Məhkəmə qərarları › İş №2-1(105)-172/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-172/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-172/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə qarşı cavabdehlərdən maddi və mənəvi ziyana görə 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2-1(118)-2321/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə qərarının təsviri hissəsində proses iştirakçılarının mövqeləri nəzərə alınmaqla, mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti (iddiaçının tələbi, cavabdehin etirazları və ya mülahizələri və s.) yığcam şəkildə və mahiyyəti üzrə ifadə olunmalıdır. İddiaçı cavabdehlərə qarşı maddi və mənəvi ziyana görə pul tələbinə dair iddia qaldıraraq 15 səhifədən ibarət olan idda ərizəsində tələbini onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin çoxsaylı xəstəxanalarında müalicə və müayinələrdən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının 08.07.2003-cü il tarixli qərarına əsasən 2ci qrup əlillik təyin edilmişdir (ƏƏSM Nazirliyi TSEK- də müayinə aktından 623133N-li çıxarışın üzərindəki imzalar və ştampından göründüyü kimi Ali Nəzarət Komissiyası tətəfindən yoxlanılmışdır) tənəffüs çatmamazlığı İİ dərəcə, bronxial astma infeksionallergik forma, orta ağır gedişli tez-tez boğulma tutmaları ilə, əmək zəmanəti qrafasmda yazılıb ki, əmək qabiliyyətsizdir və ƏƏSMN-nin 2004-2015 və sairə tarixli qərarlarına əsasən 2021-ci ilin iyulun 1-nədək infeksion-allergik formada tənəffüs çatmamazlığı xəstəliyinə görə əlillik davam etmişdir, o vaxtdan bəri, 18 (on səkkiz) il ƏƏSMN-in TSEKnin qərarlarına əsasən əlillik təsdiqində infeksion-allerqik formada astmadan başqa yaşlaşdıqca ağır formada yanaşı xəstəlikləri də artmışdır. 63 yaşın içindədir. X2 araşdırma nəticələrinə görə astmadan sağaltmaq mümkün deyildir. Bu xəstəlikdən təxminən 30 ildir ki əziyyət çəkir.10.02.2021 -01.03.2021-ci il tarixlərdə dövlət xəstəxanasının allerqologiya şöbəsində müalicədən sonra, poliklinikanın 02.07.2021-ci il tarixli göndərişinə ƏƏSMN-nin tabeçiliyindəki Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi “əlillik təyin edilməsindən imtina, müalicə davam etdirilsin” qərarı qəbul etmişdir, bundan sonra yenidən dövlət xəstəxanasının allerqologiya şöbəsində müalicətdən sonra 02.09.2021-ci il tarixli Epikriz əsasında göndərilmiş TQS N-88 Formasına 01.10.2021-ci il tarixdə imtina cavabı verilmişdir, guya göndərişin qəbulu zamanı xəta baş vermişdir. Yenidən dövlət xəstəxanasının allerqologiya şöbəsində müalicədən sonrakı göndərilmiş TQS №88 formasına Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi “əlillik təyin edilməsindən imtina, ağciyər xəstəlikləri institutundan rəyi və müayinə məsləhət görülür” yazaraq 21.10.2021-ci il tarixli imtina qərarı qəbul etmişdir. Həmin Agentlik ona aid bu ilki ilk imtina qərarında “ağciyər xəstəlikləri institutundan rəyi və müayinə məsləhət” yazmamışdır, müalicə davam etdirilsin yazdığına görə o dövlət xəstəxanasında müalicə almışdır. Bu inzibati orqanın özbaşınalığı, onu ələ salmaq deməkdir, guya bütün ağır xəstəliklərindən “sağaldıb” onu cavanlaşdırıb, sonra 63 yaşında onu pulsuzluqdan, dərman almağa imkanı olmamaqla öldürmək istəyirlər. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin mərkəzi aparatında sıravi mütəxəssisdən şöbə rəisinin müavini vəzifəsinə kimi yüksəlmişdir. Yaxşı işinə görə o vaxtkı rəhbərlərin əmrlərinə əsasən vəzifələri pillə-pillə yüksəldilmişdir. 18 il bundan əvvəl Səhiyyə Nazirliyinin TSEK-ə göndərişinə və AR ƏƏSMN qərarına əsasən ikinci qrup əlillik təyin edilmişdir. Hesab edir ki, əgər o, dövlət qulluğunda işləməyi davam etsə idi, nazir və ya başqa bir böyük vəzifəyə təyin edilib işləyərdi. Qanuna əsasən əlilliyə görə dövlət qulluğu pensiyasını alan şəxs dövlət qulluğunda işləyə bilməz. Səhiyyə Nazirliyi və ƏƏSMN-nin TSEK-in 08.07.2003-cü il tarixli 2-ci qrup əlillik təyin edilməsi barədə qərarı ilə onun dövlət qulluğunda işləmək hüququnu məhdudlaşdırmışlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi 01.07.2021-ci il tarixinədək olan əlilliyinin müddətini artırmadığından əlilliyə görə pensiyanın (ayda təxminən 550AZN) ödənilməsi dayandırılmışdır. Dövlət Statistika Komitəsinin çəlumatına görə 2020-ci ildə Azərbaycan Respublikasında orta ömür uzunluğu 73 yaş olduğunu əsas götürülsə belə olan halda hər ay aldığı məbləğin infliyasiya nəzərə alınmaqla maddi və mənəvi ziyanın əvəzi kimi 100000 manat pul cavabdehlərdən hər birindən tutularaq ona ödənilməlidir. İddiaçı iddia ərizəsinin 3-cü səhifəsindən başlayaraq cavabdehlərə və digər dövlət orqanlarına qeyd edilən məsələ ilə əlaqədar etdiyi müraciətlərin və həmin müraciətlərə verilmiş cavabların məzmununa istinad etməklə və bir sıra müraciətlərinə cavab verilmədiyini göstərməklə müvafiq normativ-hüquqi aktların normalarını sadalamaqla cavabdehlərdən maddi və mənəvi ziyana görə 100.000 manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-2321/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iddia ərizəsinin baxılaraq tam təmin edilməsi üçün göstərişlərin yazılaraq məhkəmə işinin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətin dəlilləri İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmə iclasından əvvəl ona bildirilmişdir ki, qərardadda iddia ərizəsini qəbul etməli olan Bakı şəhərinin rayon məhkəmələrindən konkret hansına verilməli olacağı göstəriləcəkdir. Lakin, bu haqda qərardadda heç bir konkret məlumat yazılmamış, İPM-nin 13-cü maddəsindəki hüququ pozulmuşdur. Prosessual qanunun tələblərinə əsasaən məhkəmə qərarı konkret olmalıdır, qərarlarda qeyri-müəyyənliyə yol verilə bilməz. Qərardadda bir neçə cavabdehə qarşı iddianın yolverilməzliyinə dair yazısı prosessual qanunun hansı maddəsi ilə əsaslandırılmayıb. İddia ərizəsi prosessual qanunun tələblərinə müvafiq əsaslandırılsa da, hakim ədalətsiz qərardadı ilə mümkünsüz hesab etmişdir. İddiaçı daha sonra apellyasiya şikayətinə əlavə təqdim edərək iddia ərizəsinin mətnində əks edilmiş halları təkrar göstərməklə əlavəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin mərkəzi aparatında sıravi mütəxəssisdən şöbə rəisinin müavini vəzifəsinə kimi yüksəlmişdir. Yaxşı işinə görə o vaxtkı rəhbərlərin əmrlərinə əsasən vəzifələri pillə-pillə yüksəldilmişdir. 18 il bundan əvvəl Səhiyyə Nazirliyinin TSEK-ə göndərişinə və AR ƏƏSMN qərarına əsasən ikinci qrup əlillik təyin edilmişdir. Hesab edir ki, əgər o, dövlət qulluğunda işləməyi davam etsə idi, nazir və ya başqa bir böyük vəzifəyə təyin edilib işləyərdi. Qanuna əsasən əlilliyə görə dövlət qulluğu pensiyasını alan şəxs dövlət qulluğunda işləyə bilməz. Səhiyyə Nazirliyi və ƏƏSMN-nin TSEK-in 08.07.2003-cü il tarixli 2-ci qrup əlillik təyin edilməsi barədə qərarı ilə onun dövlət qulluğunda işləmək hüququnu məhdudlaşdırmışlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi 01.07.2021-ci il tarixinədək olan əlilliyinin müddətini artırmadığından əlilliyə görə pensiyanın (ayda təxminən 550AZN) ödənilməsi dayandırılmışdır. Faktiki olaraq kompensasiya tələbi barədə iddia ərizəsinin olduğunu hakim qərardadında İPM-ə əsasən iddia ərizəsinin əsas mahiyyətini yazmalı olduğu halda qəsdən yazmamşdır, səhv istiqamətdə yozmuşdur. Apellyasiya şikayətinə əlavədə iddiaçı tələbini belə əsaslandırır ki, əgər ƏƏSM Nazirliyi 08.07.2003-cü il tarixli qərarına əsasən “əmək qabiliyyətsizdir” qərarında yazaraq 2-ci qrup əlillik təyin etmişdirsə və indi 63 yaşında onun əlil olmadığını qərarında təsdiqləməmişdirsə, belə olan halda ömürünün çox hissəsini peşəkar dövlət qulluqçusu kimi işlədiyinə baxmayaraq dövlət qulluğunda işləmək hüququndan onu faktiki olaraq məhrum etdiyindən ona cavabdehlər kompensasiya ödəməlidir. Apellyasiya şikayətinə əlavədə iddiaçı birinci instansya məhkəməsinin iş üzrə qərardadının ləğv edilməsini və iddia ərizəsinin tam təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin və şikayətə əlavənin məzmununa uyğun izahat verərək hazırkı iddiasının İnzibati Prosessual Məcəllənin 2.2.7-ci maddəsinə əsasən kompensasiya tələbi olduğunu, əmək hüquqlarının pozulduğuna görə cavabdehlərdən kompensasiya tələb etdiyini bildirmiş, şikayətin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən nümayəndə G.Musayeva apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq cavabdehlər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, İPM-in istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçının iddia ərizəsində cavabdeh kimi qeyd etdiyi 4 müxtəlif inzibati orqandan kompensasiya tələb etməkdən ibarət subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdehlərin hər biri tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə iddiaçı tərəfindən belə sübutların verilməsi müəyyən olunmur. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi mücərrəd xarakter daşımaqla, bir tərəfdən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən onun əlilliyinin müddətini artırılmamasından narazılığı və hüquqlarının pozulması ilə əsaslandırıldığı halda, digər tərəfdən ona 08.07.2003-cü il tarixdə 2-ci qrup əlillik təyin edilməsi barədə qərarla onun dövlət qulluğunda işləmək hüququnun, əmək hüquqlarının məhdudlaşdırılması ilə əsaslandırılmaqla cavabdehlərin hər birindən ayrı-ayrılıqda maddi və mənəvi ziyanın ödənilməsini (apellyasiya baxışında isə kompensasiya ödənilməsini) tələb edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2, 2.2.7-ci maddələrinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara baxılır. Məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda qeyd edilən halları, iddiaçının müvafiq dəlilləri və təqdim olunmuş ilkin sübutlar baxımından cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulması halı, o cümlədən onun hüquqlarına aşkar şəkildə müdaxilənin baş verməsi nəzərə çarpmır. Nəzərə alınmalıdır ki, iddiaçı onun əmək və sosial təminat hüquqlarına müdaxilə kimi qiymətləndərdiyi həm 2003-cü ildə əlillik təyin edilməsi, həm də 2021-ci ildə əlilliyinin dayandırılması ilə bağlı hər bir inzibati aktı ayrıayrılıqda mübahisələndirmək və nəticəsindən asılı olaraq hüquqlarının pozulduğu müəyyən edildiyi halda pozulmuş hüquqlarının müdafiəsi, o cümldən həmin qərarlar nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair hər bir müvafiq orqana qarşı ayrı-ayrılıqda iddialar qaldırmaq imkanına malik olmuşdur. Bu səəbdən birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı iddia tələbinin birgə cavabdehlərə qarşı yönəlməsinin də yolverilməz olması ilə bağlı düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, İPM-in 30-cu maddəsinin tələblərinə əsasən prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. İPM-in 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İddiaçı birgə cavabdeh qismində yuxarıda göstərilən 4 müxtəlif dövlət orqanını göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsaslandıra bilməmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qarşı yönələn tələbinə dair isə ümumiyyətlə hər-hansı əsaslandırma təqdim etməmişdir. İş materiallarından (səh.127-130), o cümlədən məhkəmə iclasının protokolundan görünür ki, birinci instansiya məhkəməsində iddiaçıya yardım göstərilrək iddianın mümkünsüzlüyünə səbəb olan hallar barədə onunla müzakirə aparılmış, iddiaçı əvvəlcə iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, daha sonra isə həmin ərizənin geri götürülmüş hesab edilməsi barədə digər ərizə təqdim edərək iddia tələbinə olduğu kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Bundan əlavə, məhkəmə tərəfindən sorğuya cavab olaraq Sumqayıt İnzibati Məhkəməsinin təqdim etdiyi 25.02.2022-ci il tarixli məktubdan görünür ki, həmin məhkəmənin icraatında İddiaçı hazırkı iş üzrə cavabdelər də daxil olmaqla müxtəlif dövlət orqanlarına qarşı 11 iş mövcud olmuş, onlardan 3 işə baxılmış, 8 iş isə məhkəmənin icratındadır. Qeyd edilən məktubda sadalanan ayrı-ayrı işlər üzrə iddia tələblərindən görünür ki, iddiaçı hazırkı işdə bir iddia ərizəsi ilə 4 müxtəlif cavabdehə qarşı eyni hallara istinad etməklə qaldırdığı iddia ilə yanaşı, hər bir cavabdehə qarşı ayrı-ayrı iddia tələbləri ilə də məhkəmədə iddialar qaldırmışdır. İş üzrə apellyasiya baxışı zamanı iddiaçının hazırkı işin baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsi ilə bağlı xahişinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələr üzrə məhkəmə aidiyyəti məsələləri İPM-nin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi adlanan 8-ci maddəsi, yuxarı məhkəmə instansiyası tərəfindən ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi əsasları isə 9-cu maddəsi ilə tənzimlənir. Hazırkı apellyasiya baxışının predmetini iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin qərardadının qanuniliyi təşkil etdiyindən, eyni zamanda İPM-nin 8-9-cu maddələrinə nəzərdə tutulmuş hallar müəyyən edilmədiyindən işin baxılması üçün aidiyyəti üzrə göndərilməsi də mümkün deyildir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2-1(118)-2321/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar