Məhkəmə qərarları › İş №2-1(105)-172/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-172/2021

27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-172/2021 27.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndələri X2 və X3 iştirakı ilə İddiaçı “E.M.İSMAYİLOV VƏ T.D.ABDULLAYEVİN TAM ORTAQLİ “T.E.K.O." firmasının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2- 1(118)-396/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 4 saylı Ərazi Vergilər İdarəsinin 02.08.2018-ci il tarixli **********158732 saylı qərarına əsasən, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə uyğun olaraq, iddiaçı barəsində növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. Aparılmış səyyar vergi yoxlamasının nəticəsində 16.09.2019-cu il tarixli **********163831 aylı akt qəbul edilmiş, həmin aktın əsasında 29.10.2019-cu il tarixli **********192336 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. 29.10.2019-cu il tarixli qərarla iddiaçı firma barəsində 2017-ci ilin mənfəət vergisi üzrə 3673,72 manat və 1836,86 manat maliyyə sanksiyası , 2016-cı ilin ƏDV üzrə 7438,86 manat və 3719,43 manat maliyyə sanksiyası hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.10.2019cu il tarixli **********192336 saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərarın ləğv edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” Firması (bundan sonra Firma) yanacağın parakəndə satışı istiqamətində fəaliyyət göstərmişdir. Ona məxsus yanacaq doldurma məntəqəsi Bakı Şamaxı yolunun 85-ci km-də yerləşir. Səyyar vergi yoxlaması zamanı firmanın yanacağın pərakəndə satışı ilə bağlı gəlir və xərclərin dövriyyəsi düzgün göstərilməmiş və yanlış hesablamalar aparılmışdır. Qeyd olunan akt vergi ödəyicisinin iştirakı olmadan bir tərəfli qaydada tərtib edilmişdir. Onun nəticəsi ilə bağlı cavabdeh tərəfindən qəbul edilmiş hazırda mübahisələndirilən 29.10.2019-cu il tarixli qərarın qəbul edilməsindən əvvəl vergi ödəyicisi dəvət edilmiş, lakin əsaslı tələbləri nəzərə alınmadan, qərar qəbul edilmişdir. Akt və qərara görə hesablanmış 14.751,69 manat vergi məbləğindən 7.438,86 manat məbləğində ƏDV-nin yaranma mənbəsi, 2016-cı ilin əvvəlinə olan 41.327 manat məbləğində mal qalığının, 2016-cı il ərzində satıldığı kimi göstərilmişdir. Halbuki, vergi tutma obyekti kimi götürülmüş 41.327 manat məbləğində mal qalığı, yanacaq deyil, Firmanın saxlanılması üçün əvəllər alınmış avadanlıqların ehtiyat hissələri, rənglər, reklam əşyaları və.s. az qiymətli əşyalar olmuşdur. 2016-cı il ərzində Firmanın yanacaq doldurma məntəqəsinin saxlanılmasına və yenidən qurma işlərinə sərf edilmişdir. Həmçinin akt və qərara görə hesablanmış 14.751,69 manat vergi məbləğindən 3.673,72 manat məbləğində mənfəət vergisinin yaranma mənbəsi, 2017-ci il ərzində dövriyyənin 18.368,60 manat məbləğində azaldıldığı göstərilmişdir. Buna da təsirinin yanacağın topdan alış dəyərində hər litrində 0,02 qəpik yol vergisinin, ƏDV hesablanılan məbləğdə nəzərə alınması olmuşdur. Yəni həmin 0,02 qəpik çıxılandan sonra ƏDV hesablanmalıdır ki, bu da mənfəət vergisinin tutma obyektinin məbləğinin hər satılmış yanacaq tonunda 3,6 manat azaldılması kimi götürülmüşdür. Halbuki, 2017-ci il ərzində yol vergisinin məbləği ilə bağlı qeyd olunan, hər ton üçün 20 manat ümumiyyətlə Firma tərəfindən xərclərdə nəzərə alınmamışdır. Bu da nəticədə mənfəət vergisinin cavabdehin qeyd etdiyi kimi 1 ton üçün 3,6 manat azalmasma təsir etsə də, ona qarşılıq olan xərclərin çəkisində hər satılmış ton üçün 20 manat xərclərin az göstərildiyi baxımından, 16,4 (20- 3,6) manat vergi tutma obyektinin məbləğinin artıq göstərilməsi kimi hesabat aparılmışdır. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, firma tərəfindən vergi orqanına təqdim edilmiş 2016-cı il üçün mənfəət vergisinin bəyannaməsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirin 332962,28 manat (həmçinin ƏDV-yə cəlb edilən dövriyyəsinin), gəlirin əldə edilməsi ilə bağlı xərclərin 363465,74 manat olmaqla vergiyə cəlb olunan mənfəətin 0,00 manat, mənfəətdən verginin 0,00 manat olması və ili 30503,46 manat zərərlə başa vurduğu göstərilmişdir. Lakin yoxlama zamanı müəyyən edilmişdir ki, vergi orqanına təqdim edilmiş 2016-cı il mənfəət vergisi bəyannaməsinə əsasən firma tərəfindən təqdim edilmiş 41327,0 manat dəyərində hazır məhsul həmin il üçün gəlirin əldə edilməsi ilə bağlı xərclərinə əlavə edilmiş, lakin firmanın gəliri kimi nəzərə alınmamışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən mənfəət vergisi bəyannaməsi tərtib edilərkən əldə edilmiş yanacaq məhsullarının alış və satış dəyərinin yol vergisi nəzərə alınmadan bəyan edildiyi məlum olmuş, təqdim edilmiş mənfəət vergisi bəyannamələrində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində il ərzində ƏDV-yə cəlb edilən dövriyyə gəlir kimi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 161.1 -ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmin maddədə ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisinin çıxıldığı qeyd edilir. Qeyd olunanlara əsasən neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan həmin məbləğdən (məbləğin içindən) ƏDV-nin hesablanması həyata keçirilir.Beləliklə mənfəət vergisi bəyannaməsinin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində vergi ödəyicisinin ƏDV-yə cəlb edilən dövriyyəsi və həmin dövriyyədə əks etdirilən malların əldə edilərkən ödənilmiş yol vergisi üzərinə gələrək hesablanmalı olduğu müəyyən edilir. Qeyd edilən səbəbdən firmanın 2016-cı il üçün malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 386596,28 manat (332962,28 (ƏDV-yə cəlb edilmiş dövriyyə)+41327,0 (bəyan edilməmiş gəlir) +12307,0 (yol vergisi)), gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 371650,27 manat (malların dəyəri 344323,30 (290689,30 yanacağın ƏDV- siz və yol vergisiz alış dəyəri+12307,0 yol vergisi+41327,0 hazır məhsul) + mənfəət bəyannaməsinin digər xərc sətirlərinin cəmi 27326,97) olmaqla vergiyə cəlb olunan mənfəətinin 14946,01 manat təşkil etdiyi məlum olmuşdur. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci il üçün mənfəət vergisinin bəyannaməsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 893398,32 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 800310,66 manat, keçmiş illərin zərərinin 37096,90 manat (2013-cü il 6593,44 manat, 2016-cı il 30503,46 manat) olmaqla vergiyə cəlb olunan mənfəətin keçmiş illərin zərəri çıxılmaqla 55990,76 manat, mənfəətdən verginin 11198,15 manat olması göstərilmişdir. Firmanın 2017-ci il üçün vergi orqanına təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən isə ƏDV-yə cəlb edilən dövriyyə 893998,3 manat təşkil etmişdir. Yoxlama zamanı müəyyən edildi ki, firma 2016-cı ili zərərlə deyil mənfəətlə başa vurmuş, eyni zamanda əldə edilmiş yanacaq məhsullarının dəyərinə daxil edilməli olan yol vergisi nəzərə alınmamış, gəlir və xərclər hissəsində qeyd edilməmişdir.Beləliklə, firmanın 2017-ci il ərzində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 922529,66 manat (893998,3 ƏDV dövriyyəsi + yol vergisi 28531,3), gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 841576,82 manat (malların dəyəri 822989,74 (yanacağın ƏDV-siz və yol vergisiz alış dəyəri 794458,44 + yol vergisi 28531,3 )+18587,08 mənfəət bəyannaməsinin digər xərc sətirlərinin cəmi) olmaqla vergiyə cəlb olunan mənfəətinin 80952,78 manat, keçmiş illərin zərərinin 6593,44 manat (2013-cü il), keçmiş illərin zərəri çıxıldıqdan sonra vergiyə cəlb olunan mənfəətin 74359,34 manat, mənfəətdən verginin isə 14871,87 manat təşkil etdiyi məlum olmuşdur. Yoxlama zamanı əldə olunmuş məlumatlar əsasında hesabat rəqəmləri ilə faktiki rəqəmləri üzləşdirdikdə mənfəətdən verginin 2017-ci ildə 3673,72 manat (14871,87 - 11198,15 ) azaldılması müəyyən edilmişdir. Habelə yoxlanılan dövr ərzində firma yanacağın pərakəndə satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin müddəalarına əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi ödəyicisinin isə təqdim etdiyi NKA (nəzarət kassa aparatı) çeklərində dövriyyənin kassa aparatlarına vurulmadığı müəyyən olunmuş və bu səbəbdən dövriyyənin müəyyən olunması zamanı təqdim edilmiş ƏDV bəyannamələri əsas götürülmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsində isə ƏDV-yə cəlb edilən əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Həmçinin təqdim edilmiş qaimə fakturaların tərtibatı haqqında cavabdeh bildirmişdir ki, vergi ödəyicisi yol vergisinin mükəlləfiyyəçisi olmadığı üçün, təqdim edilmiş qaimə fakturalarda yol vergisinin ayrıca xanada göstərilməsi yolverilməzdir. Səyyar vergi yoxlaması ilə 2016-cı il üzrə firmanın dövriyyəsinə əlavə edilmiş 41327 manat dəyərində hazır məhsulun alışını təsdiq edən sənədlərin təqdim edilməsi ilə bağlı 15.07.2019-cu il tarixli **********291400 nömrəli məktub firmaya təqdim edilmiş, lakin vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilə bilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli, 2-1(118)-396/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində iddia ərizəsində qeyd etdiyi dəlilləri sadalamış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarda yalnız 41.327 manat məbləğində mal qalığı ilə bağlı mübahisəyə münasibət bildirmiş, yanacağın topdan alış dəyərində hər litrində 0,02 qəpik çıxılandan sonra ƏDV hesablanmadığı ilə bağlı mübahisənin digər hissəsinə ümumiyyətlə münasibət bildirilməmişdir. Halbuki, iddia tələbini 3.673,72 manat mənfəət vergisi və ona hesablanmış 1.836,86 manat maliyyə sanksiyası ilə bağlı mübahisə məhz iddia tələbinin ikinci hissəsinə aiddir. Məhkəmə mübahisələndirilən 41.327 manat məbləğində mal qalığının yanacaq deyil, firmanın saxlanılması üçün mal-material olduğunu sübüt etmə vəzifəsini iddiaçıya aid etməklə, yanlış nəticəyə gəlmişdir. Halbuki, yanacaq materialları Firmaya yol qaimələri əsasında daxil olur və YDM-də satılmaqla, kassa hesabatı ilə nəzarət olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Apelyasiyanın mümkünlüyü, apelyasiya baxışının hədləri Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.2-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İş üzrə iddiaçı birinci instansiya məhkəməsinin qərarının tam ləğv edilməsini tələb etdiyindən hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36-cı maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Həmin Məcəllənin 49.1-ci maddəsinə görə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri (rəhbərin müavini) 10 gün müddətində aşağıda göstərilən qərarlardan birini çıxarır: (maddə 49.1.1) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi; (maddə 49.1.2) vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması; (maddə 49.1.3) əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında. Hazırki işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı yanacaq doldurma məntəqəsində yanacağın pərakəndə satışı istiqamətində fəaliyyət göstərir. İddiaçı barəsində aparılmış növbədənkənar səyyar vergi yoxlaması ilə ƏDV və mənfəət vergisi üzrə əlavə vergilərin hesablanması barədə 29.10.2019-cu il tarixli **********192336 saylı saylı “Vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi barədə” qərar qəbul edilmişdir. Qeyd edilən qərarla iddiaçıya 2016-cı il üzrə ƏDV, 2017-ci il üzrə isə mənfəət vergisi hesablanmışdır. İddiaçı hər iki verginin hesablanmasını mübahisələndirir. Kollegiya ilk növbədə cavabdeh tərəfindən 2016-cı il üzrə əlavə dəyər vergisinin hesablanmasına dair hissədə iddiaçının apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməyi məqsədəuyğun hesab edir. 2016-cı il üzrə əlavə dəyər vergisi ilə bağlı səyyar yoxlama zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisində keçirilmiş sonuncu səyyar vergi yoxlamasının (27.12.2016-cı il **********038852 nömrəli səyyar vergi yoxlaması aktı) nəticələrinə əsasən 01.01.2016-cı il tarixə vergi ödəyicisinin sahibliyində qalan və satış üçün nəzərdə tutulan ehtiyatların dəyəri 73025.35 manat (hazır məhsul 41327 manat, mallar 31698.35 manat) olmuşdur. Vergi ödəyicisi təqdim etdiyi 2016-cı ilin nəticələrinə dair mənfəət vergisi bəyannaməsinə əsasən balansında mövcud olan 41327.0 manat hazır məhsulu 2016-cı ildə təqdim etmiş, lakin həmin vəsaiti 2016-cı ilin ƏDV dövriyyəsində bəyan etməmiş, həmçinin, Firmanın rəhbəri tərəfindən yoxlamaya 41327.0 manat dəyərində hazır məhsulun hansı formada təqdim edilməsi barədə heç bir sənəd təqdim edilməmişdir. Qeyd edilən səbəbdən və Vergi Məcəlləsinin 159.5-ci maddəsinin tələbləri pozulduğundan ƏDV üzrə 2016-cı ildə 7438.86 (41327.0*18%) manat əlavə vəsait hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış 7438.86 manat vergi məbləğinin 50%-i miqdarında yəni 3719.43 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddia ərizəsində və apelyasiya şikayətində vergi tutma obyekti kimi götürülmüş 41.327 manat məbləğində mal qalığının yanacaq deyil, Firmanın saxlanılması üçün əvəllər alınmış avadanlıqların ehtiyat hissələri, rənglər, reklam əşyaları və.s. az qiymətli əşyalar olduğunu və 2016-cı il ərzində Firmanın yanacaq doldurma məntəqəsinin saxlanılmasına və yenidən qurma işlərinə sərf edildiyini bildirmişdir. Kollegiya aşağıda qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, iddiaçı 41.327 manat məbləğində mal qalığının yanacaq deyil, sair ehtiyatlar olduğunu bildirsə də, 2015-ci il üzrə iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə 1№-li əlavədən görünür ki, iddiaçının özü Firmaya məxsus olan 41.327 manat məbləğində malın 1.3.1-ci bənddə qeyd etməklə “hazır məhsul” olduğunu bəyan etmişdir. Həmin 1 № əlavənin “Sair ehtiyatların” qeyd edildiyi 1.3.4-cü bənddə isə iddiaçı tərəfindən heç bir qeydiyyat aparılmamışdır. Vergi ödəyicisinin təqdim etdiyi 2016-cı ilin nəticələrinə dair mənfəət vergisi bəyannaməsindən isə görünür ki, müəssisənin balansında mövcud olan 41327.0 manat hazır məhsul 2016-cı ildə təqdim edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.10-cü maddəsinə əsasən, malların təqdim edilməsi dedikdə – mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, malların satışı, mübadiləsi, hədiyyə verilməsi ...... başa düşülür. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən, malların təqdim edilməsi..... vergitutma obyektidir. Həmin Məcəllənin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, 41.327 manat məbləğində mal iddiaçının özü tərəfindən 2015-ci il üzrə mənfəət vergisinin 1 № əlavəsində hazır məhsul olaraq qeyd edilməsinə və həmin hazır məhsulun 2016-cı ildə təqdim edilməsinə baxmayaraq, 2016-cı ilin ƏDV dövriyyəsində bəyan edilmədiyindən cavabdeh haqlı olaraq iddiaçıya 2016-cı il üzrə 7438.86 manat ƏDV (41327*18%=7438.86) hesablamış və azaldılmış vergi məbləğinin 50% miqdarında 3719.43 maliyyə sanksiyası tətbiq etmişdir. 2017-ci il üzrə mənfəət vergisinin hesablanmasına dair hissədə iddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, işdə olan sənədlərdən görünür ki, mənfəət vergisinin hesablanmasına səbəb yuxarıda qeyd edildiyi kimi, iddiaçı tərəfindən 2016-cı ildə təqdim edilmiş 41327,0 manat dəyərində hazır məhsulun həmin il üçün gəlirin əldə edilməsi ilə bağlı xərclərə əlavə edilsə də, lakin firmanın gəliri kimi nəzərə alınmaması olmuşdur. Belə ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş 2016-cı mənfəət vergisinin bəyannaməsinə əsasən gəlirin 332962.28 manat (həmçinin ƏDV-yə cəlb edilən dövriyyəsinin), gəlirin əldə edilməsi ilə bağlı xərclərin 363465.74 manat olmaqla, vergiyə cəlb olunan mənfəətin 0.00 manat, mənfəətdən verginin 0.00 manat olması və ili 30503.46 manat zərərlə başa vurduğu göstərilmişdir. Yoxlama zamanı isə məyyən edilmişdir ki, vergi orqanına təqdim edilmiş 2016-cı il mənfəət vergisi bəyannaməsinə əsasən Firma tərəfindən təqdim edilmiş 41327.0 manat dəyərində hazır məhsul həmin il üçün gəlirin əldə edilməsi ilə bağlı xərclərinə əlavə edilmiş, lakin, Firmanın gəliri kimi nəzərə alınmamışdır. Həmçinin, vergi ödəyicisi tərəfindən mənfəət vergisi bəyannaməsi tərtib edilərkən əldə edilmiş yanacaq məhsullarının alış və satış dəyərinin yol vergisi nəzərə alınmadan bəyan edildiyi məlum olmuş, təqdim edilmiş mənfəət vergisi bəyannamələrində malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətirində il ərzində ƏDV-yə cəlb edilən dövriyyə gəlir kimi göstərilmişdir. Halbuki, Vergi Məcəlləsinin 166.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Adıçəkilən maddədə ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisinin çıxıldığı qeyd edilir. Qeyd olunanlara əsasən neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan həmin məbləğdən (məbləğin içindən) ƏDV-nin hesablanması həyata keçirilir. Beləliklə mənfəət vergisi bəyannaməsinin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəlir sətrində vergi ödəyicisinin ƏDV-yə cəlb edilən dövriyyəsi və həmin dövriyyədə əks etdirilən malların əldə edilərkən ödənilmiş yol vergisi üzərinə gələrək hesablanmalı olduğu müəyyən edilmişdir. Qeyd edilən səbəbdən Firmanın 2016-cı il üçün malların təqdim edilməsindən(işlərin görülməsindən və xidmətlərin göstərilməsindən) gəlirinin 386596,28 manat (332962,28 (ƏDV-yə cəlb edilmiş dövriyyə)+41327,0 (bəyan edilməmiş gəlir)+12307 (yol vergisi), gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 371650,27 manat (malların dəyəri 344323,30 (290689,30 yanacağın ƏDV-siz və yol vergisiz alış dəyəri+12307 yol vergisi+41327 hazır məhsul)+ mənfəət bəyannaməsinin digər xərc sətirlərinin cəmi 27326,97) olmaqla vergiyə cəlb olunan mənfəətinin 14946,01 manat təşkil etdiyi məlum olmuşdur. Lakin Firmanın keçmiş illərinin zərəri 25031,47 manat (2011-ci il 18438,03 manat, 2013-cü il 6593,44 manat) olduğu üçün 2016-cı il üzrə mənfəətdən vergi hesablanmamışdır. Eyni zamanda vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 2017-ci il üçün mənfəət vergisinin bəyannaməsinə əsasən malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 893398,32 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 800310,66 manat, keçmiş illərin zərərinin 37096,90 manat (2013-cü il 6593,44 manat, 2016-cı il 30503,46 manat) olmaqla vergiyə cəlb olunan mənfəətin keçmiş illərin zərəri çıxılmaqla 55990,76 manat, mənfəətdən verginin 11198,15 manat olması göstərilmişdir. Firmanın 2017-ci il üçün təqdim etdiyi ƏDV bəyannamələrinə əsasən isə ƏDV-yə cəlb edilən dövriyyə 893998,3 manat təşkil etmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Firma 2016-cı ili zərərlə deyil, mənfəətlə başa vurmuş, eyni zamanda əldə edilmiş yanacaq məhsullarının dəyərinə daxil edilməli olan yol vergisi nəzərə alınmamış, gəlir və xərclər hissəsində qeyd edilməmişdir. Beləliklə, Firmanın 2017-ci il ərzində malların təqdim edilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirinin 922529.66 manat (893998.3 ƏDV dövriyyəsi + yol vergisi 28531.3), gəlirin əldə edilməsi ilə bağlı xərclərinin 841576.82 manat (malların dəyəri 822989.74 (yanacağın ƏDV-siz və yol vergisiz alış dəyəri 794458.44 + yol vergisi 3531.3 )+18587.08 mənfəət bəyannaməsinin digər xərc sətirlərinin cəmi) olmaqla vergiyə cəlb olunan mənfəətinin 80952.78 manat, keçmiş illərin zərərinin 6593.44 manat (2013-cü il), keçmiş illərin zərəri (azaldıqdan sonra vergiyə cəlb olunan mənfəətin 74359.34 manat, mənfəətdən verginin isə 14871.87 manat təşkil etdiyi məlum olmuşdur. Yoxlama zamanı əldə olunmuş məlumatlar əsasında hesabat rəqəmləri ilə faktiki rəqəmləri üzləşdirdikdə mənfəətdən verginin 2017-ci ildə 3673.72 manat (14871.87 -11198.15) azaldılması müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması müəyyən edildi ki, iddiaçı 2016-cı ildə təqdim etdiyi mənfəət vergisi bəyannaməsində 41327 manat məbləğində hazır məhsulun təqdim edilməsindən əldə edilən gəliri firmanın gəliri kimi nəzərə almadığından, ili 30503.46 manat zərərlə başa vurduğunu göstərmişdir. Həmin gəlir nəzərə alındıqda isə iddiacı 2016-cı ili 14946,01 manat mənfəətlə başa vurduğu müəyyən edilir. Lakin Firmanın keçmiş illərinin zərəri 25031,47 manat (2011-ci il 18438,03 manat, 2013-cü il 6593,44 manat) olduğu üçün vergi orqanı tərəfindən 2016-cı il üzrə mənfəətdən vergi hesablanmamışdır. 2017-ci il üzrə isə iddiaçı özünün təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən, gəlirinin 893398,32 manat, xərclərinin 800310,66 manat olduğunu bildirmiş, gəlirdən xərclərlə yanaşı keçmiş illərin- 2013-cü il 6593,44 manat, 2016-cı il 30503,46 manat zərər çıxmaqla olmaqla vergiyə cəlb olunan mənfəətin 55990,76 manat, mənfəətdən verginin isə 11198,15 manat olduğunu göstərmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 2016-cı ili 14946,01 manat mənfəətlə başa vurmuş, həmin mənfəətdən keçən illərin zərəri nəzərə alınmaqla vergi hesablanmamışdır. Məhz bu səbəbdən vergi orqanı tərəfindən 2016-cı ilin zərəri nəzərə alınmadan mənfəətin yenidən hesablanması aparılmış və 2017-ci ildə mənfəət vergisinin 3673.72 manat azaldılması müəyyən edilmişdir İşin sadalanan xüsusatlarını nəzərə alaraq kollegiya hesab edir ki, vergi orqanı tərəfindən 2017-ci il üzrə mənfəət vergisinin hesablanmasında hər hansı səhvə yol verilməmiş, vergi orqanın qərarının ləğvi üçün əsas yoxdur. İddiaçı apelyasiya şikayətində yanacaq məhsullarının alış və satış dəyərində yol vergisinin nəzərə alınmadan bəyan edilməsi səbəbindən 2017-ci il üzrə mənfəət vergisinin hesablanmasını bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həm mənfəət, həm də əlavə dəyər vergisinin hesablanmasına səbəb 2016-cı ildə 41327 manat məbləğində məhsulun firmanın gəliri kimi nəzərə alınmaması və ƏDV dövriyyəsində göstərilməməsi olmuşdur. Yol vergisi ilə bağlı isə kollegiya qeyd edir ki, yoxlama zamanı vergi ödəyicisi tərəfindən mənfəət vergisi bəyannaməsi tərtib edilərkən əldə edilmiş yanacaq məhsullarının alış və satış dəyərinin yol vergisi nəzərə alınmadan bəyan edildiyi məlum olsa da, səyyar yoxlama zamanı sadəcə həmin nöqsan aradan qaldırılmış, həm gəlir, həm də xərc hissəsində yol vergisi ayrıca göstərilmiş və hesablanmışdır. Lakin bu hal iddiaçıya əlavə olaraq mənfəət vergisinin hesablanmasına əsas olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı mübahisədə cavabdeh mübahisələndirilən qərarının qəbul edilməsini zəruri edən faktiki halları sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilmədi. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, vergi orqanın qərarı qanunun tələblərinə uyğun qəbul edildiyindən onun ləğv edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 oktyabr 2020-ci il tarixli 2-1(118)-396/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar