Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-171/2025 12.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Maraqlı şəxs2şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-1125/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli, 21/36 nömrəli qərarına əsasən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 8500 kv m torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş 18 dekabr 2006-cı il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən Xocasən bələdiyyəsinin hesabına torpaq sahəsinin müqabilində 6800,00 manat pul ödənilmiş, bələdiyyə tərəfindən ona ayrılacaq 8500 kv m torpaq sahəsinin cizgisi tərtib edilmişdir. Xocasən bələdiyyəsinin nümayəndəsi ilə İddiaçı arasında “Torpaqların alqı-satqısına dair” akt imzalanmış, həmçinin 06 sentyabr 2007-ci il tarixdə ayrılan torpaq sahəsinə dair situasiya planı tərtib edilmişdir. İddiaçı 23 iyun 2022-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 20 iyul 2022-ci il tarixli, **********94 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı Xocəsən bələdiyyəsi tərəfindən İddiaçı 0,85 ha torpaq sahəsinin 06 sentyabr 2007-ci il tarixdə, 21/36 nömrəli qərarla ayrıldığı halda, alqı-satqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq edilmədiyi, bələdiyyənin yerquruluşu planından çıxarışının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənmədiyi və döngə nöqtələrinin koordinatlarının göstərilmədiyi, torpaq sahəsinin dəmir yolu xətti və Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşdiyi, həmçinin, torpaq sahəsinin bir hissəsinin **********02, **********35 reyestr nömrəli çıxarışlarla və ləğv edilmiş DT və XK tərəfindən verilmiş plan-ölçü sənədi ilə başqa şəxsə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyü, sənəd üzrə torpaq sahəsinin konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, müraciətin icrası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin müddəalarına əsasən mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı və “torpaqların alqı-satqısına dair aktı ilə ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsinin iddiaçının adına reyestrdə qeydiyyata alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini dəqiqləşdirərək, Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı və torpaqların alqı-satqısına dair akt ilə ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0.85 ha torpaq sahəsi Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün alqı-satqı yolu ilə ididaçıya ayrılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsi ilə onun arasında bağlanılmış torpaqların alqı-satqısına dair akt əsasında Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin inzibati ərazisində 8500 kv m torpaq sahəsi 6800 manata ona satılmışdır. Həmin torpaq sahəsi bələdiyyənin möhürü ilə təsdiq edilmiş müvafiq cizgi-plan (situasiya planı) əsasında naturada iddiaçıya təhvil verilmişdir. Qeyd edilən torpaq sahəsi yol kənarında yerləşməklə "OPTİMA-AZ MMC firması"na məxsus torpaq sahəsi ilə eyni sıradadır və qonşudur. "xxxx" MMC-nin həm təsisçisi, həm də direktoru iddiaçının özüdür. Qeyd edilən torpaq sahəsinə dair hüquqlarının reyestrdə qeydə alınması ilə bağlı ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, İdarənin xx.xx.2022-ci il tarixli məktubu ilə ərizəsinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, guya ki bələdiyyənin yerquruluşu planından çıxarış müvafiq qaydada təsdiqlənməmiş, döngə nöqtələrinin koordinatları göstərilməmiş, həmçinin torpaq sahəsi dəmir yolu xəttinin və Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Həm bələdiyyənin qərarının, həm də alqı-satqı aktı və situasiya planının arxivdən çıxarışı, eyni zamanda müvafiq orqanların torpaq sahəsinin satılmasına etirazlarının olmaması barədə sənədlər cavabdehə təqdim edilmişdir, imtinada qeyd edilənlərin heç bir əsası yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, iddiaçının müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı Abşeron rayonu, Xocəsən bələdiyyəsi tərəfindən ona torpaq sahəsinin normadan artıq ayrıldığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-1125/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0,85 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının iddiaçının adına dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim Leyla Mirzəyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin ayrılması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçıya torpaq sahəsinin ayrılmasına əsas olmuş Xocasən bələdiyyəsinin 06 sentyabr 2007-ci il tarixli qərarının və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmənin sorğusu əsasında cavabdeh tərəfindən verilmiş 25 yanvar 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin koordinatları cavabdehin istinad etdiyi torpaq sahələrinin koordinatları daxilində yerləşmir, sənəd üzrə torpaq sahəsinin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında konfiqurasiya fərqi yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məhkəməyə ünvanladığı 29 noyabr 2022-ci il tarixli məktubundan torpaq sahəsinin yerləşdiyi ərazinin yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağının nəzərə alınmadığı müəyyən edilir. Sahənin dəmir yolunun müvafiq təhkim zolağına düşməsi dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin ətrafında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri mövcuddur. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci intansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(105)-37/2024 nömrəli qərardadı ilə Maraqlı şəxs2 Şirkəti zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(105)-37/2024 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Şamaxı şosesi 2 ünvanında yerləşən 0,72 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Üçüncü şəxs Maraqlı şəxs2 Şirkəti həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-2321/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(105)-37/2024 nömrəli qərarı ləğv edilərək, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, aparılan araşdırma zamanı müayinə olunan torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisinin daxilində yerləşdiyi müəyyən edilmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmamış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmamış, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üzrə əhəmiyyətli olan hallar sübut olunmamışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda, iddiaçının nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) barədə ərizə təqdim etməklə, Bakı şəhəri Binəqədi Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 21/36 saylı qərarı və torpaqların alqı-satqısına dair akt ilə ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0,17 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq, müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Maraqlı şəxs2 şirkətinin nümayəndəsi X4 izahatında, faktiki iddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsi üzərində aktiv neft qurğusu və istifadə edilən neft quyusu olmasa da, sahənin ümumilikdə mühafizə zolağına düsdüyünü bildirərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" QSC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə üçüncü şəxs "xxxx" QSCnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 7. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Maddə 8. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları 8.0. Xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müvafiq inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq norması, yerli şərait, əhalinin sıxlığı, torpaq ehtiyatlarının miqdarı və bu məqsədlə yaxın dövr üçün tələbat nəzərə alınmaqla aşağıdakı hədlər daxilində bələdiyyələr tərəfindən müəyyən edilir: 8.0.1. fərdi yaşayış evlərinin tikintisi üçün Bakı şəhərində tətbiq edilən 1-4-cü zonalar üzrə - 0,04 hektaradək, 5-8-ci zonalar üzrə - 0,05 hektaradək, 9-12-ci zonalar üzrə - 0,06 hektaradək, Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Mingəçevir, Naftalan, Xankəndi, Şəki və Yevlax şəhərlərində - 0,07 hektaradək, digər rayon mərkəzlərində - 0,08 hektaradək, qəsəbə və kəndlərdə - 0,12 hektaradək; 8.0.2. fərdi bağ evlərinin tikintisi üçün - 0,12 hektaradək; 8.0.3. kənd təsərrüfatı məqsədləri üçün inzibati-ərazi vahidi üzrə adambaşına düşən orta torpaq normasının kənd təsərrüfatına az yararlı torpaqlardan - 500 mislinədək; yararsız torpaqlardan - 600 mislinədək; 8.0.4. sənaye, nəqliyyat, rabitə və digər istehsal, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin, habelə fərdi və kooperativ qarajların, inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün - layihə sənədləri ilə tələb olunan ölçüdə. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (...) Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydaları:
1. Bu Qaydalar "Nəqliyyat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin tələblərinə uyğun olaraq dəmir yol nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun sanitariya-mühafizə zonasına aid torpaqlardan istifadə olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların məqsədləri üçün istifadə olunan terminlər: təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır; sanitariya-mühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır; (-)
17. Təhkim zolağı hüdudlarında torpaq sahələri yalnız qatarların hərəkət təhlükəsizliyi tələblərinə riayət olunmasının təmin ediləcəyi təqdirdə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalını məqsədləri üçün fiziki və ya hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər.
21. Təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansı əsaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yol təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yol obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yol xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir
“İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 2-1(105)- 1198/2024 nömrəli qərardadı ilə "xxxx" QSC zəruri cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqiqləşdirilməsi (həcminin azaldılması) ərizə məhkəmə icraatına qəbul edilməklə, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Cavabdeh apellyasiya şikayətində aşağıdakı dəlillərə istinad etmişdir: 1) Alqı-satqı aktının qanunamüvafiq qaydada tərtib və təsdiq edilməməsi; 2) Torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin və müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin möhürü ilə) təsdiqlənməməsi və döngə nöqtələrinin koordinatlarının göstərilməməsi;
3. Torpaq sahəsinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşməsi;
4. Torpaq sahəsinin bir hissəsinin **********02, **********35 reyestr nömrəli çıxarışlarla və ləğv edilmiş DT və XK tərəfindən verilmiş plan-ölçü sənədi ilə başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi;
5. Sənəd üzrə torpaq sahəsinin konfiqurasiyası ilə faktiki konfiqurasiyası arasında uyğunsuzluq olması;
6. Xocəsən bələdiyyəsi tərəfindən iddiaçıya torpaq sahəsinin normadan artıq ayrılması;
7. Torpaq sahəsinin dəmir yolu xəttinin mühafizə zolağında yerləşməsi;
8. Torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisinin daxilində yerləşməsi. Cavabdehin 1-ci dəlili ilə bağlı kollegiyanın qənaətinə görə, iddiaçı tərəfindən bələdiyyənin hesabına torpağın satışına görə pulun ödənilməsi iddiaçı ilə bələdiyyə arasında müvafiq torpaq sahəsinin alqı-satqısının baş tutmasını və tamamlanmasını təsdiq etdiyindən qeyd edilən prosesin yekununda rəsmiləşdirilməsi məqsədi daşıyan alqısatqı aktının qanunamüvafiq qaydada tərtib edilməməsi imtina üçün əsas ola bilməz. Digər tərəfdən, “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında şərh edilən mövqeyə əsasən, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Torpaq sahəsinə dair yerquruluşu planından çıxarışın qanunamüvafiq qaydada təsdiqlənməməsi və döngə nöqtələrinin koordinatlarının göstərilməməsi ilə bağlı cavabdehin 2-ci dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Xocasən bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsinin cizgisi, habelə, situasiya planı tərtib edilmişdir. Eləcə də, iş materiallarında torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının göstərildiyi sxem mövcuddur. Qeyd olunan sənədlər torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verir. Odur ki, cavabdehin həmin dəlili əsassızdır. Məhkəmə kollegiyası cavabdehin 3-cü, yəni torpaq sahəsinin Bakı-Şamaxı yolunun mühafizə zolağında yerləşməsi dəlilini də əsassız hesab edərək qeyd edir ki, həmin dəlillə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 29 noyabr 2022-ci il tarixli məktubundan görünür ki, mübahisəli 0,85 ha torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış məntəqəsi daxilində olduğu üçün həmin ərazidə avtomobil yolunun qorunma (mühafizə) zolağı nəzərə alınmır. Cavabdehin 4-cü və 5-ci dəlillərinə münasibətdə isə kollegiya bildirir ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh orqan tərəfindən 25 yanvar 2023-cü il tarixli məktubla verilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları cavabdehin istinad etdiyi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli, **********35 reyestr nömrəli və MH seriyalı, ******* nömrəli, **********02 reystr nömrəli çıxarışlarda göstərilən torpaq sahələrinin koordinatları daxilində yerləşmir, iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları arasında konfiqurasiya fərqi yoxdur. Həmçinin, mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli ərazinin ortofoto xəritəsindən çıxarışdan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0,7212 ha təşkil etməklə, həmin torpaq sahəsi istinad edilən torpaq sahələrinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. Göründüyü kimi, cavabdehin özü tərəfindən verilmiş mütəxəssis rəyi ilə onun sözügedən dəlilləri təkzib olunur. Kollegiya cavabdehin 6-cı dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda istinad olunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun yuxarıda qeyd edilən 8.0 və 8.0.4-ci maddəsinin tələblərindən görünür ki, fərdi yaşayış və bağ evlərinin tikintisi, eləcə də kənd təsərrüfatı məqsədləri üçün xüsusi mülkiyyətə verilən torpaq sahələrinin normaları müəyyən edilmiş, ticarət, ictimai-iaşə, xidmət, digər obyektlərin tikintisi, yəni sahibkarlıq məqsədləri üçün verilən torpaq sahələrinə münasibətdə isə belə hədlər müəyyən edilməmişdir. Hazırkı işin hallarından da görünür ki, mübahisəli torpaq sahəsi bələdiyyə qərarı ilə məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçının mülkiyyətinə verilmişdir. Belə məqsədlər üçün ayrılan torpaq sahəsinin norması isə qanunvericilikdə nəzərdə tutulmadığından, kollegiya hesab edir ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin normadan artıq ayrılması ilə bağlı dəlili əsassızdır. Torpaq sahəsinin dəmiryolu xəttinin mühafizə zolağında yerləşməsi ilə bağlı kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarında qeyd etdiyi göstərişə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətini zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 13 mart 2025-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsi ilə əlaqədar təkrar araşdırma aparılmış və təqdim edilən döngə nöqtələrinin koordinatları üzrə torpaq sahəsinin 0.55 ha hissəsinin dəmir yolunun Biləcəri-Xırdalan mənzili 5 km pk 1-dən pk 3+50 m-dək yolun kilometr artımı istiqamətinin sol tərəfində mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Həmin məktubdan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqəşdirilməsi barədə ərizə təqdim edərək iddianın həcmini həmin hissədə azaltmış və yerdə qalan 0.17 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü ənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə kollegiyası “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13- cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli Qərarına əsasən, ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dəmir yolunun mühafizə zolağına düşən hissə ilə bağlı iddia tələbinin həcmi azaldığından həmin hissədə araşdırmanın aparılmasına zərurət qalmamışdır. Cavabdehin torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin kontrakt ərazisinin daxilində yerləşməsi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 12 yanvar 2024-cü il tarixli, 14-2/2-95/2024 nömrəli məktubu ilə bildirmişdir ki, iddia olunan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X6 haqqında” Sazişə əsasən ‘‘X8” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Bu səbəbdən, həmçinin qanunvericiliyin tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Həmçinin, müəyyən olunmuşdur ki, torpaq sahəsi 2280 nömrəli ləğv olunmuş neft-qaz quyusunun 61 metrlik, 2290 nömrəli ləğv olunmuş neft-qaz quyusunun isə 65 metrlik məsafəsində mühafizə zonasında yerləşir. Həmin torpaq sahəsinin 0,8 metr məsafəsindən SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin istismarında olan 219 və 108 mm-lik yerüstü orta təzyiqli qaz kəmərləri keçir. Qeyd olunan məktubdan göründüyü kimi mübahisələndirilən torpaq sahəsi neftqaz quyularının mühafizə zonasında yerləşsə də, həmin quyular ləğv olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 6 fevral tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehitmalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 7 iyul tarixli 259 nömrəli Qərarının 3.3-cü bəndinə görə əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına, fərdi yaşayış evlərinə, yataqxanalara, ictimai və inzibati binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) aşağıdakı cədvəldə verilmişdir: (...)
3. Neftqazçıxarma sənayesi obyektlərində ləğv olunmuş quyular yaşayış binaları, fərdi yaşayış evləri, yataqxanalar, inzibati binalar və müvəqqəti salınmış qəsəbələrdə - 75 m, ictimai binalar (mədəniyyət və təhsil müəssisələrinin binaları, uşaq bağçası – körpələr evi, tibb müəssisələrinin binaları, iri ticarət mərkəzləri, əyləncə kompleksləri və s. - 125 m, sənaye və kənd təsərrüfatı müəssisələrinin binaları – 25 m, elektrik ötürücü xətləri (hava xətləri 6 kV və yuxarı) – 15 m, elektrik yarımstansiyaları (35/6kV və yuxarı) – 25 m. Məhkəmə kollegiyası iddiaçının iddia etdiyi torpaq sahəsinin ləğv edilmiş quyuların mühafizə zolağına düşdüyünü və həmin torpaq sahəsinin bələdiyyə tərəfindən məhz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrıldığını nəzərə alaraq hesab edir ki, həmin quyudan torpaq sahəsinə dair minimum məsafə 25 m-dən artıq olduğundan bu dəlil mülkiyyət hüququnun qeydə alınması üçün imtinaya əsas deyildir. O da nəzərə alınmalıdır ki, istinad edilən torpaq sahəsinin ətrafında tikililər mövcud olmaqla yanaşı, 29 sentyabr 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X6 haqqında Saziş”ə və “X5”nə əsasən neft-qaz əməliyyatlarının aparılması məqsədilə həmin torpaq sahəsi Maraqlı şəxs2 şirkətinin istifadəsinə verilsə də, bu illər ərzində şirkət tərəfindən həmin ərazidən istifadə edilməyərək, orada hər hansı işlər görülməmiş, eyni zamanda ərazidə aktiv olan neft qurğuları və eləcə də neft quyuları da mövcud deyildir Bundan başqa hazırki mübahisəyə münasibətdə cavabdeh inzibati orqan tərəfindən bərabərlik (bərabər yanaşma) prinsipi pozulmuşdur. Belə ki, mübahisəyə dair işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən qonşu torpaq sahələri üzərində vətəndaşların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində yaşayış məntəqələrinin torpaqları kimi qeydiyyata alınaraq onlara bu barədə müvafiq çıxarışlar, o cümlədən, torpaq sahəsinə dair plan və ölçü sənədləri verilmişdir. Nəzərə almaq lazımdır ki, həmin ərazidə yerləşən qonşu torpaq sahiblərinin hüquqları qeydə alındığı və onlara bu barədə müvafiq çıxarışın verildiyi halda, onlarla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Qeyd edilməlidir ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar ümumi sözlər şəklində ifadə edilməklə, formal xarakter daşımış və əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilərək iddia tələbi təmin edilməldiir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, 2-1(118)-1125/2023 nömrəli qərarı dəyişdirilsin. Bakı şəhəri Binəqədi rayon Xocasən bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 21/36 saylı qərarı ilə ayrılmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Şamaxı şossesi 2 ünvanında yerləşən 0,17 ha (0,72 ha torpaq sahəsinin dəmir yolunun mühafizə zolağına düşən 0,55 ha torpaq sahəsi çıxıldıqdan sonra yerdə qalan hissə) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.