Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-166/2023 10.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2- 1(118)-1187/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1979cu il tarixədək hərbi xidmətdə olmuşdur.
2. ИТ-0126727 saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1976-cı ildən xx.xx.1977-ci ilədək, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək, xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək, xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək, xx.xx.1983-cü ildən xx.xx.1999-cu ilədək, xx.xx.2001-ci ildən xx.xx.2009-cu il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.
3. "xxxx" ASC-nin 05 aprel 2021-ci il tarixli 05 saylı arayışından görünür ki, iddiaçının xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək, xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək, xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilədək, xx.xx.1999-cu ildən xx.xx.2002-ci ilədək, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilədək, xx.xx.2005-ci ildən xx.xx.2006-cı ilədək, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilədək güzəştli şərtlərlə əmək pensiyasına əsas verən peşələrdə işləmişdir.
4. İddiaçı xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almışdır.
5. İddiaçı xx.xx.2021-ci il tarixli məktubla cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
6. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********2 saylı məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 1.0.8-ci maddələrinə istinad edilərək göstərilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 35200,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 23312,16 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
7. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli əsaslarla əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia əeizəsində cavabdehin xx.xx.2021-ci il tarixli məktubunun məzmunua istinad edərək göstərmişdir ki, cavabdeh orqanın imtina cavabı ilə razı deyil. Cavabdehin imtinası qanuna zidd olmuş və onun hüquqlarını pozmuşdur. O, xx.xx.1959-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Uzun müddət Sumqayıt şəhərində zərərli istehsalat sahəsində çalışmasının nəticəsi olaraq sağlamlığını itrmiş və 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2009-cu il tarixli müayinə aktına əsasən əmək qabiliyyətini tam itirməklə ona 2-ci qrup əlillik təyin edilmişdir. Bu səbəbdən də əmək fəaliyyətini dayandırmağa məcbur olaraq işdən çıxmışdır. 2-ci qrup əlillik xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək davam etmiş və onun əlilliyə görə son aldığı son əmək pensiyasının məbləği 459,98 manat civarında olmuşdur. O, 2021-ci ilin iyun ayında əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçmək məqsədi ilə ilkin olaraq yaşayış yeri üzrə DSMF-nin 1 saylı Regional ərazi filialına müraciət etmiş, ordan isə ona təyinatı üzrə cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etməli olduğunu bildirdikdən sonra ora müraciət etmiş, lakin həmin orqan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasından imtina etmişdir. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh orqan imtinaya əsas kimi, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə əsaslandırmışdır və hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 35200 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiyanın cəmi 23312,16 manat təşkil etdiyini qeyd etmişdir. Cavabdeh orqanın ona münasibətdə pensiya kapitalının “özünəməxsus şəkildə” hesablama aparması ilə razı deyi, onun riyazi hesabalamanı necə aparması müəmmalı olaraq qalır və belə hesablama qanunvericiliyin tələblərinə ziddir. Belə ki, cavabdeh orqan fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddinin qanunvericiliyə uyğun olaraq ona münasibətdə 35200 manat hesablandığını qeyd edir, lakin onun hansı qaydada hesablama aparmasına dair ətraflı açıqlama vermir. TSEK-in xx.xx.2009-cu il tarixli müayinə aktına əsasən əmək qabiliyyətini tam itirməklə ona 2-ci qrup əlillik təyin edilmişdir. Göründüyü kimi 2-ci qrup əlil olması ilə yanaşı əmək qabiliyyətinin tam itirmiş hesab edilmişdir. Hazırda isə cavabdeh orqan ondan xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün də pensiya kapitalı olmasını tələb edir ki, bu “absurd” tələbdir. Belə ki, həmin dövrdə o, əmək qabiliyyətini tam itirməklə 2-ci qrup əlilliyə görə əmək pensiyası almışdır. Aldığı 460 manat əlillik pensiyasının məbləği də, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin yüksək olmasına bir daha dəlalət edir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, yuxarıda sadalanan tələbləri artıqlaması ilə yerinə yetirmişdir. Belə ki, 33 il sığorta stajına malikdir, bu müddətin 20 ilini zərərli işlərdə çalışmşdır. Eləcədə, fərdi hesabının sığorta hissəsində kifayət qədər pensiya kapitalı vardır. Əmək pensiyaları haqqında Qanunun 34-cü maddəsinə əsasən - əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının özünün **********12№-li, xx.xx.2021-ci il tarixli imtina məktubu vətəndaş olaraq onun hüquqlarının kobud şəkildə pozulmasını nəzərdə tutduğundan qanunsuz olmaqla heç bir hüquqi əsası yoxdur.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
9. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, **********2 nömrəli cavab məktubunda iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğidən aşağı olmayan pensiya təminatına imkan vermədiyi qeyd olunmuşdur. Eyni zamanda xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malik olduğu barədə məlumat verilmişdir. Cavabdehin imtinası aşağıda sadalanan müddəalara əsasən qanuni və əsaslıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə əsasən uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinədək qanununun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən olunmuş tələblərə müvafiq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— stehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar— 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə bu günə 40560 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı hazırda cəmi 23291,93 manat təşkil edir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
10. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2-1(118)- 1187/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmək kitabçasından görünür ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün xx.xx.2006-cı ilədək 25 ildən artıq ümumi stajı vardır. Eyni zamanda "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat sahəsinin 05 aprel 2021-ci il tarixli 05 saylı arayışı ilə də iddiaçının 12 il 06 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədə işlədiyi öz əksini tapmışdır.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının iddianın təmin olunduğu hissədə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayətində iddia ərizəsinə qarşı etirazda göstərilən hallar təkrar olunmaqla yanaşı göstərilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmal məktubuna əsasən məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin eyniliyinin müəyyən olunmasından gedir.
14. İddiaçı apellyasiya şikayətinə etiraz verərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla) Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
19. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının 57 yaşı tamam olduğu zaman qüvvədə olan redaksiyada): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir …Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
20. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Həmin Qaydaların 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
21. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
22. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.
23. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. İşdən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdehin imtinasında, habelə etiraznda və apellyasiya şikayətində gətirdiyi əsas dəlil iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğidən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır
27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh imtinasında qeyd edilən dəlilin əsaslandırılması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci və 1.0.8-ci maddələrinə istinad etsə də, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, iddiaçının təqdim etdiyi hərbi bilet, əmək kitabçası və "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat sahəsinin xx.xx.2021-ci il tarixli 05 saylı arayışı ilə onun xx.xx.2006cı il tarixədək 25 il ümumi və 12 il 06 ay xüsusi iş stajına malik olması öz təsdiqini tapdığından və cavabdeh imtinasında, etirazında, habelə apellyasiya şikayətində iddiaçının ümumi və güzəştli sığorta stajı ilə bağlı təqdim etdiyi sübutların mötəbərliyini mübahisələndirmədiyindən birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən deyil, həmin 9.8-ci maddəsinə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq təyin edilməlidir. Belə ki, qeyd edilən normada güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün pensiya kapitalı tələbi mövcud deyildir.
28. Beləliklə, İddiaçının 57 yaşı xx.xx.2016-cı il tarixdə tamam olmuş, lakin o xx.xx.2009-cu ildən xx.xx.2021-ci ilədək 2-ci dərəcəli əlilliyə görə əmək pensiyası almışdır. “Əmək pensiyaları haqqında” Qanununun 5.1-ci maddəsinə əsasən müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. İş materiallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin edilməli olduğunu bildirərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi haqlı olduğundan, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçının əmək kitabçasına əsasən xx.xx.2006-cı ilədək işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə alınaraq xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab edərək qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.
30. Belə ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan yuxarıda istinad edilən qanunvericilik norması güzəştli şərtlələ yaşa görə əmək pensiyası təyinatının aparılmasını yalnız iki şərtlə - kişilər üçün 57 yaş həddi, ən azı 25 il sığorta stajı və 12 il 06 ay güzəştli iş stajı ilə şərtləndirmişdir.
31. İddiaçının əmək kitabçası üzrə işlədiyi, eyni zamanda hərbi xidmət etdiyi dövrlər də daxil olmaqla onun xx.xx.2006-ci il tarixə 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə güzəştli iş stajı vardır.
32. Kollegiya qeyd edir ki, surəti iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyi hər-hansı ciddi şübhə doğurmur (tərtib edildiyi dövr və aparılmış qeydlərin dəqiqliyi, kiril əlifbası ilə yazılması və müvafiq dövrlərə uyğun möhürlərlə təsdiq olunması baxımından). İddiaçının əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığını təsdiq edən sübut işdə yoxdur və cavabdeh də bununla bağlı hər-hansı dəlil irəli sürməmişdir.
33. Eyni zamanda iddiaçının əmək kitabçasında və "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat sahəsinin xx.xx.2021-ci il tarixli 05 saylı arayışında göstərilən müvafiq dövrlərdə işlədiyi peşələr (vəzifələr) “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstərilən siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 və 2 nömrəli siyahıda öz əksini tapmışdır.
34. Kollegiya qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
35. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər sübut hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
36. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1187/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.