Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-175/2022 12.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına (əvvəlki adı: Fondunun 2 saylı regional ərazi filialı) qarşı 21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarından iddiaçı tərəfindən apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1955-ci il təvəllüdlüdür. 05 dekabr 1974-cü ildən 10 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək fəaliyyətinə 01 dekabr 1972-ci il tarixdən başlamış və 01 oktyabr 2005-ci il tarixədək son iş yeri kimi “Tikitni Quraşdırma İdarəsi”ndə işləmişdir. Əmək pensiyasını almaq üçün yaş həddinə çatdığından ona əmək pensiyası təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Belə ki, cavabdeh hesab etmişdir ki, 1997-ci ildən 2005-ci ilədək “Tikinti Quraşdırma İdarəsindən əmək haqqı almadığına görə həmin dövr onun sosial sığorta stajına daxil edilə bilməz. 1997-2005-ci illərin sığorta stajına hesablanmamasında onun heç bir təqsiri yoxdur. O, sıravi işçi olmuşdur, sığorta stajının hesablanmaması müdriyyətin məsuliyyətidir. Lakin o, 1975- ci ildən 2005-ci ilədək işləmişdir və bu onun əmək kitabçasında qeyd olunmuşdur. Cavabdeh ona əmək pensiyası təyin etmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 04.05.2020-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şəxsin yetərli sosial sığorta stajına malik olmaması və 01.01.2006-cı il tarixdən onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olmaması aşkarlanmış və şəxsə imtina məktubu göndərilmişdir. Belə ki, iddiaçının iddia ərizəsində 01.12.1972-ci il tarixdən “Tikinti Quraşdırma İdarəsi”ndə işləməyə başladığı və 01.10.2005-ci il tarixədək orada işləməyə davam etdiyi bildirilsə də, əmək kitabçasına əsasən o həmin illərdə müxtəlif müəssisələrdə müvafiq vəzifələrdə çalışmışdır. Əmək kitabçası araşdırılarkən onun əmək kitabçasının birinci səhifəsində pozuntular aşkarlanmışdır. Belə ki, əmək kitabçasının birinci səhifəsində şəxsin peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix (gün, ay, il) göstərilməmiş və bu məlumatlar işçi tərəfindən onun şəxsi imzası ilə təsdiq edilməmişdir. Eləcə də, əmək kitabçasının birinci səhifəsi ilk işəgötürənin möhürü ilə təsdiq edilməmişdir. İddiaçının əmək kitabçasında 25.04.1993-cü ildə üçüncü dərəcə üzrə betonçu vəzifəsinə qəbul olunduğu “Meliorator” kiçik müəssisədən işdən azad edilmə tarixi (gün, ay, il) göstərilməmişdir. Həmçinin əmək kitabçası 1993-cü illərdəki işə qəbul və işdən azad edilmə qeydləri kiril əlifbası ilə yazılmış, halbuki idarənin möhürü latın qrafikası ilə yazılmışdır. Bunlarla yanaşı, iddiaçının 01.10.1993-01.10.2005-ci il tarixədək işlədiyi Azərsutikinti konserninin 30 nömrəli TəmirTikinti İdarəsinə işə qəbulolma və işdən azadedilmə tarixlərində bir sıra qanunsuz hallar aşkar edilmişdir. Belə ki, işə daxil olma tarixi göstərilsə də, bu qeydləri aparmağa əsas verən əmək müqaviləsi, əmr, sərəncam tarixi (gün, ay, il) göstərilməmişdir. Eləcə də işdən azad olunma tarixinin 01.10.2005-ci il, yəni ilin sonlarına doğru olmasına baxmayaraq 1k nömrəli əmrlə qeyd edilməsi şübhə yaratmağa əsas verir. İşə əlavə olunmuş arxiv arayışında da 1993-2005-ci il tarixədək iddiaçının qazandığı əmək haqları öz əksini tapmışdır. Arayışdan da göründüyü kimi, şəxs yalnız 1993-cü ilin oktyabr, noyabr və dekabr aylarında, 1994, 1995-ci illərdə, 1996-cı ilin oktyabr, noyabr, dekabr ayları üzrə, 1997-ci ilin yanvar-iyun aylarında və 2003-cü illərdə əmək haqqı almışdır. Bütün bunlara əsasən iddiaçının kifayət qədər sosial sığorta stajı mövcud olmadığından yaşa görə əmək pensiyası təyin edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər X8 -məruzəçi, X10 və X6 2-1(105)-400/2021 saylı iş) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı 21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək keçmiş “Azərsutikinti” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2021-ci il tarixli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1847/ 2021 saylı, 26 oktyabr 2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (sədrlik edən və məruzəçi hakim X2, hakimlər X7 və X1). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçının həqiqətən 30 saylı Tikili quraşdırma idarəsində işləməyi faktının müəyyən ediliməsi mümkün olmamışdır. Əmək kitabçasında 30 saylı tikinti quraşdırma idarəsində işə qəbul və işdən azad edilmə barədə qeydlər edilmiş, bu müəssisənin möhürü vurulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən sənədlərin saxtalığı sübuta yetirilməyibsə, həmin sənədlər həqiqi hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin taktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetiriİməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə onun işlədiyi müəssisədə əmək haqqı almadığını qeyd etmişdir. Məhkəmə onun 1997-2005-ci illərdə əmək haqqı almadığını etiraf etməyini qeyd etmişdir. O, iddianı etiraf etməmiş, belə söz bildirməmişdir. İddianın etirafı ərizə ilə və ya məhkəmə iclas protokolunda imza ilə təsdiq olunur. Belə bir ərizə və ya imıza isə yoxdur. Bundan başqa o, 2005-ci ilə kimi işləmiş. Məhkəmə tərəfindən 2007-ci ilə kimi qüvvədə olan X5 Azərbaycan Respublikasının Qanunu tətbiq edilməli olduğu halda, yeni qanun tətbiq edilmişdir. Yenə də bundan başqa o, işçi olmuşdur. Bütün işçilər kimi onunda vəzifəsi işə vaxtlıvaxından gedıb-gəlmək, işləmək olmuşdur. Əmək kitabçasında səhv olması, tarixin göstərilməməsində onun heç bir günahı yoxdur. İndi pensiya yaşına çatmışdır. Bu vaxta kimi gözləmişdir ki, ona pensiya veriləcək. Pensiya yaşına çatdıqdan sonra isə əvvəlcə DSMF- tərəfindən, hazırda isə məhkəmə tərəfindən formal mülahizələrə əsaslanaraq onun pensiya almaq hüququndan məhrum edilir. İddiaçı apellyasiya şikayətində qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri Nümayəndə2 və Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasına dəvət olunan şahid qismində dindirilmiş Şahid bildirdi ki, iddiaçı onunla eyni vaxtda həmin müəssisədə işə başlamışdır. Onlar hər ikisidə 2005-ci ilə qədər də həmin müəssisədə fəhlə kimi işləmişlər. Pul olmadığına görə əmək haqqı əvəzində onlara natura formasında məhsullar ( un, yağ və sair) verilirdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)- 346/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmalıdır. İş materiallarında olan : AZE 0******* seriaylı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 29.07.2020ci il tarixli 779 saylı arxiv arayışından görünür ki, İddiaçı 01.11.1972-ci il tarixdən 05.05.1973-cü il tarixədək, 20.06.1977-ci il tarixdən 09.10.1978-ci il tarixədək, 08.09.1979cu il tarixdən 13.10.1984-cü il tarixədək Nizami adına qoyunçuluq sovxozunda, 13.10.1984-cü il tarixdən 24.10.1986-cı il tarixədək Jdanov adına meyvəçilik sovxozunda, 22.10.1986-cı il tarixdən 30.03.1989-cu il tarixədək X4 Təsərrüfatında, 09.09.1993-cü il tarixdən 01.10.2005-ci il tarixədək 30 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 780 saylı 29.07.2020-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1972ci ilin dekabr ayından başlayaraq 1974-1976-cı və 1993, 1996-cı illər istisna olmaqla 1998-ci ilədək əmək haqqı almışdır. 1998-2005-ci illərdə əmək haqqı alması barədə qeyd olunan qrafalar boşdur. 2003-cü ilin dekabr ayında ümumi olaraq 177026 manat aldığı qeyd edilmişdir. НЗ № ******* saylı hərbi biletdən görünür ki, İddiaçı 12.11.1974-10.11.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialı tərəfindən verilmiş 26.08.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının iş stajını təsdiq edən sənədlərdə 1993-cü ildən 2005-ci ilə kimi 30 nömrəli TQİ-də işləməsi qeyd edilmişdir. 05.06.2020-ci il tarixli 494 nömrəli arxiv arayışına əsasən isə onun 1997-ci ildən 2005-ci ilə kimi əmək haqqı almadığı müəyyən edilmiş, ona görə də həmin dövrün sığorta stajı kimi hesablanması mümkün olmamışdır. Təqdim edilən iş stajını təsdiq edən sənədlərə əsasən 25 il sığorta stajı yaranmadığından yaşa görə əmək pensiyası hüququ yaranmamışdır. Ali Məhkəmənin İnzibatinin Kollegiyasının 26.10.2021-ci il tarixli qərarında apellyasiya məhkəməsi tərəfindən işin araşdırılmayan halları üzrə 31,32,33,34-cü bəndlərində aşağıdakıları qeyd etmişdir: “... Belə ki, iş materiallarına əlavə olunmuş 01.03.2021-ci il tarixli məhkəmə iclasının protokolu ilə müəyyən olunur ki, iddiaçı birinci instansiya məhkəməsində işə baxılarkən 1997-2005-ci illərdə Tikinti-Quraşdırma İdarəsinin fəaliyyətini dayandırdığını, onun həmin illərdə əmək haqqı almadığını etiraf etmişdir. Tikinti-Quraşdırma İdarəsinin 1997-2005-ci illərdə fəaliyyətini dayandırması, iddiaçının həmin illərdə əmək haqqı almaması isə onun həmin dövrə aid əmək stajının mötəbərliyini şübhə altına alır. Belə ki, sözügedən hallar öz təsdiqini taparsa, 1997-2005-ci illər iddiaçının sığorta stajına əlavə edilə bilməz. Bu isə öz növbəsində iddiaçının ümumi sığorta stajının tələb edilən 25 ildən az olmasına səbəb olur ki, sığorta stajı 25 ildən az olduğu halda iddiaçının pensiya hüququ yaranmır. Göründüyü kimi, göstərilən hal mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi iddiaçının özü tərəfindən həmin halların etiraf edilməsini nəzərə almamışdır. Halbuki, hazırkı qərarın 20-ci bəndində göstərilən normanın məzmunundan da görünür ki, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmaq məhkəmənin vəzifəsidir”. Bununla əlaqədar işə yenidən baxılarkən cavabdehin nümayəndəsi Nümayəndə2 öz izahatında bildirdi ki, 1997-ci ilin 30 iyun tarixinə kimi iddiaçının işləməsi ilə bağlı 21 il 11 ay 24 gün sığorta stajının olması nümayəndəsi olduğu cavabdeh tərəfindən mübahisələndirilmir. İş materiallarında olan Azərbaycan Respublikasın Dövlət Arxivinin Quba filialının 04 fevral 2022-ci il 118 nömrəli arxiv arayışında Quba 30 saylı Tikinti Quraşdırma İdarəsinin 1978-2005-ci illərdə Quba şəhərində fəaliyyət göstərdiyi qeyd olunmuşdur. Bundan əlavə, məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikasın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Məlumatın verilməsi barədə” 23.02.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, “...Bildiririk ki, dövlət reyestrində “Azərsutikinti” Konserninin 30 nömrəli Tikinti-Quraşdırma İdarəsinin 27.01.1978-ci il tarixdə 178 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Həmin hüquqi şəxs 2004-cü ildən hal-hazıradək inventarlaşdırmadan keçərək yeni VÖEN almaq üçün vergi orqanına müraciət etməmişdir”. Quba 30 saylı Tikinti-Quraşdırma İdarəsinin 1997-2005-ci illərdə fəaliyyət göstərməsi ilə əlaqədar iddiaçının vəsatəti əsasında məhkəmə kollegiyasının iclasında həmin vaxt iddiaçı ilə bir yerdə işləmiş Şahid kimi dindirilmişdir. O, şahid kimi öz izahatında bildirmişdir ki, hal-hazırda pensiyaçıdır, onlar hər ikisi 2005-ci ilə qədər həmin müəssisədə fəhlə kimi işləmişlər. Həmin vaxt müəssisənin pulu olmadığından çox vaxt onlara əmək haqqı əvəzinə natura formasında məhsullar (un, yağ və s) verilirdi. İşin 55-ci vərəqindəki məhkəmə iclas protokuluna əsasən iddiaçının öz izahıtında “idarənin fəaliyyəti dayandığından əmək haqqının verilmədiyini” göstərdiyi qeyd olunmuşdur. Lakin iddiaçı hələ iddia ərzəsində bununla əlaqədar cavabdehin imtina məktubundakı bu hala aydınlıq gətirərək 1997-2005-ci illərdə qeyd olunan idarədə işlədiyini bildirmişdir. Lakin birinci instansiya məhkəməsi bu ziddiyyətli halı araşdırmayaraq düzgün hüquqi nəticəyə gəlməmişdir. Yuxarıda qeyd olunduğu kimi cavabdehin nümayəndəsi Nümayəndə2 öz izahatında iddiaçının 1997-ci ilin 30 iyun tarixinə kimi 21 il 11 ay 24 gün işləməsi ilə bağlı sığorta stajının olmasının mübahisələndirilmədiyni bildirmişdir. “X5” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən “X5” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə kollegiyası həmçinin cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, əmək kitabçasından başqa, iddiaçının əmək fəaliyyətini təsdiq edən arxiv arayışları iş materiallarına əlavə edilmiş və həmin arayışlardakı məlumatlar əmək kitabçası ilə üst-üstə düşməklə bir-birini tamamlayır. Yuxarıda qeyd edilən qanunvericilik aktlarına görə əmək kitabçası və iş yerindən verilən arayışlar sığorta stajının müəyyən edilməsi üçün əsasdır. Buna görə ki, mübahisə olunan iş stajı iddiaçının əmək kitabçası və arxiv arayışları ilə təsdiq olunduğundan həmin dövrlər iddiaçının sığorta stajına daxil etməklə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan, həmçinin Azərbaycan Respublikasının Qanunvericilik sisteminin əsasını təşkil edən Konstitusiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Dövləti hüquqi respublikadır və dövlətimizdə hər bir hüquq münasibəti mövcud hüquqi aktların tələblərinə müvafiq qaydada həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsində deyilir ki, "Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır". Konstitusiyasının 26-cı maddəsinə əsasən isə bunun təminatını vətəndaşların qurduğu dövlətə verir: "Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir". Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər bir vətəndaşın sosial təminat konstitusiya hüququ onun qanunla müəyyən edilmiş hallarda və məbləğdə pensiya almaq hüququnu da nəzərdə tutur. Bu mənada, pensiya təminatı sosial təminat hüququnun mühüm tərkib hissəsi kimi çıxış edir və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda ... sosial təminat hüququna malikdir. "X5” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin X hissəsinə əsasən dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının tam ləğvi üçün əsasdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İş materiallarına əsasən aydın olur ki, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarina əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ləğv edilməklə iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilən apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2021-ci il tarixli, 2-1(118)-346/2021 saylı qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı (əvvəlki adı: Fondunun 2 saylı regional ərazi filialı) 21 yanvar 1993-cü ildən 01 oktyabr 2005-ci il tarixədək “Azərsutikinti” Konserninin 30 nömtəli Tikitni Quraşdırma İdarəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-175/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-175/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver