Məhkəmə qərarları › İş №2-1(105)-167/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-167/2021

09.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-167/2021 09.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(118)- 1209/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir. Cavabdeh 27 iyul 2020-ci il tarixli, **********7 saylı məktubla iddiaçıya imtina cavabı verərək bildirmişdir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində edilmiş dəyişikliyə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Şöbəyə təqdim edilən şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajı və pensiya kapitalı olmaması səbəbindən, ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Məlumat üçün bildirilmişdir ki, 1970-1995-ci illərin iş stajının yoxlanılması zamanı işləmə faktı öz təsdiqini tapmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi hesablanması qeyri-mümkün olmuşdur. Verilən cavab ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, “ona 64 il 6 ay yaşı tamam olduğu vaxtdan, yəni 04.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Füzuli rayonunda anadan olmuş, 20.01.1970-ci ildən 29.05.1974-cü ilə qədər Füzuli rayonu Lenin adına Üzümçülük sovxozunda işləmiş, 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. 13.09.1976-cı ildən 13.09.1995-ci ilə qədər Füzuli Avtobazasında sürücü vəzifəsində işləmişdir. Onun pensiya yaşı çatandan sonra cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Səbəb kimi onun işlədiyi illərin yoxlanılmasının mümkün olmaması olmuşdur. Hesab edir ki, əmək kitabçasında qeyd edilən müəssisələrdə işlədiyinə görə cavabdehin bundan imtina etməsi qanunsuzdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə edərək, hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək ona 04.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(118)-1209/2020 saylı qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hərbi xidmət illəri və əmək kitabçasında qeyd olunan müəssisələrdə işlədiyi dövrü sosial sığorta stajına daxil edilərək, ona 04.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.(hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(118)-1209/2020 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi, şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Vlüdafiə Fonduna sığorta haqları keçirmələri” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Məlum olduğu kimi, iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Belə ki, iddiaçının əmək kitabçasında aparılan qeydlərin uyqunsuzluğu, xronoloji ardıcıllığın pozulması, ümumilikdə şübhəli məqamların mövcudluğu kitabçanın əmək stajı kimi sübutedici rolunu heçə endirir. Bununla bağlı aşağıdakı nüansları diqqətə çatdırmışlar: ******* nömrəli əmək kitabçası özündə əks olunan “06.09.1973-cü 656 nömrəli qayda”larla təsdiq olunduğu halda həmin kitabçası 25.01.1970-ci il tarixdə doldurulmuşdur. Əmək kitabçasının doldurulduğu tarixə, yəni 25.01.1970-ci il təqvimə diqqət yetirilsə görünər ki, qeyri iş gününə (bazar günü) təsadüf edir. Göstərilənlərə əsasən iddiaçının əmək kitabçasında mövcud olan ziddiyyətli və şübhəli məqamlara görə nəinki sığorta stajını nəzərə almaq həmçinin əmək kitabçası üzrə iddiaçıya pensiya təyinatı aparılması və ya pensiyanın yenidən hesablanması mümkünsüzdür. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda. xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanunun: - 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər; -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş (64 il 6 ay) yaş həddinə çatmış, 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq pensiyanın təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının 1970-1995-ci illərin iş stajının yoxlanılması zamanı işləmə faktının öz təsdiqini tapmadığı üçün həmin dövrlərin sosial sığorta stajı kimi hesablanmasının qeyri-mümkün olduğunu əsas tutaraq həmin dövrləri staja daxil etməmişdir. Həmin müddət nəzərə alınmadığından ümumi sığorta stajı 25 ildən az olmuş, iddiaçının topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından iddiaçıya pensiyanın təyinindən imtina edilmişdir. Beləliklə işin mübahisə edilən məqamı yuxarıda qeyd edilən dövrlərin sığorta stajına daxil edilməsidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, əmək kitabçasına görə İddiaçı əmək stajı (2 il hərbi xidmət, 23 ildən çox iş stajı) 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə 2020-ci ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 il 6 aydır. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64,6 yaşında, 04.05.2020-ci il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Həmin Qaydaların 7-ci bəndinə əsasən, bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. Əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. Əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İş materiallarında olan И-İ seriyalı ******* nömrəli dublikat əmək kitabçasının əslində müəyyən olunur ki, iddiaçı 20.01.1970-ci ildən 29.05.1974-cü ilə qədər Füzuli rayonu Lenin adına Üzümçülük sovxozunda, 13.09.1976-cı ildə Füzuli Avtobazasına sürücü vəzifəsinə qəbul edilmiş, 13.09.1995-ci ildə “X2” Müəssisəsinin 23.02.1995-ci il tarixli 17 saylı əmrinə əsasən, müəssisədə nizam-intizamı kobud surətdə pozduğna görə, ona şiddətli töhmət verilmiş, 13.09.1995-ci il tarixdə isə öz ərizəsinə əsasən 64 nömrəli əmrlə işdən azad edilmişdir. Eyni zamanda H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı 1974- 1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Füzuli ”xxxx” ASC-nin birinci instansiya məhkəməsinə ünvanladığı 12 oktyabr 2020-ci il tarixli, 07 saylı sorğuya cavabda qeyd edilmişdir ki, İddiaçı 13 sentyabr 1976-cı il tarixdən 13 sentyabr 1995-ci il tarixə kimi avtobazada sürücü işləmişdir. Onun 13 sentyabr 1976-cı il tarixdə avtobazaya sürücü qəbul edilməsi qeyd olunan əmr kitabı işğal zonasında qaldığından təqdim edə bilmirlər. Lakin ona təklif olunan avtobusu sürməkdən imtina edərək qarajdan çıxıb getməsi 18 avqust 1994-cü il-13 sentyabr 1995-ci illəri əhatə edən əmrlər kitabının 96-cı səhifəsində 64 saylı əmrin 2-ci paraqrafında qeyd olunmuşdur. Bundan başqa həmin əmrlər kitabında İddiaçı 23 fevral 1995-ci il tarixdə 17 saylı əmrlə şiddətli töhmət almasında vardır. Sözügedən əmrlərin təsdiq edilmiş surəti birinci instansiya məhkəməsinə təqdim edilmişdir. İş materiallarından görünür ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verərək, “Füzuli Avtobazası” və “X2” Müəssisəsinin həqiqətən də iddiaçının işlədiyi dövrlərdə qeydiyyatdan keçibkeçməməsi, yenidən təşkil olunub-olunmaması, özəlləşdirilməsi və ya hər hansı fəaliyyətinin, balansında əmlakın olub-olmaması və ya digər məlumatların onlara təqdim edilməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanladığı sorğuya cavabdan görünür ki, Azərbaycan Respublikasında 1995- 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramına uyğun olaraq, keçmiş Dövlət əmlak Komitəsinin 09.02.1998-ci il tarixli 232 nömrəli sərəncamı ilə “Azərxxxx” Dövlət Konserninin tabeliyində olmuş, Füzuli xxxx müəssisəsinin bazasında “Füzuli xxxx” açıq səhmdar cəmiyyəti yaradılmış və cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 07.11.2005-ci il tarixində tam başa çatdırılmışdır. Cavabdeh təşkilatın gətirdiyi əsas arqumentlərdən biri ondan ibarət olmuşdur ki, İddiaçı işlədiyi “Füzuli xxxx” ASC DSMF-yə sığorta haqlarını həyata keçirməməsi səbəbindən iddiaçının həqiqətən də həmin təşkilatda işləməsi şübhəlidir. Bununla bağlı kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X5) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud “Qaydalar” da "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. İddiaçının işlədiyi dövr 01.01.2006-cı il tarixə təsadüf etdiyindən sığorta haqqlarının ödənilməsi tələb olunmur. Odur ki, kollegiya hesab edir ki, iddiaçının əmək kitabçası üzrə işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Cavabdehin şikayətinin digər dəlili ondan ibarətdir ki, ******* nömrəli əmək kitabçasında “06.09.1973-cü 656 nömrəli qayda”larla təsdiq olunduğu halda həmin kitabça 25.01.1970-ci il tarixdə doldurulmuş, həmçinin, əmək kitabçasının doldurulduğu tarix bazar gününə təsadüf edir. Bununla bağlı kollegiya qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasından görünür ki, dublikatdır. Əmək kitabçasının dublikatı adından da göründüyü kimi, işçinin əmək kitabçası itdikdə və yazud yararsız hala düşdükdə sonradan axırıncı iş yüri üzrə işəğötürən tərəfindən tərtib olunur. Eyni zamanda kollegiya hesab edir ki, Kitabçanın doldurulduğu tarixin bazar gününə təsadüf etməsi iddiaçının əmək fəaliyyətini şübhə altına alan hal hesab edilə bilməz. Belə ki, iddiaçının əmək kitabçası üzrə fəaliyyəti əmək kitabçasında qeyd edilməklə yanaşı, həmçinin Füzuli ”xxxx” ASC tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna verdiyi cavab məktubu ilə, həmçinin işlədiyi dövrdə iddiaçının şiddətli töhmət almasına dair əmrlər kitabından çıxarışın təsdiq edilmiş surəti ilə bir daha təsdiq edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Həmçinin, həmin qanunun mötəbərlik prezumpsiyası adlanan 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Hazırkı halda da, iddiaçı tərəfindən təqdim edilən əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, əmək kitabçasına və hərbi biletə əsasən, iddiaçı 25 ildən artıq sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli 2-1(118)-1209/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar