Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-165/2022 31.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı Quba-Xaçmaz regional filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin 1 saylı Quba-Xaçmaz regional filialına qarşı cavabdehin üzərinə iddiaçıya 01 may 2021-ci il tarixdən pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1340/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1956-cı ildə anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası hüququ 01.05.2021-ci il tarixdə yaranmışdır.
2. İddiaçı pensiya təyin edilməsi üçün müvafiq sənədləri təqdim edərək ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir.
3. Cavabdeh 25.05.2021-ci il tarixli, **********0 saylı məktubu ilə iddiaçının tələb olunan 25 illik sığorta stajı olmadığına və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından görə yaşa görə əmək pensiyası təyin edilməsinin mümkün olmadığını bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 10.06.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, DSMF-nin 2 saylı regional ərazi filialının üzərinə 01 may 2021-ci il tarixdən pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının 25.05.2021-ci il tarixli, **********0 nömrəli məktubunda qeyd edilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı və ya fərdi hesablanan sığorta hissəsi pensiya kapitalı olmadığından əmək pensiyasının təyin edilməsindən imtina edilir”. İmtina qanunsuz və əsasızdır. İddiaçının 30.01.1973-1999-cu illər iş stajı əmək kitabçasında qeyd edilmişdir, cəmi 26 il 2 ay 2 gün təşkil edir. Hətta əmək haqqı hesablanmayan 1999-cu il də hesablanmasa 25 il 2 ay 2 gün edir.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
6. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının qeyd olunan tarixlərdə işlədiyini iddia etdiyi dövrlər tələb olunan sosial sığorta stajı yəni 25 il, həmçinin pensiya kapitalı tamamlanmadığından pensiya təyin edilməsi mümkün olmamışdır. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları’’nın 4.2.7-ci bəndinə əsasən zəruri hesab olunan hallarda sənədlərin yerində qarşılıqlı yoxlanması həyata keçirilir. Həmçinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Etirazda daha sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 7, 21 və 25-ci maddələrinə istinad edilməklə göstərilir ki, pensiya təyin olunarkən iş illərinin sığorta stajına daxil edilməsi məcburi dövlət sosial sığorta stajının ödənilməsi ilə şərtlənir. Bundan əlavə, Ali Məhkəmənin 2-1(102)- 853/2020 saylı qərarından da göründüyü kimi, əmək (iş) dövrlərinin yalnız o hissəsi (hissələri) sosial sığorta stajı kimi nəzərə alınır ki, həmin dövrlərdə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənmiş olsun. Etiraz onunla əsaslandırılır ki, İddiaçı 748 nömrəli arxiv arayışına əsasən, 1973-cü il üzrə 11 ay, 1974-cü il üzrə 11 ay, 1977-ci il üzrə 9 ay, 1978-ci il üzrə 11 ay, 1979-cu il üzrə 12 ay, 1980-ci il üzrə 11 ay, 1981-ci il üzrə 4 ay, 1982-ci il üzrə 12 ay, 1983-cü il üzrə 11 ay, 1984-cü il üzrə 10 ay, 1985-1996-cı illər üzrə 12 ay, 1997-ci il üzrə 11 ay ərzində əmək haqqı almışdır. Qeyd olunan aylar üzrə 21 il 5 ay, həmçinin 2 il hərbi xidmət dövrü toplanmaqla 23 il 5 ay təşkil edir. Tələb olunan 25 il sosial sığorta stajına qarşı iddiaçının 23 il 5 ay sosial sığorta stajı olduğundan həmin müddətə uyğun hesablanan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir. Göründüyü kimi qanunda nəzərdə tutulan iki şərtdən heç biri ödənilməmişdir. Belə olan halda iddiaçı Ə. Kudjayevin “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilməməlidir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
7. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1340/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıçı iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçıya əmək haqqının ödənilməsi zamanı 1997-ci ildə yazılmış 294100 manat pul mart-dekabr aylarını, 1998-ci ildə yazılmış 109200 manat pul yanvar-dekabr aylarını əhatə etdiyi nəzərə alınsa, cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan 1973-1999-cu illər ərzində işlədiyi dövr onun iş stajı kimi nəzərə alınmalıdır.
9. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. İddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılan apellyasiya şikayətində göstərilir ki, İddiaçı 06.08.2021-ci il tarixli 748 nömrəli arxiv arayışına əsasən, 1973-cü il üzrə 11 ay, 1974-cü il üzrə 11 ay, 1977-ci il üzrə 9 ay, 1978-ci il üzrə 11 ay, 1979-cu il üzrə 12 ay, 1980-ci il üzrə 11 ay, 1981-ci il üzrə 4 ay, 1982-ci il üzrə 12 ay, 1983-cü il üzrə 11 ay, 1984-cü il üzrə 10 ay, 1985-1996-cı illər üzrə 12 ay, 1997-ci il üzrə 11 ay ərzində əmək haqqı almışdır. Qeyd olunan aylar üzrə 21 il 5 ay, həmçinin 2 il hərbi xidmət dövrü toplanmaqla 23 il 5 ay təşkil edir. Sorğu əsasında daxil olmuş 06.08.2021-ci il tarixli 748 nömrəli arxiv arayışına əsasən əmək haqqı cədvəllərində 1998 və 1999-cu illər qeyd olunmamışdır. Lakin buna baxmayaraq birinci instansiya məhkəməsi qərarında iddiaçının 1998-ci ildə yanvar-dekabr ayları üzrə 109200 manat əmək haqqı aldığını qeyd etmişdir. Hətta, 1998-ci il üzrə 12 ay ərzində əmək haqqı ödənişlərinin olduğu nəzərə alınsa belə sosial sığorta stajı tələb olunan müddəti (25 il) tamamlamır (23 il 5 ay+12 ay=24 il 5 ay). Birinci instansiya məhkəməsi işi tam, hərtərəfli araşdırmadığından arxiv arayışları arasında ziddiyyət olduğunu nəzərə almamış və əsassız olaraq iddianın təmin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
12. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) …
15. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət…
16. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
17. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” 1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.
18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
19. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01.12.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
21. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Hazırkı mübahisənin predmetini iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası təşkil edir. İş materiallarına əlavə edilmiş arayışlardan və şəxsiyyət vəsiqəsinin surətindən iddiaçının pensiya yaşına çatması işin mübahisəsiz haldır.
24. İddiaçının təqdim etdiyi və mötəbərliyi şübhə doğurmayan ИТ-İ №1653218 saylı əmək kitabçasında iddiaçının 30.01.1973-cü il tarixdən 15.07.1985-ci il tarixədək Şərq meyvəçilik sovxozunda, 16.07.1985-ci il tarixdən 01.04.1999-cu il tarixədək isə Şəfəq sovxozunda işləməsi qeyd edilmişdir. İddiaçıya məxsus hərbi biletə əsasən o, 27.11.1974cü il tarixdən 02.12.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur.
25. Cavabdeh etirazında iddiaçının 2 il hərbi xidmət dövrü nəzərə alınmaqla 23 il 5 ay, apellyasiya şikayətində isə 1998-ci il üzrə 12 ay ərzində əmək haqqı ödənişlərinin olduğu nəzərə alınsa 24 il 5 ay 24 il 5 ay sığorta stajının olmasını göstərməklə tələb olunan 25 illik sığorta stajının olmamasına və iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmamasına istinad etməklə ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edir.
26. Cavabdehin imtinası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında, habelə işə apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusuna cavab olaraq X5 Filialının təqdim etdiyi arxiv arayışlarından görünür ki, İddiaçı (əmr 27, 30 yanvar 1973-cü il) Şərq meyvəçilik sovxozuna 1№li təsərrüfat briqadasına fəhlə qəbul edilmiş, (əmr 252, 10 noyabr 1974-cü il) hərbi sıralarına çağırıldığı üçün sovxozun fəhləliyindən azad edilmiş, (əmr 127, 09 iyul 1985-ci il) Şərq meyvəçilik sovxozu 2 hissəyə ayrıldığından qeyd edilən işçi qüvvəsi (19.X2) Şərq meyvəçilik sovxozundan azad edilmiş, Şəfəq sovxozuna köçürülmüş, (əmr 05, 16 iyul 1985-ci il) adları qeyd edilən fəhlələrin (18.X2) 1№li bitkiçilik briqadasına fəhlə qəbul edilmiş, (əmr 60, 05 aprel 1997-ci il) 1№li bitkiçilik briqadası fəhlələrinin (33.Qocayev Əlibəy -3.15) təsərrüfat daxili bağları icarəyə alması ilə əlaqədar icarəçi keçirilmiş, (əmr 23, 01 aprel 1999-cu il) inzibati idarə aparatının ləğv olunmasına görə adları qeyd edilənlərin (8.X4) işdən azad edildiyi qeyd olunmuşdur.
27. Bundan əlavə X5 Filialının təqdim etdiyi arxiv arayışlarında İddiaçı əmək haqqı cədvəllərindən görünür ki, həmin cədvəllərdə iddiaçının 1973-cü il tarixdən 1998-ci il tarixədək aldığı əmək haqqlarının aylar üzrə məbləğləri qeyd olunmuşdur.
28. Cavabdeh inzibati orqanın yuxarıda göstərilən arxiv arayışlarında əmək haqqı cədvəllərindən iddiaçının yalnız əmək haqqı aldığı ayları sığorta stajına daxil etməklə digər ayları daxil etməməməsini əsaslandırmamışdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, notarial qaydada təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). Hazırkı qərarın 16-18-ci bəndlərində istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (01.01.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə Şərq meyvəçilik sovxozunda və Şəfəq sovxozunda işləməməsini sübuta yetirə bilməmişdir. Əksinə arxiv arayışları ilə də iddiaçının qeyd edilən dövrlərdə işləməsi öz təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin istinad etdiyi hal – yəni iddiaçının işlədiyi illərin müvafiq aylarında əmək haqqı alması barədə arxiv məlumatlarının olmaması əmək kitabçasındakı qeydlərin şübhə altına alınması üçün yetərli əsas ola bilməz və arxiv məlumatlarında əmək haqqları ilə bağlı tam məlumatların olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
31. Beləliklə, işin yuxarıda qeyd edilən hallarından aydın olur ki, iddiaçının əmək kitabçası ilə təsdiq olunan 30.01.1973-cü il tarixdən 15.07.1985-ci il tarixədək Şərq meyvəçilik sovxozunda (2 il hərbi xidmət müddəti daxil olmaqla), 16.07.1985-ci il tarixdən 01.04.1999-cu il tarixədək isə Şəfəq sovxozunda işlədiyi müddət sığorta stajı kimi nəzərə alındıqda onun 25 ildən artıq sığorta stajı olur ki, bu da ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən pensiya (65 yaşına çatmış kişilərin yaşa görə əmək pensiyası) təyin edilməsinə əsas verir.
32. İddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1340/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.