Məhkəmə qərarları › İş №2-1(105)-168/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-168/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-168/2024 02.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2-1(118)-42/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “X4 İdarə Heyyətinin 01 saylı Protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən X7 Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqların qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-42/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş X4 İdarə Heyətinin 23 avqust 1988-ci il tarixli 01 saylı protokolundan çıxarışa və bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasına əsasən Sumqayıt şəhəri, Kauçuk Bağçılıq ərazisində yerləşən 511 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində X7 adına qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(105)-517/2021 saylı qərarı ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-42/2021 nömrəli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-288/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli 2- 1 (105)-517/2021 saylı qərarı ləğv edilmiş, iş təkrar baxlması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(105)-363/2022 saylı qərarı ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməyərək, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli 2- 1(118)42/2021 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-698/2023 saylı qərarı ilə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(105)-363/2022 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi xx.xx.2023-cü ildə məhkəməyə yeni açılmış hallarla bağlı ərizə ilə müraciət edərək, həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, idarəyə xx.xx.2023-cü il tarixdə icra üçün daxil olmuş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-42/2021 saylı qərarının icrası ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Belə ki, müvafiq işin təkrar və ətraflı araşdırması zamanı məlum olmuşdur ki, Sumqayıt şəhəri, X12 massivində yerləşən X5 dair arxiv sənədləri (həmçinin bağçılığn üzvlərinin adlı siyahısı) İdarənin arxiv əsaslarına təhvil verilməmişdir. Sözügedən ərazidə yerləşən bağ sahələrinə dair arxiv məlumatlarının İdarəyə təhvil verilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə, Sumqayıt Bələdiyyəsinə və Dövlət Arxivinin Sumqayıt filialına Ərazi İdarəsi tərəfindən müxtəlif vaxtlarda sorğular verilmişdir. Qeyd edilən ərazidə yerləşən torpaq sahələri üzərində hüquqların qeydiyyatı prosesi arxiv məlumatları İdarəyə təhvil verilənədək dayandırılmışdır. Beləki, “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 saylı sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Bu səbəbdən müvafiq məhkəmə qərarının icrası mümkün olmamışdır. Qeyd olunan hallar birinci instansiya məhkəməsində işə baxılarkən məlum olmadığından yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır. Göründüyü kimi, yuxarıda qeyd olunan hal məhkəmə prosesi zamanı məlum olmadığından, nə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-42/2021 saylı qərarında, nə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(105)363/2022 saylı qərarında, nə də Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-698/2023 saylı qərarında öz əksini tapmamışdır. Bu səbəbdən də, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(118)-42/2021 saylı qərarı ləğv edilməli və sonradan müəyyən edilən hallar nəzərə alınmaqla, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi ilə bağlı yeni qərar qəbul edilməlidir. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2-1(118)-42/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim:C.Məmmədov) Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, cavabdeh təşkilata İPM-nin 100 və MPM-nin 432.2.1-ci maddəsində nəzərdə tutulan sonradan məlum olduğu halların heç biri mövcud deyil. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş ərizəçi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə ərizəçinin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Həmçinin, bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Sözügedən normanın təhlili göstərir ki, qanunverici qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilməsi üçün iki əsas müəyyən etmişdir: 1) sonradan yeni sübutların və ya halların aşkar olunması; 2) həmin sübut və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün qeyd olunan maddədə təsbit olunmuş müvafiq dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yeni açılmış hallar dedikdə işə məhkəmədə baxılması zamanı mövcud olan, lakin həmin vaxt mövcudluğu haqqında ərizəçidə məlumat olmayan və işin hallarına görə məlum ola bilməyən hallar, məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra məlum olan, işin həlli üçün həlledici təsirə malik olan hallar başa düşülür. İşə əvvəllər baxılarkən məlum olmayan həlledici hallar məhkəmə aktı çıxarılarkən tərəflərin hüquq və vəzifələri barədə məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli dərəcədə təsir edə bilən faktlardır. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin nəzərə alınmalıdır ki, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Sonradan yaranmış sübutlar və hallar da məhkəmə icraatının təzələnməsi üçün əsas qismində çıxış edə bilməz. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı, həmçinin, tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və ya hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə və apellyasiya şikayətinin dəlillərində icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar – müvafiq işin təkrar və ətraflı araşdırması zamanı Sumqayıt şəhəri, X12 massivində yerləşən X5 dair arxiv sənədlərinin (həmçinin bağçılığn üzvlərinin adlı siyahısı) İdarənin arxiv əsaslarına təhvil verilməməsi, dolayısı ilə həmin sübutun məhkəmə icaatı zamanı cavabdehə məlum olmaması kimi hal yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehin bildirdiyinə görə iddiaçıya aid bağ sahəsinə aid adlı siyahının Sumqayıt şəhəri, X12 massivində yerləşən X5 dair arxiv sənədləri (həmçinin bağçılığn üzvlərinin adlı siyahısı) DƏDRX-ə təhvil verilməmiş və bununla bağlı müvafiq orqanlara sorğular edilmiş və bu günə kimi idarəyə məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş, X6 Cəmiyyətinin sədri X9 tərəfindən məhkəməyə təqdim edilmiş cəmiyyətin protokol qərarına əlavə edilmiş üzvlərin adlı siyahısında iddiaçının mərhum əri X7 adı qeyd edilmiş və ona 511 nömrəli bağ sahəsi verilmişdir. Bu halın mövcud olması cavabdeh təşkilatın yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün ərizəsində göstərdiyi dəlili əsassız edir. Eyni zamanda cavabdehin yeni açılmış hallara istinad edərək qanuni qüvvəyə minmiş məhkəmə qərarını yenidən mübahisələndirməsi ilk növbədə qəbul edilmiş məhkəmə aktının qanuniliyi və əsaslılığını şübhə altına almaqla, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir, bu hal isə özlüyündə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrinə və hüquqi müəyyənlik prinsipinin mahiyyətinə ziddir. Belə olan halda kollegiya hesab edir ki, həmin hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. İPM-in 106.3-cü maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən, kollegiya belə nəticəyə gəlir ki, icraatın təzələnməsinə dair ərizədə göstərilən hallar yuxarıda qeyd edilən səbəblərdən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi qiymətləndirilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2-1(118)-42/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar