Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-175/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1982/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamələrin məlumatlarına əsasən iddiaçı xx.xx.1967-ci ildə anadan olmuş, xx.xx.1987-ci il tarixdə onun Elmin, xx.xx.1989-cu il tarixdə isə Elvin adlı övladları anadan olmuşdur.
2. Sumqayıt şəhər İcra Hakimiyyəti MKTB-nin 8 saylı Mənzil Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli 1488 saylı ailə tərkibi haqqında arayışından görünür ki, İddiaçı övladları 01 oktyabr 1987-ci il təvəllüdlü X2 və 07 aprel 1989-cu il təvəllüdlü X3 doğub 8 yaşına qədər tərbiyə etmişdir.
3. İddiaçıya məxsus ПТ ******* saylı əmək kitabçasından onun 01 may 1985-ci ildən 8 dekabr 1988-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək, xx.xx.1995-ci ildən xx.xx.2010-cu ildək, xx.xx.2010-cu ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur.
4. “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodu Kadrlar şöbəsinin 63 saylı, 64 saylı, 65 saylı xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, İddiaçı 02 oktyabr 1995ci ildən 31 iyul 1997-ci ilə kimi “Azərikimya” İstehsalat Birliyi “EtilenPolietilen” zavodunun izolyasiya və hidroizolyasiya sexində sarğıçı, 01 avqust 1997-ci ildən 31 dekabr 2005-ci ilədək tikinti və izolyasiya sexində izoləedici, 01 yanvar 2006-cı ildən 19 iyul 2010-cu il tarixədək izolyasiya sahəsində izoləedici, təmir-tikinti və izolyasiya sahəsində izoləedici işləmişdir. Sarğıçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarının XXVİİ bölməsinin 290000a12520 şifrinə əsasən 2 saylı siyahıda sadalanan izolyasiyaçılar istehsalatında, tikinti və izolyasiya sexində izoləedici peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qəərarının XXVİİİ bölməsinin 290000a-12570 şifrinə əsasən 2 saylı istehsalatda, izolyasiya sahəsində izoləedici, təmir-tikinti və izolyasiya sahəsində izoləedici peşəsi həmin qərarın 29-cu bölməsində izolyasiyaedici peşəsində güzəştli şərtlərlə pensiya hüququ verir və o, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2009-cu il tarixdən xx.xx.2009-cu il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azərikimya” İstehsalat Birliyi “TəmirTikinti” İdarəsinin 01/04-01 saylı, 13 aprel 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı 20 iyul 2010-cu ildən hal-hazıra kimi “Azərikimya” İstehsalat Birliyinin “Təmir-tikinti” İdarəsinin 02 saylı İzolyasiya sahəsində izoləedici-plyonkası işlədiyi və göstərilən peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarının 29-cu bölməsinin a bəndinə əsasən siyahıda sadalanan izoləedici-plyonkası istehsalatında güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir.
6. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə xx.xx.2022-ci il tairxli ərizə ilə cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli məktubu ilə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtinada “Əmək pensiyaları haqqında” Qanunun 9.1 və 9.8-ci maddələrinə və qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə istinad edilməkə göstərilmişdir ki, Mərkəzi Filiala təqdim edilən “Azərkimya” İB “Etilen-Polietilen” zavodunun ona dair arayışında xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən qeyd edilən dövr üzrə ödənişsiz məzuniyyətdə olduğu ümumilikdə 3 müddətini iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı 10 ildən az (9 il 11 ay 29 gün) təşkil edir. Bundan başqa onun ümumi iş stajı 20 ildən az (17 il 8 ay 16 gün) təşkil edir. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 56880,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36363,37 manat təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
7. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia qaldıraraq “cavabdehin üzərinə uşaqları xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək xx.xx.1987-ci il təvəllüdlü X4 və xx.xx.1989-cu il təvəllüdlü X5 işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət iki il yeddi ay iki günün onun ümumi iş stajı kimi nəzərə alınmaqla 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı ərizəsində cavabdehin imtina məktubunun məzmununa istinad edərək göstərmişdir ki, imtina qanunsuz və əsassızdır. xx.xx.1967-ci ildə anadan olmuşdur. Etilenpolietilen zavodunun xx.xx.2022-ci il tarixli 63 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək Etilen-Polietilen zavodunun İzolyasiya və hidroizolyasiya sexində sağıcı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahısı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Cəmi 1 il 10 aydır. Etilen-Polietilen Zavodunun xx.xx.2022-ci il tarixli 64 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1997-ci ildən xx.xx.2005-ci İl tarixədək Etilen-Polietilen Zavodunun tikinti və izolyasiya sexində izoləedici vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə pensiya təmin etmək hüququ verir. Həmin arayışlarda qeyd edilən güzəştli şərtlərlə pensiya 10 il 3 ay 1 gündür. Etilen- Polietilen Zavodunun 63, 64 saylı arayışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş 10 ildən artıq 10 il 3 ay 1 gün imtiyazlı iş stajı təsbit olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 may 2022-ci il tarixli, **********2 nömrəli məktubunda “Mərkəzi filiala təqdim etdiyi “Azərikimya” İB “Etilen- Polietien zavodunun onlara dair arayışında xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu ümumilikdə 3 il müddətini iş stajına daxil etmək mümkün deyildir. Bu səbəbdən onun 01 yanvar 2006-cı il tarikinədək güzəştli iş stajı 10 ildən az təşkil edir” hissəsi həqiqətə uyğun olmadığı üzə çıxır. Belə ki, həmin 1 ay azaldıldıqda 10 il 2ay imtiyazlı iş stajının olması müəyyən edilir. Etilen- Polietilen Zavodunun xx.xx.2022-ci il tarixli 65 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.2006-cı ildən xx.xx.2010-cu ilədək “Etilen-Polietilen zavodunun izolyasiya sahəsində izoləedici, təmir-tikinti və izolyasiya sahəsində izaoləedici vəzifəsində işləmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq üç yaşına çatanadək və üst-üstə altı ildən çox olmayan müddət iş stajına daxil edilir. Onun uşaqları X6 xx.xx.1987-ci ildə, X7 xx.xx.1989-cu ildə anadan olmuşdur. xx.xx.1988-ci ildən işdən azad olunmuşdur. Yəni xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilə kimi “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “e” bəndinə əsasən, işləməyənm ananın körpə uşaqlara qulluq etdiyi müddət iki il yeddi ay iki gün onun ümumi iş stajına əlavə edilir. “Əmək kitabçasında qeyd edilən məlumatlardan göründüyü kimi onun 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən artıq 20 il 7 ay 2 gün, güzəştli şərtlərlə on ildən artıq 10 il 3 ay 1 gün iş stajına malikdir. Etilen-Polietilen Zavodunun arayışlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq olunmuş siyahı üzrə müəyyən edilmiş 10 ildən artıq imtiyazlı iş stajı təsbit olunmuşdur.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
9. Cavabdeh iddia tələbinə qarşı etirazında xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilən əsaslara istinadən bildirmişdir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Filiala təqdim edilən “Azərkimya” İB “Etilen-Polietilen” zavodunun arayışında iddiaçının xx.xx.2001xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsində qeyd edilən istisna olmaqla) yuxarıda qeyd edilən dövr üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu müddəti onun iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən iddiaçının 01 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (9 il 11 ay 29 gün), ümumi iş stajı isə 20 ildən az (17 il 8 ay 16 gün) təşkil edir. İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 56880,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36363,37 manat təşkil edir. Məhz bu səbəblərə görə də İddiaçı qanunvericiliyin tələbləri baxımından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
10. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1982/2022 nömrəli qərarı ilə iddia təmin edilərək İddiaçı uşaqları xx.xx.1988-ci ildən xx.xx.1991-ci ilədək xx.xx.1987-ci il təvəllüdlü X4 və xx.xx.1989-cu il təvəllüdlü X5 işləməyən ananın körpə uşaqlara qulluq etdiyi iki il yeddi ay iki gün müddətin onun sosial sığorta stajı kimi nəzərə alınmaqla ona 52 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X9 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq ümumi iş stajına daxil edilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının bir övladı xx.xx.1987-ci il təvəllüdlü, digəri isə xx.xx.1989-cu il təvəllüdlüdür. Belə olan halda, iddiaçının uşaqlarının 3 yaşına çatanadək onlara qulluq etdiyi dövrün onun sosial sığorta stajına daxil edilməli olması qanunun tələbindən irəli gəlir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının işləmədiyi müddətdə körpə uşaqlarına qulluq etdiyi müddət ona əmək pensiyasının hesablanması zamanı sosial sığorta stajı kimi nəzərə alınmalıdır. İddiaçının 52 yaşı tamam olduğuna, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə 10 il xüsusi iş stajı və 20 il ümumi iş stajı olduğuna görə, yuxarıda qeyd olunan normalara əsasən onun pensiya hüququ yaranmışdır.
12. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının pensiya kapitalı ilə bağlı məsələyə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçının 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranan dövrə münasibətdə isə (yəni xx.xx.2017-ci ildən xx.xx.2022-ci il tarixə qədər) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün üç şərt mövcud idi: yaş, iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı. Göründüyü kimi 2019-cu ildə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün capital tələbi olduğu halda birinci instansiya məhkəməsi bu tələbdən yan keçmişdir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 56880,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 36363,37 manat təşkil edir. Həmçinin Etilen-polietilen zavodunun xx.xx.2022-ci il tarixli 63 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1995-ci ildən xx.xx.1997-ci ilədək Etilen-polietilen zavodunun izolyasiya və hidroizolyasiya sexində sağıcı vəzifəsində işləmişdir. Etilenpolietilen zavodunun xx.xx.2022-ci il tarixli 64 nömrəli arayışında qeyd olunmuşdur ki, xx.xx.1997-ci ildən xx.xx.2005-ci il tarixədək Etilen-polietilen zavodunun tikinri və izolyasiya sexində izoləedici vəzifəsində işləmişdir. Bundan başqa iddiaçı tərəfindən “Azərkimya” İB “Etilen-Polietilen” zavodunun iddiaçının ödənişsiz məzuniyyətdə olması ilə bağlı arayış təqdim olunmuşdur. İddiaçı tərəfindən təqdim edilən arayışa əsasən İddiaçı xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olmuşdur. Eyni zamanda iddiaçı tərəfindən Etilen-polietilen zavodunun xx.xx.2022-ci il tarixli 65 nömrəli arayış da təqdim olunmuşdur. Həmin arayışda isə iddiaçının xx.xx.2006cı ildən xx.xx.2010-cu ilədək Etilen-polietilen zavodunun izolyasiya sahəsində izoləedici vəzifəsində işlədiyi qeyd edilmişdir. Etilen-polietilen zavodunun arayışında iddiaçının xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olduğu qeyd olunmuşdur. Qanunvericilikdə yalnız məcburi dövlət social sığorta haqlarının ödənildiyi dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edildiyindən yuxarıda qeyd edilən dövr üzrə iddiaçının ödənişsiz məzuniyyətdə olduğu ümumilikdə 3 il müddətini onun iş stajına daxil etmək mümkün olmamışdır. Bu səbəbdən onun xx.xx.2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (9 il 11 ay 29 gün) təşkil edir. Bundan başqa ümumi iş stajı 20 ildən az (17 il 8 ay 16 gün) təşkil edir. Beləliklə iddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli iş stajı 10 ildən az (9 il 11 ay 29 gün), ümumi iş stajı isə 20 ildən az (17 il 8 ay 16 gün) təşkil etdiyi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
15. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyada) : Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (iddiaçının 52 yaşı tamam olduğu zaman qüvvədə olan redaksiyada): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: ... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: ... qadınlar-52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq; ....Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”
20. “İnzibati icraat haqqında” Qanun Maddə 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
21. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etməklə qeyd edir ki, cavabdehin imtinasında, etirazında və apellyasiya şikayətində təkrarlanan eyni dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.
25. Belə ki, iddiaçının təqdim etdiyi və surətləri də cavabdeh tərəfindən təqdim edilmiş iddianın müraciəti ilə əlaqədar cavabdeh inzibati orqanın apardığı inzibati icraat materiallarında olan iddiaçının əmək kitabçasının, onun uşaqlarının doğum haqqında şəhadətnamələrinin surətlərindən və “Azərikimya” İstehsalat Birliyi “Etilen-Polietilen” zavodunun xx.xx.2022-ci il tarixli arayışlarından görünür ki, iddiaçının ona “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə deyil, həmin qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulan şərtlərlə (52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa) pensiya təyin edilməsi üçün zəruri olan bütün şərtlər ödənilmişdir.
26. Cavabdeh iddiaçının əmək kitabçası və təqdim etdiyi güzəştli iş stajına dair arayışları ilə təsdiq edilən ümumi və güzəştli iş stajını hər-hansı digər dəlil irəli sürmədən ümumiyyətlə mübahisələndirməmişdir. İddiaçının müvafiq dövrlərdə işlədiyi izolyasiya və hidroizolyasiya sexində sarğıçı və tikinti və izolyasiya sexində izoləedici peşələri yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısında nəzərdə tutulmuşdur. Bununla belə cavabdeh inzaibati icraat materiallarında da olan, iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsində istinad etdiyi halları nəzərə almayaraq və qanunvericiliyin yuxarıda istinad edilən tələblərini kobud şəkildə pozaraq iddiaçının işləməyən ana kimi körpə uşaqlarına qulluq etdiyi müddəti onun ümumi əmək stajına daxil etməməklə formal olaraq onun ümumi iş stajının 20 ildən az (17 il 8 ay 16 gün) təşkil etməsinə, habelə güzəştli arayış üzrə 10 ildən artıq olan stajının hesablanması zamanı xx.xx.2001-xx.xx.2002-ci il tarixləri arasındakı dövr ərzində ödənişsiz məzuniyyətdə olması nəzərə alınaraq güzəştli iş stajının 10 ildən az - 9 il 11 ay 29 gün (tələb olunan 10 ildən cəmi 2 gün az) olmasına istinad etmişdir.
27. Kollegiya cavabdehin hazırkı və oxşar işlər üzrə əmək pensiyası hüququ olan şəxslərin sığorta stajının hesablanmasına formal yanaşması və “İnzibati icraat haqqında” qanunun tələblərini pozmaqla qanunvericiliyin tələblərini pensiya təminatını həyata keçirməli olan inzibati orqanın mənafeyinə uyğun olaraq görməzdən gəlməsi və yalnış tətbiq edilməsi ilə bağlı praktikasının vətəndaşların konstitusion pensiya hüququnun məhdudlaşdırılması ilə nəticələndiyindən yolverilməz olduğunu qeyd edir. Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında əks olunmuş hüquqi mövqeyə uyğun olaraq inzibati orqan öz praktikasını dəyişməyə borcludur. Çünki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, habelə bu və ya digər səbəblərdən (hazırkı işdə körpə uşaqlarına qulluq) işləmədiyi dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
28. İşin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçının əmək kitabçası üzrə işləmədiyi dövrlər onun körpə uşaqlarına qulluq etdiyi dövrlər olmuşdur ki, həmin dövrlər də qanunvericiliyin tələblərinə uyğun olaraq birmənalı şəkildə iddiaçının ümumi iş stajına daxil edilməlidir. İddiaçının güzəştli şərtlərlə pensiya təminatı verən iş yerində işlədiyi dövrdə cəmi 1 dəfə 3 ay müddətinə ödənişsiz məzuniyyətdə olmasına gəldikdə isə Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövr isə təqvim üzrə 6 aydan artıq olmamışdır. Digər tərəfdən cavabdehin müvafiq dəlili həm də ona görə əsassızdır ki, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu abzası əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxil edildiyini müəyyən etsə də, həmin tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajının həmin maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmasını müəyyən etmişdir ki, bu halda da ən azından iddiaçının işlədiyi və əmək kitabçasında qeyd edilən dövrləri də əhatə edən ödənişsiz məzuniyyət dövrünə düşən xx.xx.2001-xx.xx.2001-ci il tarixədək olan dövrlər onun əmək stajı kimi nəzərə alınmalıdır. Bu halda isə iddianın tələb olunan güzəştli stajı 10 ildən artıq olur.
29. Beləliklə, işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün şərtləri ödədiyindən ona əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.
30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1982/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.