Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-166/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Sehran Sabir qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı müqavilənin bağlanması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2- 1(118)-1131/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsvi̇ ri hissə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin iddiaçının adına verilməsi barədə qərarın qəbul edilməsi və iddiaçı ilə müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddaçı 1985-ci ildən ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H,Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 8 saylı evin, 35-ci mənzilində yaşayır, 1985-ci ildə həyat yoldaşının işlədiyi X11 tərəfindən digər işçilərə, o cümlədən ona bağ sahəsi kimi 0,02 ha torpaq sahəsi verilmişdir. Verilmiş torpaq sahəsi yaşadıqları beşmərtəbəli binanın arxa tərəfində yerləşir. Onlar həmin torpaq sahəsində ağaclar əkmiş, təlabatlarını ödəmək məqsədilə göy-göyərti əkib becərmişlər. Həmin bağ sahəsi 2014-cü ilin may ayına kimi 30 il onların istifadələrində olmuşdur. Həmin torpaq sahəsini öz adlarına rəsmiləşdirmək məqsədilə cavabdehə ərizə ilə müraciət etmişlər, cavabdeh bildirilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin şifahi sərəncamı ilə həmin torpaq sahəsi və ona bitişik olan digər torpaq sahələri tikinti aparılması məqsədilə "xxxx" Mənzil Tikinti Kooperativinə verilmişdir. "xxxx" MTK-nın göstərişi ilə istifadəsində olan torpaq sahəsi traktorlar vasitəsilə yerlə-yeksan edilmiş, ağaclar məhv edilmişdir. Məsələ ilə əlaqədar olaraq əlaqədar şəxslərə, o cümlədən də cavabdehə müraciət etmişdir. Yuxarıda qeyd etdiyi kimi 1985-ci ildən istifadəsində olan 0,02 ha torpaq sahəsinin mülkiyyətinə verilməsi məqsədilə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh özünün 08 iyul 2020-cı il tarixli, 216 saylı məktubu ilə ona bildirmişdir ki, “torpaq sahəsinə görə onunla "xxxx" MTK arasında mübahisə olduğuna görə torpaq sahəsinin mülkiyyətinə satılması mümkün deyildir”. 0,02 ha torpaq sahəsinin onun istifadəsində olmasını X3, X7, X4 və X1 notariat tərəfindən **********234 saylı ərizələri ilə təsdiq edilmişdir. Cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 5.1-ci maddəsinə görə “Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların İstifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyəlrin müstəsna hüququdur. Həmin qanunun 6.2-ci maddəsinə əsasən “Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir". Həmin qanunun 163-cü maddəsinə əsasən Bu qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajlarım habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqların geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada ondan istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir". Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(118)-1131/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim İ.Burcayev) İddiaçı həmin qərardaddan iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatlari Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayəti müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, 30 iyun 2021-ci il tarixə təyin edilmiş iclasına dair yazılı ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əsaslandirici hi̇ ssə Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. Belə ki, iş materiallarında olan RX seriyalı, ******* nömrəli 14.01.2015-ci il tarixdə qeydiyyata alınmış Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestirndən Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 8 saylı evin 35 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında X2 mülkiyyətindədir. İş materiallarında olan Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən İddiaçı yaşadığı ərazidə 2 sot torpaq sahəsinin mülkiyyətinə satılması barədə ərizəsinə cavab olaraq verilmiş 08.07.2020-ci il tarixli, 216 saylı məktubda göstərilir ki, həmin torpaq sahəsində "xxxx" MTK ilə onun arasında mübahisəli məsələ olduğu üçün torpaq sahəsinin ona satılması mümkün deyildir. İş materiallarında olan cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş iddia tələbinə etirazda göstərilir ki, iddiaçı sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən 0.02 ha torpaq sahəsinin ona satılması barədə 29.06.2020-ci ildə ərizə ilə Xırdalan Bələdiyyəsinə müraciət etmişdir. Bələdiyyənin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçrililən zaman torpaq sahəsi ilə bağlı "xxxx" MTK ilə iddiaçı arasında mübahisəsinin olması və həmin torpaq sahəsində iddiçıya məxsus hər hansı tikilinin olmaması müəyyən edilmişdir. İddiaçı qeyd edilən torpaq sahəsinin 1985-ci ildən onun istifadəsində olmasını göstərsə də buna dair hər hansı hüquq müəyyənedici sənədi yoxdur. İş materiallarında olan Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 16.09.2020-ci il tarixli, 394 saylı cavab məktubunda göstərilir ki, sözügedən Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə ünvanında yerləşən torpaq sahəsi Xırdalan Bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahəsinə münasibətdə Xırdalan Bələdiyyəsi İddiaçı və digər şəxslərlə hər hansı bir əqd bağlanmamışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş 28.10.2020-ci il tarixli, 2167 saylı cavab məktubunda göstərilir ki, İddiaçı yaşadığı Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllədəki binanın qarşısında yerləşən torpaq sahəsinə dair "xxxx" MTK-ya Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 52 saylı, 10.04.2017-ci il tarixli, 2 girişli, 16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi barədə sərəncam verilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı sözügedən torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi yoxdur. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 52 saylı, 10 aprel 2017-ci il tarixli sərəncamdan görünür ki, "xxxx" MTK-nın müraciətini, memarlıq və tikinti şöbəsinin 90046 saylı, 07 aprel 2017-ci il tarixli rəyini nəzərə alıb, hazırda qüvvədə olan mövcud hüquqi normativ aktlara və “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq "xxxx" MTK-nın mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən 3180,45 kv.metr torpaq sahəsində 2 girişli, 16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisinə icazə verilməsi qərara alınmışdır. Eləcə də iş materiallarına əlavə edilmiş Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsi tərəfindən təsdiq edilmiş Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən 2 girişli, 16 mərtəbəli yaşayış evinin ayrıc aktından görünür ki, "xxxx" MTK-ya Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2 girişli, 16 mərtəbəli yaşayış binasının layihələndirilməsinə və tikintisi nəzərdə tutulmuş torpaq sahəsinin istifadəçisi "xxxx" MTKnın təsisçisi X6r. Beləliklə, məhkəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən edildi ki, mülkiyyətinə satılmasını tələb etdiyi torpaq sahəsinə dair iddiaçının hər hansı subyektiv hüququnun mövcudluğu müəyyən edilmir. İddiaçı ərizəsində 2 sot torpaq sahəsinin X13 tərəfindən verildiyini bildirsə də, bu barədə hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Bundan əlavə araşdırma zamanı müəyyən edildi ki, mübahisəsi gedən torpaq sahəsində hazırda Abşeron rayon İcra Hakimiyyəti Başçısının 52 saylı, 10 aprel 2017-ci il tarixli sərəncamına əsasən, yaşayış binasının layihələndirilməsinə və tikintisi işləri həyata keçirilr. İddiaçının dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. - 16.2-ci maddəsinə əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. - 16.3-cü maddəsinə əsasən həmin Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. - 16.4-cü maddəsinə əsasən torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi iki halda qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər: 1) sahə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olmalıdır və 2) sahə üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən ölçüdə istifadə edilmiş olmalıdır. Hazırkı işin halları ilə bağlı olaraq hər iki halın mövcudluğu müəyyən olunmadığı üçün iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik deyildir. Bu əsasla iddianı mümkün saymayan birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəti̇ cəvi̇ hi̇ ssə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(118)-1131/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-166/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-166/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver