Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-169/2021 27.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı “Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi” barədə qərarların ləğv edilməsinə, qanunsuz sərəncam nəticəsində iddiaçıya dəymiş 480.000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə alınması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(118)-252/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları İddiaçı cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə” qərarların ləğv edilməsini, qanunsuz sərəncam nəticəsində ona dəymiş 480.000 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən xeyrinə alınmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması Şamaxı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı və sərəncam əsasında bağlanmış icarə müqaviləsi ilə qardaşı X3 icarəsinə "Girvə Allahqulu". "Qalacıq", yay otlaq sahələrindən 76 ha, "Bayram" adlı qış otlaq sahəsindən 240 ha torpaq sahəsi icarəyə verilmişdir. Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2015-cü il tarixli, 84 saylı sərəncamı ilə həmin icarə müqavilələrinə xitam verilmiş, torpaq sahələri iddiaçının icarəsinə verilmiş, icarə müqaviləsinin müddəti 15 il müəyyən edilmişdir. İcarəyə verilmiş torpaq sahəsi naturada müəyyən edilərək sərhədləri iddiaçıya tanıtdırılmış, təyinatı üzrə istifadə edilmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə "icarə müqaviləsi qüvvədən düşmüş" hesab edilmişdir. Sorğuya cavab olaraq sərəncamın surəti iddaçıya verilməmiş, Ş-03-1590 saylı, 29 dekabr 2016-cı il tarixli məktubla torpaqların otlaq sahəsi kimi istifadəsinə imkan verən qanuni əsasların ləğv olunması səbəbindən icarə müqaviləsinin qüvvədən düşdüyü bildirilmiş, əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə 14890,42 ha torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edildiyi göstərilmişdir. Cavabdehlə aralarında bağlanmış "torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi barədə" qərarlar veriləndən dərhal sonra iddianın obyekti olan torpaq sahələri hər hansı bir ödənc verilmədən məhkəmə baxışı zamanı üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MMC-nin istifadəsinə verilmiş, iş üzrə iddiaçı olan icarəçilərin istifadəsindən götürülmüşdür. Hesab edir ki, Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı qanunsuzdur. Belə ki, sərəncam əsasında bağlanmış icarə müqaviləsi icarədar tərəfindən birtərəfli qaydada ləğv edilə bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsi müqavilə münasibətlərində tərəflərin hüquq bərabərliyini tanıyır və tərəflərin müqaviləni birtərəfli qayda pozmaq hüququnu tanımır. Bundan başqa Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2015 -ci il tarixli, 84 saylı sərəncamı və onun əsasında bağlanmış icarə müqaviləsi torpağın təyinatının dəyişdirilməsinə görə müqavilənin ləğvini nəzərdə tutmamışdır. Cavabdeh torpağın təyinatının dəyişdirilməsi barədə onu xəbərdar etməmiş, icarə müqaviləsinin predmetinin yeni təyinatına uyğun olaraq torpaq icarə müqaviləsinin bağlanmasını ona təklif etməmişdir. Cavabdehin birtərəfli və qanunsuz hərəkəti nəticəsində mal qara örüşsüz və yemsiz qalmış, qırılmışdır. Müqaviləyə uyğun olaraq torpaq sahəsinin yaxşılaşdırılmasına çəkdiyi xərclər götürülə bilinməyən xərclər idi və həmin xərclər cavabdeh, eləcə də yeni icarəçi tərəfindən iddiaçıya ödənilməmişdir. İddiaçı çəkdiyi xərcləri 290000 manat qiymətləndirmiş, cavabdekə təklif etmişdir ki, məruz qaldığı itkilərin ödənilməsinə göstəriş versin. Cavabdeh iddiaçının təklifini qəbul etməmişdir. Cavabdehin iddia tələbinə dair etirazı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevrai tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionların 2014-2018-cı illərdə sosial iqtisadi X2 uyğun olaraq torpaq sahələrindən daha səmərəli istifadə oıunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibatı ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirələrək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı Rayonu İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı ıl tarixli 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarına uyğun olaraq həyata keçirilmişdir. Hazırda həmin sahə "xxxx" MMC-nin icarəsindədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2020-ci il tarixli, 2-1(118)-252/2020 saylı qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(118)-252/2020 saylı qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(118)-252/2020 saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində və iş üzrə birinci instansiya məhkəməsində icraat zamanı göstərdiyi kimi cavabdehlə aralarında torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə başlanmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmişdir, torpaq sahəsindən istifadə etdiyi müddətdə cavabdehdən hər hansı pretenziya almamışdır. Şamaxı rayon İcra Hakimiyyəti başçısının 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı müqavilə şərtlərinə və qüvvədə olan qanunvericiliyə zidd olaraq qəbul etmişdir. İcarədar və müqavilə münasibətlərində tərəf olaraq cavabdehin müqaviləni birtərəfli qaydada və məhkəmədən kənar qaydada ləğv etmək səlahiyyəti yoxdur. Müqavilənin qanunsuz olaraq ləğv edilməsi, torpaq sahəsinin qanunsuz olaraq sahibliyindən götürülməsi nəticəsində çəkdiyi ziyanı iddia ərizəsində əsaslandırmışdır, cavabdehin və məhkəmənin təşəbbüsü ilə iş üzrə icraata cəlb edilmiş üçüncü şəxsin dəymiş ziyanla bağlı hər hansı etirazı olmamışdır. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmaqda haqlı olmamışdır. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 saylı fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial iqtisadi inkişafının Dövlət proqramı"na uyğun olaraq torpaq sahələrinin təyinatı dəyişdirilmişdir, bu səbəbdən də cavabdehin təyinatı dəyişdirilmiş torpaq sahəsinə dair icarə müqavilələrini ləğv etməsi Azərbaycan Respublikası İnzibati İcraat haqqında qanunun 2.07-ci maddəsinin tələblərinə uyğun olmuşdur. Əvvəla torpağı təyinatının dəyişdirilməsi torpaqla bağlı yüklülüyün birtərəfli qaydada ləğvi, yəni icarə müqaviləsinin birtərəfli qaydada ləğvi üçün əsas ola bilməz. İkincisi cavabdeh torpağın yeni təyinatına uyğun istifadəni icarəçi olaraq ona təklif etməyə borclu idi. Üçüncüsü qanuni əsaslarla bağlanmış icarə müqaviləsinə uyğun olaraq torpaq sahəsinə çəkdiyi xəclərilə bağlı mübahisə açıq qalmışdır, mülkiyyət hüquqları pozulmuşdur, pozulmuş hüquqlarının məhkəmə müdafiəsi təmin edilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia qismən təmin olunmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh ilə iddiaçı arasında bağlanmış icarə müqaviləsinin qüvvədən düşməsi ilə bağlıdır. Belə ki, iş materiallarının məzmunundan görünür ki, mübahisələndirilən torpaq sahəsi ilk öncə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının sərəncam və sərəncam əsasında bağlanmış icarə müqaviləsi ilə "Girvə Allahqulu" və "Qalacıq" yay otlaq sahələrindən 76 ha, "Bayram" adlı qış otlaq sahəsindən 240 ha torpaq sahəsi X3 (iddiaçının qardaşı) icarəsinə verilmişdir. İşə əlavə edilmiş Torpaqdan müvəqqəti istifadə hüququna dair JN-4394 KOD 41000001 saylı şəhadətnamədən görünür ki, Şamaxı rayon İHB-nın 04.03.1998-ci il tarixli 29 saylı, 07.09.1998-ci il tarixli 147 saylı və 21.01.2004-cü il tarixli 15 saylı sərəncamlarına və 25.01.2004-cü il tarixli 15 saylı icarə müqaviləsi ilə Şamaxı rayonu “Bayram” adlı qış otlaq sahəsindən heyvandarlıqla məşğul olmaq üçün 15 il müddətinə 240,0 ha, o cümlədən 240,0 ha örüş üçün kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün X4 verilmişdir. Sonradan Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2015-cü il tarixli, 84 saylı sərəncamı ilə həmin icarə müqavilələrinə xitam verilmiş, torpaq sahələri İddiaçı, yəni iddiaçının icarəsinə verilmiş, icarə müqaviləsinin müddəti 15 il müəyyən edilmişdir. İş materiallarında olan Torpaq sahəsinin icarəyə verilməsi haqqında 03 iyul 2015-ci il tarixli, 9 saylı müqavilədən görünür ki, “İcarəverən” Şamaxı rayon İcra hakimiyyətinin başçısı X7 rayon İcra Hakimiyyəti Başçısının 03 iyul 2015-ci il tarixli, 84 saylı sərəncamı əsasında Şamaxı rayonunun Quşçu kənd sakini İddiaçı ilə müqavilə bağlamışlar. Müqaviləyə əsasən 316 ha, o cümlədən 76 ha “Girvə Allahqulu” adlı yay otlaq sahəsi, 240 ha “Bayram” adlı qış otlaq sahəsi 15 il müddətinə icarəçinin istifadəsinə verilmişdir. İddiaçı bildirir ki, keçən dövr ərzində o, müvafiq torpaqlara xeyli investisiya qoymuş, maneəsiz öz fəaliyyətini həyata keçirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, cavabdeh tərəfindən “torpağın icarəyə verilməsinə dair” icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir. İddiaçının müraciətinə cavab olaraq cavabdeh bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nda uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890,42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunmuşdur. Qeyd olunanlara əsasən qış otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı rayon İcra Hakimiyyətinin onunla bağlanmış olduğu müqavilə 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamına əsasən qüvvədən düşmüş hesab olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan ona verilmiş diskresion səlahiyyətlərə uyğun olaraq qərar qəbul etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırda da məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərdən istifadə edərək verilmiş qərarına (iddiaçı ilə bağlanmış icarə müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi məsələsinə) qiymət verilərkən sonuncunun hərəkətlərinin əsaslılığının öz təsdiqini tapmadığı aşkara çıxmış olur. Belə ki, iddiaçının mübahisələndirdiyi Şamaxı rayon İcra Hakimiyyəti Başçısının 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci İllərdə sosial-iqtisadi X2 uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890,42 hektar qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş, buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv edilmişdir. Nəticədə Şamaxı rayon İcra Hakimiyyəti Başçısının mübahisələndirilən 29.11.2016- cı il tarixli, 138 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı və 15 mart 2000-ci il tarixli 42 saylı Sərəncamları əsas götürərək, sərəncama əlavə edilən siyahıda qeyd edilən- Şamaxı rayon Padar massivində yerləşən qış otlaq sahələrindən ümumilikdə 14890,42 hektar olmaqla 1 nömrəlidən 348,0 hektar, 2 nömrəlidən 695,0 hektar, 3 nömrəlidən 254,0 hektar, 4 nömrəliden 1421,42 hektar, 5 nömrəlidən 787,0 hektar, 9 nömrəlidən 1625,0 hektar, 10 nömrəlidən 1873,0 hektar, 12 nömrəlidən 1120,0 hektar, 13 nömrəlidən 897.0 hektar, 16 nömrəlidən 223,0 hektar, 18 nömrəlidən 185,0 hektar, 19 nömrəlidən 1799,0 hektar, 20 nömrəlidən 799,0 hektar, 21 nömrəlidən 531,0 hektar, 22 nömrəlidən 1078,0 hektar və 23 nömrəlidən 1255,0 hektar torpaq sahəsinə aid icarə müqavilələri və həmin müqavilələrə aid rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamları torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilmişdir. Beləliklə də müəyyən olunur ki, iddiaçının mübahisələndirdiyi sərəncamın qəbul edilməsinə əsas Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı qərarı olmuşdur. Həmin qərara nəzər saldıqda müəyyən olunur ki, əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan torpaqlar, onların yerləşdiyi ərazi və sayı eynilik təşkil edir, ümumilikdə bu rəqəm 14890,42 hektar torpaq sahəsi edir. İşdən görünür ki, təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 14890,42 ha torpaq sahəsi cavabdeh tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Şamaxı rayonu İcra Hakimiyyəti Başçısının rayonun dövlət ehtiyat fonduna aid torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 dekabr 2016-cı il tarixli, 154 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 14890,42 ha torpaq sahəsi rayonda iri taxılçılıq və yemçilik təsərrüfatının yaradılması məqsədi ilə "xxxx" MMC-yə 49 (qırx doqquz) il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Şamaxı rayonu “Padar massivi” adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı (örüş otlaq) 14890, 42 ha torpaq sahəsi 21.12.2016-21.12.2065-ci illərdə 49 il müddətinə "xxxx" MMC-nin mülkiyyətinə verilmiş və Daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 29 iyul 2017-ci il tarixdə qeydiyyata alınmışdır. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilərək iddiaçının icarəsinə ayrılmış 240 ha “Bayram” adlı qış otlaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə, Şamaxı rayon İcra Hakimiyyətinin 21 dekabr 2016-cı il tarixli, 154 saylı sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə ayrılmış 14890.42 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı arayışda bildirilmişdir ki, İddiaçı icarəsinə ayrılmış 240 ha torpaq sahəsinə və “Bayram” adlı qış otlaq sahəsinə dair koordinatları və dəqiq ölçüləri olmadığından qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Kollegiya bir məqama da diqqət yetirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.09.2016-cı il tarixli 516S saylı sərəncamına əsasən, Şamaxı rayonunun Padar massivində yerləşən 14890.42 ha qış otlaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Lakin Şamaxı rayonu İcra Hakimiyyəti başçısnın 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamına əsasən 14890.42 ha qış otlaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatının dəyişdirilməsi qeyd edilsə də, Şamaxı rayon İcra hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamına qüvvədən düşmüş hesab edilən icarə müqavilələrinə dair tərtib edilmiş siyahıdan görünür ki, qüvvədən düşmüş icarə müqavilələri üzrə torpağın ümumi sahəsi 14890,42 ha deyil, 21211 ha təşkil etmişdir. Həmin siyahıda 67-cı bənddə iddiaçıya icarəyə verilən sahənin ölçüsü 240 ha, müqavilənin tarixi isə 03.07.2015-ci il qeyd edilmişdir. Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclası zamanı qeyd edilən məsələyə aydınlıq gətirərək izahatında bildirmişdir ki, icarə müqaviləsi üzrə bəzi vətəndaşların icarəsində olan torpaq sahəsinin hamısı deyil, bir hissəsi əkin dövriyyəsinə cəlb edilmiş, qalan cəlb olunmayan hissəsiyə isə yenidən icarə müqaviləsinin bağlanması qərara alınsa da, hazırki vaxtadək bəzi torpaq sahələri üzrə icarə müqavilələri bağlanmamışdır. Belə ki, mübahisələndirilən sərəncamın ikinci bəndinə əsasən, heyvandarlıqla məşğul olan icarədarların istifadələrindəki torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunmayan hissəsinə yenidən icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Qeyd edilənləri, o cümlədən iddiaçının icarəsinə ayrılmış 240 ha torpaq sahəsinə dair koordinatları və dəqiq ölçüləri olmadığından mütəxəssis rəyinin verilməsnin mümkün olmadığını nəzərə alaraq, məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu verilərək, iddiaçının icarəsində olan 240 ha sahədən ibarət “Bayram” qış otlaq sahəsinin hansı hissəsinin əkin dövriyyəsinə cəlb edilərək "xxxx" MMC-nin icarəsinə verilməsi barədə, həmçinin iddiaçının icarəsində olan “Bayram” qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb olunmayan sahəsinə dair Şamaxı rayonu İcra Hakimiyyəti başçısnın 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamının İİ bəndinə əsasən iddiaçı ilə yenidən icarə müqaviləsinin bağlanıb-bağlanmaması barədə məlumat verilməsi xahiş olunmuşdur. Şamaxı rayon İcra Hakimiyyəti Başçısı sorğuya cavab olaraq bildirmişdir ki, İddiaçı icarəsində olmuş 240 ha “Bayram” adlı qış otlaq sahəsindən 93 ha torpaq sahəsinin təyinatı dəyişdirilərək 49 il müddətinə "xxxx" MMC-yə icarəyə verilmişdir. İddiaçı istifadəsində qalan 147 ha torpaq sahəsinə Şamaxı rayon İcra Hakimiyyəti tərəfindən icarə müqaviləsi bağlanılmamışdır. Beləliklə də məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olundu ki, iddiaçının icarəsinə verilmiş 240 ha torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsi cavabdeh Şamaxı rayon İcra Hakimiyyətinin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamına əsasən, təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi səbəbi ilə qüvvədən düşmüş hesab olunsa da, əslində həmin torpaq sahəsinin hamısı deyil, yalnız 93 ha torpaq sahəsinin təyinatı dəyişdirilmiş, qalan sahə 147 ha təşkil edir. Sərəncama əsasən cavabdeh qalan sahəyə dair iddiaçı ilə icarə müqaviləsi bağlamalı olduğu halda bunu etməmişdir. Bu qənaət isə ona gətirib çıxarır ki, cavabdeh inzibati orqan özünün diskresion səlahiyyətlərindən istifadə edərkən qanunun tələblərini gözləməmiş, güddüyü məqsədə uyğun hərəkət etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair” 21.08.2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, inzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. (26) (...) Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. (31) Hazırki halda da cavabdeh inzibati orqanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı qərarı əsasında məlum sərəncamı qəbul etməkdə məqsədi təyinatı dəyişdirilmiş torpaqlara dair icarə müqavilələrini qüvvədən düşməsini bəyan etmək idi. Təyinatı dəyişdirilməyən sahəyə dair də sərəncam verilməsi inzibati orqan tərəfindən inzibati aktın (NK-nın qərarının) tələb etdiyi məzmunda həyata keçirilməyibsə, bu zaman artıq ona həvalə edilmiş vəzifələrin düzgün həyata keçirilməməsi vəziyyəti yaranmış olur, bu da son nəticədə səlahiyyətin təhrifi kimi qiymətləndirilir və məhkəmə müdaxiləsini qaçılmaz edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, sərəncamın ləğvi hissəsində iddia qismən təmin edilməli, iddiaçı ilə Şamaxı rayon İcra Hakimiyyəti arasında 03 iyul 2015-ci il tarixdə bağlanmış 240 ha “Bayram” qış otlaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin qüvvədən düşməsinə dair Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı qismən-“Bayram” qış otlaq sahəsindən əkin dövriyyəsinə cəlb edilməyən 147 ha torpaq sahəsinə dair hissədə ləğv edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tələbində sərəncama müvafiq olaraq Şamaxı rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış “torpağın icarəyə verilməsinə dair icarə müqaviləsinin qüvvədən düşməsi” barədə qərarların ləğv edilməsini xahiş etsə də, işdən görünür ki, bununla bağlı cavabdeh tərəfindən ayrıca qərar qəbul olunmamışdır. Mübahisələndirilən sərəncamda icarə müqaviləsinin qüvvədən düşməsi qeyd olunmuşdur. Qanunsuz sərəncam nəticəsində iddiaçıya dəymiş zərər kimi 480.000 manatın ödənilməsi tələbi ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı qiymətləndirmənin hansı formada aparılaraq bu qənaətə gəlməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə, iddiaçı həm cavabdehə müraciətində, həm də iddia ərizəsində ona dəymiş zərəri 290.000 manat dəyərində qiymətləndirmiş, ərizənin nəticə hissəsində isə dəymiş zərər kimi 480.000 manat qeyd olunmuşdur. Bu səbəbdən də kollegiya hesab edir ki, qeyd olunan hissələrdə iddia əsassız olduğundan təmin olunmamalıdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(118)-252/2020 saylı qərarı ləğv edilməli, iddianın qismən təmin edilməsinə dair yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(118)-252/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı ilə Şamaxı rayon İcra Hakimiyyəti arasında 03 iyul 2015-ci il tarixdə bağlanmış 240 ha “Bayram” qış otlaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin qüvvədən düşməsinə dair Şamaxı rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı qismən-“Bayram” qış otlaq sahəsindən əkin dövriyyəsinə cəlb edilməyən 147 ha torpaq sahəsinə dair hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-169/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-169/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver