Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-165/2021 18.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran rayonu, Uzunboyad kəndində yerləşən 2,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə" dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 628/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçının adına JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir və həmin akt itdiyindən o bununla bağlı olaraq “Respublika” qəzetində elan vermişdir. Polis idarəsinə də müraciət edib arayış almışdır. Bundan sonra da Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2,06 hektar torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 11 dekabr 2019-cu il tarixli ərizə ilə müraciət etmiş və ona cavab olaraq bildirilmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bundan əlavə, həmin dövlət aktının arxiv nüsxəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən torpaq sahəsinin sərhədlərini və yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüququların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Əgər onun sənədi arxivdən yoxa çıxıbsa, arxiv nüsxəsi dediklərinə görə ləğv edilmişdirsə, buna görə o təqsirli deyildir. Onun torpaq sahəsindən qonşuluqda olanların hər birinin torpaq sahələrinin sərhədləri müəyyən olunmuşdur, onların sənədləri də məhkəməyə təqdim edəcəcəkdir. Sonradan iddiaçı dəqiqləşdirmə ərizəsi verərək ki, JN-038 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktında torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizədə göstərmişdir ki, JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı onun adınadır. Atasının mülkiyyətində olan aktın nömrəsi JN-037-dir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-628/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Şabran rayonu, Uzunboyad kəndi ərazisində yerləşən 2.06 ha torpaq sahəsinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 11.12.2019-cu il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı müraciət olunmuş JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən torpaq sahəsinin cizgiləri 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bundan əlavə, həmin dövlət aktının arxiv nüsxəsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. Göstərilən səbəbdən torpaq sahəsinin sərhədlərini və yerini dəqiq müəyyən etmək mümkün olmamışdır. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, 9.23-cü bəndinə əsasən üzərində binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri və müəssisələr olan torpaq sahələrinin bir hissəsi üzərində hüquqların, həmin hüquqlar dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan sonra başqa şəxsə keçməsi və ya məhdudlaşdırılması (yüklənməsi) hallarında bu sahənin yeni planının və ölçüsünün çəkilməsini təmin etmək, 9.24-cü bəndinə görə isə tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin və müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək DƏDRX-nin vəzifəsi kimi müəyyən edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. İş materiallarından müəyyən edilir ki, Şabran rayonunun, Uzunboyad kəndinin sakini olan X2 Rayon X6 qərarına əsasən Uzunboyad kəndinin ərazisində 2,06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. Sonradan Məcuddun Səfərova verilmiş şəhadətnamə naməlum şəraitdə itmişdir. Bununla əlaqədar İddiaçı Şabran rayon polis şöbəsinə müraciət etmiş və “Respublika” qəzetində şəhadətnamənin etibarsız hesab edilməsi haqqında elan dərc etdirmişdir. “Respublika” qəzetində İddiaçı tərəfindən JN-038 saylı dövlət aktının etibarsız hesab edilməsi göstərilmişdir. Sonradan İddiaçı ona X9 tərəfindən ayrılmış torpaq sahəsinin rəsmiləşdirilməsi məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi isə iddiaçıya Şabran rayonu, Uzunboyad kəndində yerləşən 2,06 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsindən imtina edərək, torpaq sahəsinin cizgilərinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə əksini tapmamasına, dövlət aktının arxiv nüsxəsinin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən cavabdehə təhvil verilmədiyinə istinad etmişdir. Birinci instansiya məhkəməsinin iddia tələbini təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, inzibati işin araşdırılması zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə 11 sentyabr 2020-ci ildə Şabran rayonunu, Uzunboyad kəndində yerləşən 2,06 ha torpaq sahəsinə dair verilmiş JN038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının qüvvədə olub-olmaması barədə məlumat tələb edilmiş və məlumata əsasən bildirilmişdir ki, X3 adına Şabran rayonu, Uzunboyad kəndində yerləşən 2,06 ha torpaq sahəsinə verilmiş JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ləğv edilməsi haqqında heç bir məlumat aşkar edilməmişdir. Qeyd olunanlar ona dəlalət edir ki, Şabran rayon X6 qərarına əsasən X10 rayonunun Uzunboyad kəndinin ərazisində 2,06 ha torpaq sahəsi ayrılmışdır. Nəzərə alınmalıdır ki, qeyd olunan dövlət aktının nüsxəsi ləğv edilmiş Dövlət və Xəritəçəkmə Komitəsində saxlanırdı və həmin qurum ləğv edildikdən sonra təhvil verilmiş sənədlərin arasında qeyd olunan dövlət aktının nüsxəsi DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təhvil verilməmişdir. Ona görə də, hesab olunur ki, dövlət aktının nüsxəsinin DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təhvil verilməməsinə görə Məcuddun Səfərovun günahı yoxdur. Məhkəmə kollegiyasının araşdırması zamanı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 26 noyabr 2020-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, X14 İslahatı Komissiyasının 16 mart 2001-ci il tarixli, 02 saylı iclas protokolu ilə tərtib edilmiş, Dəvəçi Rayon Aqrar İslahatı Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 saylı iclas protokolu ilə təsdiq edilmiş qərarı əsasında JN-0036, JN-0037, JN-0038, JN-0106, JN- 0107, JN-0176, JN-0182 saylı dövlət aktları ləğv edilmiş və bazadan silinmişdir. Şabran Rayon Dövlət Arxivinə sorğu verilərək, X14 İslahatı Komissiyasının 25 mart 2001-ci il tarixli, 02 saylı iclas protokolunun, Dəvəçi Rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 04 saylı qərarının təsdiq edilmiş surətini, Əmlak Məsələləri Dövlət Xidmətinə isə sorğu verilərək JN-0038 saylı Dövlət Aktının və həmin aktın bazadan silinməsinə əsas olmuş sənədlərin surətini məhkəməyə təqdim etmələri xahiş olunmuşdur. Şabran Rayon Dövlət Arxivinin 11, 12 nömrəli, 18 mart 2021-ci il tarixli məktublarından görünür ki, Dəvəçi Rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 04 saylı iclas protokolu, X14 İslahatı Komissiyasının 16 mart 2001-ci il tarixli 2 saylı iclas protokolu və X13 Komissiyasının 25 mart 2001-ci il tarixli 02 saylı iclas protokolu barədə arxivdə məlumat yoxdur. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 02 aprel 2021-ci il tarixli məktubuna əlavə edilmiş X14 İslahatı Komissiyasının 16 mart 2001-ci il tarixli, 2 saylı iclas protokolunun surətindən isə görünür ki, Uzunboyad kənd sakini 0038 saylı mülkiyyətçi X4 ərizəsinə əsasən 2,06 ha torpaq sahəsi ləğv edilmişdir. Protokolda iddiaçının soyadı, adı və ata adı X1 qeyd edilsə də, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçının prokotolda adı və ata adı səhv göstərilmişdir. İddiaçı isə ərizənin aldadılma nəticəsində verildiyini və həmin ərizəyə əsasən torpaq sahəsinin ləğv edildiyini təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, JN-038 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı iddiaçının ərizəsinə əsasən X14 İslahatı Komissiyasının 16 mart 2001-ci il tarixli, 2 saylı iclas protokolu ilə tərtib edilmiş, Dəvəçi Rayon Aqrar İslahatı Komissiyasının 25 mart 2001-ci il tarixli, 2 saylı iclas protokolu ilə təsdiq edilmiş qərarı əsasında ləğv edildiyindən mövcud iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-628/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran rayonu, Uzunboyad kəndində yerləşən 2,06 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə" dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-628/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran rayonu, Uzunboyad kəndində yerləşən 2,06 ha torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə" dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-165/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-165/2021
18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver