Məhkəmə qərarları › İş №2-1(105)-174/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-174/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-174/2023 17.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “cavabdeh tərəfindən ona ödənilən 100 manat kirayə xərcinin artırılaraq, hər ay kirayə xərci olaraq 400 manat, kommunal xərclər olaraq 160 manat, cəmi 560 manat məbləğin ona ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2- 1(118)-1760/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 15 avqust 2005-ci il tarixli, 259 saylı qərarına əsasən İddiaçı hərbi xidmət dövründə hərbi xidmətə müvəqqəti yararsızlığa gətirib çıxardığı və xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə kimi 591 saylı hərbi hospitalda müalicə olunduğu xəstəliyi – diaqnoz: “Sol gözün müştərək xarici çəpgözlüyü. 25 dərəcə, “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır”, xx.xx.1989-cu ildə aldığı, xx.xx.1992-ci ildə N saylı hərbi hissənin HHK-sı tərəfindən tibbi şəhadətləndirilmə zamanı təyin edilmiş və xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi 32095 saylı hərbi hospitalda müayinə və müalicə olunduğu travma və xəstəliyi – diaqnoz: “Sol gözün müştərək çəpgözlüyü, ambliopiyası. Sağ gözün şüşəvari cismin qansızması. Sol gözün şüşəvari cismin kontuziyadan sonrakı bulanması. Sol gözün müştərək xarici çəpgözlüyü. 10 dərəcə. Sol gözün disbinokulyar ambliopiyası” “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır” və hərbi xidmət dövründə aldığı və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi MN MHHK-da müayinə və müalicə olunduğu travma – diaqnoz: “Sol gözün yüngül əzilməsi” “Travma, Hərbi xidmət dövründə alınmışdır” müəyyən edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13 iyul 2021-ci il tarixli, 362 nömrəli sərəncamına əsasən, iddiaçının ikinci qrup hərbi xidmət əlili kimi 1 nəfərdən ibarət ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və kirayə müqaviləsinə əsasən mənzil kirayə haqqının ödənilməsi qanunda nəzərdə tutulmuş qaydada təmin edilməsi qərara alınmışdır. Sumqayıt şəhər İHB-nin 31 yanvar 2022-ci il tarixli, 33 nömrəli sərəncamına əsasən Sumqayıt şəhər İHB-nin 13 iyul 2021-ci il tarixli, 362 nömrəli sərəncamının 1-ci bəndinə düzəliş edilərək əlilliyin səbəbinin hərbi xidmət vəzifələrinin yerinə yetirərkən “gözdən ikinci qrup əlil” kimi oxunması qərara alınmışdır. Hazırda iddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 362 №li 13 iyul 2021-ci il tarixli və 33 №-li 21 yanvar 2022-ci il tarixli sərəncamlarının birinci bəndində düzəliş edilməsi, iddiaçının İİ qrup müharibə əlili imtiyazı əsasında və gözdən əlil kimi yaşayış sahəsinə ehtiyacı olan qismində, ailə üzvlərinin sayı nəzərə alınmaqla mənzillə təmin olunması, ona ödənilən kirayə xərcinin tam şəkildə, yəni kirayə xərci olaraq 400 (dörd yüz) manat, kommunal xərclər olaraq 160 (yüz altmış) manat, cəmi 560 (beş yüz altmış) manat məbləğin hər ay ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək cavabdeh tərəfindən ona ödənilən 100 manat kirayə xərcinin, X8 ilə iddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsinə) əsasən artırılaraq, yəni kirayə xərci olaraq 400 (dörd yüz) manat, kommunal xərclər olaraq 160 (yüz altmış) manat, cəmi 560 (beş yüz altmış) manat məbləğin hesablanaraq hər ay ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qarabağ müharibəsi zamanı hərbi travma alaraq İİ qrup müharibə əlili olmuşdur. O, imtiyazı əsasında Azərbaycan Respublikası Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzillərin qeydiyyatı, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsinin Q-2 №-li, xx.xx.2010-cu il tarixli məktubuna əsasən şəhər İcra Hakimiyyətinin nəzdində mənzil növbəsinə qəbul edilsə də, sonradan mənzil növbəsindən çıxarılmışdır. Uzun illər ərzində davam edən məhkəmə çəkişmələrindən sonra iddiaçının Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “hərbi xidmət vəzifəsini yerinə yetirərkən 2-ci qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında işə baxılan mərhələdə barışıq əldə olunmuş, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 362 №-li, 13 iyul 2021-ci il tarixli sərəncamına əsasən onun İİ qrup Qarabağ müharibəsi əlili kimi yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və kirayə yaşadığından mənzil kirayə haqqının ödənilməsi qərara alınmışdır. Sumqayıt Şəhər İHB aparatının 0-6/4-068/24/1 №-li, xx.xx.2021-ci il tarixli məktubuna əsasən ona “imtiyazı əsasında mənzil uçotuna alınması və siyahı üzrə sıra sayının 137” olması bildirilmişdir. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-374/2021, xx.xx.2021-ci il tarixli qərardadına əsasən onun apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 363/2021 saylı, 11 mart 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdeh Sumqayıt şəhər İH-ə qarşı hərbi xidmət vəzifəsini yerinə yetirərkən 2-ci qrup hərbi əlil imtiyazı əsasında yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə alınmasının cavabdehə həvalə olunması tələbinə dair iş üzrə icraata xitam verilmişdir. 13 ildir ki, Sumqayıt şəhər İcra Hakimiyyətində ev növbəsində olmaqla, mənzillə təmin edilmir, halhazırda kirayədə yaşayır, qızı, oğlu, gəlini və nəvələri evsizdirlər. Cavabdeh 100 manat kirayə xərci ödəməklə vəzifəsini icra etmiş sayır, onunla bağlanmış kirayə müqaviləsində qeyd olunan 400 manat, kommunal xərc olaraq 160 manat, cəmi 560 manat məbləği 13 ildir ki, ödəmir. Göstərdiklərini təsdiq edən rəsmi sübutları (sənədlər) vardır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək qeyd etmişdir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 31 yanvar 2022-ci il tarixli, 33 nömrəli sərəncamına əsasən, hərbi xidmət vəzifəsini yerinə yetirərkən 2-ci qrup əlil olmuş İddiaçı yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilə dair X8 ilə iddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı aylıq 400 (dörd yüz) manat kirayə haqqı və 160 (yüz altmış) manat komunnal xərclər, cəmi 560 manat ödəyir. Cavabdeh tərəfindən iddiaçıya 560 manat məbləğ ödənilmir, ona 100 manat ödəməklə cavabdeh öz vəzifəsini icra etmiş hesab edir. İddiaçı cavabdeh tərəfindən ona ödənilən 100 manatın artırılaraq real kirayə xərclərinə uyğun ödənilməsini xahiş etsə də, xahişi nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Bakı şəhərində 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 100 manat, başqa şəhər və rayon mərkəzlərində 75 manat, digər yaşayış məntəqələrində 55 manat məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. Həmin Qərarının 2-ci bəndinə əsasən, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Beləliklə, göstərilən maddi hüquq normaları, ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğini və ödənilməsi qaydasını müəyyən etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə Sumqayıt şəhərində yaşayan vətəndaş üçün kirayə xərci 100 (yüz) manat müəyyən edilmişdir. Qanunvericiliklə müəyyən edilmiş 100 (yüz) manat kirayə xərci iddiaçıya ödənilir. Sumqayıt Şəhər Məhkəməsinin 08 dekabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X2 arasında bağlanmış nikah pozulmuşdur. ünvan 2 ünvanında yerləşən 1 otaqlı mənzilə dair X8 ilə İddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli müqaviləsinə əsasən yaşayış sahəsində tək yaşayır. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(118)-1760/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim L.Mirzəyeva). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilə dair X8 ilə iddiaçı arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş 25 iyun 2021-ci il tarixli “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsi (kirayə müqaviləsi)” nə əsasən aylıq 400 manat kirayə haqqı, 160 manat kommunal borclara görə kommunal xərclər, cəmi 560 manat ödəniş etmişdir. Cavabdeh notariat qaydada təsdiq edilmiş kirayə müqaviləsini və ailə üzvlərinin sayını nəzərə almadan ona yalnız 100 manat kirayə xərci ödəmişdir. Cavabdeh onun müraciətini təmin etmədiyindən kirayə və kommunal xərclərini ödəmək onun imkanı xaricində olduğundan kirayə yaşadığı mənzili daha ucuz mənzilə dəyişmək və “Daşınmaz əmlakın kirayəyə verilməsi haqqında” müqavilə bağlamaq məcburiyyətində qalmışdır. Bu barədə sübutları vardır. Cavabdehin etiraz ərizəsindən görünür ki, kirayə yaşayan imtiyazlı şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üçün 100 manat məbləğin 50 faizi miqdarında əlavə ödənilir. İddiaçının isə 15 nəfərdən ibarət ailə üzvləri vardır və onlardan 10 nəfəri rəsmi pasport qeydiyyatındadır, iki gəlini, iki nəvəsi və həyat yoldaşı qeydiyyatsız yaşayırlar. Qeyd edir ki, cavabdehin hərəkətləri nəticəsində ona 245.843.500 (iki yüz qırx beş milyon səkkiz yüz qırx üç min beş yüz) manat maddi və mənəvi ziyan vurulmuşdur, X8 ilə iddiaçı arasında bağlanmış 25 iyun 2021-ci il tarixli kirayə müqaviləsinə əsasən aylıq 560 manat ödəmiş, daha digər müqaviləyə əsasən kommunal və kirayə müqaviləsinə görə 300 manat ödəyir. Birinci instansiya məhkəməsi işin baxılmasında cavabdehin iştirakını təmin etməmiş, işə cavabdehin iştirakı olmadan baxaraq iddia tələbini təmin etməmişdir. Halbuki, AR İnzibati Prosessual Məcəlləsinin 11-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. Hesab edir ki, işə baxan məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarı. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı cavabdeh tərəfindən iddiaçıya yaşayış sahəsinin kirayəsi üçün 100 manat kompensasiya məbləğinin artırılaraq 400 manat məbləğində ödənilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçıya ödənilən 100 manat kirayə xərcinin artırılaraq, hər ay 400 manat, kommunal xərc olaraq 160 manat, cəmi 560 manat məbləğində pul vəsaitinin ona ödənilməsi barədədir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)-174/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(118)-1760/2022 nömrəli qərarı qismən kommunal xərclər olaraq 160 manat məbləğin ödənilməsinə dair iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır. İşdən görünür ki, iddiaçı müxtəlif dövlət orqanlarına müraciət edərək mənzillə təmin olunmasını və mənzil kirayəsi üçün kompensasiya ödənilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, iddiaçı xəstəliyə görə ehtiyata buraxılmış zabit və hərbi xidmət vəzifələrini yerinə yetirərkən (gözdən) İİ qrup əlil kimi xx.xx.2021-ci il tarixdə 1 nəfər (özü) ailə tərkibi ilə yaşayış yeri üzrə mənzil uçotuna alınmışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən müəyyən imtiyaz əsasında mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Sumqayıt şəhərində yaşayan şəxslərə 100 manat məbləğində kirayə haqqı ödənilir. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən yuxarıda qeyd olunan hüquq normasına müvafiq olaraq iddiaçıya 100 manat məbləğində kirayə haqqı ödənilir. İddiaçı iş materiallarına “Mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi” haqqında 25 iyun 2021-ci il tarixli müqavilə əlavə edərək iddia ərizəsində ünvan 1 ünvanında yerləşən 1 otaqlı mənzilin ona kirayəyə verildiyini və bunun müqabilində 400 manat kirayə haqqı ödədiyini bildirmişdir. Daha sonra məhkəmə iclasında, iddiaçı qeyd olunanları təkzib edərək, kirayə haqqını ödəyə bilməməsi səbəbindən həmin evdə yaşamadığını və hazırda yaşadığı evə dair kirayə müqaviləsinin olmadığını bildirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının ona kirayə haqqı olaraq 400 manat məbləğində pulun ödənilməsinə dair tələbi əsassızdır. Məhkəmə kollegiyası kirayə xərcinin artırılaraq 400 manat məbləğində pul vəsaitinin ödənilməsinə dair iddia tələbinin təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Hər şeydən öncə kollegiya qeyd edir ki, yuxarıda qeyd olunmuş normalara əsasən, kirayə haqqının alınması hüququ mənzil və ya torpaq sahəsi almaq hüququna malik şəxsə verilir. İşdən görünür ki, iddiaçının həmin hüququ tanınaraq Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13 iyul 2021-ci il tarixli, 362 nömrəli sərəncamına əsasən hərbi xidmət əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin: - 3-cü hissəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. - 4-cü hissəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, həm ştatların ixtisarına görə ehtiyata buraxılmış hərbi qulluqçuların, həm də xəstəliyə görə ehtiyata buraxılmış zabitlərin mənzil və ya torpaq sahəsilə təmin edilməsi hüquqları təsbit edilmiş, bu hüquqları reallaşanadək isə müvəqqəti mənzil kirayəsi xərcləri ilə təmin edilmələri nəzərdə tutulmuşdur. Hazırkı işin hallarından görünür ki, iddiaçı mənzil və ya torpaq sahəsilə təmin edilməsi üçün 13 iyul 2021-ci il tarixdən Sumqayıt şəhər İcra Hakimiyyətində hərbi xidmət əlili kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İşin mühüm əhəmiyyətli olan və tərəflər arasında mübahisələndirilməyən halı ondan ibarətdir ki, həmin tarixdən hal-hazıradək cavabdeh tərəfindən iddiaçıya hər ay 100 manat kirayə xərci ödənilir. Belə ki, hazırda iddiaçı ona ödənilən 100 manat kirayə xərcinin məbləği ilə razı olmayaraq bu xərcin hər ay 400 manat məbləğində ödənilməsini tələb edir. İdidaçı tələbinin əsası kimi onunla X8 arasında notarial qaydada bağlanmış 25 iyun 2021-ci il tarixli kirayə müqaviləsinə istinad edərək əsasən aylıq 400 manat kirayə haqqı, kommunal xərclər üçün 160 manat, ayda cəmi 560 manat ödəniş etdiyini bildirmişdir. İş materiallarında olan iddiaçı ilə X8 arasında notarial qaydada bağlanmış 25 iyun 2021-ci il tarixli kirayə müqaviləsinə əsasən Sumqayıt şəhəri, 14-cü məhəllə, ev 112 B ünvanında yerləşən 60 saylı mənzil iddiaçıya kirayəyə verilmişdir. Müqavilədən görünür ki, iddiaçı kirayəyəverənə hər ay 400 manat kirayə haqqı ödəmişdir. Kollegiya qeyd edir ki, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi qaydası və onun məbləği “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarı ilə tənzimlənir. Həmin qərarın: - 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. - 2-ci bəndinə əsasən bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilməsi müəyyən edilmişdir. Qaydalardan görünür ki, qanunverici birmənalı şəkildə qeyd olunmuş bölgələr üçün vahid qiymətlər tarifi tətbiq edir. Lakin bu məbləğlər bir nəfər üçün (hərbi qulluqçunun özü üçün) nəzərdə tutulub. Əgər uçota götürülmüş hərbi qulluqçu ilə ailə üzvləri də yaşayırsa, hər bir ailə üzvü üçün müvafiq məbləğin 50 faizi miqdarında əlavə də ödənilir. Deməli əlavə ödəniş tərəflərin istəyinə, kirayə tutduqları evin vəziyyətinə bağlı olmayıb, yalnız hərbi qulluqçu ilə birgə yaşayan ailə üzvlərinin sayına münasibətdə, həm də tam həcmdə deyil, yarı qiymətə müvafiq artırılır. İş materiallarına əsasən müəyyən olunan və tərəflərin də mübahisələndirmədiyi hala əsasən iddiaçı Sumqayıt şəhərində yaşayır. Yuxarıda istinad olunan Qaydalara əsasən Sumqayıt şəhərində yaşayan hərbi qulluqçu üçün kirayə haqqı ən azı 100 manat ödənilməlidir. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya qanunvericiliyin tələbinə uyğun olaraq yaşayış sahəsinin kirayəsi üçün 100 manat kompensasiya ödənildiyi müəyyən edilmişdir. İddiaçı isə apellyasiya şikayətinin dəlillərində kirayə və kommunal xərcləri ödəmək imkanı olmadığından kirayə yaşadığı mənzili kirayə haqqı daha aşağı olan mənzilə dəyişdirmək məcburiyyətində qaldığını, həmin mənzilə görə kommunal və kirayə haqqı olaraq 300 manat ödədiyini, ailə üzvlərinin sayının 15 nəfərdən ibarət olduğunu, cavabdehin etirazında kirayə yaşayan imtiyazlı şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üçün 100 manat məbləğin 50 faizi miqdarında əlavə ödənildiyinin qeyd edildiyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki,əvvəla yuxarıda aparılan təhlillə kirayə haqqının məbləğinin müəyyən edilməsi tərəflərin seçiminə buraxılmamışdır, konkret bölgələr üzrə konkret məbləğlər müəyyən olunmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən onunla Arzu Bağırova arasında bağlanmış xx.xx.2021-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzil iddiaçıya kirayəyə verilmişdir. Mənzilin kirayə haqqı 250 manat təşkil edir. Həmçinin, hazırda iddiaçının yaşadığı mənzilin aylıq kirayə haqqı məbləği 250 manat olduğu halda, iddia tələbində 400 manat kirayə xərcinin ödənilməsini tələb edir. Bununla da bir daha kirayə kompensasiyasının artırılması hissəsində iddia tələbinin əsassız olduğu təsdiq edilir. İddiaçı şikayətin dəlillərində 15 nəfər ailə üzvü olduğunu və hər bir ailə üçün 100 manat məbləğin 50 faizi miqdarında əlavə ödənilməli olduğunu bildirsə də, məhkəmə iclasında izahatında hal-hazırda ünvan 3 ünvanında yerləşən 1 otaqlı mənzildə həyat yoldaşı ilə birgə yaşadığını, lakin aralarında hələ nikah bağlanmadığını bildirdi. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışından görünür ki, iddiaçı ünvan 4 ünvanında qeydiyyatda olmaqla, mənzildə qeydiyyatda olan digər şəxslər X3, X4, X9, X10, X12, X7, X5, X11, X6r. İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13 iyul 2021-ci il tarixli, 362 nömrəli sərəncamına əsasən 1 nəfərdən ibarət ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə mənzil uçotuna alınmış, eləcə də ünvan 4 ünvanında sadalanan şəxslərlə birgə qeydiyyatda olsa da, özünün də qeyd etdiyi kimi hazırda ünvan 3 ünvanında faktiki nikahdan olan həyat yoldaşı ilə birgə yaşayır. Yəni iddiaçının ailə üzvlərinin sayı 15 deyil, yalnız 2 nəfərdən ibarətdir. Həyat yoldaşı ilə isə aralarında hələ rəsmi nikah bağlanmadığından, yəni sonuncu iddiaçıya münasibətdə ailə üzvü sayılmadığından, yalnız özü mənzil uçotuna alındığından ona 100 manat kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilməsi də mümkün deyildir. İddiaçı şikayətində əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən işin baxılmasında cavabdehin iştirakının təmin edilmədiyini, işə cavabdehin iştirakı olmadan baxaraq prosessual hüquq normalarının tələblərinin pozulduğunu qeyd etsə də, işdən görünür ki, birinci instansiya məhkəməsi cavabdehi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumatlandırmış, lakin cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya buna hüququ yarandığı tarixdən hər ay qanunveriliyə müvafiq qaydada yaşayış sahəsinin kirayəsi üçün 100 manat kompensasiya məbləği ödənildiyindən və hazırda da ödənilməyə davam etdiyindən iddiaçı kirayə kompensasiyasının artırılması tələbində haqlı olmamış, işə baxan birinci instansiya məhkəməsi isə kirayə üçün kompensasiyanın artırılaraq 400 manat məbləğində ödənilməsi hissəsində iddianı rədd edərkən müəyyən olunmuş faktiki hallara hüquq normalarını düzgün tətbiq etmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya yaşayış sahəsinin kirayəsi üçün 100 manat kompensasiya məbləğinin artırılaraq 400 manat məbləğində ödənilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli 2-1(118)-1760/2022 nömrəli qərarı iddiaçıya yaşayış sahəsinin kirayəsi üçün 100 manat kompensasiya məbləğinin artırılaraq 400 manat məbləğində ödənilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar