Məhkəmə qərarları › İş №2-1(105)-164/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-164/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-164/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Şamaxı rayon filialına qarşı çox uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli 2-1(118)-1190/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Şamaxı rayon filialına qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 oktyabr 1979–cu 16 dekabr 1981–ci il tarixədək M.Ə.Sabir adına sovxozda, 28 aprel 1982-ci ildən 30 sentyabr 1993–cü il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01 noyabr 1993-cü ildən 31 dekabr 2005-ci il tarixədək Quşçu kənd icra nümayəndəliyində işlədiyi müddətlərin onun sığorta stajına hesablanmaqla ona 5 uşaqlı ana kimi yaşa görə əmək pensiya təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, xx xxxxxxx 1963-cü il tarixdə Şamaxı rayonu Sabir qəsəbəsində anadan olmuş, 16 yaşından Sabir adına sovxozda əmək fəaliyyətinə başlamış, 03 oktyabr 1979–cu ildən 16 dekabr 1981-ci il tarixədək M.Ə.Sabir adına sovxozda, 28 aprel 1982–ci ildən 30 sentyabr 1993–cü il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01 noyabr 1993-cü ildən 31 dekabr 2005-ci il tarixədək Quşçu kənd icra nümayəndəliyində işləmişdir. Bu illərə dair əmək kitabçasının olmaması isə onun günahı deyil. Əmək kitabçası ona Sabir adına sovxozda əmək fəaliyyətinə başlayarkən açılmalı idi, amma açılmayıb. Amma bu illərə dair sığorta haqqları da sovxoz tərəfindən ödənilib. Buna görə də cavabdhein imtinasını əsassız hesab edir. Sumqayıt İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(118)- 1190/2020 saylı qərarı ilə (hakim Ceyhun Məmmədov) iddia təmin edilərək, İddiaçı Şamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi 08.10.2020-ci il tarixli 143/99 №-li arayışında qeyd olan müddətləri sosial sığorta stajına daxil edilərək ona (5 uşaqlı ana kimi) 03.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin Şamaxı rayon filialının üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə apellyasiya qaydasında baxılarkən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 may 2021-ci il tarixli qərardadı ilə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 11 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işçinin əmək fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd onun əmək kitabçasıdır. İddiaçı özü də iddia ərizəsində etiraf etmişdir ki, onun adına heç vaxt əmək kitabçası açılmamışdır və bununla bağlı heç bir instansiya qarşısında tələb irəli sürməmişdir. Göründüyü kimi, İddiaçı Vahib qızının iddia tələbi ilə bağlı hüquqi əsas mövcud olmasa da, bu, məhkəmə tərəfindən nəzərə alınmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlkin olaraq qeyd olunmalıdır ki, apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İşin hallarından göründüyü kimi iddiaçı ona 56.6 yaşdan çox uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 5 uşaqlı ana kimi yaşa görə Əmək pensiyası hesablanması üçün sənədlərini Dövlət sosial müdafiə fondunun Şamaxı rayon şöbəsinə təqdim etmiş, cavabdeh ona 28.07.2020-ci il tarixli **********3 saylı məktubla işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, Qanunun 3.1.1 maddəsinə əsasən sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsidir. İddiaçının işlədiyi dövrlər əmək kitabçasında qeyd edilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlər arxiv arayışlarına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Arxiv arayışlarına görə İddiaçı əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, 2020-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 61 il 6 aydır. İddiaçının xx.xx.1963-cü ildə anadan olduğunu nəzərə alaraq ona (5 uşaqlı ana kimi) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 56 il (6 ay) yaşında, 03.04.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İddiaçının hüququ yarandığı vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin qanunun 8.1-ci maddəsinə əsasən, beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, qeyd edilən normaların tələblərinə əsasən iddiaçıya çox uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edə bilmək üçün üç şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - 5 uşağını doğub onları səkkiz yaşınadək tərbiyə etməsi. - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, qüvvədə olan qanunvericiliyə görə 01.07.2017–ci il tarixdən qadınların yaş həddi 65 yaşa kimi hər il 6 ay artırılır. Belə ki, 5 uşaq doğub 8 yaşıyadək tərbiyə etmiş qadınlar 01.07.2017-01.07.2018-ci il müddətində 55 il 6 ay yaş həddində, 01.07.2018-ci il tarixdən 01.07.2019–cu il tarixə kimi 56 yaşda, 01.07.2019-cu il tarixdən 01.07.2020–ci il tarixə kimi 56.6 yaşda əmək pensiyası hüququ qazanırlar. İddiaçı 11.08.1963–cü il təvəllüd olduğu üçün 56.6 yaşda, yəni 03.04.2020–ci il tarixdən əmək pensiyasına hüquq qazanmışdır. İkinci şərtlə bağlı kollegiya qeyd edir ki, işə əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, iddiaçının 07 oktyabr 1982-ci il təvəllüdlü Xəyalə, 02 fevral 1984-cü il təvəllüdlü Cəbrayıl, 12 dekabr 1985-cü il təvəllüdlü İsrail, 19 yanvar 1988ci il təvəllüdlü Gülnar və 15 fevral 1990-cı il təvəllüdlü Şükran adlı beş uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının Quşçu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 210 saylı, 15 may 2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Şamaxı rayonunun, Quşçu kəndində qeydiyyatdadır, heç yerdə işləmir, özü doğub 8 yaşa kimi 5 uşaq böyüdüb və tərbiyə etmişdir. Beləliklə, iddiaçının 5 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etməsi yuxarıda qeyd edilən sübutlarla təsdiq edilir. 25 illik əmək stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçının əmək fəaliyyəti 1979- 1981-ci illərdə Şamaxı rayonu, M.Ə.Sabir adına sovxozda, 1982–1993–cü illlərdə Quşçu kənd “Xaqani” adına sovxozda və 1993-2005-ci il tarixədək Quşçu kənd icra nümayəndəliyində orta məktəbdə işləməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının sovxozda və İcra nümayəndəliyinin orta məktəbində işləməsini Şamaxı rayon Dövlət Arxivinin arayışlarına istinadən müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X4 filialının 29 iyun 2020-ci il tarixli, 40 saylı arxiv çıxarışından görünür ki,Cəbrayılova (Tağıyeva) Eminə Vahıb qızı 26 sentyabr 1979-cu il tarixdən M.Ə.Sabir adına sovxoza fəhlə işinə qəbul edilmiş, 16 dekabr 1981-ci il tarixdə ailə vəziyyəti ilə əlaqədar işdən azad edilmişdir. 28 aprel 1982-ci il tarixdə iddiaçı Xaqani adına sovxoza işə qəbul edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X4 filialının 29 iyun 2020-ci il tarixli, 40 saylı arxiv arayışından görünür ki, İddiaçı Vahib qızı 1979-1981-ci illərdə Şamaxı rayonu, M.Ə.Sabir adına sovxozda, 1982-1993-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda, 1993-2005-ci illərdə Quşçu kənd İcra nümayəndəliyində orta məktəbdə xadimə işləmiş və əmək haqqı almışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X4 filialının birinci instansiya məhkəməsinə ünvanladığı 08 oktyabr 2020-ci il tarixli, 143/99 saylı arxiv arayışından görünür ki, İddiaçı Vahib qızı 1979-1981-ci illərdə Şamaxı rayonu, M.Ə.Sabir adına sovxozda, 1982-1993-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda, 1993- 2012-ci illərdə Quşçu kənd İcra nümayəndəliyində orta məktəbdə xadimə işləmiş və əmək haqqı almışdır. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın mövqeyini əsassız hesab edir və bildirir ki, zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Eləcə də, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: -67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. -69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə arxiv arayışları işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilmişdir. Odur ki, məhkəmə kollegiyası iddiaçının 1979-1981-ci illərdə Şamaxı rayonu, M.Ə.Sabir adına sovxozda, 1982-1993-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda, 1993-2005-ci illərdə Quşçu kənd İcra nümayəndəliyində orta məktəbdə işləməsi ilə bağlı Milli Arxiv İdarəsi X4 filialının arxiv arayışlarında göstərilən illərin iddiaçının sığorta stajı kimi nəzərə alınmasında mötəbər sübut kimi qəbul edir. Qeyd edilən illərin əmək kitabçası ilə təsdiq olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, iddiaçının Şamaxı rayonu, M.Ə.Sabir adına sovxozda, 1982- 1993-cü illərdə Şamaxı rayon Quşçu kənd Xəqani adına sovxozda, 1993-2005-ci illərdə Quşçu kənd İcra nümayəndəliyində işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışları əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu. X4 filialının birinci instansiya məhkəməsinə ünvanladığı 08 oktyabr 2020-ci il tarixli, 143/99 saylı arxiv arayışında iddiaçının 2012-ci ilədək Quşçu kənd İcra nümayəndəliyində orta məktəbdə xadimə işlədiyi qeyd edildiyindən, məhkəmə kollegiyası tərəfindən Dövlət Sosial Müdafiə Fonduna sorğu verilərək, iddiaçının fərdi uçot məlumatları əsasında Quşçu kənd İcra Nümayəndəliyində 01.01.2006-cı il tarixdən 2012-ci il tarixədək ödədiyi məcburi dövlət sosial sığorta haqqı və fərdi şəxsi hesabında toplanan pensiya kapitalı barədə, həmçinin sosial sığorta stajı barədə məlumatlı verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 12 aprel 2021-ci il tarixli, **********6 saylı məktubla sorğuya əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “X1 Sistemi”nin Sığorta altsistemindən əldə edilən məlumatlara əsasən sığortaedən Şamaxı RİH Quşçu kənd İcra nümayəndəliyi (SUN:**********9) tərəfindən təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) əsasən 01.01.2006-cı il tarixdən 01.01.2012-ci il tarixədək sığortaolunan İddiaçı **********281 sosial sığorta nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları barədə çıxarışları təqdim etmişdir. Çıxarışdan görünür ki, həqiqətən də, iddiaçı Quşçu kənd İcra nümayəndəliyində işləmiş və 01.01.2006-cı il tarixdən 2011-ci ilin dekabr ayınadək ona ödənilən əmək haqqıdan hər ay məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Eyni zamanda kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində Şamaxı rayon Dövlət Arxivinin 08.10.2020-ci il tarixli 143/99 №-li arayışında qeyd olan müddətləri sosial sığorta stajına daxil etmişdir, halbuki həmin arayışda iddiaçının 1993-2012-ci illərdə Quşçu kənd İcra nümayəndəliyində orta məktəbdə xadimə işləməsi qeyd edilmişdir. İddiaçının tələbi isə, 01 noyabr 1993-cü ildən 31 dekabr 2005-ci il tarixədək Quşçu kənd icra nümayəndəliyində işlədiyi müddətin sığorta stajına daxil edilməsi barədə olmuşdur. 2005-2012-ci illərdə iddiaçının iş stajı sığorta kapitalına əsasən müəyyən edildiyindən, hazırkı mübahisənin predmeti deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının 03 oktyabr 1979–cu ildən 16 dekabr 1981–ci ilədək M.Ə.Sabir adına sovxozda, 28 aprel 1982-ci ildən 30 sentyabr 1993–cü ilədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01 noyabr 1993-cü ildən 31 dekabr 2005-ci ilədək Quşçu kənd icra nümayəndəliyində işlədiyi dövr sığorta stajına daxil edilməklə iddiaçıya 03.04.2020-ci il tarixdən 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli, 2-1(118)-1190/2020 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 03 oktyabr 1979–cu ildən 16 dekabr 1981–ci il tarixədək M.Ə.Sabir adına sovxozda, 28 aprel 1982-ci ildən 30 sentyabr 1993–cü il tarixədək Quşçu kənd “Xaqani” adına sovxozda və 01 noyabr 1993-cü ildən 31 dekabr 2005-ci il tarixədək Quşçu kənd icra nümayəndəliyində işlədiyi dövrlər sığorta stajına daxil edilməklə iddiaçıya 03.04.2020ci il tarixdən 5 uşaqlı ana kimi yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 11 saylı regional ərazi filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar