Məhkəmə qərarları › İş №2-1(105)-173/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-173/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-173/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Abşeron Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X70 qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxslər X20 və X21 iştirakları ilə, İddiaçı (iddiaçı) cavabdeh Abşeron Rayon Polis İdarəsinə (cavabdeh) qarşı “iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən X5, X2, X4, X1, X6, X7, X20, X22, X23, X24, X33, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X34, X36, X13, X14, X9, X25, X28 və X8 (üçüncü şəxslər) pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1560/2021 saylı qərarından üçüncü şəxslər X16, X11 və digər üçüncü şəxslər X37, X38, X39 və X40 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyesterindən Seriya RX №0580923 saylı çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3 İddiaçı xüsusi mülkiyyətindədir (qeydiyyat tarixi 18.02.2015).

2. Abşeron Rayon Məhkəməsinin 10.07.2018-ci il tarixli, 2(012)-3179/2018 saylı qətnaməsi ilə İddiaçı iddiasının qismən təmin edilərək X5, X3, X4, X1, X6, X7, X26, X21, X23, X24, X33, X29, X34, X41, X13 Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılmaları qət olunmuşdur.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 10.07.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 27.12.2018-ci il tarixli qətnaməsindən cavabdeh X37 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək qətnamə kassatora münasibətdə dəyişdirilmədən saxlanmışdır.

5. İddiaçı 17.06.2021-ci il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edərək yuxarıda qeyd edilən məhkəmə aktlarına istinad etməklə X5, X2, X4, X1, X6, X7, X20, X22, X23, X24, X33, Əliyeva (Əzimova) Gülsüm Mehdi qızının, X34, X36, X13, X14, X9, X25, X28 və X8 ona məxsus yuxarıda qeyd edilən evdən pasport qeydiyyatından çıxarılmalarını xahiş etmişdir.

6. Cavabdeh 25.06.2021-ci il tarixli məktubu ilə iddiaçının ərizəsini təmin etməmişdir. Cavabdeh məktubda Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinə istinad edərək göstərmişdir ki, Abşeron RPİ-nin Q və ŞVB-nə həmin mənzildə qeydiyyatda olan vətəndaşların qeydiyyatdan çıxarılmaları barədə məhkəmənin qüvvəyə minmiş qətnaməsi və icra və probasiya şöbəsindən heç bir rəsmi sənəd daxil olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 14.07.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, 3 saylı evdən üçüncü şəxslərin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı 02.08.2021-ci il tarixli məktubda Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinə istinad edərək işin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmənin qəbul etdiyi qanuni qərarla razılaşdıqlarını bildirmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X5 vəkili və nümayəndəsi X49, digər üçüncü şəxslər X12, X42 və X15 iddia tələbinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlər.

10. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1560/2021 saylı qərarı ilə iddia təmin edilərək üçüncü şəxslərin iddiaçıya məxsus evdən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdehə həavələ olunmuşdur.

11. Məhkəmə Abşeron rayon Məhkməsinin 10.07.2018-ci il tarixli qanuni qüvvəyə münmiş qətnaməsinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi üzrə 3-cü şəxslərin mübahisəli fərdi yaşayış evində olan istifadə hüquqları itirilmişdir. Üçüncü şəxslərin iddiaçıya məxsus evin üzərində hər hansı hüquqa malik olmadığı tədqirdə iddiaçıya mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir.

12. Qərardan narazı qalan üçüncü şəxslər X16, X11 birlikdə, habelə X37, X38, X39 və X40 isə birlikdə apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

Apellyasiya şikayətinin dəlilləri:

13. M.Ələsgərov və M.Ələsgərova apellyasiya şikayətlərində göstəririlər ki, onlar həmin evdə doğulub yaşayıblar və hal-hazırda həmin ünvanda yaşayırlar. İddiaçıya məxsus yalnız mülkiyyətində 3 otaq qeyd olunub, 3 otaqdan 1 otaq M.Ələsgərovun və onun ailəsinin istifadəsindədir. Ona məxsus digər otaqların Ələsgərov Məmmədəliyə heç bir aidiyyəti yoxdur, 3 otaq və otaqların yerləşdiyi torpaq yəni 3 sot torpaq İddiaçı mülkiyyətindədir. Ələsgərov Məmmədəli və onun ailəsinin öz vəsaiti ilə tikdiyi digər 2 otaq, mətbəx və sanitar qovşağı Vüsaləyə məxsus 3 sot olan ərazidə yerləşmir. Buna görə onların qeydiyyatdan çıxmağına zərurət yoxdur. Çünki, Ələsgərov Məmmədəli və onun ailə üzvləri onların özləri üçün tikdiyi evin sənədlərini hazırladıqdan sonra qeydiyyatdan çıxmağı qərara alıblar.

14. Digər üçüncü şəxslər İ.Ələskərov, A.Ələsgərova, N.Ələsgərov və R.Ələsgərov apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qeyd edilən ünvanda bir neçə tikili mövcuddur və onların yaşadığı ev iddiaçının mülkiyyətində olan evə aid deyil, fərdi yaşayış evi baba yurdunda tikilən başqa bir evdir və həmin evin ünvanı və hüquq müəyyən edici sənədləri yoxdur. Evə hazlrda sənədlər düzəldilir ki, reyesterdə qeydiyyata alınaraq yeni çıxarış əldə edilsin.

Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Üçüncü şəxslər X37 və X38 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

17. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətlərinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

18. Cavabdeh Abşeron rayon Polis İdarəsi məhkəməyə ünvanladığı məktubda işin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, məhkəmənin çıxardığı qanuni qərarla razılaşdıqlarını bildirmişdir.

19. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər.

20. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Mülki Məcəllə Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. … On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: … 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər

24. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.12.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apelyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsini və üçüncü şəxsləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, yuxarıda istinad olunan (2-4-cü bəndlər) qanuni qüvəyə minmiş məhkəmə aktlarından görünür ki, iş üzrə üçüncü şəxslərdən 15 nəfərinin (X16, X11, X15, X10, X17, X18, X43, X38, X39, X40, X53, X50, X54, X59 və X30) iddiaçıya məxsus evdən çıxarılmaları və həmin yaşayış sahəsinin boşaldılmaları qət olunmuşdur. İddia ərizəsində göstərilən qeydiyytadan çıxmaları tələb edilən digər 5 nəfər (X31, X27, X44, X51 və X19) isə azyaşlı olmaqla iddiaçıya məxsus evdən çıxarılmaları qərara alınmış X23, X4 və X24 övladlarıdır.

28. Abşeron rayonu, Xırdalan şəhəri, Məşədi Əzizbəyov küçəsi, ev 3 iddiaçının xüsusi mülkiyyətindədir və qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə yuxarıda qeyd edilən üçüncü şəxslərin iddiaçıya məxsus evə dair əmlak hüquqlarının mövcud olmadığı müəyyən edilir.

29. Yuxarıda istinad olunan normaya (22-ci bənd) əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.

30. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 24.09.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

31. Bu səbəbdən də kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, üçüncü şəxslərin iddiaçıya məxsus evə dair hər-hansı hüquqlarının olmadığı halda onların həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmişdir

32. İş üzrə apellyasiya şikayəti vermiş üçüncü şəxslərin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər birinci instasniya məhkəməsinin qərarının ləğv edilməsinə və iddianın təmin edilməməsinə əsas ola bilməz. Gələcəkdə iddiaçıya məxsus fərdi yaşayış evinin həyətində yerləşən tikililər üçüncü şəxslərin adlarına dövlət qeydiyyatına alınaraq mülkiyyət hüququna dair çıxarış verildiyi təqdirdə onlar mülkiyyətlərində olan tikililərə pasport qeydiyyatına alınmasını tələb etmək hüququna malikdirlər.

33. Eyni zamanda məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən 24.09.2020-ci il tarixli qərarında da göstərildiyi kimi, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.

34. Beləliklə də kollegiya üçüncü şəxslərin apellyasiya şikayətlərinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, və apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətlərii təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1560/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar