Məhkəmə qərarları › İş №2-1(105)-174/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-174/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-174/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, nümayəndəsi Nümayəndə Oktybar oğlunun, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən X2 adına verilmiş 10 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********5 reyestr nömrəli çıxarışın plan və ölçü sxeminin qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2-1(118)-404/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-938/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə Əfqan Seyidməmmədova JN-0141 seriyalı KOD ********* saylı dövlət aktı əsasında ayrılmış 0.49 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

2. Üçüncü şəxs Ə.Seyidməmmədova məxsus daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 0,4881 ha torpaq sahəsi onun xüsusi mülkiyyətinə verilmişdir (xx.xx.2022ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli). Həmin torpaq sahəsinin kadastr göstəriciləri əks olunmuş plan və ölçü sxemi də çıxarışa əlavə olunmuş və cavabdeh orqan tərəfindən təsdiq edilmişdir. Eyni zamanda torpaq sahəsinin yerquruluşu planından çıxarış da əlavə edilmişdir.

3. İddiaçı tərəfindən işə əlavə edilmiş JN - 256F KOD 30318048 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən iddiaçıya Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli 4-ə-902 saylı alqı-satqı müqaviləsi ilə Quba rayonunun Qımıl kəndi ərazisindən 0,15 ha torpaq sahəsinin satıldığı qeyd edilmişdir.

4. Cavabdeh orqana JN- 256F KOD 30318048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə iddiaçıya ayrılmış Dövlət Aktının verilməsinə əsas olmuş sənədlərin göndərilməsi barədə sorğu göndərilmiş, cavabdeh tərəfindən sözügedən şəhadətnamənin qeydiyyatdan keçməməsi bildirilmişdir.

5. Məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən **********95 nömrəli çıxarış əsasında X3 ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları JN-141 nömrəli Dövlət Aktı əsasında verilmişdir. Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli, 4-ə-902 saylı alqı-satqı müqaviləsi ilə ayrılmış JN-256 F KOD 30318048 saylı şəhadətnaməyə əsasən 0,15 ha torpaq sahəsinin cizgiləri elektron baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmadığından koordinatların və ölçülərin eyni olub-olmamasının araşdırılması mümkün deyildir. Lakin iddiaçının faktiki istifadə etdiyi və iddia etdiyi 0,15 ha torpaq sahəsi **********95 nömrəli çıxarışa əsasən X3 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssis rəyinə yerquruluşu planından çıxarış əlavə edilmişdir.

6. Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli, 4-ə-902 saylı alqı-satqı müqaviləsinə dair notariat işinin əldə edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə və Quba rayon Notariat Kontoruna sorğular göndərilmiş və Dövlət Notariat Arxivinin məktubunda 2005-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsi ilə bağlı iddiaçının adına rəsmiləşdirilmiş müqavilənin aşkar edilmədiyi bildirilmişdir.

7. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********56 nömrəli məktubla onun ərizəsinin icrasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı ilkin olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X2 adına verilmiş 10 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********5 reyestr nömrəli çıxarışın plan və ölçü sxeminin ləğv edilməsi və ya plan olçü sxeminin qismən dəyişdirilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə edərək, cavabdeh tərəfindən X2 adına verilmiş 10 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********5 reyestr nömrəli çıxarışın plan və ölçü sxeminin qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Quba rayon DNK-nın 07 noyabr 2005ci il tarixli, 4-Ə-902 saylı alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Qımıl kənd ərazisində 0,15 ha həyətyanı torpaq sahəsini almış və adına mülkiyyətini təsdiq edən JN- 256F KOD 30318048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş və 2005-ci ildən hal-hazıra kimi həmin torpaq sahəsini istifadə edir. Həmin torpaq sahəsinə çıxarış almaq üçün müraciət etdikdə baza sənədlərində öz əksini tapmadığı üçün çıxarış ala bilməmişdir. Məsələ ilə əlaqədar o, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə müraciət etmişdir. İdarə tərəfindən mütəxəssis ayrılaraq yerində araşdırılma aparılmış və iddiaçıya 30 mart 2020-ci il tarixində məktubla bildirilmişdir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 N-li Fərmanına uyğun olaraq Quba rayon ərazisində iddiaçıya məxsus olan torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun qeydə alındığını və hal-hazırda Quba rayonu ərazisində yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların sistemləşdirilməsi, vahid elektron kadastr məlumat bazasına daxil edilməsi və həmin məlumatların ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr Xidmətinə istifadə hüququ verilməsi ilə bağlı müvafiq işlər başa çatdıqdan sonra adı çəkilən Fərmanın 2.5-ci bəndinə uyğun olaraq sənədin verilməsinin təmin olunacağı bildirilmişdir. Belə ki, iddiaçının həmkəndlisi X2 0,49 ha torpaq sahəsinin ona məxsus mülkiyyətində və istifadəsində olan 0,15 ha həyətyanı torpaq sahəsinə heç bir aidiyyəti yoxdur və tamamilə fərqli konturda yerləşir. Seyidməmmədov Əfqan özünün 0,49 ha torpağına çıxarış almaq üçün Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış və onun iddiası Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təmin edilərək 141 saylı Dövlət aktının koordinatlarına uyğun (Koordinatlar əlavə olunur) 0,49 ha torpağa DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə çıxarışın verilməsi öhdəliyi qoyulmuşdur. Qeyd olunan qərar 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən icra olunmuş və X3 10 mart 2022-ci il tarixində **********5 reyestr nömrəli çıxarış verilmişdir. İddiaçı X3 çıxarışın verilməsi barədə məhkəmə qərarına etiraz etmir, lakin məhkəmə qərarı 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən icra olunarkən çıxarışın plan ölçü sxemi tərtib olunan zaman qanun pozuntusuna yol verilmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, plan ölçü sxemi tərtib edilərkən ilkin sənədləşmə olmağına baxmayaraq 1 iş günü ərzində icra olunmuş, məhkəmə tərəfindən mülkiyyət hüquqları təmin olunmuş, 141 saylı Dövlət Aktının koordinatlarına uyğun X2 faktiki istifadəsində olan 0,30 ha yaxın torpaq sahəsinin plan-ölçü sxeminə daxil edilməmiş, faktiki yerində real vəziyyəti öyrənilmədən, yerində müayinə aparılmadan iddiaçıya məxsus 0,15 ha həyətyanı torpaq sahəsi və gediş-gəliş yoluna daxil olmaqla səhvən və qanunsuz plan ölçü sxemi tərtib edilmişdir. İddiaçı məsələ ilə əlaqədar aidiyyəti təşkilatlara şifahi və yazılı müraciət etmiş, ona məhkəməyə müraciət etməyi məsləhət bilmişlər.

11. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, hazırkı iddia üzrə işin faktiki hallarını araşdırmaq məqsədi ilə mütəxəssis rəyi alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə məktub göndərilmiş və mütəxəssis aşağıdakı qaydada rəy vermişdir: daşınmaz əmlakın dövlət reyestrindən **********95 N-li çıxarış əsasında Ə.Seyidməmmədova ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları JN-141 N-li Dövlət Aktına əsasən verilmişdir. Ə.Seyidməmmədova verilmiş JN-141 N-li Dövlət Aktının koordinatları və konfiqurasiyası verilmiş plan-ölçü sxeminin koordinatları və konfiqurasiyası ilə köklü şəkildə fərqlənir, belə ki, həmin kontur daxilində JN-141 N-li Dövlət Aktının koordinatlarına və konfiqurasiyasına uyğun islahat vaxtı Ə.Seyidməmmədov təhkim olunmuş və halhazırda istifadəsində olan 0.30 ha torpaq sahəsi bilərəkdən yerində müayinə aparılmadan plan və ölçü sxeminə daxil edilməmişdir. Plan və ölçü sxemini vermiş 5 saylı Xaçmaz Ərazi İdarəsinin məhkəmədə iştirak edən nümayəndəsi də ilkin məhkəmə iclasında bu faktları etiraf etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanunun 13.11-ci maddəsində qeyd edilir ki, Dövlət Reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət Reyestrinin kağız üzərində və elektron formada yazıları bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumatlara üstünlük verilir. Dövlət Reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Mütəxəssis rəyində qarşıya qoyulan digər sual Ə.Seyidməmmədova məxsus olan torpaq sahəsi ilə iddiaçıya Quba Rayon DNK-nın xx.xx.2005-ci il tarixli 4-Ə-902 saylı alqı-satqı müqaviləsi ilə ayrılmış 0, 15 ha həyətyanı torpaq sahəsinin ölçülərində fərqin olub-olmaması ilə bağlı idi (koordinatlar məlum olmadığı halda torpaq sahəsinin naturada faktiki istifadə üzrə koordinatları müəyyən edilsin). Mütəxəssis rəyində Quba Rayon DNK-nın xx.xx.2005-ci il tarixli 4-Ə-902 saylı alqı-satqı müqaviləsi ilə ayrılmış JN-256F KOD 30318048 nömrəli şəhadətnaməyə əsasən 0.15 ha torpaq sahəsinin cizgilərinin elektron məlumat bazalarında olan DWJ xəritələrində öz əksini tapmadığından, koordinatların və ölçülərin eyni olub-olmamasının araşdırlmasının mümkün olmadığı bildirilmişdir, lakin iddiaçının faktiki istifadə etdiyi və iddia etdiyi 0.15 ha torpaq sahəsi **********95 N-li çıxarışa əsasən Ə.Seyidməmmədova məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Mütəxəssisin 2-ci sualda qeyd edilmiş iddiaçıya məxsus 0.15 ha torpağın elektron kadastr bazasında olan DWJ xəritələrində öz əksini tapmadığı hissəsi ilə razılaşmır, belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətinin sorğuya ünvanladığı məktubundan aşkar olunur ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanına uyğun olaraq Quba Rayon Ərazisində iddiaçıya məxsus olan torpaq sahəsi faktiki istifadə vəziyyətinə uyğun qeydə alınmışdır. Qeyd edilir ki, Ə.Seyidməmmədova verilmiş **********95 N-li çıxarışın plan-ölçü sxemi tərtib edilərkən; plan-ölçü sxemi faktiki yerində müayinə aparılmadan bir iş günü ərzində tələsik tərtib edilmişdir. Plan və ölçü sxemi tərtib edilərkən ilkin sənəd kimi təqdim olunmuş JN141 N-li Dövlət Aktının koordinatlarına istinad olunmamış, vətəndaşın faktiki JN-141 N-li Dövlət Aktının koordinatlarına uyğun istifadə etdiyi torpaq sahəsi plan-ölçü sxeminə daxil edilməmişdir. Ə.Seyidməmmədovun plan-ölçü sxemi tərtib edilərkən iddiaçı və qonşu pay torpaqları olan vətəndaşların gediş-gəliş yolu da plan və ölçü sxeminə daxil edilmişdir. Ə.Seyidməmmədova aid plan və ölçü sxemi tərtib edilərkən DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi səlahiyyətindən kənar çıxaraq ilkin sənədin koordinatları və konfiqurasiyası dəyişmişdir.

12. Sumqayıt İnzibati Məhkəməsinin 20 oktyabr 2022-ci il tarixli qərardadı ilə X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

13. Cavabdeh iddia ərizəsinə yazılı etirazını təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində X2 adına olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********5 reyestr nömrəli dövlət reyestrdən çıxarışın plan və ölçü sxeminin ləğv edilməsi və ya dəyişdirilməsi xahiş edilmişdir. Qeyd edilir ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarı ilə iddiaçı X2 iddiası təmin edilmiş, torpağın mülkiyyət hüququna dair JN-0141 seriyalı KOD ********* saylı dövlət aktı əsasında ayrılmış 0.49 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli, 2-1(105)-181/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli, 2-1(105)-181/2021 saylı qərarından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1399/2021 saylı qərarı ilə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Həmin qərar əsasında X2 adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********5 reyestr nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X2 adına verilmiş dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin cizgiləri daxilində elektron məlumat bazasında olan xəritə üzərində digər şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşməsi halı aşkar edilməmişdir. Həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

14. Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş X5 izahatında bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarı ilə iddiası təmin edilmiş, torpağın mülkiyyət hüququna dair JN-0141 seriyalı KOD ********* saylı dövlət aktı əsasında ayrılmış 0.49 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli, 2-1(105)- 181/2021 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 21(118)-938/2020 saylı qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 may 2021-ci il tarixli, 2-1(105)181/2021 saylı qərarından verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1399/2021 saylı qərarı ilə təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)- 938/2020 saylı qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Həmin qərar əsasında onun adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********5 reyestr nömrəli nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Adına dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin cizgiləri daxilində elektron məlumat bazasında olan xəritə üzərində digər şəxslərin mülkiyyətində olan torpaq sahələri üst-üstə düşməsi halı aşkar edilməmişdir. İddiaçının qeyd etdiyi Quba Rayon DNK-nın xx.xx.2005-ci il tarixli 4Ə-902 saylı alqı-satqı müqaviləsi saxtadır. Qeyd edilənlərə əsasən üçüncü şəxs iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

15. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2-1(118)-404/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunan sənədlər həqiqətdə öz əksini tapmamış və məhkəmə həmin halları öz xidməti vəzifəsinə görə araşdıraraq əsassız olduğunu müəyyən etmişdir. Mübahisəli torpaq sahəsinin faktiki yerləşdiyi ərazi sənəd üzrə koordinatları JN-141 nömrəli Dövlət Aktı əsasında müəyyən edilərək inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş Əfqan Seyidməmmədova məxsus torpaq sahəsinin hüdudları daxilindədir. Həmin torpaq sahəsinə dair çıxarış isə qanuni qüvvəyə minmiş məhkəmə aktı əsasında əldə edilmişdir. Üçüncü şəxsə məxsus torpaq sahəsinə dair çıxarışın plan və ölçü sxeminin qismən ləğv edilməsi vətəndaşın mülkiyyət hüquqlarının pozulmasına səbəb olar.

17. İddiaçı qeyd edilən qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

18. Apellyasiya şikayəti iddia ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. Əlavə olaraq bildirilmişdir ki, mütəxəssis tərəfindən verilmiş rəyə qəti etiraz etmiş və məhkəməyə vəsatətlə müraciət etmişdir. İş üzrə icraat dayandırılaraq mütəxəssis rəyinin alınması üçün cavabdeh AR DƏDRX 5 saylı Xaçmaz ərazi İdarəsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli rəy məhkəməyə daxil olmuş və həmin rəylə tanış olmuş, hesab edir ki, verilmiş mütəxəssis rəyi obyektivliyi əks etdirmir və mütəxəssis tərəfindən rəy Ə.Seyidməmmədovun adına verilmiş **********95 saylı çıxarışın plan ölçüsünə əsasən aparılmış və bu da mütəxəssis tərəfindən qeyri-obyektiv rəyin verilməsi ilə nəticələnmişdir. Mütəxəssis tərəfindən verilmiş rəydə qeyd olunmuşdur ki, Quba rayonu DNK-nun xx.xx.2005-ci il tarixli 4-ə-902 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında verilmiş JN- 256A kod 30318048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin cizgiləri elektron məlumat bazasında DWJ xəritələrində öz əksini tapmadığından həmin torpaq sahəsinin koordinat və ölçülərinin eyni olub-olmadığını müəyyənləşdirmək mümkün olmamışdır. Halbuki həmin şəhadətnamədə torpaq sahəsinin koordinatları, onun konfiqurasiyası aydın əks olunmuş və yerləşdiyi ərazini torpaq sahəsinin qonşuluğunda yerləşən digər torpaq sahiblərinin adına olan sənədlərdəki kordinatlar əsasında müəyyən etmək mümkündür. Bundan başqa, mütəxəssis tərəfindən torpaq sahəsinin faktiki vəziyyəti də düzgün əks olunmamış, bu torpaq sahəsinin forması düzbucaqlı şəklində olduğu halda, onun forması düzgün əks edilməmişdir. Bundan başqa, Ə.Seyidməmmədova çıxarış hazırlanarkən həmin torpaq sahəsinin ilkin sənədi kimi təqdim edilmiş JN-141 saylı şəhadətnamədə öz əksini tapan koordinatlara istinad edilməmiş və torpaq sahəsinin plan ölçüsünə dair məlumatlar Dövlət aktında qeyd olunan koordinatlara əsasən verilməmişdir. Bu da hazırda mövcud mübahisəli vəziyyətin yaranmasına səbəb olmuşdur. Ə.Seyidməmmədov dövlət aktı əsasında olan ayrılan torpaq sahəsinə həmin Dövlət aktında olan koordinatlar əsasında sahiblik edə bilər, eyni zamanda da iddiaçıya məxsus torpaq sahəsinin koordinatları dövlət aktındakı koordinatlar əsasında müəyyən edilməlidir, həmin koordinatlar tam şəkildə mütəxəssisə təqdim olunmuş, lakin mütəxəssis bütün koordinatlar üzrə araşdırma aparmadan rəy vermiş, bu da rəyin obyektivliyini şübhə altına alır. Belə olan halda iş üzrə ekspertizanın təyin edilməsinə zərurət yarandığından məhkəmə ekspertizası haqqında Qanunun 15-ci maddəsinə istinad etməklə məhkəmədən iş üzrə məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini və ekspert qarşısında aşağıdakı sualların qoyulmasını xahiş etmişdir: 1. Ə.Seyidməmmədovun adına verilmiş **********95 saylı çıxarışın plan və ölçüsündəki koordinatlarla həmin torpaq sahəsinin ilkin sənədi olan və onun adına verilmiş JN-141 nömrəli Dövlət aktındakı koordinatlar eynidirmi? 2. 0,15 ha torpaq sahəsinə dair Ə.Seyidməmmədovun adına verilmiş torpaq sahəsinin ilkin sənədi olan JN-141 nömrəli Dövlət aktındakı koordinatlarla Quba rayonu DNK-nun xx.xx.2005-ci il tarixli 4-G-902 reyestr nömrəlialqı-satqı müqaviləsi əsasında iddiaçıya verilmiş JN-256A kod 30318048 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları üst-üstə düşürmü, düşürsə hansı ölçüdə? 3. Mübahisəli torpaq sahələrinin hazırki faktiki istifadə vəziyyəti Dövlət aktlarında göstərilən koordinatlara uyğundurmu, yəni hər bir mülkiyyətçi öz torpağından olduğu yer üzrə istifadə edirmi, kənarlaşma və ya zəbt etmə halı mövcuddurmu? Lakin məhkəmə vəsatəti təmin etməmiş və bu da son nəticədə mülkiyyət hüquqlarının pozulmasına xidmət edən qanunsuz məhkəmə aktının qəbul edilməsi ilə nəticələnmişdir.

19. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, 1. Cavabdeh tərəf X4 verilmiş çıxarışın plan ölçü sxemi 141 saylı Dövlət aktının əsasında verildiyini bildirmişdir ki, bu da tamamilə yanlışdır. Belə ki, X6 islahat zamanı təhkim olunmuş və hal-hazırda 0.12 ha həyətyanı, 0.18 ha həyətyanı və 0.36 ha ozəl pay kimi istifadə etdiyi 141 saylı Dövlət aktının koordinatlarına uyğun istifadə etdiyi torpaq sahəsi plan ölçü sxeminə daxıl edilməmişdir. Plan ölçü sxemi tərtib edilərkən cavabdeh 1. Yerində müayinə aparılmadan plan ölçü sxemi tərtib edilmişdir. (Bunu cavabdeh tərəfin nümayəndəsi məhkəmədə özüdə etiraf etmişdir.) 2. Plan ölçü sxemi tərtib edilərkən çıxarışın verilməsi üçün əsas sayılan 141 saylı Dövlət Aktının koordinatları əsasında tərtib edilməmişdir. (141 saylı Dövlət Aktının koordinatları, islahatın xəritəsi və X2 adına verilmiş **********95 nömrəli çıxarışın koordinatları və 140 saylı aktın surəti əlavə olunur. 3. Plan ölçü sxemi tərtib edilərkən 141 saylı Dövlət Aktının dördbucaqlı formasında olan yerin konfiqurasiyası dəyişdirilərək çoxbucaqlı şəkildə yeni bir konfiqurasiya tərtib olunmuşdur. 4. Tərtib olunmuş plan-olçü sxemi nə vətəndaşın faktiki istifadə vəziyyətinə uyğun, nə də ki, 141 saylı Dövlət Aktının koordinatlarına uyğun tərtib olunmamışdır. Qərarın 3-cü bölməsində 6/11 səhifəsində cavabdeh tərəfindən ərizəsinin icrasına imtina edilməsi bərədə məlumat verilmiş, lakin cavabdeh tərəfin xx.xx.2022-cı ıl tarixli **********62 saylı məktubu barədə məlumat verilməmişdir, (məktub əlavə olunur.) Qərarın 3-cü bölməsinin 6/11 səhifəsinin 5-ci abzasında cavabdehin JN-256F nömrəli şəhadətnaməsinin qeydiyyatdan keçməməsı bərədə məlumatını qəbul etmir. Belə ki, Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-cı il tarixli **********62 saylı məktubları əlavə olunmamışdır (məktubların surətləri əlavə olunur.) Bundan əlavə olaraq, “Daşınmaz Əmlakın Dovlət Reyestri haqqında” qanunun 8.0.1 və 8.0.5 maddəsinə uyğun olaraq xx.xx.2006-cı ildən müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmiak üzərində (o cümlədən torpaq sahəsi) hüquqları təsdiq edən aktlar şəhadətnamələr və sair əsas hesab olunur. Qərarın 3-cü bölməsinin 6/11 səhifəsinin 7-ci abzasında məhkəmə tərəfindən əlavə edilmiş mütəxəssis rəyinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********95 nömrəli çıxarışın əsasında üçüncü şəxsə ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları JN-141 nömrəli Dövlət aktı əsasında verilmişdir bölməsi ilə razılaşmır. Belə ki, məhkəmə zamanı mütəxəssis rəyi alınması uçun kompleks ekspertizanın təyin olunmasını xahiş etdiyi halda, məhkəmə cavabdeh tərəfin mütəxəssis rəyi ilə kifayətlənmiş və həmin mütəxəss işlədiyi idarənin maraqlarını müdafiə etmişdir. Məhkəmənin qərarının 5-ci bölməsinin 10/11-ci səhifəsinin 3cü abzasınca qeyd olunan məhkəmənin mövqeyi ıiə razılaşmır. Ona görə ki, üçüncü şəxsə verilmiş 141 saylı Dövlət aktının koordinatlarına uyğun torpaq sahəsini hal-hazırda həmin şəxs istifadə edir və ona həmin akt əsasında koordinatları dəyişdirilərək verilmiş çıxarışın plan-ölçü sxemi isə tamamilə fərqi 60-cı kontordan kənarda 140 saylı Dövlət aktı əsasında alınmış mülkiyyət sahibi olan vətəndaşın gediş-gəliş yolu da daxıl olmaqla tərtib edilmişdir. Həmin abzasda məhkəmənin üçüncü şəxsə məxsus torpaq sahəsinə da çıxarışın plan və olçü sxeminin qismən ləğv edilməsi vətəndaşın mulkiyyət hüquqlarının pozulmasına səbəb olan mövqeyi ilə qəti razılaşmır. Ona görə ki, həmin vətəndaş 141 saylı Dövlət aktı ilə iki yerdə torpaqdan istifadə edir. Birincisi 141 saylı akta əsasən islahat zamanı təhkim olunmuş 0.49 ha torpaq sahəsinin 0 18 ha və 0.12 ha olmaqla bir hissəsini sənədsiz olaraq həyətyanı torpaq sahəsi kimi satmış, qalan 0.30 ha torpaq sahəsini hal-hazırda istifadə edir. İkincisi isə məhkəmə-hüquq sisteminin (yəni Sumqayıt İnzibati Məhkəməsinin 29 09.2020-ci il tarixli N2-1(118)-938/2020 saylı humanist qərarından sui-istifadə edərək tamamilə fərqli istifadəsində və mülkiyyətində olan, qonşu pay torpaq sahiblərinin gedişgəliş yolu da daxıl olmaqla əlavə olaraq ikinci dəfə torpaq sahəsinə mülkiyyət hüququnu əldə etmək istəyir. Məhkəmənin qərarının 5-ci bölməsinin 10/11 səhifəsinin ikinci (yəni 4cü) abzasına əsasən Dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının tam həcmdə reallaşmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir mövqeyi ilə razılaşır. Lakin hüquqi və fiziki şəxslərin hüquqlarının o cümlədən mülkiyyət hüquqlarının 1 (bır) sənədlə (141 saylı Dövlət aktı ilə) ikiqat həcmdə reallaşmasına da şərait yaratmaq yolverilməzdir və qanuna ziddir. İddia tələbi maraqlı tərəf olan X1 mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasına heç bir təsir etmir, ona görə ki, onun istifadəsində plan-ölçü sxeminə daxıl edilmiş 0.49 ha torpaq sahəsindən əlavə 141 saylı Dövlət aktının koordinatlarına uyğun istifadə etdiyi 0.30 ha torpaq sahəsidə mövcuddur.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsini alğı-satqı yolu ilə bələdiyyədən almışdır, torpaq sahəsini aldığı şəxsin adını xatırlamır. Özəl pay kimi ayrılan torpaq sahəsi başqadır, mübahisə predmeti olan torpaq sahəsinə aidiyyatı yoxdur. X3 çıxarış verilən zaman torpaq sahəsinin koordinarları dəyişdirilərək ona məxsus 15 sot torpaq sahəsinin olduğu yerə plan ölçü sənədi verilmişdir. 15 sot torpaq sahəsi 48 sota daxildir. Özünün 48 sot pay torpağı vardır. Pay torpağı onun istifadəsindədir. 141 saylı Dövlət Aktının koordinatlarına uyğun olaraq üçüncü şəxs X2 faktiki istifadəsində olan 0,30 ha-a yaxın torpaq sahəsi plan ölçü sxeminə daxil edilməmiş, 141 saylı Dövlət Aktının koordinatları dəyişdirilərək iddiaçıya məxsus 0,15 ha həyətyanı torpaq sahəsinə qanunsuz olaraq plan-ölçü sxemi tərtib edilmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 2002-ci ildə islahat keçirilən zaman hər iki vətəndaşa torpaq sahəsi ayrılmışdır. Üçüncü şəxsin faktiki istifadəsində olan 30 sot torpaq sahəsi dövlət aktının koordinatları daxilindədir. Plan ölçü sənədi ya ilkin sənədin koordinatlarına, ya da faktiki istifadə vəziyyətinə uyğun tərtib edilməlidir. Üçüncü şəxsə plan ölçü sənədi verilərkən bu iki şərtin heç birinə əməl edilməmiş, 141 saylı Dövlət Aktının koordinatlarına uyğun olan 30 sot torpaq sahəsi plan ölçü sənədinə daxil edilməmişdir. Mübahisənin yaranma səbəbi budur.

22. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, 48 sot torpaq sahəsi yerindədir.

23. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr...

27. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

31. Hazırkı mübahisənin predmetini “üçüncü şəxsin adına verilmiş 10 mart 2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********5 reyestr nömrəli çıxarışın plan və ölçü sxeminin qismən ləğv edilməsindən cavabdehin imtinası təşkil edir.

32. İşdən görünür ki, iddiaçı müvafiq tələblə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

33. İş materialları ilə müəyyən olunur ki, qanuni qüvvəsini almış Sumqayıt İnzibati Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli, 2-1(118)-938/2020 saylı qərarı əsasında üçüncü şəxsin müvafiq torpaq sahəsinə mülkiyyət hüququ qeydə alınmış və çıxarış, planölçü sənədi verilmişdir. İddiaçı hazırda iddia edir ki, həmin məhkəmə qərarı 5 saylı Xaçmaz Ərazi idarəsi tərəfindən icra olunarkən plan ölçü sxemi tərtib olunan zaman qanun pozuntusuna yol verilmiş və iddiaçının mülkiyyət hüquqları pozulmuşdur, plan və ölçü sxemi iddiaçının 0.15 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.

34. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsasız hesab edir. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, iddiaçıya Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli 4-ə-902 saylı alqı-satqı müqaviləsi ilə Quba rayonunun Qımıl kəndi ərazisindən 0,15 ha torpaq sahəsi ayrılmış və bununla bağlı JN-256F KOD 30318048 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən həmin sənədlərin mötəbərliyinin müəyyən edilməsi məqsədilə mütəxəssis rəyi alınmış və Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli 4-ə-902 saylı alqı-satqı müqaviləsinə dair notariat işinin əldə edilməsi üçün müvafiq orqanlara sorğu göndərilmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən **********95 nömrəli çıxarış əsasında X3 ayrılmış torpaq sahəsinin sənəd üzrə koordinatları JN-141 nömrəli Dövlət Aktı əsasında verilmişdir. Quba rayon DNK-nın 07 noyabr 2005-ci il tarixli, 4-ə-902 saylı alqı-satqı müqaviləsi ilə ayrılmış JN-256 F KOD 30318048 saylı şəhadətnaməyə əsasən 0,15 ha torpaq sahəsinin cizgiləri elektron baza məlumatlarında olan DWJ xəritələrində öz əksini tapmadığından koordinatların və ölçülərin eyni olub-olmamasının araşdırılması mümkün deyildir. Lakin iddiaçının faktiki istifadə etdiyi və iddia etdiyi 0,15 ha torpaq sahəsi **********95 nömrəli çıxarışa əsasən X3 məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Məlum olmuşdur ki, X3 məxsus daşınmaz əmlakın dövlət reyestrindən **********95 nömrəli çıxarış qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planından görünür ki, iddiaçının istifadə etdiyi 0,15 ha torpaq sahəsi **********95 nömrəli çıxarışla Əfqan Seyidməmmədova məxsus 0,4898 ha torpaq sahəsinin daxilində yerləşir. Bundan əlavə Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə ünvanlanmış məktubda iddiaçının adına daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilənin olmadığı bildirilmişdir.

35. Hazırkı mübahisənin İPM-nin 34-cü maddəsinə uyğun olaraq öhdəliyin icrası haqqında iddia olmasını nəzərə alaraq kollegiya qeyd edir ki, bu növ iddialar üzrə mübahisə həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olubolmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu da müəyyən edilməlidir. Bu qəbildən olan işlərə baxarkən məhkəmələr cavabdehin imtina, etiraz, apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı inzibati aktın qəbuluna (hərəkətin edilməsinə) imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, bunun əksi isə cavabdeh tərəfindən sübuta yetirilmişdir.

36. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2-1(118)-404/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar