Məhkəmə qərarları › İş №2-1(105)-169/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-169/2024

02.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-169/2024 02.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Dəvəçi rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və Dəvəçi İstehsal-İstehlak kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövlərin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2705/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1957-ci il təvəllüdlüdür.

2. İddiaçı məxsus xx.xx.1974-cü il tarixdə qeydə alınmış əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü ildən əmək fəaliyyətinə başlamış xx.xx.2022ci ilədək əmək fəaliyyəti ilə məşğul olmuşdur.

3. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” X6 Kooperativi tərəfindən təqdim edilmiş 28 nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən, iddiaçı xx.xx.1998-ci il tarixdə RİC-ə ərzaq və qeyri-ərzaq məhsulları üzrə anbar müdiri təyin olunmuşdur. xx.xx.2010-cu ildə tutduğu vəzifədən azad edilmişdir.

4. Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş **********180100 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən Dəvəçi rayon İstehlak Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır.

5. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” tərəfindən təqdim edilmiş AAŞ-36-38/40 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2010-cu il tarixədək X7 Kooperativində müxtəlif vəzifələrdə işləmişdir.

6. Cavabdehin 10 oktyabr 2022-ci il tarixli, **********8 nömrəli məktubu ilə iddiaçının müraciətindən imtina edilmişdir.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Dəvəçi rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, “Amal” müəssisəsində xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək və Dəvəçi İstehsal-İstehlak kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövlərin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1957-cü ildə anadan olmuş, 17 yanvar 2022-ci il tarixdən ona avtomatlaşdırılmış qaydada 272.31 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, Dəvəçi rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək, “Amal” müəssisəsində xx.xx.1996-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək və Dəvəçi İstehsal-İstehlak kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlər sığorta stajına daxil edilməmişdir. İddiaçı bununla bağlı aidiyyatı üzrə müraciət etmiş, cavabdeh tərəfindən ona ünvanlanmış 10 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə müraciətinin təmin edilməsi mümkün hesab edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə verərək, Dəvəçi rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və Dəvəçi İstehsal- İstehlak kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövlərin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

10. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 01 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən avtomatlaşdırılmış qaydada 272,31 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1- 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. İddiaçı müraciətilə əlaqədar olaraq bildirilir ki, xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 18.882,46 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 272,35 manat müəyyən edilmişdir. İddiaçının təqdim etdiyi sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək faktiki sığorta stajı 18 il 2 ay olduğu halda, İddiaçı Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Həmçinin Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Eyni zamanda Qanunun 37.3.1-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün X1 Sisteminin Pensiya altsistemi proqram təminatına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 127,61 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2022-ci il tarixdən 273,23 manata çatdırılmışdır. Daha sonra iddiaçı Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1998- ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin daxil edilərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq, xx.xx.2022-ci il tarixli **********8 nömrəli məktubla imtina verilmişdir. İddiaçıya ünvanlanmış imtina məktubuna əsasən əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992ci il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin araşdırılması zərurəti yarandığı bildirilmişdir. Eyni zamanda Şabran rayon İstehlak Cəmiyyətinin xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək, “Amal” müəssisəsinin xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və Şabran rayon İstehsal-İstehlak kooperativinin xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan əmək haqqı cədvəlləri və əmr kitabları Şabran rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün müvafiq dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün hesab edilmədiyi qeyd olunmuşdur. Belə olan halda müvafiq illərin daxil edilərək İddiaçı təyin edilmiş əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Qeyd edilənləri nəzərə alınaraq iddia tələbinin rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

11. Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2705/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Dəvəçi (Şabran) rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və Dəvəçi (Şabran) İstehsal-İstehlak kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. (hakim C.Məmmədov).

12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri

13. Apellyasiya şikayəti iddia ərizəsinə dair etirazda göstərilən eyni dəlillərlə əsaslandırılmışdır.

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 27.1. Sığortaolunanların 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq sığortaolunanların pensiya hüququ qazandığı tarixədək illər üzrə indeksləşdirilir.

19. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3.1-ci bəndi: Sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndi: 2006-cı il yanvarın 1-dək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: Əmək kitabçası; əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı; Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt; sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər.

20. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

22. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə» Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

24. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07,11.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. Belə ki, hazırki mübahisənin predmeti “Dəvəçi rayon İstehlak Cəmiyyətində xx.xx.1992-ci il tarixindən xx.xx.1996-cı il tarixinədək və Dəvəçi İstehsal-İstehlak kooperativində xx.xx.1998-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək işlədiyi dövlərin sosial sığorta stajına daxil edilməsi və həmin dövrlər nəzərə alınmaqla onun əmək pensiyasının yenidən hesablanması” barədədir.

29. Cavabdeh imtina məktubunda və apellyasiya şikayətində bildirmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən müəssisədə işlədiyi dövrlərə dair əmək haqqı cədvəlləri və əmr kitabları arxivə təhvil verilmədiyindən sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qeyri-mümkündür.

30. Kollegiya cavabdehin qeyd edilən dəlillərini əsassız hesab edir.

31. Belə ki, Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş **********180100 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Dəvəçi rayon İstehlak Cəmiyyəti dövlət qeydiyyatına alınmışdır.

32. Həmçinin, Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı “Azərittifaq” tərəfindən təqdim edilmiş AAŞ-36-38/40 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2010-cu il tarixədək X7 Kooperativində müxtəlif vəzifələrdə işləmişdir.

33. İddiaçıya məxsus əmək kitabçası ilə müəyyən olunur ki, iddiaçı qeyd edilən müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının əmək kitabçasında qeyd edilən müəssisədə işlədiyi dövrlərə dair əməkhaqqı cədvəlləri və əmr kitablarının arxivə təhvil verilməməsi iddiaçının hərəkətləri nəticəsində olmamışdır. Bu səbəbdən iddiaçının pensiya təminatı hüququnun məhdudlaşdırılması yolverilməzdir.

34. Göründüyü kimi, cavabdeh orqanın imtinasının əsası kimi göstərdiyi dəlillər araşdırılmış və əldə edilmiş sorğulara cavab məktublarından görünür ki, cavabdehin imtinası formal dəlillərə əsaslanmışdır. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçası və arxiv arayışları ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisələrdə işləməsi öz təsdiqini tapmışdır. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlər və arxiv arayışında göstərilən məlumatların həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır.

35. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi hallar iddiaçıya yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-2705/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar