Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-168/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı “sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(118)-1883/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.2008-ci il tarixdən Laçın rayon İcra Hakimiyyəti Başçısı aparatında böyük inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə ona kiçik referent ixtisas dərəcəsi verilmiş, xx.xx.2016-cı il tarixdən baş mütəxəssis vəzifəsindən azad edilmiş, həmin tarixdən Laçın rayon İcra Hakimiyyəti Başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə ona üçüncü dərəcəli dövlət qulluqçusu, xx.xx.2020-ci il tarixdə ikinci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2022-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən məsləhətçi vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Laçın Rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2022-ci il tarixli, 107 nömrəli sərəncamına əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci ilin 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Qanunun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün 33.1.6-cı maddəsinə əsasən 2022-ci il 20 aprel tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi və həmin tarixdən onun İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilməsi qərara alınmışdır. İddiaçı cavabdeh Laçın rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək işdən çıxarılması ilə bağlı Laçın rayon İcra Hakimiyyəti başçısının 20 aprel 2022-ci il tarixli, 107 nömrəli “İddiaçı Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi haqqında” sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi vəzifəsinin Laçın rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Laçın Rayon İHB-nin 20 aprel 2022-ci il tarixli, 107 nömrəli sərəncamı ilə İHB aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməklə, işlədiyi vəzifədə dövlət qulluğuna xitam verilmişdir. Hesab edir ki, onun işdən çıxarılması qanunsuz və əsasızdır. Belə ki o, xx.xx.2008-ci il tarixindən 14 il müddətində Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir. 14 ildir Bakıda işlədiyi halda Laçın Rayon İcra Hakimiyyətinin başçısı onun Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən Laçın rayon İcra Hakimiyyətinə daimi olaraq işə çıxmağı ilə bağlı göstəriş vermişdir. Ailə vəziyyəti ilə bağlı, yəni daimi yaşayış yerinin, həyat yoldaşının iş yerinin, himayəsində olan iki azyaşlı övladının təhsil müəssisələrin Bakıda yerləşməsi, himayəsində yoldaşının iki yaşlı valideyninin olması (biri şəkər xəstəsidir və qeydiyyatdadır) ilə bağlı iddiaçının Ağcabədidə yaşayıb işləməyinin mümkün olmayacağını cavabdehə bildirilsə də, heç bir xahişi nəzərə alınmamışdır. 2008-ci ildən işlədiyi Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahının və işçilərinin mövcudluğu, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin Bakıda olan yeganə işçisi (məsləhətçi) olmağı, Bakı, Sumqayıt və Abşeron rayonunda məskunlaşan təxmini 50 min nəfər Laçın rayon sakinlərinin qəbullarının Ağcabədidə deyil, məhz həmişəki qaydada Bakıda davam etdirilməsi, təxminən 6 ay bundan əvvəl bir nəfər şəxsin texniki işçi olaraq işə alınıb işi öyrənməsi məqsədilə yanına yerləşdirilməsi və işlərinin ondan alınıb ötürülməsi, bütün bu olanların əmək haqlarının artırılmasından dərhal sonra baş verməsi iddiaçıda əsaslı olaraq bu göstərişin qanuniliyinə və dürüstlüyünə şübhə yaratmışdır. Bundan sonra qərarın yazılı formada ona təqdim edilməsi məqsədilə cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizə və pozulmuş hüquqlarının bərpası üçün yazdığı xx.xx.2022-ci il tarixli şikayət məktubu cavablandırılmamışdır. xx.xx.2022-ci il tarixdə yenidən iddiaçı yaxın qohumları ilə birlikdə başçının qəbuluna düşmək niyyəti ilə Ağcabədi rayonuna getmiş, qəbulda olarkən əgər zərurət varsa müvəqqəti olaraq müəyyən müddət ərzində Ağcabədidə işləyə biləcəyini qeyd etmişdir. Lakin ona işinin Ağcabədi rayonunda müvəqqəti deyil, daimi olacağını, artıq Bakıda yerləşən Rayon Qərargahında vətəndaşların qəbulu şöbəsinə ehtiyac olmadığı bildirilmişdir. Bir sözlə, iddiaçının ailə vəziyyəti, 14 illik iş təcrübəsində heç bir nöqsana yol verməməsi, kollektiv arasındakı xoş rəftarı və hörməti, aldığı fəxri fərman cavabdeh tərəfindən nəzərə alınmamışdır. İşdən azad olunduğu son günə qədər (xx.xx.2022 xx.xx.2022) həmişəki qaydada Bakı şəhərində yerləşən Rayon Qərargahına işə getmişdir. Bu müddət ərzində ona heç bir yazılı göstəriş, bildiriş, xəbərdarlıq təqdim edilməmiş, izahatı alınmamış və könüllü ərizə yazmadığı üçün xx.xx.2022-ci il tarixdə onun iştirakı və xəbəri olmadan “Dövlət qulluğu haqqında” AR Qanununun 25.2.6-ci maddəsi (intizam tənbehi) ilə dövlət qulluğundan azad edilmişdir. İşdən azad edilərkən belə Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq əmrin surəti, əmək kitabçası xx.xx.2022-ci il tarixdə poçtla göndərilmiş və son haqq-hesab məbləği 2 gün gec xx.xx.2022-ci il tarixdə əmək haqqı kartına yüklənmişdir. İddiaçının Ağcabədi rayonuna göndərilməsi üçün əsas kimi orada işlərin çox olması göstərilsə də son 6 ay ərzində Bakıda yerləşən Rayon Qərargahına iki nəfər yeni işçi götürülmüşdür. İddiaçı həmişə intizam qaydalarına əməl etmiş bir əməkdaş olmuş, sərəncamda qeyd olunan 2022-ci ilin 1-20 aprel tarixlərində də əvvəlki 14 il ərzində olduğu kimi, Bakı şəhərində yerləşən Qərargahda işə çıxmışdır. Sadəcə onun adı işə davamiyyət tabelindən çıxarılmış və bu səbəbdən, tərəfindən tabelə qol çəkilməmişdir. O, Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında deyil, məhz Ağcabədi rayonu Taxta-körpü qəsəbəsindəki inzibati binasında işləməyə göndərilməyi ilə bağlı hər hansı rəsmi qaydada tərtib olunmuş sərəncam və ya göstərişlə tanış olmamışdır. Göstərilənlərdən aydın olur ki, cavabdehin “vəzifədən azad edilmə haqqında” sərəncamda faktiki olaraq işə çıxmağına baxmayaraq 20 gün ərzində işə çıxmadığı əsas gətirilməklə dövlət qulluğuna xitam verilməsinə dair qeydlərin aparılması əsassızdır. Cavabdeh iddia tələbinə yazılı münasibət bildirərək qeyd etmişdir ki, Laçın rayonu xx.xx.1992-ci il tarixdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunduqdan sonra Laçın şəhərində fəaliyyətdə olmuş Laçın RİH öz fəaliyyətini müvəqqəti olaraq, Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində davam etdirməyə məcbur olmuş, Laçın rayonundan olan məcburi köçkün əhalinin ölkəmizin 58 şəhər və rayonunda, o cümlədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda müvəqqəti məskunlaşması nəzərə alınaraq, Laçın RİH başçısı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu ərazisində Laçın RİH-nin qərargahı təşkil olunaraq, fəaliyyəti təmin edilmişdir. Məlumat üçün bildirir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 X6 tərəfindən “Rəqəmsal İcra Hakimiyyəti” portalı yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİH-nə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması qərara alınmışdır. Ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əmədaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur. Laçın RİH-nin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş strukturuna əsasən Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin dörd əməkdaşından iki nəfəri, X5 və İddiaçı Bakı şəhərində müvəqqəti məskunlaşdıqlarından tələblərə əsasən onların Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən inzibati binada Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində fəaliyyətlərinə davam etmələri zərurəti yaranmışdır. Bu barədə Bakı şəhərində müvəqqəti məskunlaşmış əməkdaşlar X3 və Ülkər Şahin qızına Eyvazovaya tərəflərindən ətraflı məlumat verilmiş, onların rih.gov.az portalının tətbiqi ilə bağlı yaranmış işlərin çoxluğu ilə əlaqədar xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyətlərinə davam etmələri bildirilmişdir. Bu tapşırıqdan sonra X5 xx.xx.2022-ci il tarixdən Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsinə gələrək, həmin ünvanda yerləşən inzibati binada fəaliyyətinə davam etmiş, hazırda da həmin tarixdən bu günədək öz vəzifəsini adıçəkilən ünvanda yerinə yetirir. Lakin, iddiaçı ona ətraflı şəkildə məlumat verilməsinə baxmayaraq, o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin a) bəndinin tələbini pozaraq, heç bir üzürlü səbəb olmadan 2022-ci il 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərdə bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarixli 926-İQ nömrəli Qanununun 18.0.3- cü maddəsinin tələbini pozaraq, həmin Qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün Laçın RİH başçısının xx.xx.2022-ci il tarixli 107 nömrəli müvafiq sərəncamı ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən, 2022-ci il 20 aprel tarixdən Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilmiş, həmin tarixdən onun Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatındakı dövlət qulluğuna eyni əsasla xitam verilərək, əmək haqqı üzrə son-haqq hesabı bank kartına ödənilmiş, əmək kitabçası poçt vasitəsilə ev ünvanına göndərilmişdir. Vakansiya yaranmış həmin vəzifəyə yeni kadr təyin olunmuş, həmin şəxs Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otağında Laçın Rayonu icra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsini yerinə yetirir. Laçın Rayonu İcra Hakimiyyəti üzrə fəaliyyət göstərən informasiya sistemləri, sənəd dövriyyəsi, kargüzarlıq xidməti və s. işlər Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında həyata keçirildiyi üçün Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşlarının Bakı şəhəri, Nərimanov rayonunda yerləşən qərargahda fəaliyyət göstərmələrinə heç bir ehtiyac yoxdur. Ona görə də İHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əməkdaşları hazırda tam tərkibdə Ağcabədi rayonunda xidməti vəzifələrini yerinə yetirirlər. Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(118)-1883/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. (hakim İ.Quliyev). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı barəsində mübahisələndirilən sərəncam qəbul edilərkən “Dövlət qulluğu haqqında” AR Qanununun 25.3-cü maddəsinin tələbləri pozulmuş, xidməti araşdırma aparılmamış, iddiaçının yazılı izahatı alınmamış və qeyri-qanuni olaraq heç bir xəbərdarlıq edilmədən o işdən kənarlaşdırılmışdır. Cavabdeh məhkəmə baxışı zamanı qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 X6 tərəfindən “Rəqəmsal İcra Hakimiyyəti” portalı yaradıldıqdan sonra xx.xx.2022-ci il tarixdə Laçın RİHnə müvafiq tapşırıq verilərək, xx.xx.2022-ci il tarixdən Laçın RİH-nin də həmin portala qoşulması qərara alınmışdır. Ona görə də Laçın RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin əmədaşlarının tam tərkibdə həmin portalın idarə edildiyi Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otaqlarında fəaliyyət göstərməsi vəzifəsi qarşıya qoyulmuşdur. Lakin, bu hal ilə bağlı məhkəmə araşdırmasına heç bir sübut təqdim edilməmişdir. Cavabdehin göstərilən halları sübut edən heç bir sənəd təqdim etməməsinə baxmayaraq məhkəmə qərarında cavabdehin bu arqumentinə əsaslanmış və nəticədə iddiaçının hüquqlarını pozan qərar qəbul etmişdir. İddiaçı 14 il müddətində Laçın rayon icra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işləmişdir. Məhkəmə baxışında tərəflərindən dəfələrlə vəsatət verilməsinə, hətta məhkəmə tərəfindən də tələb edilməsinə baxmayaraq cavabdeh fəaliyyətini tənzimləyən heç bir normativ-hüquqi sənədi məhkəməyə təqdim etməmişdir. İşəgötürən mübahisələndirilən sərəncamda “Dövlət qulluğu haqqında" Qanunun 18.0.3-cü maddəsinin tələbinin pozulmasına istinad etmişdir. Həmin maddənin tələblərinə görə dövlət qulluqçusunun vəzifələrindən biri kimi “dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli olduğu” qeyd edilmişdir. Cavabdeh isə sərəncamda Qanunun 18.0.3-cü maddəsinin tələblərinin pozulmasına istinad etsə də, nə həmin sərəncamda, nə də məhkəmə baxışı zamanı “dövlət orqanında müəyyən edilmiş qulluq reqlamenti" nin nədən ibarət olmasına aydınlıq gətirməmiş, iddiaçının həmin reqlamentin hansı müddəasının tələblərini pozduğunu göstərməmişdir. Sözügedən Qanunun 25.6-cı maddəsində göstərilir ki, bu Qanunun 25.2.6-cı maddəsində (dövlət qulluğundan azad edilmə) tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Lakin cavabdeh məhkəmə baxışı zamanı iddiaçının öz vəzifələrinin icrası zamanı kobud və mütəmadi olaraq pozuntulara yol verdiyini sübut edə bilməmişdir. Əksinə məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlardan da məlumdur ki, iddiaçı 14 illik əmək fəaliyyəti dövründə həmişə verilmiş tapşırıqları lazımi qaydada icra etmiş, xidmət etdiyi müddətdə heç bir intizam tənbehi almamış və işlədiyi kollektivdə müsbət xarakterizə edilən bir işçi olmuşdur. Bundan əlavə iddiaçı işdən azad olunduğu son günə qədər (xx.xx.2022xx.xx.2022) həmişəki qaydada Bakı şəhərində yerləşən rayon Qərargahında hər gün işə çıxmış və iş yerində olmuşdur. Bu faktı cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında etiraf etmişdir. Qərarda göstərilir ki, 20 aprel 2022-ci il tarixdən iddiaçı vəzifəsindən azad edildikdən sonra vakansiya yaranmış həmin vəzifəyə yeni kadr təyin olunmuş, həmin şəxs Ağcabədi rayonunun Taxta-Körpü qəsəbəsində yerləşən Laçın RİH-nin inzibati binasında xüsusi ayrılmış iş otağında aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsini yerinə yetirir. Məhkəmə bu məsələ ilə bağlı da ətraflı araşdırma aparmamışdır. Belə ki, yeni işçi iddiaçı vəzifədən kənarlaşdırıldıqdan 7 ay sonra cavabdeh tərəfindən həmin vakant vəzifəyə təyin edilmişdir. Bu isə artıq məhkəmə prosesinin aparıldığı dövrə təsadüf edir. Cavabdeh iddiaçının Ağcabədi rayonunda vətəndaşların müraciətlərinin cavablandırılması zəruriliyi ilə əlaqədar həmin rayonda işləməli olduğunu qeyd etsə də həmin vəzifənin 7 ay müddətində boş saxlanılması sual doğurur. Hazırkı mübahisə üzrə iddiaçının iş yerinin Bakı şəhərindən Ağcabədi rayonuna köçürülməsi əmək şəraitinin şərtlərinin dəyişməsi hesab olunur. Cavabdeh bu halla bağlı da qanuvericiliyin tələblərini pozmuş, iddiaçıya rəsmi xəbərdarlıq etməmiş, onun başqa vəzifə keçirilməsinin mümkünlüyü barədə heç bir tədbir görməmiş, iddiaçını vəzifəsindən azad etmək yolu ilə əmək münasibətlərinə xitam vermişdir. İddiaçı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq inzibati icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. Mübahisələndirilən qərarın təsviriəsaslandırıcı hissəsindən də görünür ki, qərarın qəbulu ilə bağlı inzibati orqan tərəfindən heç bir araşdırma aparılmamış, qərarın qəbul edilməsi üçün əsas olan məlumatların nə olduğu müəyyən edilməmiş, iddiaçının hüquqazidd əməllərinin nədən ibarət olduğu göstərilməmiş, sübutların hansı qaydada qiymətləndirildiyi barədə məlumat qeyd edilməmişdir. Həmin qərar iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olmaqla yanaşı inzibati icraat haqqında hüquq normalarının və bu sahədə xüsusi norma kimi çıxış edən “Dövlət qulluğu haqqında” Qanunun tələblərinin pozulması ilə qəbul olunduğundan həm də qanunsuz inzibati akt hesab olunur. Qanunsuz əlverişsiz inzibati akt isə hər bir halda ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Qərargahında onunla birlikdə ümumilikdə 10-11 nəfər işçi olmuşdur. O, 2008-ci ildən Laçın rayon İcra Hakimiyyətində işə qəbul edildiyi tarixdən işdən azad edildiyi vaxtadək İH-nin Nərimanov rayonunda yerləşən Qərargahında işləmiş, heç vaxt Ağcabədi rayonunda yerləşən inzibati binada işləməmişdir. 1 aprel 2022-ci il tarixədək Nərimanov Qərargahında işə gedərək əmək funksiyalarını adi qaydada həyata keçirmiş, həmin tarixdən sonra ona kompüterini işə salmağa, ümumiyyətlə, əmək funksiyalarını icra etməyə icazə verilməmişdir. Buna baxmayaraq o, aprel ayının 1-dən 20nə qədər Nərimanov rayonunda yerləşən Qərargahda digər işçilər kimi saat 09:00-dan 18:00-dək işdə olmuş və əmək funksiyalarını icra etmişdir. İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək etirazla eyni məzmunda izahat verərək, məhkəmə kollegiyasının sualına cavab olaraq bildirdi ki, iddiaçı 1-20 aprel 2022-ci il tarixədək Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işə getsə də, həmin tarixdə iddiaçının faktiki iş yeri Laçın RİH-nin Ağcabədi rayonunda yerləşən inzibati binası olmuş, eləcə də onun adı həmin inzibati binadakı davamiyyət tabelində qeyd edilmiş, iddiaçı isə həmin tabeldə iştirakını qeyd etdirmədiyindən onun barəsində qanunamüvafiq qaydada 20 aprel 2022-ci il tarixli, 107 nömrəli sərəncam qəbul edilərək dövlət qulluğuna xitam verilməsi qərara alınmışdır. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular (-)
2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 43. Əmək müqaviləsinin məzmunu
1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
2. Əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanı, fiziki şəxs olduqda onun adı, soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), sosial sığorta nömrəsi (SSN), ünvanı, o cümlədən faktiki fəaliyyət göstərdiyi ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN), verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı; c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün; d) əmək müqaviləsinin müddəti; e) işçinin əmək funksiyası; ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması; f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri; g) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şəraitin yaradılması; ğ) ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla, işçinin sosial sığorta nömrəsi (SSN); h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd. x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar. Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası
1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: (-) 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; (-).
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə Laçın rayon İHB-nin iddiaçının məsləhətçi vəzifəsindən azad edilməsi haqqında sərəncamın ləğv edilməsi və məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Belə ki, cavabdehin 20 aprel 2022-ci il tarixli, 107 nömrəli sərəncamından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinin tələbini pozaraq, heç bir üzrlü səbəb olmadan 2022-ci ilin 1, 2, 4, 5, 6, 7, 8, 9, 11, 12, 13, 14, 15, 16, 18, 19 və 20 aprel tarixlərində bütün iş günü ərzində işə gəlmədiyinə, bununla da “Dövlət qulluğu haqqında” Qanunun 18.0.3-cü maddəsinin tələbini pozaraq, həmin qanunun 25.2.6-cı maddəsinin tətbiqinə şərait yaratdığı üçün 33.1.6-cı maddəsinə əsasən 2022-ci il 20 aprel tarixdən Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi vəzifəsindən azad edilməsi və həmin tarixdən onun İcra Hakimiyyəti başçısı aparatında dövlət qulluğuna eyni əsasla xitam verilməsi qərara alınmışdır. Başqa sözlə, cavabdehin mövqeyinə görə sərəncamın verilməsinə əsas iddiaçının ümumilikdə, 2022-ci ilin 01-20 aprel tarixləri arasındakı dövrdə iş günü ərzində işdə olmaması olmuşdur. Hazırda iddiaçı həmin sərəncamı mübahisələndirərək onun qanunsuz və əsassız olduğunu iddia edir və sərəncamın ləğv edilməsi, məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını belə əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən iyirmi gün müddətində dövlət qulluqçusunun üzürlü səbəb olmadan işdə olmaması onun işdən azad edilməsi və dövlət qulluğuna xitam verilməsi üçün əsas təşkil edir. İddiaçının dövlət qulluğuna qəbul edildiyi inzibati orqan Bakı şəhərində yox, Ağcabədi rayonunda yerləşir. İnzibati orqan iddiaçı ilə əmək müqaviləsi bağlayarkən onun iş yerinin Bakı şəhərində yerləşəcəyi ilə bağlı öhdəlik götürməmişdir. Bundan əlavə iddiaçı əmək müvaviləsi şərtlərindən başqa, dövlət qulluqçusu statusunda olduğu üçün dövlət qulluğu ilə bağlı qanunvericiliyin tələblərinə əməl etmək vəzifələri daşıyır. Məhkəmə hesab edir ki, iddiaçıya inzibati orqan tərəfindən yazılı məlumat verilməli olması inzibati orqanın vəzifəsi olsa da, ona yazılı cavab verilməməsi iyirmi gün müddətində əmək funksiyalarının icra edilməməsinə əsas verə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya 01 aprel 2022-ci il tarixdən Laçın Rayon İcra Hakimiyyəti başçısı adından əmək funksiyalarını İH-nin Nərimanov rayonu ərazisində yerləşən Qərargahında deyil, Ağcabədi rayonuna yerləşən inzibati binasında davam etdirməyi barədə göstəriş verilmişdir. İddiaçı həmin tarixdən başlayaraq həmin göstərişin və onun qulluq vəzifələrinin ona yazılı şəkildə təqdim edilməsi ilə bağlı bir neçə dəfə cavabdehə müraciətlər etsə də, işdən görünür ki, iddiaçının müraciətlərinə cavab verilməmişdir. Halbuki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 19.0 və 19.0.11-ci maddəsinə əsasən dövlət qulluqçusu qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb etmək hüququna malikdir. Cavabdehin nümayəndəsi bununla bağlı məhkəmə kollegiyasına bir neçə sənəd təqdim etmişdir. Təqdim edilmiş sənədlərə əsasən Laçın rayon İcra Hakimiyyəti Başçısının 29 mart 2022-ci il tarixli, 93 nömrəli sərəncamında qeyd edilir ki, yaranmış xidməti zərurətlə və xidməti fəaliyyətin genişlənməsi ilə əlaqədar İHB aparatının işçilərinin 2022-ci il 1 aprel vəziyyətinə olan dislokasiyasının bu sərəncamın 1 və 2 nömrəli əlavələrinə uyğun təsdiq edilməsi qərara alınmışdır. Həmin sərəncamla təsdiq edilmiş 1 nömrəli əlavə İHB aparatının Ağcabədi rayonunun Taxta-körpü qəsəbəsində yerləşən əsas inzibati binası üzrə işçilərinin 2022-ci il 1 aprel vəziyyətinə müəyyən edilmiş dislokasiyası cədvəlinin 22-ci bəndində “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi” ndən İddiaçı adı qeyd edilmişdir. Lakin işdən görünür ki, cavabdeh dəlillərinin əsası olaraq qeyd edilən sənədləri nə iddiaçının müraciətlərinə cavab olaraq iddiaçıya, nə də birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə baxışına təqdim etməmişdir. Mübahisələndirilən sərəncamdan görünür ki, inzibati aktın qəbul edilməsinin hüquqi əsası “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6 və 33.1.6-cı maddəsidir. Həmin Qanunun: 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı 1) kobud və ya 2) mütəmadi olaraq pozuntulara yol verildikdə və ya 3) bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. Maddələrin tələblərindən göründüyü kimi, dövlət qulluqçusu tərəfindən dövlət qulluqçusu vəzifələrinin icrası zamanı kobud və ya mütəmadi pozuntulara yol verildikdə və qanunla nəzərdə tutulmuş məhdudiyyətlərə əməl olunmadıqda dövlət qulluqçusu dövlət qulluğundan azad edilə bilər və bu halda onun dövlət qulluğuna xitam verilir. Hazırki işin hallarından görünür ki, cavabdehin iddiasına görə iddiaçının öz vəzifələrinin icrası zamanı yol verdiyi mütəmadi pozuntu – sonuncunun 01-20 aprel 2022ci il tarixində iş günü ərzində Laçın rayon İcra Hakimiyyətinin Ağcabədi rayonu Taxta-körpü qəsəbəsində yerləşən inzibati binasında işdə olmamasıdır. Bununla bağlı kollegiya qeyd edir ki, işin tərəflər arasında mübahisələndirilməyən hallarına görə iddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cavabdeh inzibati orqanın məhz Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında dövlət qulluqçusu kimi işləmişdir. Əmək Məcəlləsinin 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir: ... c) işçinin iş yeri, vəzifəsi (peşəsi); ... Həmin Məcəllənin 3-cü maddəsinin 8-ci hissəsinə görə iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir. Qeyd olunan maddələrin tələblərindən göründüyü kimi işçinin iş yeri, vəzifəsi əmək müqaviləsində göstərilməli olan əsas şərtlərdən biridir və iş yeri dedikdə, əmək müqaviləsi ilə müəyyən edilmiş işlərin yerinə yetirildiyi, başqa sözlə, müqavilə üzrə müəyyən edilmiş əmək funksiyalarının məhz faktiki olaraq yerinə yetirildiyi yer başa düşülür. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 1-ci əlavə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” nın 1-ci “Əmək müqaviləsini (kontraktı) bağlayan tərəflər haqqında məlumatlar” hissəsinin 1.2-ci bəndindən görünür ki, həmin bənddə işçinin rekvizitlərində iş yerinin adı, faktiki fəaliyyət göstərdiyi ünvan, onun əsas iş yeri və ya əlavə iş yeri olması barədə qeyd, vəzifənin, peşənin adı göstərilməlidir. Göründüyü kimi hazırda qüvvədə olan “Əmək müqaviləsinin (kontraktın) nümunəvi forması” nda işçinin faktiki fəaliyyət göstərdiyi ünvan göstərilməlidir. Hazırkı iş üzrə iddiaçının iş yeri, yəni faktiki fəaliyyət göstərdiyi ünvan 2008-ci ildən faktiki olaraq əmək fəaliyyətinə başladığı Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Qərargahı sayılmalıdır. İddiaçı tələbinin əsası kimi iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərində 01-20 aprel 2022-ci il tarixində Nərimanov rayonunda yerləşən Qərargahda işə çıxdığını, lakin onun adının həmin Qərargahda işə davamiyyət tabelindən çıxarıldığını, bu səbəbdən, tabeli imzalaya bilmədiyini, məhkəmə iclasında izahatında əlavə olaraq 1 aprel 2022-ci il tarixədək Nərimanov Qərargahında işə gedərək əmək funksiyalarını adi qaydada həyata keçirdiyini, həmin tarixdən sonra ona kompüterini işə salmağa, ümumiyyətlə, əmək funksiyalarını icra etməyə icazə verilmədiyini, buna baxmayaraq aprel ayının 1-dən 20-nə qədər Nərimanov rayonunda yerləşən Qərargahda digər işçilər kimi saat 09:00-dan 18:00dək işdə olaraq əmək funksiyalarını icra etdiyini bildirmişdir. Cavabdehin nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, iddiaçı 1-20 aprel 2022-ci il tarixədək Laçın rayon İcra Hakimiyyətinin Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən Rayon Qərargahında işə getsə də, həmin vaxt onun adı İH-nin Ağcabədi rayonunda yerləşən inzibati binasındakı davamiyyət tabelində qeyd edilmişdir. Göründüyü kimi işin mühüm əhəmiyyət kəsb edən və cavabdeh tərəfindən də mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçı 2022-ci ilin aprel ayının 1-dən 20dək iş günləri ərzində Laçın rayon İcra Hakimiyyətinin Nərimanov rayonunda yerləşən Qərargahında işdə olmuş və əmək funksiyalarını icra etmişdir. Cavabdeh isə iddiaçının həmin dövrdə İH-nin Ağcabədi rayonunda yerləşən inzibati binasında işdə olmasını, başqa sözlə, iddiaçının iş yerinin sonuncu ünvan olmasına baxmayaraq onun işə gəlməməsini sərəncamın qəbul edilməsinə əsas gətirmişdir. Bununla da, müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçı ilə onun arasında bağlanmış əmək müqaviləsinin “işçinin iş yeri” ilə bağlı şərtləri birtərəfli qaydada iddiaçının razılığı olmadan dəyişdirilmişdir. Halbuki, Əmək Məcəlləsinin 43-cü maddəsinin 4-cü hissəsində qeyd edilir ki, bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hisssinə görə əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Qeyd olunan maddi hüquq normalarının şərtləri iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsində də təsbit edilmişdir. Belə ki, iş materiallarında olan 01 sentyabr 2016-cı il tarixli (iddiaçının cavabdeh inzibati orqanda məsləhətçi vəzifəsinə keçirildiyi tarix) əmək müqaviləsinin 8.1-ci maddəsində göstərilir ki, bu əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin, düzəlişlərin hüquqi qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, cavabdeh birtərəfli qaydada əmək şəraitinin şərtlərini dəyişdirməklə, Əmək Məcəlləsi və əmək müqaviləsinin şərtlərini pozmuşdur. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Qanunun 25.9-cu maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 33.1 və 33.1.6-cı maddəsinə görə dövlət qulluqçusu bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. Analoji norma Əmək Məcəlləsinin 187-ci maddəsində də qeyd edilmişdir. Belə ki, həmin maddənin 1-ci hissəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Göründüyü kimi qanunverici dövlət qulluğundan azad edilmə növündə ən ağır intizam tənbeh tədbiri də daxil olmaqla, bütün tənbeh tədbirlərinin tətbiqindən əvvəl müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılması, dövlət qulluqçusunun dinlənilmə hüququnun təmin edilməsini, ondan yazılı izahat alınması, zərurət olarsa, müvafiq dövlət orqanının rəhbərinin xidməti yoxlama təyin etməsi qaydasını müəyyən etmişdir. Bununla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, dinlənilmə hüququ Roma hüququndan bu günədək həm təməl insan hüquqlarından, həm də ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi qəbul edilmişdir. Bu hüquq Konstitusiyada da təsbit edilməklə ən yüksək səviyyədə təminat altına alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinin İİİ hissəsinə görə hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Dövlət qulluqçularına münasibətdə müəyyən edilmiş yuxarıda qeyd edilən xüsusi inzibati prosedur həm də “İnzibati icraat haqqında” Qanunun tələblərindən irəli gəlir. Belə ki, həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Beləliklə, inzibati icraatda dinlənilmə hüququ prosedur prinsip və təminat kimi müəyyən edilmişdir. Həmin Qanunun 67.1 və 67.2-ci maddələrinin tələblərindən göründüyü kimi bu hüququn tələblərinə riayət edilməməsi inzibati icraatın nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuzluğuna səbəb olur və müvafiq olaraq həmin inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəməsi araşdırması zamanı iddiaçı barəsində “Dövlət qulluğu haqqında” Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehi tətbiq edilərkən həm ümumi, həm də sahəvi qanunvericiliklə müəyyən edilən qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Lakin, hazırkı işdən cavabdeh tərəfindən qeyd edilən inzibati prosedur qaydaya riayət edildiyi müəyyən edilmir. Bu təhlil isə mübahisələndirilən sərəncamın qanun pozuntuları ilə müşayiət olunaraq qəbul olunduğuna dəlalət edir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisə ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında yaranmış münasibət ilk əmək və xidməti münasibət deyil. Belə ki, iddiaçı hazırki vəzifəsinə 01 sentyabr 2016-cı il tarixdə təyin olunmuşdur. Lakin iddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı ilə cavabdeh arasında münasibətlər 2008-ci ildən yaranmışdır. Belə ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına əsasən müəyyən olunur ki, o, xx.xx.2008-ci il tarixdən Laçın rayon İcra Hakimiyyəti Başçısı aparatında böyük inspektor vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə ona kiçik referent ixtisas dərəcəsi verilmiş, xx.xx.2016-cı il tarixdən baş mütəxəssis vəzifəsindən azad edilmiş, həmin tarixdən Laçın rayon İcra Hakimiyyəti Başçısı aparatının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə məsləhətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixdə ona üçüncü dərəcəli dövlət qulluqçusu, xx.xx.2020-ci il tarixdə ikinci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2022-ci il tarixdən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.6-cı maddəsinə əsasən məsləhətçi vəzifəsindən azad edilməklə dövlət qulluğuna xitam verilmişdir. Qeyd olunanlar isə o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasındakı xidməti münasibətlərin başlanğıcı daha əvvəlki tarixlərə dayanır. İddiaçı əvvəlcə Laçın RİHB aparatında böyük inspektor, daha sonra məsləhətçi vəzifəsinə təyin olunmuş, paralel olaraq ona dövlət qulluğunun ixtisas dərəcələri verilmişdir. Bütün təyinatlar da cavabdehin özü tərəfindən aparılmışdır. Başqa sözlə, cavabdeh iddiaçının peşəkarlığına, səriştəsinə, işgüzar qabiliyyətinə, əmək və icra intizamına bələd və bundan məmun olduğu üçün onu hər dəfə vəzifədə yüksəltmiş və sonda hazırki vəzifəyə təyin etmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hisssində qeyd edilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Belə olan halda cavabdeh mübahisələndirilən sərəncamın qəbul edilməsi ilə Əmək Məcəlləsinin qeyd edilən maddəsinin tələbini də nəzərə almamışdır. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq kollegiya hesab edir ki, mübahisələndirilən sərəncam cavabdeh tərəfindən qanunvericiliyin və əmək müqaviləsinin tələbləri pozularaq əmək şəraitinin şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi yolu ilə qəbul edildiyindən, həmçinin, sərəncam qəbul edilərkən iddiaçının şəxsində dövlət qulluqçularına münasibətdə müəyyən edilən xüsusi, eləcə də ümumi inzibati icraat qayda və tələblərinə riayət edilmədiyindən həmin sərəncam qanunsuz və əsassız sayılmalıdır. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanunsuz və əlverişsiz inzibati akt qəbul edilmişdir. Belə inzibati akt isə “İnzibati icraat haqqında” Qanunun 67.3cü maddəsinin tələbi baxımından hər bir halda ləğv olunmalıdır. Birinci instansiya məhkəməsi işin həmin xüsusatlarını nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamış, maddi hüquq normalarının tətbiqində səvə yol vermişdir. Bu baxımdan, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(118)-1883/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh Laçın rayon İcra Hakimiyyətinin 20 aprel 2022-ci il tarixli, 107 nömrəli sərəncamı ləğv edilsin və İddiaçı məcburi iş buraxdığı dövr üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.