Məhkəmə qərarları › İş №2-1(105)-17/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-17/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-17/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddiaçıya müddətsiz əlillik təyin edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-409/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilkin olaraq cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə və Quba Rayon Mərkəzi Xəstəxanasına qarşı iddiaçıya müddətsiz əlillik təyin edilməsi və əlilliyə görə pensiya verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1963-cü il tarixdə anadan olmuşdur. Ürəyi xəstə olduğu üçün müxtəlif xəstəxanalarda müayinə və müalicə olunmuşdur. 11 noyabr 2002-ci il tarixdən ona İİ qrup əlillik təyin edilmişdir. Sonuncu dəfə 2016-cı il tarixdə iddiaçıya revmatizm, revmakardit, kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezleşməsindən sonrakı vəziyyət dioqnozu qoyulmuşdur. Bundan sonra ona Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti 38 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İİ qrup əlillik təyin edilmişdir. İddiaçının növbəli müayinə tarixi xx.xx.2021-ci il tarixdə qeyd edilmişdir. O, 2021-ci il ilin aprel ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik C.Abdullayev adına Elmi X4nda müayinədən keçmişdir. Eyni zamanda ambulator kitabçadan çıxarışdan da göründüyü kimi xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilə qədər Quba Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində qalaraq dioqnostik müayinələrdən də keçərək müalicə olunmuşdur. 2021-ci il tarixdə o, növbəti dəfə komissiyadan keçmişdir. Lakin iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Bundan sonra ona verilən sosial müavinət kəsilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən ona əlillik təyin edilməsindən əsassız və qanunsuz müxtəlif bəhanələrlə imtina edilir. Bundan əvvəl ona sosial müavinət verilirdi, heç olmasa həmin müavinət pulu ilə dərmanlarının bir hissəsini ala bilirdi. Hazırkı halda heç bir əsas olmadan qanunsuz olaraq ona əlillik təyin edilməsindən imtina edərək, haqqı olan əlilliyi belə vermirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarına əlavə olan “İnsan orqanizminin funksiyalarının sabit pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi” cədvəlində ona qoyulan diaqnoz qan dövranı sisteminin və ürək damar sisteminin pozğunluqları xəstəlikləri bölməsinə daxildir. Göründüyü kimi xəstəxananın diaqnozu ilə belə əlillik təyin olunmalı idi. Tibbi Sosial Ekspet Komissiyası ilə əlillik təyin olunmasından müxtəlif bəhanələrlə imtina edir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını, iddiaçıya müddətsiz əlilliyin təyin olunması və əlilliyə görə pensiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir.

3. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, İddiaçı əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ05-İ09 - Ürəyin xroniki revmatik xəstəlikləri => İ05 - Mitral qapağın revmatik xəstəliyi => 105.1 - Mitral qapağın revmatik mənşəli çatmamazlığı; Diaqnozun mətni: Revmatizim; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: DİGƏR” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli 0244003AAB48 saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.0- Kəskin revmatik perikardit; Diaqnozun mətni: REVMATİZM. REVMAKARDİT. KOMBİNƏ OLUNMUŞ AORTAL QÜSURA GÖRƏ AORTAL QAPAĞİN PROTEZLƏŞMƏSİNDƏN SONRAKİ VƏZİYYƏT; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00- İ02 - Kəskin revmatik qızdırma => 101 - Ürəyin cəlb olunması ilə gedən revmatik qızdırma => 101.0 - Kəskin revmatik perikardit; Diaqnozun mətni: REVMATİZM. REVMAKARDİT.KOMBİNƏ OLUNMUŞ AORTAL QÜSURA GÖRƏ AORTAL QAPAĞİN PROTEZLƏŞMƏSİNDƏN SONRAKİ VƏZİYYƏT; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.1. Ürək qapaqlarının qüsurları və ya miokardda baş vermiş dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci-üçüncü dərəcəli çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AAMTN saylı göndərişi əsasında baxılmış və “X2: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ00-İ02 - Kəskin revmatik qızdırma => İ02 - Revmatik xoreya => İ02.0 - Ürəyin prosesə cəlb olunması ilə gedən revmatik xoreya; Diaqnozun mətni: İ02 Revmatik xoreya, revmatizm q/fəal mərhələ aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008). Ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu. Digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələr; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin hazırkı vəziyyəti, ağırlıq dərəcəsi, mütəxəssis rəyləri, köməkçi diaqnostik müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 06 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin reyestrinə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.

4. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı iddiası cavabdeh Quba rayon Mərkəzi Xəstəxanasına münasibətdə qeyri-mümkün hesab edilmişdir.

5. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-409/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim İmran Burcayev)

6. Qərardan İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, əlillik təyin olunması ilə bağlı Quba Rayon Mərkəzi Xəstəxanasının göndərişinə komissiyada baxılmış və ona əlillik təyin edilməsi deyil, natamam doldurulma qeyd edilmişdir. Yəni buradan da göründüyü kimi, onun diaqnozunda heç bir dəyişiklik yoxdursa, bundan əvvəl ona dəfələrlə əlillik təyin olunubsa yenə də təyin olunmalı idi. Məhkəmə tərəfindən onun əlillik vəziyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilmişdir. Agentlik guya onu müayinə etmiş və diaqnoz əlillik təyin etmir qərarı qəbul etmişdir. Məhkəmə isə Agentliyin qərarı ilə razılaşaraq iddiasını rədd etmişdir. Onun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Agentliyə göndərilməməli idi. Ona görə ki, Agentlik bu işdə cavabdeh şəxsdir və əlillik təyin etməyəndə Agentlikdir, əlilliyin təyin edilməməsində maraqlıdır. Təbii ki, Agentlik ilkin olaraq əlilliyin təyin edilməməsi ilə bağlı ilkin verdiyi rəylərə əks mövqe nümayiş etdirməyəcək. Məhkəmə tərəfindən işin bu halı nəzərə alınıb, müstəqil ekspertiza, Səhiyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin eksperiza mərkəzinə göndərməli idi. Həmçinin əlilliyin təyin edilməsi ilə bağlı qaydalarda da, müayinələri aparaq orqan müvafiq xəstəxanalardır. Onun xəstəliyi barədə məlumatları altsistem üzərində TSEK-ə göndərirlər. Bu məlumatlar əsasında şəxsin özü olmadan əlillik təyin edilir. Dövlət Tibbi Sosial və Reabilitasiya Agentliyi şəxsləri müayinə etmir. Bundan əlavə iddiasında da qeyd etmişdir və sənədləri də əlavə etmişdir ki, ona 11 noyabr 2002-ci il tarixdən İİ qrup əlillik təyin edilmişdir. Revmatizm, revmakardit, kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşdirilməsindən sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. Bu xəstəliyi ilə bağlı əməliyyatlar keçirmiş, həkimlərin çoxsaylı rəyləri vardır. Agentliyin xx.xx.2022-ci il tarixli müayinəsindən belə çıxır ki, xəstə deyil, bu diaqnoz onda yoxdur. 2002-ci ildən qanunsuz olaraq ona əlillik təyin edilmiş, əməliyyat olunmamış, bu vaxta kimi verilən həkim rəyləri qanunsuzdur. Xəstəliyi sağalan xəstəlik deyil ki, müalicə olunaraq sağalsın. Bu ürəkdir. Əməliyyat olunub, aorta qapağı dəyişilib, protez qoyulub. Bundan sonra ürəyində yeni aorta qapağı yaranmayacaq ki, əvvəlki vəziyyətinə qayıtsın. İldə bir neçə dəfə uzun müddətli müalicə alır. Xəstəliyi səbəbindən işləyə bilmədiyi üçün çox çətinliklə əlilliklə təyin olunmuş puldan yığaraq həm özünü dolandırır, həm gündəlik dərmanlarını alır, həm də ildə bir neçə dəfə uzun müddətli müalicə üçün pul saxlayır. “Həkim olmayan bir şəxsin belə bu vaxta kimi verilən həkim rəyləri, əməliyyat sənədləri və əlillik təyin edilməsi ilə bağlı sənədləşmələrlə ilə tanış olsa belə ona əlillik təyin olunmalı olması qənaətinə gələr. Heç bir yerdən gəliri olmayan, xəstə, tənha qalan bir qadına qarşı bu qədər də haqsızlıq etmək heç kimə yaraşmaz.” Ona 2002-ci ildən ikinci qrup əlillik təyin edilmiş, bundan sonra dəfələrlə yenidən əlillik təyin edilmişdir. Ona 2002-ci ildən əlillik təyin edilməsinə əsas verən diaqnoz hazırda da əlilliyin təyin edilməsi üçün əsas olan diaqnozdur. Belə olan halda əlillik təyin edilməli idi. Məhkəmə tərəfindən ekspertiza təyin edilməmişdir. Rəy alınması üçün isə iş üzrə maraqlı olan cavabdehə orqana göndərilmişdir. Halbuki, həmin orqan bu işdə cavabdehdir və əlilliyin təyin olunmamasına çalışır. Ona görə də qoyulmuş diaqnoz barədə şübhə var idisə bu barədə ekspert rəyinin alınması üçün Səhiyyə Nazirliyinə, Ədliyyə Nazirliyinə göndərilməli idi. İşin hallarında uzun illər ona qoyulmuş diaqnoza əsasən ikinci qrup əlillik təyin olunmalı idi. Məhkəmə tərəfindən uzun illər dəfələrlə ikinci qrup əlillik təyin edilməsi, hazırda da 2002-ci ildən bu vaxta kimi əlilliyin təyin edilməsinə əsas olan diaqnozun dəyişilməməsi, çoxsaylı həkim rəyləri və əməlliyatlar işin faktiki hallarına uyğun araşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

11. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. [8] 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. (...)

Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.

Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (...) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası”

1.4. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8. Bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 52. Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 aprel 2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir.

17. İşdə olan ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışa əsasən iddiaçı xx.xx.2021- xx.xx.2021-ci il tarixlərdə Quba Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində müalicə almışdır.

18. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-sosial ekspertizanın təşkili və əlillərin reabilitasiyası şöbəsinin xx.xx.2009-cu il tarixli məktubundan görünür ki, iddiaçıya xx.xx.2009-cu il tarixdə ümumi səbəbdən ikinci dərəcə bir il müddətinə əlillik müəyyən olunması barədə qərar qəbul edilmişdir.

19. İşə əlavə edilmiş iddiaçıya aid xəstəlik sənədlərinə əsasən iddiaçıya revmatizm, revmakardit, kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezleşməsindən sonrakı vəziyyət dioqnozu qoyulmuşdur. Belə ki, ona xx.xx.2014-cü il tarixdə revmatizm diaqnozu ilə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə İİ dərəcə əlillik müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsas səbəbi kimi xəstənin hazırkı vəziyyətinin, ağırlıq dərəcəsinin, mütəxəssis rəylərinin, köməkçi diaqnostik müayinələrin dəqiqləşdirilməsi zərurətinin mövcudluğu olmuşdur.

20. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı əyani müayinəyə dəvət edilərək onun əlillik vəziyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyində qiymətləndirilməsi üçün 1 aylıq müddət təyin edilmişdir. Həmin Agentlik tərəfindən xx.xx.2022-ci il tarixli müraciətdə bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2022-ci il tarixində Agentlikdə mütəxəssislərin iştirakı ilə komissiyada əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Revmatizm. Revmokardit. Kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşməsindən sonrakı vəziyyət” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır.

21. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Quba rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsi tərəfindən İddiaçı müayinə olunmuş və Forma 88 saylı arayış tərtib edilərək “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Göndərilmiş reyestr məlumatları əsasında Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komisiyası (TSEK) tərəfindən iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina edilmişdir. İmtinanın əsas səbəbi kimi onun xəstəliyinin dəqiqləşdirilməsinə zərurət olduğu bildirilmişdir. Məhkəmə həmin dəqiqləşdirmənin aparılması məqsədi ilə aralıq qərardadı qəbul etmiş və İddiaçı əyani müayinəyə dəvət edilmişdir. Lakin əyani müayinənin nəticəsi olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Revmatizm. Revmokardit. Kombinə olunmuş aortal qüsura görə aortal qapağın protezləşməsindən sonrakı vəziyyət” diaqnozu – anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Məhkəmə inzibati orqanının bu səpkidə gətirdiyi imtinanı əsaslı hesab edərək qeyd etmişdir ki, iddiaçıda mövcud xəstəliyin olmaması onun əyani müayinəsi zamanı aşkar edilmişdir.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün iddiaçının müayinə olunması və əlillik vəziyyətinin qiymətləndirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin etmişdir.

23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin T351/2022 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün Quba RMX-da tərtib edilmiş 0244003AAMTN saylı göndərişlə qeyd edilən “İ02-revmatik xoreya, revmatizm qeyri-fəal mərhələ, aortal qapaq protezləşməsi əməliyyatdan sonrakı vəziyyət (2008), ürək ritminin dəqiqləşdirilməmiş pozğunluğu, digər rubrikalarda təsnif olunan başqa xəstəliklər zamanı müşahidə edilən ürəyin digər zədələnmələri” diaqnozu nəzərə alınmaqla şəxsin əyani müayinə zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin maddələrini aid etmək mümkün olmamışdır.

24. Məhkəmə kollegiyası ekspertizanın hazırkı iş üzrə cavabdehin tibbi sosial ekspertinin iştirakı ilə keçirildiyini, həmçinin ekspert rəyində qərardadda qoyulan sualların tam cavablandırılmadığını nəzərə alaraq iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin etmişdir.

25. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7 publik hüquqi şəxsinin 953 nömrəli rəyində qeyd olunmuşdur ki, vətəndaş İddiaçı adına “Akad. C.Abdullayev adına X1” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 5689 №-li tibbi sənədə əsasən, onda hal-hazırda “Revmatizm: qeyri-fəal faza. Kombinə olunmuş aortal qüsuru çatışmazlığı üstünlüyü ilə. Aorta qapağının protezləşməsi əməliyyatından sonrakı vəziyyət (xx.xx.2008-ci il). His dəstəsinin sol ayaqcığının tam blokadası. Ekstrasistolik hipertoniya İİ dərəcə” xəstəlikləri mövcuddur.

26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, iddiaçı barəsində tərtib olunmuş göndərişdə qeyd edilən əsas diaqnoz və ağırlaşmalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.1-ci bəndinə, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 2.9.1 və 2.3-cü bəndlərinə əsasən, ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.4.1-ci bəndinə əsasən, ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0) tibbi göstəriş olan hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir.

28. Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

29. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıda mövcud olan xəstəliklər ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verdiyindən cavabdeh tərəfindən ona əlliliyin təyin edilməsindən imtina edilməsi əsassız olmuşdur.

30. Bununla da müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır və bu səbəbdən də idiaçının apellyasiya şikayəti əsaslıdır.

31. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməli, iddiaçıya ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 2-1(118)-409/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı ikinci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar