Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-164/2025 13.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Quliyev İsmayıl Rza oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1147/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Şamaxı rayon Aqrar İslahat Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0,16 ha torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarının qismən və AİK sədri tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0.16 ha torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayonu Göylər kəndi ərazisində 0,16 ha torpaq sahəsi 2000-ci ildən iddiaçının istifadəsindədir. O, həmin torpaq sahəsində müxtəlif ağaclar əkmiş, abadlaşdırmışdır. 2010-cu ildə isə ev tikib ailəsi ilə birlikdə orada yaşamağa başlamışdır. Torpaq vergisini bələdiyəyə ödəyir. Uzun illərdir Rusiyada yaşayan qardaşı X5 ona qarşı torpaq sahəsindən çıxarma və evin sökülməsinə dair iddia qaldırmışdır. Həmin məhkəmə araşdırması zamanı ona məlum olmuşdur ki, torpaq sahəsinin plan və ölçü sənədində torpaq sahəsinin Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə X3 ayrılması barədə qeydiyyat aparılmışdır. Həmin qərarın əldə edilməsi üçün sorğular verilsə də, qərarda A.Rəhimovun adının olmaması bildirilmişdir. O, plan və ölçü sənədinin ləğv edilməsinə dair iddia qaldırmışdır. Həmin məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, plan və ölçü AİK-nın xx.xx.2001-ci il tarixli qərarı və Şamaxı rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən xx.xx.2006-cı ildə təsdiq olunmuş cədvəldir. Bundan sonra o, iddia ərizəsi verərək həmin sənədi məhkəmədə mübahisələndirir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X5 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin (hakim Vəfa Əzizova) xx.xx.2024-cü il tarixli 2-1(118)- 1147/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarının qismən və AİK sədri tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0,16 ha torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi Şamaxı rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qərarda əksini tapmış İddiaçı öz izahatında mübahisəli torpaq sahəsinə dair sənədlərin qardaşı X1 adına verildiyini 2001-ci ildən bildiyi halda, Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarının qismən və AİK sədri tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0.16 ha torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etdiyindən, iddia ilə müraciət etmək üçün nəzərdə tutulmuş müddətləri ötürmüşdür. Bununla yanaşı birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığını nəzərə alaraq hesab etmişdir ki, torpaq sahəsi onun faktiki istifadəsində olsa da, hazırki mübahisəni qaldırmaq üçün subyektiv hüquqa malik deyildir. İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2- 1(118)-1147/2024 nömrəli qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı Şamaxı rayonu Göylər kəndi ərazisində 0,16 ha torpaq sahəsinin Ağaxan Rəhimova verilməsi barədə nə arxiv səbədlərində, eyni zamanda torpaq sahəsinin vətəndaşlara ayrılması barədə adlı siyahıda, Şamaxı rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı iclas protokolunda (qərarında) və eyni zamanda Şamaxı rayon X9 və X6 İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 2 saylı protokolunda heç bir qeyd və məlumat, nə də ki onun torpaq sahəsi alması barədə Yerli İslahat Komissiyasına ərizə ilə müraciət etməsi aşkar olunmamışdır. Bu da Ağaxan Rəhimovun adına torpaq sahəsinin qeyriqanuni yolla, yəni ilkin sənədlər olmadan verilməsini bir daha təsdiq edir. Ağaxan Rəhimovun torpağı əldə etməyə sübyektiv hüququ yoxdur. Belə ki, torpağın mülkiyyətinə verilməsi barədə ilkin sənədlər mövcüd olmadan 0,16 ha torpaq sahəsi Şamaxı rayon AİK-nın deyildir. xx.xx.2006-ci il tarixli razılaşma sənədi ilə ona verilmişdir. Məhkəmə bu halı boş buraxaraq qiymət verməmişdir. Məhkəmə prosesində cavabdeh təşkilatın nümayəndəsi iddia tələbini qəbul etmişdir. Lakin məhkəmə əsassız olaraq torpağa sübyektiv hüququna malik olmamağını və iddia müddətinin keşməsini əsas tutaraq iddianın mümkün olmaması kimi ədalətsiz qərardad qəbul etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı teleqram vuraraq səhhəti ilə bağlı məhkəməyə gələ bilməyəcəyini bildirmiş və işə baxılmasını təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçı xəstəliyini təsdiq edən tibb müəssisəsinin sənədini məhkəməyə göndərməmişdir. Məhkəmə iddiaçının məhkəməyə gəlməməsinin səbəblərini üzürlü hesab etmir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədləri araşdırıb, şikayətin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərardad qəbul etmişdir. Odur ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun, həmçinin, apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Şamaxı rayon X7 Bölməsinin müstəntiqi B.Məliklinin qəbul etdiyi cinayət işi üzrə icraata xitam verilməsinə dair xx.xx.2022-ci il tarixli qərarı ilə qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası CM-in 320.1-ci maddəsi ilə nəzərdə tutulan törətdiyi (Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 nömrəli qərarı ilə X3 ayrılmış 0,16 ha torpaq sahəsinə dair İddiaçı adına hazırlanmış xx.xx.2001-ci il tarixli 03 nömrəli saxta sənədlərdən istifadə etməklə, torpaq sahəsinə dair öz adına plan və ölçü sənədi almışdır) cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 75-ci maddəsinə əsasən müddətin keçməsi ilə bağlı cinəyət məsuliyyətinə cəlb etmək mümkün olmadığından, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsi tətbiq edilməklə İddiaçı barəsində başlanılmış ********* nömrəli cinayət işi üzrə cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilmişdir. Qərardan müəyyən edilir ki, İddiaçı Şamaxı RPŞ-yə verdiyi izahatında mübahisəli torpaq sahəsinə dair sənədlərin qardaşı X1 adına yazıldığını 2001-ci ildən bildiyini qeyd etmiş və mərhum dayısının həmin torpraq sahəsinə dair onun adına sənəd düzəldəcəyinə vəd verdiyini bildirmişdir. Bütün bunlar iddiaçının hazırda mübahisələndirdiyi aqrar islahat komissiyasının qərarından 2001-ci ildən xəbərdar olduğunu təsdiq edir. (iş v. 114-115) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. İnzibati Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011- ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 01 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Hazırkı iş üzrə mübahisə predmeti Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 03 saylı qərarının qismən və AİK sədri tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş 0.16 ha torpaq sahəsinin X1 mülkiyyətinə verilməsinə dair sənədin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək inzibati orqanın qərarının, hərəkətinin (hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta, hərəkət (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Beləliklə, hər bir halda iddiaçı cavabdehin hərəkətlərini mübahisələndirilmə imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. Yuxarıda qeyd olanan hallar hazırkı iddia tələbinin məhkəmədə baxılmasını mümkünsüz etmişdir. “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X4 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 noyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığını da nəzərə alaraq hesab edir ki, torpaq sahəsi onun faktiki istifadəsində olsa da, hazırkı mübahisəni qaldırmaq üçün iddiaçı kimi subyektiv hüquqa malik deyildir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının subyektiv hüquqa malik olmaması və iddia müddətinin ötürülməsi qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə kollegiyası iş üzrə birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmamasına dair gəldiyi nəticəni əsaslı hesab edərək, şikayət rədd edilməsi və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 38, 87, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1147/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-164/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-164/2025
13.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver