Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-172/2023 17.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X35, Cavabdehin nümayəndəsi X36 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxslərin adına verilmiş çıxarışın 1.0 ha hissədə ləğvi və həmin torpaq sahəsinə dair iddiaçının adına çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1119/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçının etibarnamə üzrə nümayəndəsi X39 17 yanvar 2022-ci il tarixində ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək, X5, X20, X8, X12, X9 adına olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 1.0 ha hissədə ləğv edilməsini xahiş etmişdir. Cavabdeh 24 yanvar 2022-ci il tarixli **********38 nömrəli məktubla “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3, 2.4 və 1.6-cı maddələrinə istinad edərək, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının ləğvinin İdarənin səlahiyyətlərinə aid olmadığını bildirərək, imtina cavabı vermişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********8 nömrəli imtinanın qanunsuz hesab edilməsi, X5, X20, X8, X12, X9 adına olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 1.0 ha hissədə ləğvi və həmin torpaq sahəsinə dair onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpağa mülkiyyət hüququna dair JN- 0057 kod 30112028 nömrəli Dövlət Aktına əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının 2000-ci il 14 iyul tarixli 08/04 saylı qərarı ilə X13, X25, X21, X22, X9 mülkiyyətlərinə 5.51 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi ayrılmışdır. Əhmədxanovlarla qohumluq münasibətlərindədir. Zaliddin Əhmədxanov onun həyat yoldaşına tikdiyi evinin damının bağlanılması üçün maddi imkanı olmaması, damı bağlamaq üçün pay torpaq sahəsini satmağa alıcı tapması barədə bir neçə dəfə müraciət etmişdir. Onların maddi vəziyyətini nəzərə alaraq həyat yoldaşı ilə ona kömək məqsədilə 1.0 ha torpaq sahəsini almaq qərarına gəlmişdirlər. Alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün Qusar rayon Dövlət Notariat Kontoruna müraciət etmiş, 19 aprel 2008-ci il tarixli müqaviləyə əsasən 2500 (iki min beş yüz) manat məbləğində pulu ödəyərək 1.0 ha torpaq sahəsini satın almışdır. 2008-ci il tarixdən həmin torpaq sahəsindən buğda, arpa əkməklə istifadə edir. X26 müəyyən edilən vergi və sosial sığorta haqlarını ödəyir. Həmçinin, dövlət tərəfindən ayrılan subsidiyanı almaq üçün adına bankomat kartı rəsmiləşdirilmişdir. Bu məqsədlə Əhmədxanovlar bələdiyyəyə ərizə ilə müraciət edərək bölgü əsasında rəsmiləşdirilmiş 1.0 ha torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsini də xahiş etmişlər. Lakin alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinə maddi vəziyyəti ilə əlaqədar uzun müddət çıxarış almamışdır. 1.0 ha torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmişdir. Xaçmaz Ərazi İdarəsindən vəkil sorğusuna əsasən sənədləri aldıqdan sonra məlum olmuşdur ki, cavabdehlər 5.51 ha torpaq sahəsindən 1.0 ha hissəni ona notariat qaydasında bağlanılmış 19 aprel 2008-ci il tarixli 4ə-İ-110 reyestr nömrəli müqaviləyə əsasən satdıqları halda, Qusar rayon Polis Şöbəsinə alqı-satqı predmeti olan və müqaviləni rəsmiləşdirmək üçün notariat kontoruna təqdim etdikləri Dövlət Aktının əslinin naməlum şəraitdə itməsi barədə ərizə ilə müraciət edərək Dövlət Aktının verilmə tarixini ərizələrində saxtalaşdırmaqla 14 dekabr 2000-ci il əvəzinə xx.xx.2000-ci ildə verilməsini yazaraq xx.xx.2013-cü il tarixli arayış almışlar. Həmin arayışı DƏDRX-nin Xaçmaz Ərazi İdarəsinə təqdim etməklə ona satdıqları 1.0 ha torpaq sahəsinə də daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış almışlar. Göstərilən səbəbdən ona satılan hissədə çıxarışın dəyişdirilməsi üçün ərizə ilə cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Əhmədxanovlar qeyd edilən alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişlər. Qusar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(029)-69/21 saylı 26 noyabr 2021-ci il tarixli qətnaməsi ilə Cəbrayılova (Əhmədxanova) Asiyat Zaliddin qızının İddiaçı və qeyrisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Qusar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(029)-69/21 saylı 26 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı X5 və qeyrilərinə qarşı çıxarışın 1.0 ha hissəsində etibarsız hesab edilməsi tələbinə dair iddiası barədə mülki iş üzrə icaata xitam verilmiş, RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi ilə bağlı müvafiq inzibati orqana, müsbət cavab almadıqda isə müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət etmək hüququ izah edilmişdir. Hesab edir ki, notariat qaydasında təsdiqlənmiş alqı-satqı qaydasında 2008-ci ildən mülkiyyətində olan torpaq sahəsinə dair çıxarış ləğv edilməli və onun həmin torpaq sahəsinə mülkiyyət hüquqularının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməlidir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddia ərizəsində göstərilən RX ******* seriyalı dövlət reyestrindən çıxarışda göstərilən 1.65 ha torpaq sahəsinin X6 çatan hissəsi Qusar rayon notariat kontorunun xx.xx.2020-ci il tarixli, 2V-777 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X14 adına özgəninkiləşdirmiş və həmin torpaq sahəsinə 1.65 ha ölçüdə X39, X2, X14, X7, X10, X11 adlarına dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 2-1(118)-1119/2022 nömrəli qərardadı ilə X15, X25, X21, X22, X23 iş üzrə məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdirlər. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1119/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, X3, X16, X7, X10, X9 adına olan RX seriya ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1.0 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir (hakim İ.Quliyev). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarı ilə ləğv edilmiş torpaq sahəsinə dair çıxarışda X5 çatan hissə üzrə mülkiyyət hüququ itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Qusar Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi, ekspert rəyinə əsasən 19 aprel 2008-ci il tarixli 4ə-İ-110 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarlı hesab edilmişdir. Qeyd edir ki, iddiaçı X1 1.0 ha torpaq sahəsini 19 aprel 2008-ci il tarixli 4ə-İ-110 reyestr nömrəli müqaviləyə əsasən dəyərini ödəməklə satın almışdır. Məhkəmə tərəfindən təyin edilən ekspert rəyinə əsasən mülkiyyətçilərin həmin alqı-satqı müqaviləsində imzaları təsdiq edilir. xx.xx.2020-ci il tarixli 2V-777 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən həmin torpaq sahəsinin 1.65 ha hissəsində həyat yoldaşı X35 adına çıxarışın hazırlanması qeyri mümkündür. Hesab edir ki, xx.xx.2020-ci il tarixli 2V-777 reyestr nömrəli vərəsəlik şəhadətnaməsinin mövcudluğu şübhə yaratmaqla verilməsi qanunsuzdur. AR Torpaq Məcəlləsinin 73-cü maddəsi torpaq mülkiyyətçilərinin hüquqlarına xitam verilməsi əsaslarını müəyyən edir. Həmin qanunun tələbinə görə torpaq sahəsi və ya onun bir hissəsi torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdə həmin şəxslərin mülkiyyət hüquqlarına xitam verilir. Bundan əlavə, sübutların ziddiyyətliyi ilə bağlı apellyator heç bir mövqe ortaya qoymamışdır. Sübutların ziddiyyətliyi işin faktiki hallarından sübutların bir-biri ilə uyğun olmamasından görünməlidir. Lakin iş üzrə sübutlarda bu hal müəyyən edilməmişdir. Apellyasiya şikayətində də bu hallar göstərilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına qeydiyyat aparılan zaman torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin mövcudluğundan məlumatları olmamışdır. Belə ki, hazırda həmin müqavilə notariat kontoru tərəfindən sistemə vurulmuşdur, əvvəllər isə müqavilə sistemdə görünmürdü. Cavabdehin nümayəndəsi şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, bir həftə bundan əvvəl üçüncü şəxslərdən biri ona zəng edərək hazırkı mübahisə ilə bağlı razılığa gəlmələrini təklif etmişdir. İddiaçının nümayəndəsi şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8 . Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (-) 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddia ərizəsindən görünür ki, iddiaçının tələbi üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın 1.0 ha hissədə ləğv edilməsi və həmin torpaq sahəsinə iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1119/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, üçüncü şəxslərin adına olan RX seriya ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış 1.0 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə, yəni həmin torpaq sahəsinə iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)-172/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2- 1(118)-1119/2022 nömrəli qərarı qismən - iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır. Bu baxımdan, hazırkı mübahisə predmeti üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparımış qeydiyyatın 1.0 ha hissədə ləğv edilməsidir. İş materiallarından görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı ilə X17, X25, X21, X22 və X11 adına ünvan 1i ərazisindən 5.51 ha torpaq sahəsi ayrılmış, torpaq sahəsinə dair Qusar rayon torpaq şöbəsi tərəfindən sonuncuların adına 24 oktyabr 2000-ci il tarixli JN-0057, KOD 30112028 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. İşdən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 14 iyul 2000-ci il tarixli 08/04 saylı qərarı ilə ümumilikdə 5.51 ha ayrılsa da, Dövlət Aktından müəyyən olunur ki, bütün torpaqlar vahid tamın tərkibi formasında deyil, hissələrə ayrılmışdır. Belə ki, Dövlət Aktına əsasən, 57D nömrəli planşet üzrə torpağın sahəsi 4500.03 kv.m, 0057 nömrəli planşet üzrə torpağın sahəsi 15571.57 kv.m, 57X nömrəli planşet üzrə torpağın sahəsi 1000.00 kv.m, 57A nömrəli planşet üzrə torpağın sahəsi 17499.99 kv.m, 57B nömrəli planşet üzrə torpağın sahəsi 16500.00 kv.m-dir. İddiaçı bildirir ki, Qusar rayon AİK-in qərarı ilə yuxarıda adları qeyd olunmuş şəxslərdən mülkiyyətlərində olan 1.65 ha torpaq sahəsindən 1.00 ha hissəsini notarial qaydada təsdiq olunmuş 19 aprel 2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satın almışdır. Bu səbəbdən işə birinci instansiya məhkəməsində baxılarkən həmin notariat işi tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Qusar rayon dövlət notariat ofisində 19 aprel 2008-ci il tarixdə 4Ə-1-110 reyestr nömrəsi ilə təsdiq edilmiş müqaviləyə dair notariat işindən görünür ki, 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X17, X25, X21, X22 və X24 24 oktyabr 2000-ci il tarixli JN-0057, KOD 30112028 qeydiyyat nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, mülkiyyətlərində olan 1.65 ha torpaq sahəsinin 1.00 ha hissəsini iddiaçıya satmışdırlar. Əhmədxanov Z., Əhmədxanova S., Əhmədxanov Ə., Əhmədxanov, Aslanova K. həmin müqaviləni imzaları ilə təsdiq etmişdirlər. X17, X25 tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ərizələrlə adıçəkilən şəxslər həddi büluğa çatmamış övladları X7 torpaq sahəsinin alqı-satqısı zamanı müqaviləyə özü tərəfindən imza etməsinə razı olduqlarını bildirmiş, eyni zamanda, alqı-satqı əməliyyatı zamanı azyaşlı övladları X11 adından çıxış etmələrinə icazə verilməsini xahiş etmişdirlər. 19 aprel 2008-ci il tarixli, 103 nömrəli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən notariat ofisinin Kapital Bank hesabına 44.00 (qırx dörd) manat dövlət rüsumu ödənilmişdir. İşin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən üçüncü şəxslərin mülkiyyətində 5.51 ha torpaq sahəsi olmuş, 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sonuncular Dövlət Aktına əsasən (57B nömrəli planşet üzrə) mülkiyyətlərində olan 1.65 ha (16500.00 kv.m) torpaq sahəsinin 1.00 ha hissəsini iddiaçıya satmışlar. İşdən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.65 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə ümumi birgə mülkiyyət hüququ əsasında X17, X25, X21, X22 və X11 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla da müəyyən olunur ki, üçüncü şəxslər öz adlarına ünvan 1ində yerləşən torpaq sahəsinə dair çıxarış alarkən 1.65 ha həcmdə torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmışlar, bu isə o demək olur ki, üçüncü şəxslər iddiaçıya satdıqları 1.65 ha torpaq sahəsindən 1.00 ha hissəsi üzərində də öz hüquqlarını qeydə aldırmışlar. Halbuki, həmin 1.00 ha torpaq sahəsini 2008-ci ildə alqı-satqı müqaviləsinə əsasən iddiaçıya satmışdılar. Hazırda iddiaçı həmin qeydiyyatı mübahisələndirir. İşdən görünür ki, iddia ilə üçüncü şəxslər arasında hazırkı mübahisədən əvvəl mülki məhkəmə icraatı qaydasında da məhkəmə çəkişməsi olmuşdur. Belə ki, Qusar Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(029)-69/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdehlər X15, X25, X21, X22, (Cəbrayılova) X18 qarşı RX seriyalı ******* nömrəli çıxarışın 1.0 ha hissədə ləğv edilməsi tələbinə dair iddiası barədə mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya tələblə bağlı inzibati orqana, müsbət cavab almadıqda isə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Eyni zamanda həmin iş üzrə (Cəbrayılova) X9 İddiaçı və Qusar rayon Notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin eibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası Qusar Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(029)-69/2021 nömrəli qətnaməsi ilə rədd edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Qusar Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Qusar Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(029)-69/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməmiş, xx.xx.2021-ci il tarixdə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Hazırkı halda qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqı-satqı müqaviləsi bağlanarkən Mülki Məcəllənin hər hansı tələbləri pozulmamış, hər bir tərəf özünün sərbəst iradəsinə əsaslanaraq müqaviləni imzalamışlar və notariat orqanı tərəfindən həmin müqavilənin qanuniliyi yoxlanılaraq müvafiq qaydada təsdiq olunmuşdur. Bununla da, həmin müqavilənin istər məzmunu, istərsə də forması qanunun tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyasında işin halları araşdırılarkən müəyyən edildi ki, notariat qaydada təsdiq edilmiş 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqısatqı müqaviləsinə əsasən üçüncü şəxslər mülkiyyətlərində olan 1.00 ha torpaq sahəsini iddiaçının mülkiyyətinə vermələrinə baxmayaraq, bundan 7 il sonra həmin torpaq sahəsi də daxil olmaqla 1.65 ha torpaq sahəsini mülkiyyət hüququ əsasında özlərinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə almışdırlar. Hazırkı halda işin yuxarıda qeyd olunan xüsusatları ilə üçüncü şəxslərlə iddiaçı arasında bağlanmış 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsinin iddiaçının mülkiyyətində olması işin mübahisəsiz halıdır. Cavabdeh, qeydiyyat aparmazdan əvvəl belə bir alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərsiz olduğunu, bu səbəbdən də yalnız üçüncü şəxslərin adına qeydiyyat apardığını, hazırki vəziyyətdə isə qeydiyyatla bağlı mübahisənin məhkəmə qaydasında həll edilməli olmasını bildirmişdir. Belə ki, cavabdehin imtina, iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin əsas dəlili “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə qaydasında həll edilməli olmasıdır. Cavabdeh apellyasiya şikayətinin dəlilində əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərarı ilə ləğv edilmiş torpaq sahəsinə dair çıxarışda X5 çatan hissə üzrə mülkiyyət hüququ itirilmişdir və onun ləğv edilməsi mümkün olmadığından gələcəkdə məhkəmə qətnaməsinin icrası qeyri-mümkün olacaqdır. Apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işdən görünür ki, X19 xx.xx.2019-cu il tarixdə öldüyündən 17 noyabr 2021-ci il tarixli, 2V-777 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, ünvan 1i ünvanında yerləşən 1.65 ha torpaq sahəsinin X6 məxsus hissəsinə X16 miras payı müəyyən edilmişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə təkrar qeydiyyat aparılmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********58 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 1.65 ha torpaq sahəsinin hər birinə 1\5 hissəsi olmaqla, xüsusi mülkiyyət hüququ üzrə payçılar X21, X22, X9, qalan 2/5 hissəsi isə payçı X16 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı halda X15 öldüyündən mübahisələndirilən 1.00 ha torpaq sahəsi də daxil olmaqla, 1.65 ha torpaq sahəsi üzərində onun payı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən X16 miras payı kimi müəyyən edilərək dövlət reyestrində təkrar qeydiyyat aparılsa da, işdən göründüyü kimi 1.00 ha torpaq sahəsi iddiaçıya qanuni əsaslarla satıldıqdan sonra həmin torpaq sahəsi də daxil olmaqla, 1.65 ha torpaq sahəsi üzərində üçüncü şəxslərin adına ilkin qeydiyyat xx.xx.2015-ci il tarixində aparılmış, məhz həmin qeydiyyatla iddiaçının mülkiyyət hüququna müdaxilə edildiyindən iddiaçı da haqlı olaraq hazırda həmin ilkin qeydiyyatı mübahisələndirir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.... Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1 və 139.3-cü maddələrinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: - 2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 16.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən, hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlər qanunla müəyyən olunmuş tələblərə cavab vermədikdə hüquqların dövlət qeydiyyatından imtina kimi hüquqi nəticəyə səbəb olur. Bu cür imtinanın konkret əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 15-ci maddəsində göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 19 aprel 2008-ci il tarixli, 4Ə-1-110 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 1.00 torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmiş, yəni torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına iddiaçının qanuni gözləntisi yaranmış, lakin iddiaçı müvafiq səbəblərdən torpaq üzərində mülkiyyət hüquqlarını qeydə aldırmamışdır. AR Konstitusiya Məhkəməsinin Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “ 15 yanvar 2010-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında ifadə etdiyi hüquqi mövqeyini bir daha təsdiq edir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir (Konstitusiya Məhkəməsi Plenumunun «F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarı). Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.” İddiaçı ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmasa da, yuxarıda qeyd olunan hüquqi mövqe baxımından onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına dair legitim gözləntisi olmuşdur. İşin sadalanan xüsusatlarına baxmayaraq, cavabdeh orqan həmin torpaq sahəsini üçüncü şəxslərin mülkiyyəti kimi qeydə almışdır. İşin sadalanan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçıya məxsus 1.00 ha torpaq sahəsinin üçüncü şəxslərin xüsusi mülkiyyəti olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qanunsuz olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 8.0. və 8.0.3-cü maddələrinin tələbinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Analoji qayda Mülki Məcəllənin 139-1.1 və 139-1.1.3-cü maddələrində də nəzərdə tutulub. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birini instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və buna görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar yoxdur. Lakin kollegiya bir məqama diqqət yetirməyi zəruri sayır. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı üçüncü şəxslərin adına olan RX seriyalı ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın 1.0 ha hissədə ləğvini xahiş etmiş, birinci instansiya məhkəməsi də qərarın nəticə hissəsində çıxarışı ləğv etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 9.2-ci maddəsinə əsasən qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış hüquqların dövlət qeydiyyatı ilə bağlı müvafiq orqanın hərəkətlərinin nəticəsidir ki, onun da müstəqil qaydada mübahisələndirilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, hazırkı iş üzrə iddiaçının hüquqi marağı alqı-satqı müqaviləsi əsasında əldə etdiyi daşınmaz əmlak (torpaq sahəsi) üzərində üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvinə nail olmaqdan ibarətdir. Nəzərə almaq lazımdır ki, şəxsin inzibati orqana və ya məhkəməyə (ərizə və ya iddia formasında) müraciətinin məzmunu onun hüquqi marağı və həmin müraciət vasitəsilə nail olmaq istədiyi məqsəd baxımından qiymətləndirilməlidir. Başqa sözlə, şəxsin hüquqi marağının müəyyən olunması baxımından müraciətin ifadə tərzi deyil, onun məzmunu əhəmiyyət kəsb edir və həm inzibati orqan, həm də məhkəmə yardımetmə vəzifəsi çərçivəsində şəxsin tələbinin məzmununun dəqiqləşdirilməsində və onun hüquqi marağının müəyyən olunmasında ona yardım göstərməyə borcludur. Belə yanaşma həm də prosessual qənaət məqsədlərinə xidmət edir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin qərarı dəyişdirilməli, iddia ərizəsində qeyd edildiyi kimi, çıxarışın deyil, ünvan 1ində yerləşən 1.65 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında üçüncü şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın qismən notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 1.00 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1119/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. ünvan 1ində yerləşən 1.65 ha torpaq sahəsinin mülkiyyət hüququ əsasında X17, X25, X21, X22 və X11 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** nömrə ilə aparılmış qeydiyyatın qismən - notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsinə əsasən iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmalı olan 1.00 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-172/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-172/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver