Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-166/2022 10.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,17 ha deyil, 0,25 ha qeyd edilməsi və ona yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(118)- 877/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh tərəfindən fərdi yaşayış evi üçün verilmiş inventar nömrəsi 1043 olan 05.01.2017-ci il tarixli texniki pasportda, həm də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, 11.01.2017-ci il tarixdə verilmiş çıxarışda həyətyanı torpaq sahəsinin 0.17 ha əvəzində 0,25 ha olması faktının müəyyən edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “Torpağın mülkiyyətə verilməsi”nə dair şəhadətnamədə düzəliş edilərək torpaq sahəsinin ölçüsünün 0,17 ha deyil, 0,25 ha qeyd edilməsi və ona yeni çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1952-ci ildə Xaçmaz rayonu, Ustacəlilli kəndində anadan olmuşdur. Hal-hazıra kimi həmin kənddə, həmin evdə yaşayır. Evlərinin 0,25 ha torpaq sahəsi vardır. X1 həmin evi və bütün əmlakını dövlət notariusu vasitəsilə ona vəsiyyət etmişdir. 2010-cu ildə X1 vəfat etmişdir. Həmin vaxtdan o faktiki olaraq mirası qəbul edərək həmin evdə yaşamışdır. Əmlak və 0,25 ha torpaq sahəsinin vergisini öz adından ödəmişdir. 2016-cı ildə o, mülkiyyətində olan evə və həyətyanı torpaq sahəsinə sənəd almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Çoxsaylı bəhanələrdən və uzun süründürməçiliklərdən sonra ona Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən fərdi yaşayış evi üçün texniki pasport və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həm ona verilmiş fərdi yaşayış üçün texniki pasportda, həm də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda həyətyanı torpaq sahəsi 70 ildən çox istifadələrində olan 0,25 ha torpaq sahəsi əvəzinə 0,17 ha göstərilmişdir. Dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həyətyanı torpaq sahələrinin 70 ildən çox istifadələrində olan 0,25 ha olduğunu, hətta Xaçmaz rayon dövlət arxivindən həyətyanı torpaq sahələrinin 0,25 ha olmasını təsdiq edən arxiv arayışını təqdim etsə də onlar fərdi yaşayış evinin texniki pasportunda və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda dəyişiklik etməkdən imtina etmişlər və bildirmişlər ki, bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etsin.
4. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı inventar nömrəsi 1043 olan 05.01.2017-ci il tarixli texniki pasportda və ********** qeydiyyat nömrəli, 11.01.2017 qeydiyyat tarixli dövlət reyestrindən çıxarışda həyətyanı torpaq sahəsinin 0.17 ha əvəzində 0.25 ha ölçüdə dəyişklik edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə 02.03.2020-ci il tarixli **********64 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən islahat zamanı vətəndaşların qanuni istifadəsində olan həyətyanı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. 5 saylı Xaçmaz Ərazi İdarəsinin kadastr məlumat bazasında olan xəritəyə və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsindən təhvil alınmış arxiv məlumatlarına əsasən müəyyən olunmuşdur ki, ərizədə qeyd etdiyi kimi iddiaçının mərhum X1nın adına müvafiq Aqrar İslahat Komissiyasının qərarı ilə Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0.17 ha torpaq sahəsinə JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” işlənilmişdir. Həmin şəhadətnaməyə əsasən 11.07.2017-ci il tarixdə vərəsəlik hüququ əsasında vahid daşınmaz əmlak kimi fərdi yaşayış evi üzərində iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınaraq çıxarış hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Ərizəyə əlavə olunmuş torpaq sahəsinin qeydə alınması barədə qaytanlanmış kitabdan çıxarış Azərbaycan Respublikası Prezidentinin 439 nömrəli Fərmanına əsasən hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq ərizənin icrası ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Göründüyü kimi, həmin çıxarış və texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır və torpaq sahəsinin ölçüsündə dəyişiklik edilməsi üçün əsas yoxdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən şəhadətnamələr Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər.
5. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(118)-877/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim Leyla Mirzəyeva)
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının anasına Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,25 ha torpaq sahəsi ayrıldığı halda, onun 0,17 ha torpaq sahəsi üzərində hüququ qeydə alınmış və buna müvafiq olaraq JN-006F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir. Beləliklə, sözügedən şəhadətnamə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilsə də, həmin şəhadətnamədə torpaq sahəsinin ölçüsü düzgün qeyd edilməmişdir. Bundan başqa, sözügedən 0,25 ha torpaq sahəsi ilə bağlı iddiaçı ilə başqa şəxslər arasında mübahisənin olduğu da müəyyən edilməmişdir. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə düzəliş edilərək, torpaq sahəsinin ölçüsü 0,25 ha qeyd edilməlidir.
7. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, çıxarış və texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır və torpaq sahəsinin ölçüsündə dəyişiklik edilməsi üçün əsas yoxdur. Vətəndaş tərəfindən sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə bağlı münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə əks olunan 0.17 ha ölçüdən əlavə olaraq mülkiyyət hüququ müəyyən edilmiş 0.08 ha olan torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
11. Məhkəmə kollegiyasının 25.01.2022-ci il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 16. Dövlət reyestrində düzəlişlər 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.11.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
16. İşdə olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışdan görünür ki, İddiaçı Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0,17 ha torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. İddiaçı həmin çıxarışın JN-006F “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında verildiyini və şəhadətnamədə və çıxarışda torpaq sahəsinin ölçüsünün 0,25 ha əvəzinə 0,17 ha qeyd olunduğunu bildirərək, şəhadətnamədə düzəliş edilməsi üçün cavabdeh orqana müraciət etmiş, ərizənin icrası mümkün olmadığından hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
18. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, qərarında göstərmişdir ki, iddiaçının anasına Xaçmaz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 0,25 ha torpaq sahəsi ayrıldığı halda, onun 0,17 ha torpaq sahəsi üzərində hüququ qeydə alınmış və buna müvafiq olaraq JN-006F saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” verilmişdir.
19. Apellyasiya şikayətinin dəlilləri nəzərə alan məhkəmə kollegiyası cavabdeh inzibati orqana sorğu verərək, mübahisə predmeti olan torpaq sahəsinin (Xaçmaz rayonu, Ustacəlilli kəndi) İdarənin mütəxəssisləri tərəfindən yerində müayinə edilərək, müayinə aktının və JN-006F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir.
20. Məhkəmənin sorğusu əsasında JN-006F saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surəti və müayinə aktı məhkəməyə təqdim edilmişdir.
21. JN-006F Kod 30207088 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”dən görünür ki, X3 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 02 saylı qərar ilə 0,17 ha torpaq sahəsi verilmişdir.
22. Müayinə aktında qeyd olunmuşdur ki, Xaçmaz rayonu Ustacəlilli kəndində yerləşən İddiaçı İmam oğluna qanun üzrə vərəsəlik hüququ haqqında 25 dekabr 2016-cı il tarixli 2 V-1111,1114,1115 nömrəli şəhadətnamə ilə mülkiyyətində olan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli 02 saylı qərarı ilə mülkiyyətə verilmiş 0.17 ha torpaq sahəsində GPS aləti ilə ölçü işləri aparıldı. Ölçü zamanı məlum oldu ki, Xaçmaz rayonu Ustacəlilli kəndində yerləşən İddiaçı İmam oğlunun mülkiyyətində olan şəhadətnaməyə əsasən 0.17 ha həyətyanı torpaq sahəsi olduğuna baxmayaraq, faktiki naturada iddiaçının göstərdiyi döngə nöqtələrinə əsasən 0.42 ha torpaq sahəsi təşkil edir. Torpaq sahəsinin sərhədlərinin bir hissəsi şərtidir. İddiaçı vərəsəlik yolu ilə mülkiyyətinə verilmiş JN-006F kod 30207088 olan şəhadətnamədə göstərilmiş 0.17 ha torpaq sahəsinin cizgilərinə və elektron baza məlumatlarına əsasən, həmin 0.42 ha faktiki istifadəsində olan torpaq sahəsinin üzərində yerləşir. Ondan başqa faktiki istifadəsində olan 0.42 ha torpaq sahəsi sərhəd daxilində Xaçmaz rayon Aqrar islahat Komissiyasının 25 fevral 1998-cı il tarixli 02 saylı qərarına əsasən DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən JN-036F nömrəli şəhadətnaməyə əsasən 0.12 ha torpaq sahəsi digər şəxsin adına işlənmişdir.
23. İşdə olan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25.02.1998-ci il tarixli 02 saylı protokolunun təsdiqlənmiş surətindən isə görünür ki, Q.Musabəyov adına sovxoz üzrə cəmi torpaq fondu 3481 ha olmaqla, dövlət mülkiyyətində olan torpaqlar 412,7 ha, bələdiyyə mülkiyyətinə verilən torpaqlar 1219,9 ha və xüsusi mülkiyyətə verilən torpaqlar 1848.4 ha təsərrüfat üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,40 ha orta torpaq payının müəyyən edilməsi barədə Q.Musabəyov adına sovxozun AİK-nin 10.02.1998-ci il tarixli (protokol nömrə 1) qərarının təsdiq edilməsi, Q.Musabəyov adına sovxozun əhatə etdiyi kəndlər üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahılarının təsdiq edilməsi barədə Q.Musabəyov adına sovxozun AİK-nın 10.02.1998-ci il tarixli qərarının təsdiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının sədri tərəfindən 25 fevral 1998-ci il tarixdə təsdiq edilmiş Xaçmaz rayonu, Q.Musabəyov adına sovxozun ərazisindəki Ustacəlilli kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin ümumi siyahısında X2 adının qarşısında 0,25 ha torpaq sahəsi qeyd edilmişdir.
24. Göründüyü kimi, şəhadətnamədə X3 Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25 fevral 1998-ci il tarixli, 02 saylı qərar ilə 0,17 ha torpaq sahəsi verildiyi göstərilsə də, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25.02.1998-ci il tarixli 02 saylı protokolundan Narxanım Səmədovaya 0,25 ha torpaq sahəsi verildiyi müəyyən olunur. Həmçinin hazırda faktiki olaraq iddiaçının istifadində olan və digər şəxslərə aid olmayan torpaq sahəsinin ölçülərinə əsasən 0,25 ha torpaq sahəsinə dair qeydiyyat aparılması mümkündür.
25. JN-006F Kod 30207088 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 25.02.1998-ci il tarixli 02 saylı qərarı əsasında verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
26. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, qərarın nəticə hissəsində “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin nömrəsi, torpaq sahəsinin yerləşdiyi ərazi göstərilməmişdir. Bu isə gələcəkdə məhkəmə qərarının icrasında çətinliklər yarada bilər.
27. Qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2-1(118)-877/2021 nömrəli qərarı dəyişdirilsin. JN-006F Kod 30207088 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə dəyişiklik edilərək torpaq sahəsinin ölçüsünün 0,25 ha göstərilməsi və həmin dəyişikliyə əsasən daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Xaçmaz rayonu, Ustacəlilli kəndində yerləşən 0,25 ha torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.