Məhkəmə qərarları › İş №2-1(105)-171/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-171/2021

08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-171/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba şəhəri Vaqif küçəsi və 223-cü Atıcı Diviziyası küçələrinin kəsişməsində yerləşən Torpağa Mülkiyyət Hüqununa dair JN-1230 KOD 30301004 nömrəli Dövlət Aktına əsasən 0.0054 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 41.25 kv.m olan tikiliyə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2-1(118)-1149/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı(bundan sonra iddiaçı) Quba şəhəri Vaqif küçəsində yerləşən 0.0054 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdehin **********82 saylı, 10 iyun 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ərizədə qeyd olunan qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər tam təqdim edilməmişdir. Belə ki, ərizədə qeyd olunan qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı və ya istismara icazə sənədi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş qeyri-yaşayış binalarına münasibətdə-torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Həmin Qanunun 8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə hüquqların qeydiyyata alınması üçün əsas kimi müəyyən edilmişdir. Bundan əlavə ərizəyə əlavə olunmuş qeyri-yaşayış binasına dair Layihə Quba rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq edilməmişdir.Məlumat üçün bildirilmişdir ki, ərizəyə əlavə olunmuş JN-1230 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. Qeyd olunan sənədlərdən Quba şəhəri, Vaqif küçəsində yerləşən 0,0054 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İmtina ilə razılaşmayan iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı sahibkarlıq fəaliyyəti göstərilməsi məqsədilə Quba şəhəri ərazisindən 0,0054 ha torpaq sahəsini Quba rayon DNK-nun 12 mart 2003-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən almışdır. Alqı-satqı müqaviləsi 2003cü ildə bağlanmasına baxmayaraq sənədləşməyə görə Dövlət Aktı ona 18 may 2006-cı tarixdə verilmişdir. Belə ki, həmin torpaq sahəsinə dair adına JN1230 KOD 30301004 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Bundan bir il sonra iddiaçı həmin ərazidə tikinti işləri aparmışdır. 2007-ci ilin sonunda həmin torpaq sahəsində sahibkarlıq fəaliyyətinin göstərilməsi üçün obyektin tikintisini başa çatdırmışdır. Həmin obyektdə “tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsini” həyata keçirən "xxxx" MMC fəaliyyət göstərir. Özünə məxsus torpaq sahəsi üzərində tikilmiş obyektdə Quba rayon İcra Hakimiyyəti başçısının aparatının Memarlıq və Tikinti şöbəsinin 17 sentyabr 2018-ci il tarixli 193 nömrəli rəyinə əsasən iddiaçıya məxsus tikintiyə baxış keçirilmiş, tikinti obyektinə hazırlanmış layihənin mövcud tikiliyə uyğunluğu müəyyənləşdirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin obyektin tərtib edilmiş layihə əsasında qeydiyyata alınmasını məqsədəmüvafiq hesab etmişdir. Bundan sonra həmin torpaq sahəsi və tikintiyə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən çıxarış alınması üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 30 yanvar 2020-ci il tarixli, 19 fevral 2020-ci il tarixli və sonuncu 10 iyun 2020-ci il tarixli məktublarında iddiaçıya Torpağa Mülkiyyət Hüququna dair JN-1230 KOD 30301004 Dövlət Aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş DTXK-nın Quba rayon Şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmadığı, ərizəyə əlavə olunmuş qeyri-yaşayış binasına dair Layihə Quba rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsi tərəfindən təsdiq edilmədiyi qeyd edilmişdir. Hesab edir ki, Dövlət Aktının bazada olmamasında təqsiri yoxdur, ona Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Dövlət Aktı verilmişdir, onu bazaya iddiaçı yox müvafiq orqan vermişdir, həmin Dövlət Aktı iddiaçıya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən verilmiş, bazaya da onlar tərəfindən salınmalı idi, həmin Dövlət Aktını bazada iddiaçı qeydiyyatdan keçirə bilməz. Bundan başqa Dövlət Aktı torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd sayılır və iddiaçı da özünə məxsus torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq sənəd əsasında tikinti tikmişdir. Tikintiyə Quba rayon İcra Hakimiyyətinin başçısının aparatının memarlıq şöbəsi tərəfindən rəy verilmişdir. 2006-cı ildən hal-hazıra kimi iddiaçıya məxsus torpaq sahəsi və üzərində olan tikiliyə heç kim iddia irəli sürüb mübahisələndirməmişdir. Bu da onu sübut edir ki, torpaq sahəsi və üzərindəki tikili iddiaçının sahibliyindədir. Cavabdeh iddiaya dair etirazını **********82 saylı, 10 iyun 2020-ci il tarixli imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2-1(118)-1149/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Həmin qərardan narazi qalan iddiaçı apellyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2-1(118)-1149/2020 saylı qərarının ləğv edilməsini və iş üzrə iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə tərəfindən iddiası əsaslı araşdırılmamış, iddiası yalnız formal əsaslara görə rədd edilmişdir. Halbuki özünə məxsus torpaq sahəsinə Dövlət Aktı mövcud olmuşdur. Bundan başqa həmin Dövlət Aktında göstərilən torpaq sahəsi üzərində qeyri-yaşayış binası tikilmiş, həmin binaya layihə işlənmiş, həmin binanın layihəsinə Quba rayon İcra Hakimiyyəti Başçısının memarlıq və tikinti şöbəsi rəy vermişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edib onun məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, 0.0054 ha torpaq sahəsini alqı-satqı yolu ilə X1 almışdır. Hazırda Ə.Zülfüqarovda yalnız texniki pasportun surəti qalmışdır, həmin sənədi məhkəmə kollegiyasına təqdim etmişdir. Qeyd edilənləri nəzərə alaraq, şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən, eləcə də gəlməməyinin səbəblərini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz və **********82 saylı, 10 iyun 2020-ci il tarixli imtina məktubu ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, Quba rayon DNK-nın 12 mart 2003-cü il tarixli, 4-ə- 228 saylı alqı-satqı müqaviləsi ilə satılmış Quba şəhəri ərazisində yerləşən 0,0054 ha torpaq sahəsinə dair iddiaçının adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon Şöbəsi tərəfindən Torpağa Mülkiyyət Hüququna Dair JN1230 seriyalı, KOD 30301004 nömrəli Dövlət Aktı tərtib edilmişdir. Hazırda iddiaçı qeyd edilən Dövlət Aktına əsasən 0,0054 ha torpaq sahəsi və torpaq sahəsi üzərində inşa etdiyi tikiliyə mülkiyyət hüququnun qeydə alınmasına dair ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu dövlət aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmaması və ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış arxivdə olan dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmaması, eyni zamanda qeyri-yaşayış binasının tikintisinə icazə verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı və ya istismara icazə sənədi təqdim edilmədiyindən imtina cavabı vermişdir. İşə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasında qeyd edilən xüsusatları araşdırmadan, Dövlət Aktında qeyd edilən məlumatların mötəbərliyini yoxlamadan cavabdehin imtinasını əsaslı saymış və iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası tərəfindən Dövlət Aktında qeyd edilən məlumatların mötəbərliyini yoxlamaq məqsədilə Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialına, Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə və Quba regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat ofisinə sorğular verilmiş və alınmış cavablardan aşağıdakılar müəyyən edilmişdir: - İddiaçı izahatında 0.0054 ha torpaq sahəsini alqı-satqı müqaviləsinə əsasən, X1 aldığını bildirmiş, cavabdehin 19 aprel 2021-ci il tarixli, 2-**********8 saylı sorğuya cavabından isə görünür ki, Quba şəhəri, Vaqif küçəsində yerləşən, alqı-satqı predmeti olan 0,0054 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsində X3 adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmamışdır; - 12.03.2003-cü ildə rəsmiləşmiş 4Ə-228 reyestr nömrəli alqı-satqı işin tələb edilməsi ilə bağlı sorğuya cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi 23 aprel 2021-ci il tarixli, 05/01-1535/11 saylı məktubla bildirmişdir ki, Quba rayon dövlət notariat ofisində 2003-cü ildə rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. Qeyd olunanlarla bağlı Quba regional “ASAN XİDMƏT” Mərkəzində notariat ofisinə müraciət etmək məqsədəmüvafiqdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisi isə 20 may 2021-ci il tarixli, 1469 saylı məktubla sorğuya cavab olaraq bildirmişdir ki, Quba rayon DNK-da 12.03.2003-cü ildə rəsmiləşmiş 4Ə-228 reyestr nömrəli İddiaçı ilə X5 arasında bağlanmış alqı-satqı müqaviləsi Quba regional “ASAN XİDMƏT” mərkəzində notariat ofisinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir. 30 iyun 2021-ci il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iddiaçı, torpaq sahəsinin əvvəlki sahibi X3 adına Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət hüquqlarının qeydiyyat idarəsi tərəfindən 2003-cü il tarixdə tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportunu təqdim etmişdir. Texniki pasportdan görünür ki, həmin pasport Quba şəhəri 20-ci məhəllə Vaqif və 223-cü Atıcı Diviziyası küçələrinin kəsişdiyi ərazidə yerləşən 25.2 kv m mağazaya dair X3 adına tərtib edilmişdir. Pasportun tərtib edilməsin əsas olan sənəd kimi Quba Bələdiyyəsi sədrinin 128 saylı, 26 noyabr 2002-ci il tarixli sərəncamı qeyd edilmişdir. Texniki pasportun tərtib edilməsinə əsas olmuş sənədlərin tələb edilməsi ilə bağlı kollegiya tərəfindən cavabdeh inzibati orqana edilmiş sorğuya əsasən təqdim edilmiş sənədlərdən görünür ki, Quba Bələdiyyəsi sədrinin 128 saylı, 26 noyabr 2002-ci il tarixli sərəncamına əsasən, Quba şəhər sakini X4 Quba şəhər XDS İK-nın müvafiq qərarı ilə şəhərin 20-ci məhəlləsində Vaqif və 223-cü Atıcı Diviziyası küçələrinin kəsişdiyi ərazidə fəaliyyət göstərdiyi köşkün yerində müasir tipli, 4,6m x 5,0m=23,0 (iyirmi üç) kv.metr sahəyə malik kommersiya mağazasının tikintisinə icazə verilməsi qərara alınmışdır. Tikintisi başa çatdırılmış obyektlər üçün Qəbul Aktından görünür ki, Quba Bələdiyyəsi sədrinin 128 saylı, 26 noyabr 2002-ci il tarixli sərəncamına əsasən X4 ayrılmış torpaq sahəsində 2003-cü ildə mağaza tikilmişdir. Komissiya mağazanın istismara qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, JN1230 seriyalı, KOD 30301004 nömrəli Dövlət Aktında 0.0054 ha torpaq sahəsinin iddiaçı tərəfindən 12.03.2003-cü il tarixli 4-Ə-228 saylı alqı-satqı müqaviləsinə əsasən satıldığı göstərilsə də, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edildi ki, satıcı X4 Quba Bələdiyyəsi sədrinin 128 saylı, 26 noyabr 2002-ci il tarixli sərəncamına əsasən, şəhərin 20-ci məhəlləsində Vaqif və 223-cü Atıcı Diviziyası küçələrinin kəsişdiyi ərazidə fəaliyyət göstərdiyi köşkün yerində müasir tipli, 4,6m x 5,0m=23,0 (iyirmi üç) kv.metr sahəyə malik kommersiya mağazasının tikintisinə icazə verilməsi qərara alınsa da, ayrılmış torpaq sahəsi Ə.Zülfüqarovun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmamış, həmçinin Dövlət Aktında istinad edilən alqı-satqı müqaviləsinin arxiv surətinin əldə edilməsi mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Eyni zamanda cavabdehin imtina məktubundan görünür ki, Dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun: 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır. 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, JN1230 seriyalı, KOD 30301004 nömrəli Dövlət Aktında göstərilən məlumatların həqiqiliyi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, Dövlət Aktında göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından 0.0054 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması hissəsində cavabdehin imtinası əsaslı olmuşdur. İddia tələbinin ikinci hissəsi (0.0054 ha torpaq sahəsi üzərində yerləşən qeyriyaşayış binası üzərində mülkiyyət hüququnun qeydə alınması) ilə bağlı kollegiya qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.9 və 8.0.9.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İstinad edilən normanın hazırki mübahisəyə tətbiq etdikdə, mübahisələndirilən qeyriyaşayış sahəsi üzərində iddiaçının müllkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün aşağıdakı hüquqmüəyyənedici sənədlər mövcud olmalıdır: -torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, -müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, -müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, -istismara qəbul aktı Hazırki işin hallarından isə iddiaçının qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı və istismara qəbul aktının olmadığı görünür. Beləliklə də iddiaçı mağaza binasına mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də, sonuncunun həmin qeyri-yaşayış binasına dair hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlərinin mövcud olmadığı müəyyən olunur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmiş. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2-1(118)-1149/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar