Məhkəmə qərarları › İş №2-1(105)-164/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-164/2023

04.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-164/2023 04.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-19/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar çıxarılmasını xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı Abşeron rayon Masazır kənd üzrə İcra Hakimiyyəti nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamı ilə ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh inzibati orqanı tərəfindən imtina cavabı verilmişdir.

3. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, torpaq sahəsi iddiaçıya səlahiyyətsiz şəxs - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır Kəndi üzrə İcra Nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 saylı sərəncamı ilə ayrılmışdır. Təqdim edilmiş sənədlər ekspertiza edilərkən Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə İcra Nümayəndəliyinin 06 avqust 1996-ci il tarixli 28 nömrəli sərəncamı ilə ayrılmış 0,10 ha torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Müraciət üzrə əlavə edilmiş Abşeron rayonu Masazır bələdiyyəsinin yerqurulusu planından çıxarışının müvafiq icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin möhürü ilə təsdiq edilmədiyi aşkar edilmişdir. Bundan başqa baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin bir hissəsinin təyinatına və hüquqi rejiminə görə yaşayış məntəqələrindən kənarda yararsız ərazi kimi qeydə alınan torpaq sahələrinin üzərində yerləşdiyi müəyyən edilmişdir.

4. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 035 nömrəli rəyindən görünür ki, Masazır bələdiyyəsinin müraciət məktubu əsasında kəndin sənədləşdirilməsi nəzərdə tutulan 0.0990 ha torpaq sahəsinə yerində baxış keçirilmişdir. Vizual baxış zamanı torpaq sahəsinin yaşayış məntəqəsi hüdudları daxilində yerləşdiyi və sahədə hər hansı mühəndis-kommunikasiya xəttinin olmadığı aşkar edilmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması haqqında” Əsasnamənin 10-cu maddəsinin tələbinə uyğun olaraq təqdim olunmuş yerquruluşu planına əsasən sahəsi 0.0990 ha olan torpaq sahəsinin mülkiyyətə verilməsinə aşağıdakı şərtlər daxilində etiraz edilmir.

5. Abşeron rayon İH Memarlıq və Tikinti Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı ayrılmış torpaq sahəsinə dair tərtib edilmişdir.

6. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli H465 saylı cavab məktubundan görünür ki, Abşeron rayon İHB Masazır kəndi üzrə icra nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamında İddiaçı adı aşkar edilməmişdir.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən iş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, hazırda iddiaçı X1 istifadəsində olan 0,0995 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. Abşeron rayonu Masazır bələdiyyəsi tərəfindən təqdim edilmiş yerquruluşu planından çıxarışda göstərilən koordinatlar mübahisəli torpağın yerində olan koordinatları ilə uyğunluq təşkil edir (sxemdə göstərilmişdir).

8. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-19/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm əvvəlki, həm də hazırki torpaq qanunvericiliyin tələblərinə görə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin fərdi yaşayış evinin tkintisi üçün ayrılması yolverilməzdir. Bundan başqa, Abşeron rayon Dövlət Arxivinə verilmiş sorğuya cavabdan müəyyən edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin xx.xx.1996-cı il tarixli 28 saylı sərəncamında vətəndaş İddiaçı adı aşkar edilməmişdir.

10. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı Abşeron rayon Masazır kənd üzrə İcra Hakimiyyəti nümayəndəsinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamı ilə ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsindədir. İddiaçı olaraq torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdikdə cavabdeh inzibati orqan tərəfindən imtina cavabı verilmişdir. Məhkəmə kənd təsərrüfatı təyinatlı kimi göstərdiyi mübahisəli ərazinin artıq məskunlaşdırıldığı və məskunlaşan şəxslərin çıxarışlarının olmasını, hüquqlarının qeydə alınmasını, həmin ərazinin kənd təsərrüfatı ilə heç bir əlaqəsinin olmamasını nəzərə almamışdlr.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının vaxtı və yeri haqqında tərəflərə lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

Maddə 157. Mülkiyyətin müdafiəsi Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. 8.0.8. Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

16. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

18. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir.

19. İddiaçı tələbinin əsası kimi Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamına istinad etmişdir.

20. Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kənd nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamından görünür ki, Xırdalan südçülük– tərəvəzçilik sovxozunun direktorunun 26 aprel 1995-ci il tarixli 84 nömrəli məktubuna əsaslanaraq İddiaçı fərdi ev tikintisi üçün 0.1 ha ölçüdə torpaq sahəsi ayrılmışdır.

21. Birinci instansiya məhkəmənin sorğusuna əsasən Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli H465 saylı cavab məktubundan görünür ki, Abşeron rayon İHB Masazır kəndi üzrə icra nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli 28 nömrəli sərəncamında İddiaçı adı aşkar edilməmişdir.

22. Məhkəmə kollegiyası Abşeron Rayon Dövlət Arxivinə sorğular verərək, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamının təsdiq edilmiş surətini məhkəməyə təqdim edilməsini xahiş etmişdir.

23. Məhkəmənin sorğularına cavab məktubunda Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamlarında İddiaçı adının aşkar edilmədiyi qeyd olunmuşdur.

24. Daha sonra, məhkəmə kollegiyasının iclasında Abşeron Rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin sərəncamlarına dair 4 ədəd kitablara baxış keçirilmiş və İddiaçı adına verilmiş Abşeron Rayon İcra Hakimiyyəti başçısının Masazır kəndi üzrə icra nümayəndəliyinin 06 avqust 1996-cı il tarixli, 28 nömrəli sərəncamı həmin kitablarda aşkar edilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hazırkı halda, daşınmaz əmlak üzərində hüququn dövlət qeydiyyatı üçün əsas olan sərəncamın arxiv əsasları olmadığından, cavabdehin iddiaçının müraciətinin təmin olunmasından imtinası qanuni olmuşdur və iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir.

26. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçı tərəfin, bunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Torpaq sahəsinin ayrılması barədə sənədlərə dair arxiv məlumatları olmadığından mövcud iddia tələbi əsaslı hesab edilə bilməz.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 31 oktyabr 2022-ci il tarixli, 2-1(118)-19/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar