Məhkəmə qərarları › İş №2-1(105)-162/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-162/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-162/2021 01.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində istifadəsində olan torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 88.0 kv.metrdən ibarət qeyri-yaşayış obyekti üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1088/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində istifadəsində olan sahədə yerləşən, bir mərtəbəli, ümumi sahəsi 88.0 kv.metrdən ibarət qeyri–yaşayış obyektinin üzərində hüquqların qeydiyyata alınması üçün 07 yanvar 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciət ərizəsinə hüququn qeydiyyata alınmasına əsas olan sənədləri torpaq sahəsinin ayrılması barədə qərarların surətini, sxematik planın təsdiq olunmuş lahiyə əlavə edilmişdir. Lakin, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi 07 yanvar 2020-ci il tarixli bildirişlə dövlət qeydiyyatının aparılmasından imtina etmişdir. Cavabdehin imtina bildirişində qeyd edilmişdir ki, qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər - tikintiyə icazə verilməsi barədə qərar, tikinti lahiyəsinin memarlıq planlaşdırma bölməsi əlavə edilməmişdir. Bundan başqa, imtina da qeyd edilmişdir ki, daşınmaz əmlaka yerində baxış təmin olunmamışdır. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin obyekt üzərində hüquqların qediyyatından imtina edilməsi barədə bildirişi əsassızdır. İddiaçınə Sumqayıt şəhəri 11-ci mikrorayon ərazisində Memarlıq və Şəhərsalma idarəsinin təklifini nəzərə alaraq Sumqayıt şəhər XDS İK-nın 28 avqust 1999-cu tarixli qərarı ilə mağaza tikmək üçün 50 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. Sonradan 07 sentyabr 1998-ci il tarixli Sumqayıt Şəhər icra Hakimiyyəti Başçısının 07 sentyabr tarixli sərəncamı ilə əlavə 30.0 kv.metr torpaq sahəsi ayrılmışıdır. Həmin qeyri-yaşayış binası o vaxtdan istifadə olunur və müəssisənin öz vəsaiti hesabına genişləndirilmişdir. Hal-hazırda ümumi sahəsi 88.0 kv.metrdir. Halhazıradək obyektdən təyinatına uyğun istifadə edilərək ona dair istifadə və sahiblik hüququnu həyata keçirir. Lakin, qeyri-yaşayış binası inşa edilsə və uzun müddətdir ki, etirazsız təyinatına görə istifadə edilməyə başlasa da ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatının rəsmiləşdirilməsi mümkün olmur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh məhkəməyə iddia tələbinə dair yazılı etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı təsisçisi Abbasov Şamxal Əliş oğlu Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində “İddiaçı“ Kiçik Müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reysterində qeydiyyata alınması və reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar 12 dekabr 2019-cu il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar müəssisənin nümayəndəsi Abbasov Şamxal Əliş oğluna bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədlə yanaşı tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi tikinti obyektinin istismarına icazə sənədi təqdim olunmalıdır. Lakin, sözügedən müraciətə tikintiyə icazə verilməsi barədə qərar və tikinti obyektinin istismarına icazə sənədi əlavə edilməmişdir. Bundan başqa daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışı keçirilməsinə şərait yaradılmadığından sənəd üzrə göstəricilərlə faktiki vəziyyətin bir-birinə uyğun olubolmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, qeyd olunan çatışmazlıqlar aradan qaldırılaraq yenidən müraciət ediləcəyi təqdirdə müraciətə qanunla müəyyən edilmiş qaydada yenidən baxılacağı “İddiaçı“ Kiçik Müəssisəsinin təsisçisi Abbasov Şamxal Əliş oğluna bildirilmiş və bu barədə ona 07 yanvar 2020-ci il tarixli **********05 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də, iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1088/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan iddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasına maneçilik törədilib. İddiaçınə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində Memarlıq və Şəhərsalma idarəsinin təklifini nəzərə alaraq Sumqayıt şəhər XDS İK-nın 28 avqust 1999-cu il tarixli qərarı ilə mağaza tikmək üçün 50 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində 1 mərtəbəli qeyri-yaşayış binası inşa edilmişdir. Sonradan, Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 07 sentyabr 1998-ci il tarixli sərəncamı ilə əlavə 30.0 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qeyri-yaşayış binası o vaxtdan istifadə olunur və müəssisənin öz vəsaiti hesabına genişləndirilmişdir. Hal-hazırda ümumi sahəsi 88.0 kv.metrdir. Halhazıradək obyektdən təyinatına uyğun istifadə edilərək ona dair istifadə və sahiblik hüququ həyata keçirilir. Lakin, qeyri-yaşayış binası inşa edilsə və etirazsız təyinatına görə istifadə edilməyə başlasa da ona dair mülkiyyət hüququnun dövlət qeydiyyatının rəsmiləşdirilməsi mümkün olmur. Məhkəmə cavabdehin imtinasını əsaslandırdığı hallara söykənərək iddianın rədd edilməsini əsaslandırmışdır. Lakin, müəssisəyə ayrılmış torpaq sahəsində ticarət obyekti tikmək hüququnun verilməsi öz əksini tapıb. Bu səbəbdən əlavə olaraq orada tikintinin aparılması üçün əlavə sənədin-icra hakimiyyəti başçısının icazə verməsinə lüzum yoxdur. Digər tərəfdən tikintinin lahiyəsi memarlıq və şəhərsalma idarəsi tərəfindən təsdiqlənib ki, həmin idarə birbaşa icra hakimiyyətinin alt qurumudur. Tikilinin yerləşdiyi ərazinin təsdiq olunmuş sxematik planı da cavabdeh idarəyə təqdim olunmuşdur. Qanuni əsaslarla ayrılmış torpaq sahəsində məqsədli təyinatı gözləməklə tikinti işləri aparıla bilər. Bu tikintinin yuxarıda lahiyəsi təsdiq olunubsa həmin tikilinin normalara uyğun olaraq ucaldılmasına mane olmamışdır. 1998-ci ildən istifadədə olan, təyinatından kənar istifadə olunmayan tikili üzərində hüququn qeydiyyatı aparılmalıdır, hüququn qeydiyyata alınmaması qanunvericliyə ziddir. İşə apelyasiya qaydasıda baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak edən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə İddiaçınə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.9.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş, çoxmənzilli binalara münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafıq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafıq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən edilir ki, iddiaçı tərəfindən daşınmaz əmlak (qeyri-yaşayış sahəsi) üzərində hüquqların qeydə alınmasına əsas olan sənədlər tam şəkildə cavabdehə təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan Sumqayıt Sumqayıt şəhər XDS İK-nın 28 avqust 1999-cu il tarixli qərarının surətindən görünür ki, İddiaçınə mağaza tikmək üçün 11-ci mikrorayon ərazisində 50 kv.m torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan eskiz layihəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində Koroğlu prospektində yerləşən iddiaçıya məxsus qeyri-yaşayış binasının eskiz layihəsi tərtib edilməklə Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbinin təmin edilə bilməsi üçün onun tərəfindən aşağıdakı sənədlərin təqdim edilməsi zəruridir – 1) torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd; 2) müvafıq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə; 3) müvafıq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı; 4) istismara qəbul aktı. İddiaçı tərəfindən torpaq sahəsi üzərində hüququnu təsdiq edən sənəd, müvafıq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə təqdim olunsa da, müvafıq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktı ümumiyyətlə təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Beləliklə, qanunla müəyyən edilmiş hüquq müəyyənedici sənədlər tam şəkildə təqdim edilmədiyinə görə həmin qeyri-yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina edilməsi qanuni və əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1088/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar