Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-167/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional filialına qarşı 01.09.1993-cü il tarixindən 15.06.2005-ci il tarixinədək "xxxx" ASCdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1227/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 02.03.2021-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün “ASAN xidmət” vasitəsi ilə DSMF-nin 1 saylı regional ərazi filialında pensiya təyin edilməsi üçün ərizə ilə müraciət etmiş, pensiya təyin edilməsi üçün işlədiyi yerlərdən vaxtı ilə əmək kitabçasında 28 ildən yuxarı əmək stajı var. Ancaq əmək kitabçasında qeyd edilən 01.09.1993-cü ildən 15.06.2005-ci ilə qədər olan illərə görə əmək stajı DSMF-nin 1 saylı regional ərazi filialında qəbul edilmir, 19 mart 2021-ci il tarixli **********9 saylı cavab məktubunda qeyd edilir ki, 01.09.1993-cü ildən 15.06.2005-ci ilədək olan dövrün arxiv sənədlərinin (müəssisənin dağılma səbəbindən) yerində yoxlamaq mümkün olmadığına görə ona yaşa görə əmək pensiyası təyin etmək mümkün deyil. Müəssisənin yerində olmaması və ya dağılması onun günahı deyildir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək 01.09.1993-cü il tarixindən 15.06.2005-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi illərin onun sosial sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. AR ƏƏSMN-nin Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 N-li qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01,2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi, İddiaçı yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun ümumi iş stajı qanunla tələb olunan müddətdən (25 ildən) azdır. İşin mübahisələndirilməyən halı iddiaçının əmək kitabçasında qeyd edilən 01.12.1976-cı il tarixdən 15.07.1993-cü ilə qədər olan kolxozda işlədiyi dövrdür. Qeyd edək ki, iddiaçının ümumilikdə 16 il 7 ay 15 gün sosial sığorta stajı olduğu görünür. İşin mübahisələndirilən halı isə iddiaçının 01.09.1993-cü il tarixdən 15.06.2005-ci il tarixə qədər "xxxx" ASC-də işlədiyi dövrdür. Belə ki, qeyd olunan dövrlərə aid sənədlərin arxivə təhvil verilməməsi səbəbindən iddiaçının qeyd olunan dövrlərdə həmin müəssisədə işləməsi şübhə doğurur. Bu səbəbdən həmin illərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1227/2021 saylı qərarı ilə iddia təmin edilərək, İddiaçı 01.09.1993-cü il tarixindən 15.06.2005-ci il tarixinədək "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilərək, pensiya hüququnun yarandığı 06.07.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılarkən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 1 saylı regional ərazi filialı prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Abşeron-Xızı regional ərazi filialı ilə əvəz edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddia tələbinə etiraz ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. İşə apellyasiya qaydasıda baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya qaydasıda baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddəyə qeyddə göstərilmişdir ki, həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 22-1.2.1-ci maddəsinə əsasən, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Hazırkı işin hallarından görünür ki, iddiaçı pensiya təyini üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmış, 25 ildən artıq sığorta stajı olduğunu nəzərə alaraq pensiyanın təyin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaçının 01.09.1993-cü il tarixdən 15.06.2005-ci il tarixədək "xxxx" ASCdə işlədiyi dövrün yoxlanılmasının mümkün olmadığını əsas tutaraq həmin dövrü staja daxil etməmişdir. Həmin müddət nəzərə alınmadığından ümumi sığorta stajı 25 ildən az olmuş, iddiaçının topladığı pensiya kapitalı isə tələb edilən miqdarda olmadığından iddiaçıya pensiyanın təyinindən imtina edilmişdir. Göründüyü kimi, iddiaçının 01.09.1993-cü il tarixdən 15.06.2005-ci il tarixədək "xxxx" ASC-də işlədiyi dövrün sığorta stajına daxil edilməsi mübahisələndirilir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin edərkən iddiaçının əmək kitabçasında qeyd olunan müəssisələrdə işləməsinə, ümumi iş stajının 25 ildən çox təşkil etməsinə və qanunvericiliklə müəyyən olunmuş yaş həddinə çatmasına istinad etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, 01.12.1976-cı ildən 15.07.1993cü ilə qədər kolxozda, 01.09.1993-cü ildən 15.06.2005-ci ilə qədər "xxxx" ASC-də işləmişdir. Əmək kitabçasından müəyyən olunur ki, iddiaçının əmək stajı 25 ildən çoxdur. İddiaçının 01.09.1993-cü ildən 15.06.2005-ci ilə qədər "xxxx" ASC-də işlədiyi dövrün yoxlanılmasının mümkün olmaması barədə apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 01.09.1993- cü ildən 15.06.2005-ci ilədək "xxxx" ASC-də işləməsi barədə əmək kitabçasında olan qeydin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən məhkəməyə mötəbər sübut təqdim edilməmişdir. İş dövrünün yoxlanılmasının mümkün olmaması işçinin işləməməsi anlamına gəlməməlidir və bu əsasa görə işçinin konstitusion hüququ olan sosial təminat hüququnun təmin edilməməsi digər mötəbər sübutlara əsaslanmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1227/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-167/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-167/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver