Məhkəmə qərarları › İş №2-1(105)-167/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-167/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-167/2025 04.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması“ tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(118)-3901/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərarı qəbul etdi İŞİN HALLARİ: İddiaçı xx xxxx 1957-ci il təvəlliüdlüdür. (AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi). İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalına ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətindən imtina etmişdir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək “ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1957-ci il tarixdə Quba rayonu, İsnov kəndində anadan olmuşdur. Hazırda Quba rayonu, Vəlvələ kəndində pasport qeydiyyatında olmaqla faktiki yaşayır. Hazırki iddia ərizəsi ilə müraciətinin səbəbi cavabdeh tərəfindən “yaşa görə əmək pensiyasının təyin edilməsi”ndən imtina edilməsi ilə bağlıdır. Belə ki, iş üzrə cavabdeh idarəyə “yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə müraciət etmiş, lakin cavabdehin 12 yanvar 2024cü il tarixli, 3-17-1/2-M-A6016/2024 saylı məktubu ilə ərizənin icrasından imtina olunduğu bildirmişdir. Cavabdeh tərəfindən qeyd edilən imtina səbəbi tamamilə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh imtinasında qeyd edir ki, guya xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək olan dövrün dondurulma qaydası pozulduğu üçün həmin dövrün siğorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamış, yalnız xx.xx.1996-cı il tarixindən xx.xx.1999-cu il tarixinədək əmək haqqı almağınızı təsdiq edən sənədləri və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Cavabdeh həm qeyd edir ki, dondurulma qaydası pozulmuşdur, həm də əmək haqqı almağını təsdiq edən sənədləri və əmrlərdən çıxarışı təqdim etdikdən baxılmasının mümkün olduğunu qeyd edir. Halbuki iddiaçının müraciəti zamanı bu barədə sənədləri, eləcə də əmrdən çıxarış tərəfindən təqdim edilmiş, lakin əsassız olaraq müraciətinin icrasından imtina edilmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçı H. Mirzəyev xx.xx.2023-cü il tarixdə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2M-6016/2024 nömrəli məktubunda müraciətin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçı təqdim etdiyi sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 23 il 2 ay 15 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 21 il 8 ay 15 gün sığorta stajına uyğun olaraq 20105,39 manat, 01,02.2022-ci il tarixdən 01,10.2023-cü il tarixədək 1314,75 manat olmaqla, ümumilikdə 21420,14 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin qeyd edirlər ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün işə daxil olma əmrinin tarixi bazar gününə təsadüf etdiyi üçün) həmin dövrün sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)569/2024 nömrəli qərarının 60-63-cü bəndlərində qeyd edilir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Ali Məhkəmənin mövqeyindən də göründüyü kimi əmək kitabçası o halda mötəbər hesab olunur ki, onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar mövcud olmasın. Hazırki iş üzrə İddiaçı məxsus əmək kitabçasından aydın olur ki, onun xx.xx.1996-cı il tarixdə işə daxil olması barədə məlumatlar hər hansı əmrə, sərəncama əsaslanmadan qeyd edilmiş və qeydin tarixi bazar gününə təsadüf etmişdir. Bundan başqa, İddiaçı xx.xx.1996-cı il tarixdə işə daxilolma və xx.xx.1999-cu il tarixdə işdən azad edilməsinə dair əmrlər və həmin tarixlərə dair əməkhaqqı cədvəlləri də mövcud deyildir. Qeyd olunan Qərarın təhlilindən də aydın olur ki, işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu geydləri aparmağa əsas verən əmək mügaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Beləliklə, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı əmək kitabçasındakı məlumatların əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqigi vəziyyəti dəgiq əks etdirmədiyi nəzərə alındıqda, iddiaçının xx.xx.1996cı il tarixdən xx.xx.1999-cu il tarixədək iş stajının qəbul edilməsi istisna edilir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisəli illərə dair müvafiq dövrlər üzrə doldurulma qaydalarına riayət edilməməsi əmək kitabçasının mötəbər sübut kimi qəbul olunması və əmək pensiyasının təyin olunması zamanı stajın hesablanmasında zəruri şərt kimi çıxış etməsini istisna edir. Beləliklə, mötəbərliyi qəbul edilməyən xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cu tarixədək olan dövr ümumi müddətdən çıxıldıqda qanunla tələb edilən 25 illik sığorta stajı tamamlanmır. Buradan aydın olur ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7ci maddəsindən irəli gələn hazırkı məzmunda tələb hüququ yoxdur. Həmçinin qeyd edirlər ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" MMC) olduğundan yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il 21 (102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(118)-3901/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki inzibati işdə iddiaçının iş fəaliyyətini təsdiq edən arxiv sənədləri (əmrlər) və əmək kitabçasıda müvafiq qeydlər mövcuddur. Həmin sənədlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a)Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti; b) yaradıcılıq ittifaqları və peşəkar birlikləri üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə respublika Pensiya Fonduna sığorta haqqı keçirdikdə; v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; q) idarə tabeliyindən və xüsusi, yaxud hərbi rütbənin olub-olmamasından asılı olmayaraq hərbiləşdirilmiş mühafizə və xilasetmə hissələrində, xüsusi rabitə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ə) işsizlik müavinətinin verildiyi müddət, yaxud haqqı ödənilən ictimai işlərdə iştirak etdiyi müddət, müvafiq icra hakimiyyəti orqanının göndərişi ilə bir yaşayış məntəqəsindən digərinə köçmək və işə düzəlmək üçün müddət, habelə xarici ölkələrdə qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olduğu müddət; j) iş dövründə başlanmış müvəqqəti əmək iqtidarsızlığı müddəti; z) əmək vəzifələrini yerinə yetirərkən xəsarət alıb şikəst olmuş və bu səbəbdən, eləcə də peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini itirən işləməyən İ və İİ qrup əlillərin pensiyada olduqları müddət; i) zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; ı) müalicə-əmək müəssisələrində məcburi müalicə dövründə iş müddəti; k) azadlıqdan məhrumedilmə müddətində məhkumların ödənişli əməyə cəlb edildikləri vaxt; g) şəxsin qanunsuz tutulma, həbsdə olma və cəza çəkmə müddətləri, eləcə də işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət. İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”—”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən xüsusilə zərərli və ağır iş sahələri üzrə iş stajı hesablanarkən (13-cü maddənin “a” bəndi) həmin işdə alınmış əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlillik müddəti göstərilən staja daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya münasibətdə qanunla tələb olunan 25 il sığorta stajına malik olmaması halına istinad edərək, yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsində göstərilmişdir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017- ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İşin mübahisəli halını iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 23 il 2 ay 15 gün iş stajına malik olması halını qəbul etmiş, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cü il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxil olma əmrinin tarixi bazar gününə təsadüf etdiyindən) qeyd olunan dövrün iddiaçının sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmadığına istinad edərək, həmin dövrləri mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın qeyd olunan dəlilini əsassız hesab edərək aşağıdakıları qeyd edir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının əmək fəaliyyətini təsdiq edən ИT-0410360 nömrəli əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Cavabdehin iddiaçının əmək kitabçasında qeyd edilən mübahisəli dövrləri onun sosial sığorta stajı kimi nəzərə alınmamasının əsası kimi göstərdiyi dəlillər iddiaçının təqsiri kimi qəbul oluna bilməz və iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. Məhkəmə kollegiyası 1996-cı il noyabrın 10-unun həftənin bazar gününə, qeyri-iş gününə düşməsi ilə bağlı mövqeyə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri işçilərin işləməsi əmək qanunvericiliyi ilə qadağan edilməmişdir. Hazırda qüvvədə olan Əmək Məcəlləsinə əsasən həftənin bazar günündə şəxsin işləməsini qadağan edən norma yoxdur. Beləliklə, iddianın təmin olunmamasına yönəlmiş cavabdeh tərəfindən qeyd olunan səbəblər nəzərə alınmamalı, əmək kitabçasında mötəbərliyi məhkəmə kollegiyası üçün şübhə doğurmayan məlumatlar əsasında iddiaçının pensiya hüququ təmin edilməlidir. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Eyni zamanda İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki halda cavabdeh inzibati orqan mübahisələndirdiyi dövrlə bağlı verilmiş əmrin qanunsuz olduğunu sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın istinad etdiyi iddiaçının xx.xx.1996-cı il tarixdə işə daxil olma və xx.xx.1999-cu il tarixdə işdən azad edilməsinə dair əmrlər və həmin tarixlərə dair əməkhaqqı cədvəlləri də mövcud olmaması iddiaçı ilə çalışdığı müəssisə arasındakı əmək münasibətlərinin mövcudluğunu istisna edən hal kimi qiymətləndirilə bilməz. İddiaçının qeyd olunan dövrlərdə işləməsi barədə əmək kitabçasında məlumatlar mövcud olduğundan, həmin məlumatların mötəbərliyi şübhə doğurmadığından, həmçinin cavabdeh tərəfindən iddiaçının sözügedən müəssisədə işləməsini təkzib edən sübutlar təqdim edilmədiyindən, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh həmin dövrləri sosial sığorta stajı kimi nəzərə almamaqda haqlı olmamışdır. Məhkəmə bu qənaətə gələrkən onu da qeyd edir ki, iş materiallarında olan 27 iyul 1999-cu il tarixli akt və 25 sentyabr 1999-cu il tarixli, 9 №-li protokoldan çıxarış ilə də iddiaçının mübahisələndirdiyi dövrlərdə Quba Rayon S.Vurğun sovxozunda işləməsi müəyyən olunur. (i.v 21-22) Belə ki, 27 iyul 1999-cu il tarixli aktda Quba Rayon S.Vurğun sovxozda aparılan aqrar islahat ilə əlaqədar sovxuzun balansında olan 3 ədəd dəzgahın İddiaçı əmlak payı hesabına ona təhvil verildiyi qeyd edilmiş, 25 sentyabr 1999-cu il tarixli, 9 №-li protokol ilə isə həmin dəzgzaların iddiaçıya verilməsi qərara alınmışdır. Həmçinin o da nəzərə alınmalıdır ki, 25 sentyabr 1999-cu il tarixli iclas protokolundan çıxarışdan görünür ki, iclasın keçirilməsi də qeyri iş gününə (şənbə gününə) təsadüf edir. Məhkəmə kollegiyası cavabdehin “iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır” dəlilinə münasibətdə qeyd edir ki, iddiaçının xx.xx.1996-cı il tarixdən xx.xx.1999-cü il tarixədək olan dövrün sığorta stajına daxil edilməsi ilə onun 25 ildən artıq sosial sığorta stajına malik olması təsdiqlənir. Bir sözlə, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövrdə iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ona əmək pensiyası təyin edilməsinə təsir etmir. Məhkəmə kollegiyası işdə olan sübutları ümumiləşdirərək qeyd edir ki, iddiaçının 01 sentyabr 1978-cı il tarixindən 28 fevral 1979-cu il tarixinədək təhsil alması, 12 may 1976-cı il tarixindək 31 may 1978-ci il tarixinədək hərbi xidmətdə olması, 06 mart 1979-cu il tarixindən 05 mart 1981-ci il tarixinədək, 23 oktyabr 1981-ci il tarixindən 03 dekabr 1999cu il tarixinədək, 01 fevral 2022-ci il tarixindən hazırki dövrədək əmək fəaliyyəti ilə məşğul olması ИT-0410360 saylı əmək kitabçası, 7201 saylı, 01 mart 1979-cu il tarixdə verilmiş attestat və НЗ № ******* saylı hərbi bilet və 03 fevral 2025-ci il tarixli arayış ilə öz əksini tapmışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2-1(118)-3901/2024 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar