Məhkəmə qərarları › İş №2-1(105)-173/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-173/2024

12.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-173/2024 12.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasını əsassız hesab etməklə, xx.xx.1999-cu ildə dünyasını dəyişmiş və 11 aprel 1972-ci ildə Füzuli rayonunda anadan olmuş X4 2-ci qrup müharibə əlili kimi 1994- 1999-cu illər ərzində əlillik pensiyası alması ilə bağlı məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2828/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdehin imtinasını əsassız hesab etməklə, xx.xx.1999-cu ildə dünyasını dəyişmiş və 11 aprel 1972-ci ildə Füzuli rayonunda anadan olmuş X4 2-ci qrup müharibə əlili kimi 1994-1999-cu illər ərzində əlillik pensiyası alması ilə bağlı məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, oğlu 11 aprel 1972-ci ildə Füzuli rayonunda anadan olmuş X7 1-ci Qarabağ Müharibəsində döyüşlərdə iştirak etməklə xəsarət almış və aldığı xəsarətlərlə bağlı AR MN-nin hərbi həkim komissiyasının xx.xx.1993-cü il tarixli 900 saylı xəstəlik barədə şəhadətnaməsinə əsasən o hərbi xidmətə yararsız hesab olunmuş və ona sonradan HHK-nın müayinə aktına əsasən 1994-cü ildə 2-ci qrup əlillik dərəcəsi təyin edilməklə xidmət etdiyi AR MN-nin N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli əmrinə əsasən təxris olunmuşdur. xx.xx.1999-cu ildə oğlu müharibədə aldığı psixoloji travma ilə bağlı intihar etmiş, özünü asmışdır. Oğlu ölən günə qədər 2-ci qrup Qarabağ Müharibəsi əlili olmuş və onun pensiyasını etibarnamə ilə mərhum həyat yoldaşı Q.Hümbətov yaşadığı Sumqavıt şəhəri, Z.Tağıvev qəsəbəsinin poçt şöbəsindən almışdır. Müharibə əlillərinə təyin edilmiş birdəfəlik sığorta ödəmələri 1997-ci il avqustun 2-dək olan müddət dövründə hərbi xidmətdə hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşları və ya onların vərəsələrinə şamil olunur. Şəxs vəfat etdikdə onun vərəsəsi (vərəsələri) notariat kontoruna müraciət edərək vərəsəlik şəhadətnaməsi almalıdır. Onun oğlu 1994-1999-cu illərdə AR ƏƏSMN-nin DSMF-dan 2-ci qrup Müharibə əlili kimi pensiya almış və həmin vaxt elektron sistem olmadığını üçün bu barədə məlumat elektron sistemə daxil edilməmişdir. Bundan başqa həmin ödəmələrin verilməsinə əsas olan sənəd AR ƏƏSMN-nin TSEK-sı tərəfindən hər il göndərilmiş müayinə aktları olmuşdur. Bu aktlar əsasında da ödəmələr həyata keçirilmişdir. Hazırda o, birdəfəlik ödəməni ala bilmir, buna səbəb isə qeyd edilən sənədlərin onda olmamasıdır. Buna görə də 1994-1999-cu illər ərzində oğluna pensiya təyinatına əsas vermiş TSEK-nın müayinə aktlarının surətini və ona bu illər ərzində müharibə əlili kimi pensiya təyin olunması barədə rəsmi arayışn verilməsi ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin cavabdeh ona verilmiş cavab məktubunda cavabdeh təşkilatda bu barədə məlumatın olmadığını bildirməklə imtina vermişdir. Həmin imtina ilə razı deyil. Oğlu 1994-1999-cu illər ərzində müharibə əlili kimi pensiya aldığı üçün bu məlumatlar həmin pensiyanı təyin etmiş cavabdeh təşkilatda olmuş və onun bu məlumatı vermək vəzifəsidir ki, o da oğluna görə birdəfəlik ödəməni ala bilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2828/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). İddiaçı qərardan apellyasiya şikayəti verərək, iddianın mümkün hesab olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, onun istədiyi məlumatın verilməsini tələb etmək onun hüququdur, hansı ki o, həmin məlumat əsasında qanunvericilikdən irəli gələn digər bir hüquq əldə etmiş olacaq. Lakin inzibati orqan onda olan məlumatı verməkdən imtina etmiş və bunu altsistemdə bu barədə məlumatın olmaması ilə əlaqələndirmişdir. Halbuki mərhum X6 2-ci qrup müharibə əlili kimi 1994-1999-cu illər ərzində əlillik pensiyası almış və pensiyanın verilməsi Sumqayıt şəhər Poçt şöbəsi tərəfindən reallaşmışdır. Oğlunun müharibədə xəsarət alması Hərbi Həkim Komissiyasının rəyi ilə də təsdiq olunur, digər tərəfdən 5 il ərzində dövlət oğluma əlillik pensiyası vermışdır. Bu halda həmin vəsait onlara hansı büdcədən verilmişdir, əlil barəsində olan məlumatların itirilməsi və gizlədilməsi özü inzibati orqanın qanunsuz əməllərindən məlumat verir. Buna görə də qərardadı qanunsuz hesab edir və həmin qərardad ləğv edilməli və iddia tələbi mümkün sayılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: .... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.3 Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki iş üzrə iddia tələbi cavabdeh tərəfindən sözügedən mərhum şəxs barəsində əlilliyə görə pensiya təyin edilməsi və ödənilməsi barədə məlumatın verilməsinə dair öhdəliyin qoyulması tələbindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən imtina əsası kimi pensiya alt sistemində qeyd edilən şəxs barəsində pesniya alması barədə hər hansı məlumatın aşkar olunmaması halına istinad edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, həmin məlumat inzibati orqanda mövcud olmadığından, onun təqdim edilməsi mümkün olmamış, bu hal iddianı da mümkünsüz etməsinə səbəb olur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mərhum şəxsin əlilliyi və əlilliyə görə əmək pensiyasının təyin eidlməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Bundan əlavə, iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, o mərhum şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı məlumatın əldə edilməsi məqsədilə səlahiyyətli inzibati orqana müraciət etsə də, bununla bağlı da həmin inzibati orqanda hər hansı məlumat aşkar edilməmişdir. Həmçinin, qeyd edilməlidir ki, bununla bağlı cavabdeh inzibati orqan tərəfindən də müvafiq sorğular ünvanlansa da, hər hansı məlumat aşkar edilməmişdir. Göründüyü kimi, indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya müvafiq məlumatın verilməməsinə səbəb kimi həmin məlumatın aşkar olunmaması halı olmuşdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə iddianın mümkünlüyü baxımından inzibati orqanın hərəktələri nəticəsində iddiaçının hüquqlarının pozulması, başqa sözlə desək, hüquqa müdaxilənin aşkar mövcudluğu halı müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı əlilliyə görə pensiya ödənildiyini qeyd etsə də, həmin halın məhkəmə araşdırması zamanı müəyyən edilməsi mümkün olmamışdır. Nəticə etibarilə apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki inzibati iş üzrə işin hallarına düzgün hüquqi qiymət verərək, iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilmir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2828/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar