Məhkəmə qərarları › İş №2-1(105)-17/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-17/2021

16.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-17/2021 16.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Avtomobil X2 (Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı kompensasiyanın ödənilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2-1(085)- 17/2019 saylı qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (iddiaçı) mülkiyyətində olan torpaq sahəsi yolun tikintisi altına düşdüyündən ona kompensasiya ödənilməsi məqsədilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinə (cavabdehə) müraciət etmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti 25 aprel 2017-ci tarixli, S-3/16-2524 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,0599 ha torpaq sahəsinin dəyəri olaraq 30 000 manat, torpaq sahəsi üzərində çəkdiyi 7000 manat maddi zərər və 8000 manat mənəvi zərər, 2015-ci ildən başlayaraq manatın dəyərinin itirilməsini və istixanadan qazanılacaq olacaq itirilmiş gəlirləri də nəzərə almaqla, ümumilikdə 60000 manat məbləğində pulun cavabdehdən tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən 0,0599 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. O,həmin torpaq sahəsinin 2013-cü ilin may aylnda bağlanmış alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Torpaq sahəsinin əldə etdikdən sonra iddiaçı orada torpağın təyinatı üzrə işlər görməyə başlamışdır. Belə ki, ev tikintisi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün işlərə başlamış, ilkin işlər görüldükdən sonra hasarın yeri texnika vasitəsi ilə qazılmış, 4 daş hündürlüyündə hasar qaldırılmış və istixana üçün müəyyən avadanlıqlar alınmışdır. Evin tikintisi üçün icazə almaq məqsədi ilə iddiaçı Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmiş, evin özülü qoyulduqdan və 1,5 m hündürlükdə tikildikdən sonra tikintiyə icazə məsələsinə görə tikintini saxlamışdır. Beləliklə, iddiaçı tərəfindən ilkin tikinti işlərinin görülməsi və hazırlıq işlərinin aparılması üçün 7000 manat xərc çəkilmişdir. Bir müddətdən sonra iddiaçı torpağa baş çəkdikdə torpaq sahəsinin aparılan işlərlə birlikdə yerlə yeksan edildiyini, tikililərin tamamilə dağıdıldığını, üzərindən yol çəkildiyini görmüşdür. Araşdırma nəticəsində ona məlum olmuşdur ku, işləri aparan cavabdeh təşkilatdır. Oradan iddiaçıya bildirilmişdir ki, bu işlər dairəvi yolun çəkilməsi ilə bağlıdır, vurulan ziyan ödəniləcəkdir. Lakin hazıradək iddiaçıya vurulmuş ziyan ödənilməmişdir. Məhkəmənin 25.07.2017-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-17/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,0599 ha torpaq sahəsinin 0,0350 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq 15.750 manat, daşınmaz əmlakın bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə 3150 manat əlavə haqq, cəmi 18900 manat pul kompensasiyasının dövlət büdcəsi hesabına ödənilməsi öhdəliyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ondan apelyasiya şikayətləri verərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli 2-1(085)- 17/2019 saylı qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı qismən təmin etmişdir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin tikinti altına düşməsi işin mübahisəsiz halıdır və bununla bağlı iddiaçıya ünvanlanmış məktubda bildirilmişdir ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində işlər dayandırılmış, tikinti işlərinin başlanması zamanı kompensasiya ödənişi məsələsinə baxılacaqdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir. Hazırda isə birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdənaturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyr-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. Bundan əlavə, iş materiallarından görünür ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin “Bilgəh-Sumqayıt Avtomobil Yolunun Tikintisi” layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır. Həmçinin məhkəmə tərəfindən prosessual qanunvericiliyin tələbləri də yerinə yetirilməmişdir. Belə ki, məhkəmə təcrübəsində bu cür işlərlə əlaqədar hər hansı kompensasiya məsələsinə aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilməklə həmin ekspertizaya Maliyyə Nazirliyinin də mütəxəssisi cəlb olunur. Məlum olduğu kimi Maliyyə Nazirliyi tərəfindən müvafiq məktubla Ali Məhkəməyə müraciət edilərək dövlət ehtiyacları ilə əlaqədar məhkəmə işlərində Nazirliyin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Həmin müraciətə uyğun olaraq AR Ali Məhkəməsi sədrinin 09.04.2010-cu il tarixli, 2-182 nömrəli məktubu ilə rayon şəhər məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiya məhkəmələrinə tövsiyə edilmişdir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakların qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin göründüyü kimi məhkəmə tövsiyəyə əməl etməmiş, iddia tələbindən kənara çıxmaqla qeyri-qanuni qərar qəbul etmişdir. Üçüncü şəxs apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun 35.3-cü maddəsinə əsasən torpağın satın alınması mülkiyyətçi tərəfindən torpağın satın alınması təklifinin bu Qanuna uyğun olaraq qəbul olunması şərti ilə, dövlətin adından alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanan alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir. Həmin Qanunun 36-cı maddəsinə əsasən alan orqan tərəfindən mülkiyyətçiyə torpaq sahəsinin dəyərinin ödənilməsi sözügedən alqı-satqı müqaviləsinin bağlanmasından sonra 90 gün müddətində həyata keçirilir. Hazırda isə alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında torpağın alınması rəsmiləşdirilməmiş, müvafiq alqı-satqı müqaviləsi bağlanmamışdır. Torpaq sahəsi hazırda iddiaçının mülkiyyətindədir. Digər tərəfdən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qeyd olunan torpaq sahəsinə görə kompensasiyanın müəyyən edilməsində mövcud qanunvericiliyin tələbləri gözlənilməmişdir. Belə ki, Azərbaycan Respublikasında torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanmasl və ödənilməsi qaydaları “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 23-cü maddəsinə görə qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir, alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir, müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir. Dövlət büdcəsinin vəsaitləri təsdiq edilmiş xərc istiqamətləri üzrə büdcə təşkilatları tərəfindən yalnız təyinatı üzrə istifadə olunur. Dövlət büdcəsinin xərc maddələri müvafiq il üzrə qanunla təsdiq olunur və büdcə təşkilatlarına və onlar tərəfindən tədbirlərin keçirilməsinə ayrılan vəsaitin məbləği konkret müəyyən edilir. Büdcə vəsaitinin başqa məqsədlərə istifadəsi qanunla qadağan olduğundan sözügedən məhkəmə qərarında bu tələbin müəyyən edilməsi qanunvericiliyə ziddir. Bununla yanaşı dövlət büdcəsinin vəsaitlərinin təyinatı müvafiq qanunvericilik aktları əsasında dəqiq müəyyən edildiyindən Nazirliyin həmin təyinatı dəyişdirmək, vəsaitləri qeyri-məqsədlər üçün istifadə etmək və ya yönəltmək səlahiyyətləri yoxdur. Cavabdeh iddiaya cavab verməli olan şəxsdir. Sözügedən normaların tələblərini nəzərə alaraq bildirmişdir ki, məhkəmə qərarı üzrə öhdəlik cavabdeh üzərinə qoyulduğundan öhdəliyin icrası da həmin borclu tərəfindən həyata keçirilməlidir. Həmçinin kompensasiya ödənilməsinin mənbəsinin konkret göstərilməsi qərarın predmeti deyildir. Belə ki, borclu qərar üzrə öhdəliklərini müstəqil şəkildə yerinə yetirir. Bu zaman vəsaitin konkret dövlət büdcəsindən ödənilməsinin müəyyən edilməsi onun icrasını məhdudlaşdırır. Bununla yanaşı dövlət büdcəsində belə bir vəsait nəzərdə tutulmadığı halda bu vəsaitin büdcədən ödənilməsi qeyri-mümkündür. Eyni zamanda torpaqların dövlət ehtiyacları üçün alınması prosedurları “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əsasən müəyyən edilir ki, həmin qanuna görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına və alan orqan tərəfindən ödənilir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəflərindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə gəlməyən iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apelyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissələrini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh və üçüncü şəxs apelyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi nəticəsində ona dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmadığından sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacağını bildirmişdir. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,0599 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar olaraq ümumilikdə 60000 manat məbləğində kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, iddiaçının mülkiyyətində olan 0.0599 ha torpaq sahəsinin bazar dəyəri 27.000 manat (1 sot 4500 AZN), həmin torpaq sahəsinə, o cümlədən müdaxilə edilmiş 3.5 sot əraziyə dəymiş ziyanın dəyəri 15.750 manat müəyyən edilmişdir. Hesabat kifayət qədər əsaslandırılmış və torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Eləcə də tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti AR Prezidentinin məlum fərmanına əsasən 20% əlavə də nəzərə alınmaqla 15.750 manat (15.750 + 3.15 (15.750 x 20% = 3.15) = 18.900) təşkil edir. Buna görə də göstərilən məbləğdə kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh qərarı o əsasla mübahisələndirmişdir ki, torpaq sahəsinin tikinti altına düşməsi işin mübahisəsiz halı olsa da, birinci instansiya məhkəməsi iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamış, mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, eləcə də torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakı təmin edilməmişdir. Üçüncü şəxs qərarı o əsasla mübahisələndirmişdir ki, torpağı alan orqanla alınmanın təsirinə məruz qalan şəxs arasında torpağın alınması rəsmiləşdirilməmiş, müvafiq alqısatqı müqaviləsi bağlanmamışdır. Bu mənada torpağın dövlət ehtiyacı üçün alınması başa çatmadığından və həmçinin kompensasiyanın ödənilməsindən imtina olunmadığından iddia tələbinin mövcud prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mümkün hesab edilməsi şərtlərinin mövcudluğuna düzgün qiymət verilməmişdir. Bundan əlavə Maliyyə Nazirliyi cavabdeh olmadığı halda, kompensasiyanın ödənilməsini dövlət büdcəsinin vəsaiti hesabına cavabdehdən tutulması qərara alınmışdır. Yaranmış mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia (İPM-in 2.2.7-ci maddəsi) öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayılır (İMP-in 34.1-ci maddənin 2-ci cümləsi). Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 1.1.1-ci maddəsinə əsasən alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Həmin qanunun 3.1.1-ci maddəsinə əsasən, dövlət əhəmiyyətli yolların çəkilməsi və quraşdırılması torpağın alına biləcəyi dövlət ehtiyacıdır. Qeyd edildiyi kimi cavabdeh apelyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin yolun tikintisi altına düşüb-düşməməsinin məhkəmə tərəfindən araşdırılmadığını mübahisələndirir. Məhkəmə kollegiyası şikayətin bu dəlilini əsassız hesab edir. Belə ki, işə əlavə edilmiş DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* N-li 30.05.2013-cü il tarixli çıxarışdan görünür ki, 0,0599 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətindədir. -“xxxx” ASC-nin Layihə İşçi Qrupunun direktoru tərəfindən iddiaçıya ünvanlanmış 10.09.2015-ci il tarixli S-4/16-51345 saylı məktubda iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, mülkiyyətində olan 599 kv m torpaq sahəsindən Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X1 tərəfindən hazırlanmış kadastr planına əsasən, 349.85 m2 hissəsi “xxxx” ASC tərəfindən həyata keçirilən Bilgəh-Sumqayıt istiqamətində avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikintisi altına düşmüşdür. Bununla əlaqədar dəyən ziyanın qiymətləndirilməsi və ödənilməsi məqsədi ilə “xxxx” ASC tərəfindən müvafiq təşkilatlara müraciət olunmuşdur. -“xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 25/04/2017-ci il tarixli S-3/16-2524 saylı məktubda da cavabdeh bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. -Eyni zamanda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X3 Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verdiyi 16 yanvar 2018-ci il tarixli DX-03/03-03-47 saylı məktubdan görünür ki, məhkəmənin sorğusunun cavablandırılması məqsədilə X3 Xidmətinin Azərbaycan Avtomobil X2 etdiyi müraciətə cavab olaraq Agentlik tərəfindən Xidmətə ünvanlanmış 11 yanvar 2018-ci il tarixli 3/16-180 nömrəli məktubdan göründüyü kimi, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi üzrə tikinti sahəsinə düşən vətəndaş İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 349.85 kv metr hissəsi yolun tikintisi altına düşmüş və həmin hissədə tikinti işləri aparılmışdır. Beləliklə də cavabdeh tərəfindən apelyasiya şikayətində mübahisələndirilsə də, iddiaçıya məxsus Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 349.85 kv m torpaq sahəsinin yolun tikinti altına düşməsi və həmin hissədə tikinti işlərinin aparılması işin mübahisələndirilməyən halıdır. Eyni zamanda, işin mübahisələndirilməyən digər halına görə iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh-Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən həmin Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Bu Qanunun 54-cü maddəsinə əsasən alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. “İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, əmlakdan istifadə hüququ əmlak hüququ sayılır.(158.1.2-ci maddə). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.(158.2-ci maddə ). Mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir.( 210-cu maddə) Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir.(211-ci maddə). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.(1100-cü maddə). Ona görə də hazırkı halda iddiaçı ədalətli kompensasiya tələb etməkdə haqlıdır. Dövlət ehtiyacları ilə əlaqədar alınmayla bağlı olaraq mülkiyyətində olan əmlaklarından məhrum edilmiş şəxslərə həmin əmlaka görə kompensasiyanın ödənilməli olduğu İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququndan da irəli gəlir. Belə ki, «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» Konvensiyaya əlavə 1 saylı protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi Stolyarova Rusiya Federasiyasına qarşı işdə (15711/13) qeyd etmişdir ki, Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulan mülkiyyət hüququna müdaxilə zamanı mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunması təmin edilməlidir. Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. Həmçinin Avropa Məhkəməsi Kozaçıoğlu Türkiyəyə qarşı işdə (2334/03) qeyd etmişdir ki, mülkiyyətə hörmət hüququna müdaxilə ümumi ictimai maraq tələbləri və şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” təşkil etməlidir. Mülkiyyətin onun dəyərinə uyğun məbləğ ödənilmədən müsadirə olunması, bir qayda olaraq, qeyrimütənasib müdaxilədir. Kompensasiyanın müəyyən edilməsi zamanı qiymətləndirmə sistemi ədalətli olmalıdır. Yuxarıda qeyd olunan müddəaların hazırki işə tətbiqinə münasibətdə iddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin 10 may 2019-cu il tarixli qərardadına əsasən, iddiaçıya vurulmuş zərərin hesablanması üçün “xxxx” MMC-dən mütəxəssis rəyinin alınması qərara alınmışdır. Həmin MMC tərəfindən verilmiş A-04/276 saylı 25.09.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.0599 ha torpaq sahəsinin bazar dəyəri 27000 manat təşkil edir (1 sot 4500 manat). Həmin torpaq sahəsinin müdaxilə edilmiş 3.5 sot əraziyə dəymiş ziyanın dəyəri 15.750 manat təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanına əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinə 20% əlavə də nəzərə alınmalıdır. Bu halda tikinti altına düşən iddiaçıya məxsus torpaq sahəsinin müdaxilə edilmiş cəmi 0.035 ha hissəsinin bazar qiyməti 20% əlavə də nəzərə alınmaqla 15.750 manat (15.750 + 3.15 (15.750 x 20% = 3.15) = 18.900) təşkil edir. Cavabdeh apellyasiya şikayətində iddiaçıya ödənilməli olan kompensasiyanın məbləğini deyil, torpaq sahəsi qiymətləndirilərkən Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməməsini mübahisələndirmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası tərəfindən İddiaçı mülkiyyətində olan Abşeron rayonu Fatmayi kəndində yerləşən 0,0599 ha torpaq sahəsinin (daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarış) bazar qiymətinin nə qədər təşkil etməsi ilə əlaqədar mütəxəssis rəyinin alınması Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən ekspert və ya mütəxəssis cəlb edilməklə “X5” MMC-yə həvalə edilməsi qərara alınmışdır. Dəfələrlə yerli baxış iclasının vaxtı və yeri barədə məlumat verilsə də, iddiaçı yerli baxış iclaslarında iştirak etmədiyindən, Maliyyə Nazirliyinin mütəxəssisi və “X4” MMC tərəfindən mübahisəsi gedən torpaq sahəsinin bazar dəyərini müəyyən etmək üçün yerində müayinənin aparılması və torpağın qiymətləndirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus torpaq sahəsinin bazar qiyməti ilə bağlı “xxxx” MMC-nin qiymətləndirmə rəyində qeyd edilmiş məlumatlar iş materialları ilə ziddiyyət təşkil etmir. Həmçinin, cavabdeh ekspert rəyində göstərilən məlumatları şübhə altına alan, həmin torpaq sahələrinin bazar dəyərinin hesabatda göstərilən məbləğdən daha az olması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddiaçıya məxsus, Abşeron rayonu, Fatmayi kəndində yerləşən torpaq sahəsinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş bazar dəyəri, həmin ərazidə torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması – yol tikintisi ilə bağlı analoji işlər üzrə məhkəmə təcrübəsində müəyyən edilmiş bazar dəyərinə də uyğundur. Beləliklə, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış hallarından görünür ki, iddiaçının mülkiyyət hüququna dövlət ehtiyacı ilə əlaqədar müdaxilə baş versə də, bu zaman qanunvericiliyin tələblərinə riayət edilməmiş, alınmış sahənin əvəzində halhazıradək ədalətli kompensasiya ödənilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi iddiaçıya məxsus Abşeron rayonu, Fatmayi kəndində yerləşən 0,035 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə bağlı qiymətləndirmənin nəticələrinə və məlum fərmana uyğun olaraq 18.900 manat məbləğində iddiaçıya kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoymaqda haqlı olmuşdur. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəsait ayrıldıqdan sonra öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan vəsaitin ayrılması və s. məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, torpaqların geri alınması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi heç bir halda iddiaçının ziyanına şərh edilə bilməz. Başqa sözlə, bununla bağlı qanunvericiliyin tələblərinə tam riayət edilməsə də, torpağın geri alınması faktiki olaraq baş vermişdir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə riayət edilməməsində iddiaçının hər hansı təqsiri olmamışdır. Ona görə də, onun kompensasiya almaq hüququ faktiki müdaxiləni həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Kompensasiyanın ödənilməsini dövlət büdcəsinin vəsaiti hesabına cavabdehdən tutulmasına dair üçüncü şəxsin apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, alınmanın həyata keçirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət və şikayətlərə baxılması müvafiq icra hakimiyyəti orqanı (bundan sonra — nəzarət orqanı) tərəfindən həyata keçirilir. 19.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı torpağın alınması barədə qərarda torpağın alınması ilə bağlı planın hazırlanması və ya kompensasiyanın ödənilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına vəsaitlərin ayrılmasına dair tapşırıqlar verə, habelə alınmanın təsirinə məruz qalacaq şəxslərin mənafeyi nəzərə alınmaqla zəruri hesab etdiyi əlavə şərtlər müəyyən edə bilər. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 15.02.2011-ci il tarixli 382 nömrəli Fərmanına əsasən, Qanunun 19.4-cü bəndində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti, 8.1-ci, və 19.4-cü (ikinci halda) maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi, torpaqların dövlət ehtiyacları üçün alınması zamanı vəsaitlərin ayrılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığı əsasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bundan əlavə cavabdeh iddiaçıya ünvanladığı 25 aprel 2017-ci tarixli, S-3/16-2524 nömrəli məktubda da bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin sifarişçi təşkilatlar və obyektlər üzrə bölgüsündə “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi”nin davam etdirilməsi üçün vəsait nəzərdə tutulmamışdır. Bu səbəbdən sözügedən layihə çərçivəsində tikinti altına düşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi gələcəkdə vəsait ayrıldığı təqdirdə öz həllini tapacaqdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası üçüncü şəxsin dəlilini əsassız hesab edir. Beləliklə qeyd edilənlərə və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hazırki mübahisə üzrə belə nəticəyə gəlir ki, cavabdehin və üçüncü şəxsin apellyasiya şikayətində göstərdiyi dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətləri təmin edilməməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2-1(085)-17/2019 saylı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2-1(085)- 17/2019 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar