Məhkəmə qərarları › İş №2-1(105)-173/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-173/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-173/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona dövlət tərəfindən mənzillə təmin olunması üçün müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-820/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adının dövlət tərəfindən mənzillə təmin olunması üçün müvafiq siyahıya daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Qıvraq kəndində anadan olmuş, 1983-1985-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində müddətli həqiqi hərbi xidmət, 05.08.1987-ci ildən 01.06.1988-ci ilədək isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət keçmişdir. 01.06.1988-ci ildə gizirlər məktəbinə daxil olub, 11.11.1988-ci ildə həmin məktəbi bitirib “gizir” hərbi rütbəsi alaraq 11.08.1992-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, 15.09.1992-ci ildən 11.03.2012-ci ilədək xidmət etmiş, o cümlədən 1991-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir (Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin 337 N-li 16.07.2019- cu il tarixli arayıştəqdimatının surəti iddia ərizəsinə əlavə olunur). Beləliklə, 11.11.1988-ci ildən 11.03.2012-ci il tarixinədək fasiləsiz olaraq həqiqi hərbi xidmətdə olmuşdur. 11.03.2012-ci ildə hərbi xidmətdən yaşa görə ehtiyata buraxılıb şəxsi heyətin siyahısından çıxarılaraq hərbi uçota durmaq üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinə göndərilmiş və bununla da Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılmış, xidmət etdiyi müddətdə Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin edilməmişdir. 18.01.2020-ci il tarixdə Azərbaycan Respublikasının Müdafiə nazirinə yazılı surətdə müraciət edərək Azərbaycan Ordusunun 1991-ci il 9 oktyabr tarixində yaranmasını, həmin vaxt hərbi xidmətdə olduğunu, xidmət müddətində barəsində məhkumluq, aşağı vəzifəyə keçirilmə və hərbi rütbədə aşağı salınma hallarının olmadığını və 11.03.2012-ci ildə ordu sıralarından ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarıldığını nəzərə almaqla 20 il 5 ay fasiləsiz hərbi xidmətdə olduğunu qeyd edərək adının dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi barədə aidiyyəti üzrə müvafiq göstərişlər verilməsini, həmçinin həmin siyahıda adının hansı səbəblərdən olmamasının səbəblərini qəti şəkildə araşdıraraq nəticəsi barədə ona məlumat verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsindən 25.02.2020-ci il tarixdə daxil olan 18.02.2020-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinə ünvanladığınız müraciətə Müdafiə Nazirliyinin Mənzil- İstismar İdarəsində baxılmışdır. Məktubla ona bildirilmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən az xidmət etdiyi üçün “Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanı ona şamil edilmir. Yəni, başqa sözlə desə dövlət hesabına mənzillə təmin ediləcək şəxslərin siyahılarda onun adı keçmir. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 18.02.2020-ci il tarixli məktubundakı qeydlər əsassız və qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrindəki qüsursuz xidməti təqvim hesabı ilə 20 il və daha çox olduğundan adı dövlət vəsaiti hesabına mənzillə təmin ediləcək şəxslərin siyahısına daxil edilməli və o mənzillə təmin edilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı öz iddia ərizəsində qeyd edib ki, 1991-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 N-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011 -ci il tarixli 569 N-li Fərmanına uyğun deyildir. Səbəb də odur ki, İddiaçı Azərbaycan Respublikası Silahlı qüvvələrində 27 oktyabr 1992-ci il tarixdən 11 mart 2012ci il tarixə kimi xidmət keçmişdir. Həmin müddət 19 il 04 ay 14 gün təşkil edir. Qeyd olunanlar isə iddia tələbinin əsassız olmasını sübut edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən “İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür". İddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-820/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Qərardan İddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" 29 dekabr 2017-ci il tarixli N955-VQ Azərbaycan Respublikası Qanununun 16-cı (yekun müddəa) maddəsinə görə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının 1991-ci il 9 oktyabr tarixli 210-Xİ1 nömrəli Qanunu ləğv edilmişdir. Həmin Qanun 9 oktyabr 1991-ci il tarixdə imzalanmış və 29 dekabr 2017-ci il tarixinədək qüvvədə olmuşdur. Həmin Qanuna görə, Azərbaycan Respublikası müstəqil dövlət və beynəlxalq hüququn subyekti kimi Azərbaycan Respublikasının Konstitusiyasına və “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına müvafiq olaraq öz silahlı qüvvələrinə malikdir. Eyni zamanda "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barəsində Azərbaycan Respublikası Ali Sovetinin 211 -Xİİ N-li Qərarı ilə hərbi andın mətni təsdiq edilmişdir. Bundan başqa məlumdur ki, 9 oktyabr 1991-ci ildə Bakı şəhərinin Azadlıq meydanında ilk hərbi parad keçirilmişdir. 11.11.1988-ci ildə “gizir” hərbi rütbəsi aldıqdan sonra 11.03.2012-ci ilədək fasiləsiz həqiqi hərbi xidmətdə olmuşdur, yəni tərxis edilib yenidən xidmətə çağırılma halı olmayıb. 11.03.2012-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” (yaşa görə) bəndinə əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 39.1.2-ci maddəsinə görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi gizirlər üçün 45 yaş müəyyən edilmişdir. Xidmətdən buraxılarkən 46 yaşı var idi və 47 yaşının tamam olmasına 5 ay qalmışdır. Belə çıxır ki, o, 1 il 7 ay müddətinə artıq həqiqi hərbi xidmətdə saxlanılmış və 5 ay daha artıq müddətinə xidmətdə saxlanılsaydı, yəni 11.03.2012-ci il tarixədək deyil, həmin ilin avqust ayına kimi hərbi xidmətdə saxlanılsaydı 20 təqvim ili tamam olacaqdır? Və o dövlət vəsaiti hesabına mənzillə təmin edilmək hüququ əldə edəcəkdi? Deməli qeyd edilən hüququn əldə edilməməsi üçün 5 ay tez ehtiyata buraxılmışdır. Məhkəmə öz qərarında SHXÇDX-nin Kəngərli rayon şöbəsinin arayışına stinad edərək Zaqafqaziya Hərbi Dairəsinin 11.08.1992ci il tarixli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına verilməsini əsas tutaraq onun Azərbaycan Respublikası Silahlı Qüvvələrdə xidmətini 11.08.1992-ci ildən başlanmış hesab etmişdir. Belə olan halda 2012-ci ildə xidmət etdiyi hərbi hissənin komandanlığı onun xidmətdə daha 5 ay qalmağı barədə qərar verməli idi. O, isə Azərbaycan Ordusunun 1991-ci ildə yarandığı gündən 2012-ci ilin mart ayının 11-nə kimi həqiqi hərbi xidmətdə olmuşdur və “yaşa görə” xidmətdən ehtiyata buraxılmışdır. Əgər qanunvericiklə nəzərdə tutulmuş digər əsaslarla hərbi xidmətdən ehtiyata buraxılsa idi, bu halda Müdafiə Nazirliyinin adının siyahıya salınmaması barədə mövqeyi başa düşülən olardı. Birinci nstansiya məhkəməsi işə hərtərəfli və ədalətlə baxsa idi iş üçün çox vacib və əhəmiyyətli məqamı nəzərdən qaçırmazdı. Bu halda Zaqafqaziya Hərbi Dairəsinin zamana görə yubadılmış əmri onun konstitusion hüququnun pozulmasına gətirib çıxara bilməz. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qanuni qüvvəsini almış qərarı məhkəməyə təqdim olunmuşdur. Belə ki, həmin iş üzrə iddiaçı T.M.Bayramov 06.01.2012-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, Müdafiə Nazirliyinin mövqeyinə görə isə o, 19 il 1 ay xidmət etmişdir. Yaranmış mübahisə məhkəmə qaydasında baxılmış və iddia tələbi təmin edilmişdir. Qərar qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir, iddiaçı T.M.Bayramov müvafiq siyahıya daxil edilərək dövlət vəsaiti hesabına mənzillə təmin edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin yuxarıda qeyd edilən qərarını hökmən nəzərə almalı idi. Beləliklə, Azərbaycan Ordusunun 1991 -ci il 9 oktyabr tarixində yaranmasını, həmin vaxt hərbi xidmətdə olduğunu, xidmət müddətində məhkumluq, aşağı vəzifəyə keçirilmə və hərbi rütbədə aşağı salınma hallarının olmadığını və 11.03.2012-ci ildə “yaşa görə” ehtiyata buraxılaraq şəxsi heyətin siyahısından çıxarıldığını nəzərə alsalar bu 20 il 5 ay fasiləsiz, o cümlədən Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olduğunu göstərir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsini iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xidmət etdiyi hərbi hissə Azərbaycan Respublikasının ərazisində yerləşməsinə baxmayaraq, 11.08.1992-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamına verilib və qeyd olunan tarixədək hərbi hissə SSRİ Silahlı Qüvvələrinin nəzdində fəaliyyət göstərib. İddiaçının xidmət keçdiyi hərbi hissənin 11.08.1992-ci ilədək Azərbaycan Respublikası ərazisində yerləşməsi həmin hərbi hissənin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzdində olmasına dəlalət edə bilməz. Ona görə də, iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etməsi 11.08.1992-ci ildən başlanmış hesab olmalıdır. Qeyd olunan tarixdən iddiaçının ordu sıralarından təxris olunduğu müddət hesablandıqda mənzilin əldə edilməsi üçün tələb edilən 20 illik xidmət müddəti tamam olmur. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş iddiaçının xidmət dəftərçəsinin surətinə əsasən müəyyən olunur ki, iddiaçı SSRİ Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış və 11.03.2012-ci il tarixində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) əsasən hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin 302 nömrəli, 17 iyul 2020-ci il tarixli arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsində qeydiyyatda duran ehtiyatda olan baş gizir İddiaçı 05.08.1987-ci il tarixdən 11.08.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olmuşdur. Zaqafqaziya Hərbi Dairəsi komandirinin 058 nömrəli 11.08.1992-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına verilib. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 05.08.1987-ci ildən 11.08.1992-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində həqiqi hərbi xidmətdə olduğundan və hərbi hissə 11.08.1992-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına verildiyindən onun xidmət illəri həmin tarixdən hesablanmalıdır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzllə təmin edilirlər. Fərmandan göründüyü kimi qanunverici hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilmələri üçün onların Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etməsi şərtini irəli sürmüşdür ki, iddiaçıya münasibətdə də bu şərt yerinə yetirilmir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 11.08.1992-ci ildən 11.03.2012-ci il tarixədək xidmət etmişdir və 20 təqvim ili tamam olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-820/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar