Məhkəmə qərarları › İş №2-1(105)-170/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-170/2021

27.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-170/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı 0,02 ha torpaq sahəsinin iddiaçının adına verilməsi barədə qərarın qəbul edilməsi və iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1132/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı 0,02 ha torpaq sahəsinin iddiaçının adına verilməsi barədə qərarının qəbul edilməsi və iddiaçı ilə cavabdeh arasında müqavilənin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 09.09.2020-ci il tarixli qərardadı ilə “xxxx” MTK üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir İddia onunla əsaslandırılmışdır ki,1985-ci ildən ailəsi ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 30-cu məhəllədə yerləşən 8 saylı evin 31-ci mənzilində yaşayır. 1985-ci ildə işlədiyi X3 tərəfindən digər işçilərə, o cümlədən ona bağ sahəsi kimi 0,02 ha torpaq sahəsi verilmişdir. Verilmiş torpaq sahəsi yaşadıqları beşmərtəbəli binanın arxa tərəfində yerləşir. O, həmin torpaq sahəsində ailəsi ilə birlikdə ağaclar, göy-göyərti əkib becərmişdir. Həmin bağ sahəsi 2014-cü ilin may ayına kimi onun istifadəsində olmuşdur. Torpaq sahəsini öz adına rəsmiləşdirmək məqsədilə Abşeron rayon Xırdalan Bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Lakin bələdiyyədən bildirmişlər ki, Abşeron rayon İcra Hakimiyyətinin şifahi sərəncamı ilə həmin torpaq sahəsi və ona bitişik olan digər torpaq sahələri tikinti aparılması məqsədilə "xxxx“ Mənzil Tikinti Kooperativinə verilmişdir. "xxxx” MTK-nın göstərişi ilə istifadəsində olan torpaq sahəsi traktorlar vasitəsilə yerlə-yeksan edilmiş, ağaclar məhv edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1132/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1985-ci ildə X1 işləyən bir sıra işçilərə, o cümlədən, ona yaşadığı ərazidə bağ sahəsi kimi 0,02 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsindən 30 ilə yaxın bir müddət ərzində təyinatına uyğun olaraq istifadə edilməklə çoxlu sayda ağaclar əkilmiş və qulluq edilmişdir. Torpaq sahəsinin qanuni əsaslarla adına rəsmiləşdirilməsi ilə bağlı cavabdeh Xırdalan Bələdiyyəsinə müraciət etmiş, lakin bu məsələ hər dəfə bir bəhanə gətirilməklə təxirə salınmışdır. Sonradan isə Abşeron rayon Bələdiyyəsində ona bildirilmişdir ki, qeyd edilən torpaq sahəsi ona bitişik olan digər torpaq sahələri ilə birlikdə Abşeron Rayon İcra Hakimiyyətinin şifahi sərəncamı əsasında “xxxx” Mənzil Tikinti Kooperativinə ayrılmışdır. “xxxx” MTK tərəfindən həmin ərazidə qazıntı işləri aparılmış, torpaq sahəsi yerlə-yeksan edilmiş, tərəfindən əkilmiş ağaclar məhv olunmuşdur. Bu qanunsuzluqlar barədə bir sıra dövlət orqanlarına şikayət ərizələri ilə müraciət etmiş və Abşeron rayon Xırdalan Bələdiyyəsi tərəfindən ona ünvanlanmış 29.06.2020-ci il tarixli məktubda bildirilmişdir ki, həmin torpaq sahəsinə görə onunla “xxxx” MTK arasında mübahisə olduğuna görə torpaq sahəsinin mülkiyyətinə satılması mümkün deyildir. Qeyd edilən torpaq sahəsinin 1985-ci ildən onun faktiki istifadəsində olmasını təsdiq edən qonşuların ərizələrini də təqdim etmişdir. Torpaq sahəsinin 30 ildən artıq bir müddət ərzində onun faktiki istifadəsində olması, tərəfindən həmin torpaq sahəsinə qulluq göstərilməsi, ağacların əkilməsi bu boş sahənin onun mülkiyyətinə verilməsi üçün yetərincə əsaslar yaratdığı halda bu orqan onun haqlı tələbini təmin etməmiş, bu da onun pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Halbuki “Bələdiyyə torpaqlarının idarə olunması haqqında” Azərbaycan Respublikası Qanunu onun bir vətəndaş olaraq cavabdeh təşkilata qarşı belə bir tələblə çıxış etməyini inkar etmir, çünki torpaq sahələrinin ayrılması və ya vətəndaşların mülkiyyətinə verilməsi onların ərizələri, müraciətləri əsasında həyata keçirilir. Bu hüquqdan istifadə etməklə cavabdeh təşkilata ərizə ünvanlamış, lakin cavabdeh ərizəsini hüququ olmayan şəxs kimi deyil, həmin torpaq sahəsi ilə bağlı mübahisə olduğunu əsas gətirməklə təmin etməmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iştirak etmiş cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə üçüncü şəxs “xxxx” MTK-ya məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı və 7-ci bəndlərinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. Həmin Məcəllənin 56-cı maddəsinin 6-cı bəndinə əsasən, bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. Həmin qərarda yerli şərait, torpaq ehtiyatının miqdarı, əhalinin sıxlığı nəzərə alınmaqla, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma layihə sənədlərinə uyğun olaraq, verilən torpaq sahələrinin ölçüləri müəyyən edilir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 6.6-cı və 6.7-ci maddələrinə əsasən torpaq sahəsi əldə etmək istəyən hüquqi və fiziki şəxslər bələdiyyələrə ərizə ilə müraciət edirlər. Ərizədə torpağın ölçüsü, yeri və məqsədli təyinatı göstərilməlidir. Bələdiyyələr qanunvericiliklə müəyyən edilmiş qaydada ərizəyə baxır və müvafiq qərar qəbul edir. Bələdiyyələr qərar qəbul etdiyi andan 15 gündən gec olmayaraq onun surətini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana göndərməlidirlər. İş materiallarında olan Abşeron rayon Texniki İnvertarlaşdırma Mülkiyyət Hüququnun qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, H.Z.Tağıyev küçəsi ev 8, 31 saylı mənzil İddiaçı adına qeydə alınmışdır. MA № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 470 ha torpaq sahəsi Abşeron rayon Xırdalan bələdiyyəsinin mülkiyyətindədir. Abşeron rayon Xırdalan Bələdiyyəsinin 08 iyul 2020-ci il tarixli 217 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq sahəsində “xxxx” MTK ilə iddiaçı arasında mübahisəli məsələ vardır və bu səbəbdən torpaq sahəsinin iddiaçıya satılması mümkün deyildir. Birinci instansiya məhkəməsi iddia tələbi təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə torpaqları cavabdehin mülkiyyətində olmaqla cavabdeh həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istfiadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Hazırki iş üzrə bələdiyyə sözügedən torpaq sahəsinin iddiaçıya satmaq və ya icarəyə vermək öhdəliyi daşımır, çünki cavabdeh onun mülkiyyətində olan əmlak üzərində sərəncam verilməsinə məcbur edilə bilməz. Bələdiyyə torpağın iddiaçıya satılmasını məqsədəuyğun hesab etdikdə, bu barədə qərar qəbul edərək müqavilə bağlamaq hüququna malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Göründüyü kimi, müqavilənin bağlanması üçün hər iki tərəfin razılaşdırılmış iradə ifadəsi zəruridir. Tərəflərdən birinin öz iradəsinə zidd olan əqdin bağlanmasına məcbur edilməsi isə hüquq subyektlərinin bərabərliyi, onların iradə sərbəstliyi və müqavilə azadlığı prinsipinin pozulmasıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, torpaq sahəsi ilə bağlı mübahisə olduğunu əsas gətirməklə bələdiyyənin iddiaçıya imtina cavabı verməsi belə onun iddiaçı ilə hər-hansı müqavilə bağlamaq öhdəliyinin olduğunu göstərmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1132/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar