Məhkəmə qərarları › İş №2-1(105)-171/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-171/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-171/2024 12.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 05/118 saylı qərarının ləğv olunması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4122/2023 nömrəli qərardadından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Abşeron rayonu Məmmədli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 05/118 saylı qərarının ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Məhəmmədi kəndində Rzayeva (Tağıyeva) Əfsanə Paşa qızının adına 0,017 (ha) reyestr nömrəsi **********03 və İddiaçı1 adına 0,0175 (ha) reyestr nömrəsi **********02 torpaq sahələri vardır. Tikililərin giriş çıxışı olan və əsas yolu olan dəmir darvazaların düz qarşısında qeyri-qanuni tikili tikmiş və heyvan alqı-satqısı ilə məşğul olunur. Araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi Abşeron rayonu Məmmədli Bələdiyyəsi tərəfindən 23 may 2014-cü il tarixdə, Məmmədli Bələdiyyəsinin alqı-satqı predmeti olan 175 kv.metr və ya 0.0175 ha torpaq sahəsinin fərdi ev tikmək məqsədilə satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə 05/118 saylı qərar qəbul edilmişdir. Həmin torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşdiyindən və ümumi istifadədə olduğundan, ərizəçilərin mülkiyyətində olan evlərin darvazasının qarşısını kəsdiyindən, şəhərsalma və tikintiyə dair normativ sənədlərdə tikinti ərazilərinin və obyektlərinin yanğından, təbii və ya texnogen xarakterli təhlükəli təsirlərdən mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri qaydalarına riayət edilməsinə imkan vermədiyindən qanunsuz hesab edir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4122/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). İddiaçılar qərardan apellyasiya şikayəti verərək, iddianın mümkün sayılmamasına dair qərardadın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrdə aylarla və illərlə vaxt itirməmək üçün bələdiyyənin özünə müraciət etmiş və imtina cavabı aldıqdan sonra 30 gün müddəti ötürmədən məhkəməyə müraciət etmişdir. Bir onlar əlverişsiz inzibati akt barədə “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq məlumatlandırılmamışdır. Həmin qanunun tələblərinə əsasən ilk növbədə, inzibati icraatı aparan inzibati orqan icraatın maraqlı şəxslərini məlumatlandırmalı, rəsmi məlumatlandırmanı inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə həyata keçirilməli idi və onların ilk öncə öz qərarını ləğv etmək səlahiyyəti olan orqana müraciət etməsini nəzərə almamışdır. Odur ki, hazırkı qərardadı ləğv olunmalı və iş icraata qəbul edilməlidir. Hazırkı iş üzrə iddiaçının tələbi Sumqayıt Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 05/118 saylı qərarının ləğv edilməsindən ibarətdir. Məhkəmə müddətin ötürülməsi səbəbi ilə iddianı mümkün saymamış və bu barədə qərardadında qeyd etmişdir ki, iddiaçı mübahisələndirilən bələdiyyə qərarından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 27 dekabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, hal-hazırda mübahisə predmeti olan Abşeron rayonu Məmmədli Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 05/118 saylı qərarı- 27 dekabr 2022-ci il tarixli məktubla təqdim edilmiş və iddiaçıların da qeyd edilən qərardan həmin vaxtdan xəbəri olmuşdur. Buna baxmayaraq o, bələdiyyə qərarını məhkəmədə xx.xx.2023-cü il tarixdə mübahisələndirmiş və bununla da hazırki iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması üçün qanunvericilikdə təsbit olunmuş 30 gün müddəti ötürmüşdür. Bu qərarın 31-ci bəndində istinad olunmuş normanın məzmununa görə, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Başqa sözlə, məhkəmədə mübahisələndirmə haqqında iddia qaldırma müddətinin axımı, inzibati aktdan şikayət verilmədiyi hallarda həmin aktın, şikayət verildiyi hallarda isə həmin şikayət üzrə qəbul edilmiş qərarın şəxsə təqdim edildiyi və ya bu barədə ona rəsmi məlumatın verildiyi vaxtdan başlayır. Mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlı mümkünlük şərtinə əməl olunmasınınyoxlanılması zamanı məhkəmə hazırkı qərarın 31-33 a bəndlərində qeyd olunan hüquq normalarının tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixini, həmçinin məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırmağa və müəyyən etməyə borcludur. Məhkəmə yalnız bundan sonra iddia müddətinin buraxılması ilə bağlı məsələyə qiymət verməyə haqlı sayıla bilər. Hazırkı mübahisəyə münasibətdə məhkəmə yuxarıda qeyd edilən tələblərə əməl etmədən, inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona rəsmi məlumat verilməsi tarixini, həmçinin məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı obyektiv araşdırma prinsipinin tələblərinə uyğun araşdırmadan iddia müddətinin buraxılması barədə qənaətə gəlmişdir. Belə ki, onlar cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və giriş-çıxış darvazasının qarşısında tikilmiş daş çəpərin sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra onlara məhkləmə tərəfindən izah olunmuşdur ki, ilk öncə bələdiyyə qərarı ləğv olunmalıdır, daha sonra çıxarışın ləğvi ilə bağlı iddiaya baxılmalıdır. Ona görə də iddiaçılar ərizə verərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin № 2-1(118)-1311/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə onların cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı X3 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və giriş-çıxış darvazasının qarşısında tikilmiş daş çəpərin sökülməsi tələbinə dair idda ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Daha sonra iddiaçılar Abşeron rayonu Məmmədli Bələdiyyəsinə 2014-cü il 2З mау tarixli, 05/1l8 saylı qərarının ləğv edilməsi barədə ərizə ilə müraciət etmişlər. Abşeron rayonu Məmmədli Bələdiyyəsi həmin müraciətə cavab verməmiş, lakin sonradan xx.xx.2023-cü il tarixli, 191 saylı imtina məktubunu 10 iyun 2023-cü il tarixdə qəbzə imza etməklə bələdiyyənin binasından almışlar və xx.xx.2023-cü il tarixdə qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbinin predmetini bələdiyyə qərarın ləğvi ilə bağlı tələb (mübahisələndirmə iddia növü) təşkil edir. Birinci instansiya məhkəməsinin qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, hazırki mübahisə predmeti olan müvafiq bələdiyyə qərarı ilə iddiaçı tərəf 27 dekabr 2022-ci il tarixdən məlumatlı olmuş, iddia ərizəsi ilə məhkəməyə 06 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı müvafiq qərarı məlumatı olduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək hüququna malik olduğu halda, həmin müddətdə bu hüququndan istifadə etməmiş, bununla da qanunvericiliklə müəyyən edilmiş müddəti ötürümüşdür. Bundan əlavə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı başqa iddia növü ilə (başqa şəxsin adına tərtib edilmiş mülkiyyət hüququnu təsdiq edən sənədi mübahisələndirməklə bağlı) məhkəməyə müraciət etmiş, düzgün iddia növü seçmədiyindən, 01 mart 2023-cü il tarixli məhkəmə qərardadı əsasında iddiaçının öz xahişi ilə iddia ərizəsi ona geri qaytarılmışdır. Daha sonra iddiaçı hazırki tələblə bağlı müvafiq bələdiyyə orqanına xx.xx.2023cü il tarixdə müraciət etmiş, həmin müraciətə dair xx.xx.2023-cü il tarixli cavab məktubunu 10 iyun 2023-cü il tarixdə alaraq, 06 iyul 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, bu halda da iddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüşdür (xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı ilə iddia ərizəsi öz xahiş ilə geri qaytarılmış, məhkəməyə iddia ərizəsi ilə 06 iyul 2023-cü il tarixdə müraciət edilmişdir). İddiaçı yuxarıda qeyd edilən halları əsas gətirərək, qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin onun tərəfindən ötürülməməsi halına istinad etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, qanunvericiliyin tələbinə sasən hazırki iş üzrə qeyd edilən iddia tələbi ilə bağlı ilkin olaraq müvafiq bələdiyyə orqanına müraciət edilməsi tələbi zəruri olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, konstitusion normanın məzmununa əsasən qanunu bilməmək məsuliyyətdən azad etmir. Bundan əlavə qeyd edilməlidir ki, hazırki iş üzrə həm birinci instansiya məhkəməsində, həm də apellyasiya isntansiya məhkəməsində məhkəmə icraatı zamanı iddiaçı tərəfin səlahiyyətli nümayəndəsi qismində vəkil çıxış etmişdir. Başqa sözlə desək, hazırki iş üzrə iddiaçı tərəfin hüquqlarının müdafiəsi məhz hüquqi biliyə və savada malik olan şəxs (vəkil) tərəfindən həyata keçirilmişdir. Belə olan halda qeyd edilən iddia tələbi üzrə müvafiq bələdiyyə orqanına müraciət etmədən, birbaşa müvafiq məhkəməyə müraciət etməli olması halının hüquqi savadsızlıq və ya bununla bağlı digər hallardan irəli gəlməsi müəyyən edilmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən hal hazırki iş üzrə qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsinə əsas olan üzrlü hal kimi çıxış etməmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuş, iddiaçı tərəfin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-4122/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar