Məhkəmə qərarları › İş №2-1(105)-17/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-17/2022

05.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-17/2022 05.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı Şamaxı Rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının ləğv edilməsi tələbinə inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-97/2021 nömrəli, 24 fevral 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı cavabdehin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının və bu sərəncama müvafiq olaraq iddiaçı ilə cavabdeh arasında bağlanmış torpağın icarəyə verilməsi barədə 02 oktyabr 2013-cü il tarixli icarə müqaviləsinin qüvvədən düşməsinə dair qərarların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2-1(085)- 760/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. Qərardan İddiaçı apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-694/2019 saylı 12 noyabr 2019-cu il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2-1(085)-760/2019 saylı qərarı ləğv edilərək, yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

4. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 07 avqust 2019-cu il tarixli, 2-1(085)- 760/2019 saylı qərarının ləğv edilməsinə səbəb kimi iddia tələbində ləğvi tələb edilən qərarların və ya qərar olmasının araşdırılması, o cümlədən iş üzrə üçüncü şəxsin cəlb edilməməsi olmuşdur.

5. İnzibati iş məhkəməyə daxil olduqdan sonra iş üzrə maraqlı şəxs olan "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb edilmiş və iddiaçıdan iddia tələbinə dəqiqləşdirmə ərizəsi alınmışdır.

6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, onunla Şamaxı Rayon İcra Hakimiyyəti arasında 02 oktyabr 2013-cü il tarixli, 15 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin ləğv edilməsinə əsas olmuş Şamaxı Rayon İcra Hakimiyyətinin 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamının ona aid olan hissədə ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 02 oktyabr 2013-cü il il tarixli torpağın icarəyə verilməsi barədə 15 saylı müqaviləyə müvafiq olaraq Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2013-cü il tarixli, 94 saylı sərəncamı əsas götürülməklə 400 ha torpaq sahəsi, ona aid olan çoban evləri, qoyun və quzu tövlələri qoyunçuluğun inkişaf etdirilməsi məqsədi ilə 15 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. İcarə haqqı olaraq hər il üçün 316 manat müəyyən edilmişdir. İcarəyə verilmiş torpaq sahəsinin iddiaçının müvəqqəti istifadəsinə verilməsinə dair torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahəsinin icarəyə verilməsinə dair iddiaçı ilə cavabdeh arasında əvvəlki illərə dair də uzunmüddətli icarə müqaviləsi mövcud olmuşdur. Sonuncu icarə müqaviləsi ilə bu müqavilə yenilənməklə, torpaq sahəsi iddiaçının istifadəsində saxlanmışdır. Bütün bunlara baxmayaraq, cavabdeh tərəfindən iddiaçının ünvanına göndərilmiş 07 dekabr 2016-cı il tarixli bildirişlə iddiaçıya məlumat verilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Buna görə də, həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunmuşdur. Qeyd olunanlara əsasən qış otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı Rayon İcra Hakimiyyətinin onunla bağlamış olduğu müqavilə 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncama əsasən qüvvədən düşmüş hesab olunur. Bu bildirişdə iddiaçının torpaqdan istifadə ilə bağlı hüquqlarının pozulması baş verdiyindən, tərəfindən təkrarən cavabdehə müraciət olunmuş və müraciətinə verilmiş 10 mart 2017-ci il tarixli S-03-285 saylı cavab məktubunda əlavə olaraq bildirilmişdir ki, iddiaçının icarəsinə verilmiş torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamı ilə müvafiq icarə müqavilələri də, qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli qərarına uyğun olaraq həyata keçirilir. Qərara əsasən otlaqların istifadə və ya icarə müddəti qurtardıqdan sonra həmin sahə başqa istifadəçiyə və ya icarəçiyə verildikdə, yaxud bu qaydaların 14-cü maddəsinə əsasən otlaq sahələri geri alındıqda, yataqda olan tikililərin dəyəri qarşılıqlı razılaşma əsasında yeni istifadəçi və ya icarəçi tərəfindən ödənilir. Razılaşma mümkün olmadıqda tikinti əvvəlki istifadəçi və ya icarəçi tərəfindən sökülüb aparılır. Bu cavablardan göründüyü kimi, cavabdeh digər fermerlərlə olduğu kimi, iddiaçı ilə bağlamış olduğu icarə müqaviləsini də, birtərəfli qaydada ləğv etməklə onun istifadəsinə verilmiş torpaq sahəsinin geri alınmasını qət etmiş, bununla da iddiaçının torpaqdan istifadə ilə bağlı hüquqlarını və qanuni mənafelərini pozmuşdur. İddiaçının ləğv olunmasını tələb etdiyi sərəncamın məzmunundan göründüyü kimi, bu sərəncamla təkcə onun deyil, fermer kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olan onlarla digər fermer təsərrüfatı sahiblərinin də, hüquqları pozulmuşdur. Belə ki, iddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxs qismində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əsas fəaliyyət istiqaməti heyvandarlıqdır. İddiaçı cavabdehlə bağladığı müqaviləyə müvafiq olaraq, uzun müddətdən bəri Şamaxı rayonunun inzibati ərazisinə daxil olan “Padar” massivində 400 ha torpaq sahəsini, ona aid olan çoban evləri, qoyun və quzu tövlələrinə malik torpaq sahəsini icarəyə götürmüşdür. Artıq bu torpaq sahəsi 10 ildən artıqdır ki, iddiaçının istifadəsindədir. Təbii ki, bu müddət ərzində məşğul olduğu, heyvandarlıq məhsullarının istehsalı fəaliyyəti buna uyğunlaşdırılmışdır. Yəni, həmin torpaqlarda heyvandarlıqla məşğul olmaq və inkişaf etdirmək üçün infrastrukturlar yaratmış, tikintilər həyata keçirmişdir. Bütün bunlarla yanaşı, dekabr ayının əvvəllərində iddiaçı, Şamaxı Rayon İcra Hakimiyyətinin müvafiq strukturlarından, istifadəsində olan torpaq sahəsinin geri alınmasına dair xəbərdarlıq məktubu almışdır. Həmin məktubda göstərilmişdir ki, otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı Rayon İcra Hakimiyyətinin iddiaçı ilə bağlamış olduğu müqavilə 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncama əsasən qüvvədən düşmüş hesab olunur. İddiaçı hesab edir ki, onunla bu formada rəftar olunması qanunsuzluq olub, onun hüquqlarını və mənafelərini pozur. İddiaçı ilə bağlanmış və qüvvəyə minmiş icarə müqaviləsi mövcuddur. Bu müqaviləyə etibar olunmaqla iddiaçı tərəfindən xeyli miqdarda vəsait xərclənmişdir. İddiaçının heyvandarlıq məhsulları istehsalı fəaliyyəti formalaşmış və oturuşmuşdur. Cavabdeh tərəfindən verilən qərarla bütün bunların dağıdılması yalnız özbaşınalıq ola bilər. Əgər dövlətin bu torpaqla bağlı başqa bir proqramı mövcuddursa, bu yalnız mərhələlər əsasında həyata keçirilə bilər və hər hansı yeni bir iqtisadi proqram əvvəlki proqramın dağıdılması üzərində qurula bilməzdi. Göstərilən torpağın təyinatının dəyişdirilməsi torpaq qanunvericiliyinə və təbii arqokimyəvi proseslərə də ziddir. Belə ki, müvafiq torpaq uzunmüddətli analizlərin nəticəsi olaraq otlaq torpaqlar kateqoriyasına daxil edilmişdir və bu torpaqların təyinatının dəyişdirilərək əkin torpaqları kateqoriyasına keçirilməsi heç bir elmi axtarışlar və analizlərin nəticəsi olaraq meydana gəlməmişdir. Nazirlər Kabinetinin adı çəkilən qərarı elmi cəhətdən əsalandırılmamışdır. İddiaçıya göndərilmiş bildirişlərdə istinad olunan proqram həqiqətən də, həyata keçirilirsə, bu proqram bilavasitə iddiaçının da iştirakı ilə həyata keçirilə bilər. İsitifadəsində olan torpağın əlindən alınaraq digər şəxslərin istifadəsinə verilməsi və ya digər şəxslərin iştirakı ilə hər hansı layihənin həyata keçirilməsi özbaşınalıq sayılmalıdır. Bu hadisələrdən keçən müddət göstərmişdir ki, bu torpaqlarla bağlı heç bir ağılabatan proqram və layihə yoxdur. Hətta sərəncam icra belə olunmur. Halbuki, iddiaçı artıq bu torpaqların kimyəvi tərkibini araşdırmış, keyfiyyətinin artırılması üçün tədbirlər həyata keçirmiş, qayğısına qalmışdır.

8. Cavabdeh iddiaya etirazında bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevrai tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionların 2014-2018-cı illərdə sosial iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq torpaq sahələrindən daha səmərəli istifadə oıunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə, Şamaxı rayonunun inzibatı ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirələrək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 29 noyabr 2016-cı ıl tarixli 138 saylı sərəncamı ilə torpaqların qış otlaq sahələri kimi istifadəyə verilməsinə dair müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur. Ərazidə yerləşən mövcud tikililərin qiymətləndirilməsi və kompensasiyanın ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2000-ci il tarixli 42 nömrəli Qərarına uyğun olaraq həyata keçirilmişdir. Hazırda həmin sahə "xxxx" MMC-nin icarəsindədir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-97/2021 saylı, 24 fevral 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Ceyhun Məmmədov)

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qış otlaq sahəsi kimi iddiaçının icarəsinə verilmiş torpaq sahəsinin təyinatı dəyişdirildiyindən cavabdehin qəbul etdiyi inzibati akt (sərəncam) qanuni və əsaslı olmaqla cavabdeh tərəfindən qanun pozuntusuna yol verilməmişdir. Bundan əlavə, qanunvericiliyin tələblərinə görə həmin torpaq sahələrinin əkinçilik məqsədi ilə eyni şəxslərin istifadəsinə verilib-verilməməsi icarəyəverənin mülahizəsinə aid olduğundan icarəyə verən buna məcbur edilə bilməz. Məhkəmə iddiaçının icarəyə götürdüyü torpaq sahəsinin üzərində inşa etdiyi tikililər ilə bağlı qeyd etmişdir ki, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nın 24-cü bəndinə əsasən otlaqların istifadə və ya icarə müddəti qurtardıqdan sonra həmin sahə qanunvericiliklə müəyyən edilmiş qaydada başqa istifadəçiyə və ya icarəçiyə verildikdə, yaxud bu Qaydaların 14-cü maddəsinə əsasən otlaq sahələri geri alındıqda yataqda olan tikililərin dəyəri qarşılıqlı razılaşma əsasında yeni istifadəçi və ya icarəçi tərəfindən ödənilir. Razılaşma mümkün olmadıqda, tikinti əvvəlki istifadəçi və ya icarəçi tərəfindən sökülüb aparılır.

11. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə prosesi barədə xəbərdar edilməmişdir. Onun məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmağı haqda fakt və əsas yoxdur. Məhkəmə onu prosesə dəvət etmədən qərar çıxarıb. Məhkəmə qərarı çıxarılarkən istinad edilən normalar da, mübahisəli olub, istifadəsində olan torpaqların kateqoriyalarının dəyişdirilməsinin zəruriliyi əsaslandırılmır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.0.7. Diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Maddə 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Maddə 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

16. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 saylı 20 yanvar 2017-ci il tarixli Qərarının 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Həmin Qaydaların 1.12-ci bəndinə görə kənd təsərrüfatı yerlərinin (uqodiyaların) daha səmərəli istifadə edilməsi üçün torpağın keyfiyyətinin yaxşılaşdırılmasına zəmin yaratmaqla məqsədli təyinatına uyğun istifadə istiqamətinin dəyişdirilməsi ilə yaranan dövriyyəyə (əkin dövriyyəsi, çoxillik əkmələr və s.) qanunla ayrı qayda və hüquqi rejim müəyyənləşdirilmədiyi halda, torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin, müvafiq yerli icra hakimiyyəti orqanının və mənafeyinə toxunulan bələdiyyələrin və digər təşkilatların rəylərinə əsasən, habelə mənafeyinə toxunulduqda, qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi gözlənilməklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə yol verilir. Qaydaların 1.13-cü bəndinə əsasən qış otlaqlarından əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, torpaq sahələrinin məqsədli təyinatının dəyişdirilməsi, bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün görüləcək işlərin iqtisadi əsaslandırılması, habelə həmin torpaqların münbitlik göstəriciləri, əkinəyararlılıq vəziyyəti, meliorasiya və irriqasiya sistemlərinin mövcudluğu nəzərə alınmaqla, dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi bu Qaydaların 1.12-ci bəndi ilə müəyyən edilən qaydada təmin edilir.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.05.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.

20. İşdən görünür ki, iddiaçı 02 oktyabr 2013-cü il tarixli, 15 nömrəli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləsinin ləğv edilməsinə əsas olmuş Şamaxı Rayon İcra Hakimiyyətinin 29 noyabr 2016-cı il tarixli, 138 nömrəli sərəncamının ona aid olan hissədə ləğv edilməsini xahiş edir.

21. İş materiallarından görünür ki, Şamaxı Rayon İcra Hakimiyyətinin 193 nömrəli, 10 dekabr 2004-cü il tarixli sərəncamı ilə Quşçu kənd sakini mərhum X2 rayon icra hakimiyyəti başçısının 28 mart 2003-cü il tarixli, 33 saylı sərəncamı ilə icarəyə verilmiş 400 hektar qış otlaq sahəsi X1 adına rəsmiləşdirilmişdir.

22. İş materiallarında olan JN-8063 KOD 41000001 torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamədən görünür ki, Şamaxı rayonu, Quşçu kənd sakini X3 Şamaxı rayon İHB-nın 10.12.2004-cü il tarixli, 193 saylı sərəncamı və 2005-ci il tarixli, 69 saylı icarə müqaviləsi ilə Şamaxı rayonu “Gülgə-Quşçu” qış otlaq sahəsindən heyvandarlığın inkişafı üçün 15 il müddətinə 400 ha kənd təsərrüfatında istifadə edilməyən torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir.

23. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 02 oktyabr 2013-cü il tarixli, 94 nömrəli sərəncamı ilə Şamaxı rayonu, Quşçu kənd sakini X5 vəfat etdiyi üçün rayon icra hakimiyyəti başçısının 10 dekabr 2004-cü il tarixli, 193 saylı sərəncamına əsasən bağlanmış icarə müqaviləsinə xitam verilmiş, “Cülgə-Quşçu” qış otlaq sahəsindən 400 ha torpaq sahəsi iddiaçının icarəsinə verilmişdir. Tərəflər arasında torpağın icarəyə verilməsi haqqında 02 oktyabr 2013-cü il tarixli, 15 nömrəli müqavilə bağlanmış, həmin müqavilə ilə 400 ha torpaq sahəsi 15 il müddətinə iddiaçının istifadəsinə verilmişdir.

24. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, torpaq sahəsi onun istifadəsində olduğu müddət ərzində torpaq sahəsinə xeyli investisiya qoymuş, torpaqlarda heyvandarlıqla məşğul olmaq və inkişaf etdirmək üçün infrastrukturlar yaratmış, tikintilər həyata keçirmişdir. Sonradan isə ona məlum olmuşdur ki, cavabdeh tərəfindən qış otlaq sahəsinə dair torpağın icarəyə verilməsinə dair icarə müqaviləsi qüvvədən düşmüş hesab edilmişdir.

25. Şamaxı Rayon İcra Hakimiyyətinin Ş-03-216 nömrəli, 27 fevral 2017-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nda uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890,42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatının dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunduğuna görə qış Şamaxı Rayon İcra Hakimiyyətinin başçısının 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamı ilə müvafiq icarə müqavilələri də qüvvədən düşmüş hesab olunmuşdur.

26. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir.

27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının mübahisələndirdiyi Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 29.11.2016-cı il tarixli, 138 saylı Sərəncamına əsasən müəyyən olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2014-2018-ci İllərdə sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890,42 hektar qış otlaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş, buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv edilmişdir. Nəticədə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının mübahisələndirilən 29.11.2016-cı il tarixli, 138 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı və 15 mart 2000-ci il tarixli 42 saylı Sərəncamları əsas götürərək, sərəncama əlavə edilən siyahıda qeyd edilən-Şamaxı rayon Padar massivində yerləşən qış otlaq sahələrindən ümumilikdə 14890,42 hektar olmaqla 1 nömrəlidən 348,0 hektar, 2 nömrəlidən 695,0 hektar, 3 nömrəlidən 254,0 hektar, 4 nömrəliden 1421,42 hektar, 5 nömrəlidən 787,0 hektar, 9 nömrəlidən 1625,0 hektar, 10 nömrəlidən 1873,0 hektar, 12 nömrəlidən 1120,0 hektar, 13 nömrəlidən 897.0 hektar, 16 nömrəlidən 223,0 hektar, 18 nömrəlidən 185,0 hektar, 19 nömrəlidən 1799,0 hektar, 20 nömrəlidən 799,0 hektar, 21 nömrəlidən 531,0 hektar, 22 nömrəlidən 1078,0 hektar və 23 nömrəlidən 1255,0 hektar torpaq sahəsinə aid icarə müqavilələri və həmin müqavilələrə aid rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamları torpaqların əkin dövriyyəsinə cəlb edilməsi ilə əlaqədar qüvvədən düşmüş hesab edilmişdir.

28. Göründüyü kimi iddiaçının mübahisələndirdiyi sərəncamın qəbul edilməsinə əsas Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı qərarı olmuşdur.

29. Həmin qərardan isə görünür ki, əkin dövriyyəsinə cəlb edilməsi nəzərdə tutulan torpaqlar, onların yerləşdiyi ərazi və sayı eynilik təşkil edir.

30. İşdən görünür ki, təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 14890,42 ha torpaq sahəsi cavabdeh tərəfindən "xxxx" MMC-yə icarəyə verilmişdir.

31. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının rayonun dövlət ehtiyat fonduna aid torpaq sahəsinin icarəyə verilməsi haqqında 21 dekabr 2016-cı il tarixli, 154 saylı sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli, 516s saylı sərəncamı ilə təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmiş 14890,42 ha torpaq sahəsi rayonda iri taxılçılıq və yemçilik təsərrüfatının yaradılması məqsədi ilə "xxxx" MMC-yə 49 (qırx doqquz) il müddətinə icarəyə verilmişdir.

32. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən, Şamaxı rayonu “Padar massivi” adlanan ərazidə yerləşən kənd təsərrüfatı təyinatlı (əkin) 14890,42 ha torpaq sahəsi 21.12.2016- 21.12.2065-ci illərdə 49 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 101 nömrəli reyestr kitabının 63 nömrəli vərəqində 29 iyul 2017-ci il tarixdə qeydiyyata alınmışdır.

33. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu verilərək iddiaçının icarəsinə ayrılmış 400 ha Cülcə-Quşçu adlı qış otlaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə Şamaxı Rayon İcra Hakimiyyətinin 21 dekabr 2016-cı il tarixli, 154 saylı sərəncamı ilə "xxxx" MMC-nin icarəsinə ayrılmış 14890.42 hektar torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşməsi barədə məlumat verilməsi xahiş edilmişdir.

34. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanladığı arayışda bildirilmişdir ki, iş materiallarında təqdim olunmuş “Torpaqdan müvəqqəti istifadə hüququna dair” JN-8063 nömrəli (kod ********) şəhadətnamədə koordinatlar və dəqiq ölçülər olmadığından, həmçinin Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 03.10.2013-cü il tarixli, 94 saylı sərəncamına əsasən, “Cülcə-Quşçu” qış otlaq sahəsindən 15 il müddətinə İddiaçı icarəsinə ayrılmış 400 ha torpaq sahəsinə dair koordinatları və dəqiq ölçüləri olmadığından qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.

35. İddiaçının icarəsinə ayrılmış 400 ha torpaq sahəsinə dair koordinatlar dəqiq olmadığından mütəxəssis rəyinin verilməsinin mümkün olmadığını nəzərə alaraq, məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu verilərək iddiaçının icarəsində olan 400 ha torpaq sahəsindən ibarət Cülcə-Quşçu qış otlaq sahəsinin hansı hissəsinin əkin dövriyyəsinə cəlb edilərək "xxxx" MMC-nin icarəsinə verilməsi barədə, həmçinin əkin dövriyyəsinə cəlb edilməyən hissəsi vardırsa, həmin hissəyə dair Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 29 noyabr 2016-cı il tarixli, 138 saylı sərəncamının İİ bəndinə əsasən iddiaçı ilə yenidən icarə müqaviləsinin bağlanıb-bağlanmaması barədə məlumat verilməsi xahiş olunmuşdur.

36. Şamaxı Rayon İcra Hakimiyyəti sorğuya cavab olaraq bildirmişdir ki, iddiaçının icarəsində olmuş 400 ha Cülcə-Quşçu qış otlaq sahəsi bütünlüklə əkin dövriyyəsinə cəlb edilmişdir. Hazırda həmin sahə "xxxx" MMC-nin istifadəsindədir.

37. Beləliklə, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən olunmuşdur ki, iddiaçının icarəsinə verilmiş 400 ha Cülcə-Quşçu qış otlaq sahəsinə dair bağlanmış icarə müqaviləsi cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncamına əsasən, təyinatı dəyişdirilərək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilməsi səbəbi ilə qüvvədən düşmüş, həmin torpaq sahəsinin hamısının təyinatı dəyişdirilmişdir. Belə olan halda, sərəncama əsasən iddiaçı ilə yenidən icarə müqaviləsinin bağlanmasına əsas olmamışdır. Torpaq sahəsinin hər-hansı hissəsi əkin dövriyyəsinə cəlb edilməsəydi, o zaman, iddiaçı ilə yenidən həmin hissəyə dair icarə müqaviləsi bağlana bilərdi.

38. Hazırkı halda, cavabdeh inzibati orqan qanunun tələblərini gözləmişdir.

39. Apellyasiya şikayətinin iddiaçının məhkəmə iclasları barədə xəbərdar edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdə olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən (səh.212) görünür ki, iddiaçı şifahi məhkəmə baxış iclası barədə lazımı qaydada məlumatlandırılmışdır. Bundan başqa, iddiaçı 24.02.2021-ci il tarixli (səh.216) teleqramla məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı məhkəmə iclası barədə məlumatlı olmuşdur.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(118)-97/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar