Məhkəmə qərarları › İş №2-1(105)-162/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-162/2022

08.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-162/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,0055 hektar (55 kvadrat metr) kommersiya təyinatlı torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1569/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı nümayəndəsi X3 şəhərində yerləşən 0.0055 ha torpaq sahəsinə və üzərində yerləşən qeyri-yaşayış binasına mərhum X4 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2021- ci il tarixli ərizə ilə cavabdeh orqana müraciət etmiş, müraciətə baxılmış və cavabdehin xx.xx.2021-ci il tarixli, **********44 nömrəli məktubu ilə cavab olaraq bildirilmişdir ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0,0055 ha torpaq sahəsinə və qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərin tam təqdim olunmadığı, JN-1143 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığı, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmadığını qeyd etmişdir. Bu baxımdan, cavabdeh orqan iddiaçı tərəfin müraciətinin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,0055 hektar (55 kvadrat metr) kommersiya təyinatlı torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində 0,0055 ha kommersiya təyinatlı torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı X4 xüsusi mülkiyyətində olmuşdur. X10 xx.xx.2019-cu il tarixində vəfat etmişdir. Hazırda iddiaçı vərəsəliyi rəsmiləşdirmək üçün göstərilən 55 kvadrat metr torpaq sahəsinə mərhumun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və müvafiq texniki sənədləri almaq istəyir. Bununla bağlı olaraq, həmin 55 kv.m torpaq sahəsinə dair çıxarış verilməsi üçün bütün müvafiq sənədlərin əsl nüsxələrini əlavə etməklə cavabdeh orqana xx.xx.2021-ci ildə müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən xx.xx.2021-ci il tarixli, **********44 saylı məktubla müraciətin icrasından imtina olunmuşdur. Cavabdehin məktubunda imtinanın səbəbi kimi X13 Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş DT və XK tərəfindən cavabdehə təhvil verilmiş Dövlət Aktlarının qeydiyyat kitabında öz əksini tapmaması göstərilmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuş, həmin komitə ləğv olunduqdan sonra komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş mülkiyyət sənədlərinə, o cümlədən, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına aid arxiv sənədləri də cavabdehə təhvil verilmişdir. Hesab edir ki, xx.xx.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı elektron baza xəritəsində yerləşdirilməyibsə, buna görə məsuliyyəti cavabdeh orqan daşımalıdır. Cavabdeh iddiaya etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Hesab edir ki, bununla bağlı iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin üçüncü şəxs qismində işə cəlb olunması zəruridir. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1569/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2006-cı il tarixli, JN-1143 KOD 30301004 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Quba şəhəri ərazisində yerləşən 0,0055 hektar (55 kvadrat metr) kommersiya təyinatlı torpaq sahəsinə vərəsəliyin rəsmiləşdirilməsi üçün mülkiyyət hüquqlarının mərhum X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim İ.Burcayev) Həmin qərarla razılaşmayan cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh orqan apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə hallar qeyd etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə etdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün saymışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının mərhum X4 Quba şəhərində yerləşən 55 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində Tərlan Əliyevin mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, torpaq sahəsi X17 Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli qərarı ilə ayrılmış və 0,0055 hektar torpaq sahəsinə dair iddiaçının mərhum həyat yoldaşına torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X19 daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas hesab edilir. Məhkəmə hesab edir ki, dövlət aktının qeydiyyat kitablarında qeydə alınmaması, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmaması vətəndaşın təqsiri deyildir, bu baxımdan, məhkəmə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşdə olan sənədlərdən görünür ki, ünvan ərarı ilə 0,0055 ha torpaq sahəsi kommersiya məqsədilə X1 və həmin torpaq sahəsinə dair DTXK-nin Quba rayon şöbəsi tərəfindən sonuncunun adına “Torpağa mülkiyyət hüququna dair” 18 may 2006-cı il tarixli KOD 30301004 JN – 1143 nömrəli Dövlət Aktı tərtib edilmişdir. Quba regional “ASAN xidmət” notariat ofisi tərəfindən DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanlanmış 25 yanvar 2021-ci il tarixli, 170 nömrəli məktubdan görünür ki, xx.xx.2020-ci il tarixli, 2V-309, 310, 315 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən İddiaçı, X11 və X2 Tərlan Sədul oğlunun qanun üzrə vərəsələri sırasına daxildir. Cavabdehin imtinası və apellyasiya şikayətinin dəlili torpağa mülkiyyət hüququna dair Dövlət Aktının ləğv edilmiş DTXK-in Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydəalmanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göründüyü kimi, torpaq üzərində hüquqlara dair şəhadətnamələrin hazırlanması, verilməsi və qeydiyyatı həmin dövrdə keçmiş DTXK tərəfindən aparılırdı. Hansısa məlumatların, sənədlərin qeydiyyat kitablarında, yaxud elektron baza xəritə (DWJ) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının problemidir. Belə problemlərin yaranması vətəndaşın təqsirinin deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin, idarəçiliyin, uçot-nəzarət işinin düzgün təşkil edilməməsinin nəticəsidir. Hazırki halda iddiaçı belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası iş üçün əhəmiyyət kəsb edən halların düzgün müəyyən edilməsi üçün aidiyyatı orqanlara sorğular ünvanlamışdır. Belə ki, ünvan ərarının və qərarın verilməsinə əsas olmuş sənədlərin arxiv surətlərini əldə etmək məqsədilə X14 filialına müraciət edilmiş, Arxivin Quba filialı sorğuya cavab olaraq ümumiyyətlə Quba Bələdiyyəsinin 2000-2004-cü illərə aid qərarlarının və qərarlara əlavə sənədlərin X14 filialına təhvil verilmədiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırmasi ilə müəyyən edildi ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının verilməsinə əsas olmuş Quba Bələdiyyəsinin 23 yanvar 2001-ci il tarixli, 18 saylı qərarı arxiv idarəsinə təhvil verilməmişdir. Bununla bağlı iddiaçının təqsiri müəyyən edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilən qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin qanunun mötəbərlik prezumpsiyasından bəhs edən 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Sadalanan maddi hüquq normalarını hazırkı işin hallarına tətbiq edərək məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər sənəd hesab olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında göstərdiyi hal daşınmaz əmlaka mülkiyyət hüququnun qeydə alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halı sübuta yetirə bilməmiş, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1569/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar