.xx.2021-ci il tarixli **********004500 nömrəli Qərar) vardır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işşizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi və onların hesablanmasına nəzarət xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Həmin tarixdən əvvəlki dövrlərə aid olan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri tərəfindən təmin olunmuş müvafiq daxilolmalar, təqdim edilmiş bəyannamələr barədə və ödənilməmiş borclar haqqında baza məlumatların xx.xx.2018-ci il tarixə olan vəziyyətə xx.xx.2019-cu il tarixdən DSMFdən 3 saylı Ərazi Vergilər İdarəsinə saldo üzrə keçmişdir. Vergi ödəyicisinin aktivləri barədə məlumatın verilməməsinə görə məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2021-ci il tarixli **********004500 saylı Qərara əsasən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz Rayon Təşkilatı tərəfindən vergi ödəyicisinin aktivləri barədə məlumat əsas olmadan müəyyən edilən müddətdə təqdim edilmədiyinə görə ona qarşı Azərbaycan Respublikası Vergi məcəlləsinin 57.2-ci maddəsinə əsasən 100 manat maliyyə sanksiyası tətbiq edilməsi qərara alınmışdır. Xaçmaz rayon Təşkilatının xx.xx.2021-ci il tarixli qərarı əsasında Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 01/1-Ş saylı əmri ilə Nümayəndə1 Xaçmaz rayon Təşkilatının sədri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-201556/2024 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab verərək bildirmişdir ki, Nazirliyin elektron informasiya ehtiyatlarında olan sığortaedənin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə borc məlumatlarını əks etdirən dinamika cədvəli məhkəməyə təqdim edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş Xaçmaz rayon Gözdən Əlillər Cəmiyyətinin əmlər kitabında 2008-2016-cı illərdə işçilərin müxtəlif vəzifələrə işə qəbul edilməsi barədə əmrlərin qeydi aparılmışdır. İddiaçı Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatına hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə ümumilikdə 3.136,97 manat (2.605 manat əsas, hesablanmış faizlər üzrə 531,97 manat) borcun silinməsini istəyir. Cavabdeh isə qeyd edir ki, vergi ödəyicisi Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının (VÖEN **********) şəxsi hesab vərəqəsində yaranan MDSS, həmçinin MDSS üzrə faiz borcu vergi orqanları tərəfindən aparılmış hər hansı bir kameral vergi yoxlaması nəticəsində yaranmamışdır. Hal-hazırda mövcud olan müvafiq borc, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vergi orqanlarına təqdim edilən saldo nəticəsində yaranmışdır. Aktivlərin təqdim edilməməsi barədə maliyyə sanksiyası, xx.xx.2021-ci il tarixli **********946800 nömrəli məktuba qanunvericilikdə müəyyən edilmiş müddətdə cavab verilmədiyinə görə tətbiq edilmiş və xx.xx.2021ci il tarixli **********004500 nömrəli qərar göndərilmişdir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin 21 dekabr 2018-ci il tarixli 421 nömrəli fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 01 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Bu Fərmana qədər məcburi dövlət sosial sığorta haqlarını hesablanması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilirdi. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli 3-17-1/2-201556/2024 saylı məktubu ilə Nazirliyin elektron informasiya ehtiyatlarında olan sığortaedənin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqqı üzrə borc məlumatlarını əks etdirən dinamika cədvəli məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu verilmiş və 01 yanvar 2006-cı ildən 01 oktyabr 2018-ci il tarixədək məcburi dövlət sosial sığorta haqları üzrə yaranmış borcun məbləğinin 3136,97 manat (2605.0 manat əsas, hesablanmış faizlər üzrə 531.97 manat) təşkil etdiyi, yaranmış zərurətlə əlaqədar, Azərbaycan Respublikası Gözdən Əlillər (Korlar) Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının məcburi dövlət sosial sığorta haqqı ödənilməsi ilə bağlı 01 yanvar 2006-cı ildən 01 oktyabr 2018-ci il tarixədək Fonda təqdim etdiyi məcburi dövlət sosial sığortası hesabatlarının məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı xx.xx.2025-ci il tarixli 3- 17-1/2-36144/2025 nömrəli cavab məktubu ilə məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna cavab verərək qeyd etmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedən Azərbaycan Respublikası Korlar Cəmiyyətinin Xaçmaz rayon Təşkilatının (SUN: **********6; VÖEN: **********) 2006-2016-cı illər üzrə məcburi dövlət sosial sığortası hesabatlarında əks olunan sığorta olunanlar barədə məlumatları məhkəməyə təqdim edilmiş və əlavə olaraq bildirilmişdir ki, MEİS-də sığorta edənin 2017 və 2018-ci illər üçün məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. İddiaçının təqdim etdiyi məcburi dövlət sosial sığortası hesabatlarına əsasən iddiaçının 3.136,97 manat (2.605 manat əsas, hesablanmış faizlər üzrə 531.97 manat) borcu olduğu müəyyən edilmişdir. (hesabatlar elektron formada DVD diskdə işə əlavə edilmişdir). Göründüyü kimi, qeyd olunan borc məbləği iddiaçı tərəfindən təqdim edilmiş hesabatlar əsasında yaranmışdır. Bu səbəbdən də, həmin məbləğin qanunsuz hesablamalar əsasında mövcudluğu və silinməsi barədə iddiaçının tələbi əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər ...1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; Maddə 9-1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 9-1.1. 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 9-1.2. Artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 11. Sığortaolunanların hüquq və vəzifələri Sığortaolunanların vəzifələri aşağıdakılardır: sosial sığorta haqqını vaxtında ödəmək; sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etmək. Maddə 14. Məcburi dövlət sosial sığorta haqqı 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Maddə 2. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcları tam məbləğdə silinir. Maddə 3. Məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə 2015-ci ilin 1 yanvar tarixindən 2018-ci ilin 1 aprel tarixinədək yaranmış borcların tənzimlənməsi 3.0. Bu Qanunun 2-ci maddəsi nəzərə alınmaqla sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borcların tənzimlənməsi aşağıdakı qaydada həyata keçirilir: 3.0.1. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-may ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 10 faizi ödənildikdə - maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 90 faizi silinir; 3.0.2. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-iyul ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 70 faizi silinir; 3.0.3. sığortaedənlər tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları ərzində həmin maliyyə sanksiyalarının (hesablanmış penyanın) 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının (hesablanmış penyanın) ödənilməmiş 50 faizi silinir. Göründüyü kimi, Qanunun müddəaları müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borclara, 2015-ci ilin 1 yanvar tarixinədək yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclara, 2015-ci ilin 1 yanvar tarixindən yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığortası qaydalarının pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış penya) üzrə borclara şamil edilir. İddiaçının isə xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək hesablanmış məcburi dövlət sosial sığorta haqqı üzrə ödənilməmiş borc məbləği mövcuddur ki, həmin borcların silinməsinə dair tənzimləmə mövcud deyildir. Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən: Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına (bu sığorta haqları ilə bağlı tətbiq edilmiş maliyyə sanksiyaları və hesablanmış faizlər istisna olmaqla), habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. AR ƏƏSMN-nin DSMF-nin Kollegiyasının xx.xx.2014-cü il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş və mübahisələndirilən məbləğin hesablandığı dövrdə qüvvədə olan “Məcburi dövlət sosial sığorta haqqının toplanması” Qaydalarının 5.1-ci bəndinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (sığortaolunanın) vəsaitləri hesabına ödənilir. Qaydaların 5.2-ci bəndinə əsasən seçkili orqanlar və mülkiyyətindən və təşkilatihüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri, habelə başqasını sosial sığortaedən şəxslər hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 5.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; dövlət qulluqçuları; seçkili ödənişli vəzifələrdə işləyənlər; hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorluq orqanlarında xidmət keçən prokurorluq işçiləri; vergi orqanlarının işçiləri; əmək müqaviləsi (kontraktı) ilə işləyənlər hesablanmış əmək haqqının 3 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəyirlər. Qaydaların 7.4-cü bəndinə əsasən sığortaedənlər uçota alındığı DSMF orqanına hər rüb hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı və digər daxil olan məbləğlər barədə hesabat təqdim edirlər. Hər rüb üçün hesabat həmin rübdən sonra gələn birinci ayın 20-dən gec olmayaraq və hər rüb üçün ayrı-ayrılıqda DSMF orqanına təqdim edilməlidir. Aprelin, iyulun, oktyabrın və yanvarın 20-i iş günü olmayan dövrə təsadüf edərsə, hesabatın təqdim olunması müddəti ayın 20-dən sonra gələn birinci iş gününə qədər artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, borc məbləği iddiaçı tərəfindən təqdim edilmiş hesabatlar əsasında yaranmışdır. İddiaçının nümayəndəsi izahatında işçilərlə əmək müqaviləsinin bağlanmadığını və əmək haqqının verilmədiyini bildirsə də, özünün təqdim etdiyi Xaçmaz rayon Gözdən Əlillər Cəmiyyətinin əmlər kitabında 2008-2016-cı illərdə işçilərin müxtəlif vəzifələrə işə qəbul edilməsi barədə əmrlərin qeydiyyatı aparılmışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, cavabdeh inzibati orqanın imtinasını əsaslı hesab edərək, iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayəti formal xarakter daşımaqla, əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-4840/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-161/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-161/2025
10.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver