Məhkəmə qərarları › İş №2-1(105)-176/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-176/2021

31.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-176/2021 31.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı ilə Qusar rayonu X2 arasında 5,0 ha torpaq sahəsi ilə bağlı 99 (doxsan doqquz) il müdətinə 03 noyabr 2003-cü ildə bağlanmış icarə müqaviləsinin daşınmaz əmlakın reyesterində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-754/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı 08 noyabr 2003-cü il tarixdə Qusar rayonu X2 ilə 99 il müddətinə icarə müqaviləsi bağlamaqla bələdiyyənin ehtiyat fondu torpaqlarından 5,0 hektar torpaq sahəsini icarəyə götürmüşdür. Ötən illər ərzində həmin torpaq sahəsində bostan bitkilərini əkməklə ailəni dolandırmış, o həmin torpaq sahəsində uzun illik bağ salmaq, müxtəlif meyvə ağaclarını yetişdirmək istəyir. Bu məqsədlə bankdan kredit, subsidiya götürmək istəyir. Lakin heç bir bank daşınmaz əmlakın çıxarışı olmayan torpaq sahəsinə görə kredit vermir. Buna görə də, o, Qusar rayonu X1 99 il müddətinə icarəyə götürdüyü 5,0 hektar torpaq sahəsinə icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almaq istəyir. Çıxarışın verilməsi üçün dəfələrlə şifahi qaydada cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi ona hər dəfə həmin torpaq sahəsinə icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina etmişdir. Ona bildirilmişdir ki, icarə müqaviləsinin 99 il müddətinə bağlanmasına baxmayaraq həmin torpaq sahəsinə icarə hüquqları haqqında yalnız 15 illik çıxarış verilə bilər. O, isə buna razı olmamışdır. 15 yanvar 2020-ci il tarixdə həmin torpaq sahəsinə 99 (doxsan doqquz) illik icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi üçün təkrarən yazılı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin ərizəsi 21 yanvar 2020-ci il tarixdə xəbərnaməli məktubla cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə çatmasına baxmayaraq cavabdeh ərizəsinə cavab verməmişdir. Bununla da cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi faktiki olaraq həmin torpaq sahəsinə icarə hüquqları haqqında ona çıxarış verilməsindən imtina etmişdir. O, xx xxxxx 1969-cu ildə Qusar rayonunun Yeni Həyat kəndində anadan olmuş, həqiqi hərbi xidmətini Sovet Ordusu sıralarında keçmiş, Əfqanıstan müharibəsində iştirak etmişdir. Müddətli hərbi xidmətini başa vurduqdan sonra Rusiya Federasiyasının Kabardino Balkariya Respublikası ərazisində yerləşən xüsusi təyinatlı hərbi hissələrdən birində hərbi qulluğunu davam etdirməyə başlamış, 1990-cı illərin əvvəllərində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlar başlayan zaman Rusiya Federasiyasının hərbi qüvvələrində hərbi xidmət keçmək barədə kontraktından imtina edərək vətəni müdafiə etmək üçün Azərbaycan Respublikasına qayıtmış və öz ərizəsi ilə könüllü olaraq Azərbaycan Respublikasının Milli Ordusuna hərbi xidmətə getmişdir. Həm birinci, həm də ikinci Qarabağ müharibəsində hərbi əməliyyatlarda iştirak etmiş, dəfələrlə yaralanmış, 3 dəfə kontuziya olmuş, Dağlıq Qarabağ bölgəsində hərbi əməliyyatlar dayandırıldıqdan sonra isə doğma kəndi Qusar rayonu, Yeni Həyat kəndinə qayıtmışdır. Hal-hazırda o ailəsi ilə birlikdə Qusar rayonunun Yeni Həyat kəndində yaşayır. Ailəsi ilə yaşadığı doğma kəndi Qusar rayonunun Yeni Həyat kəndinə əhalinin, o cümlədən onların ailəsinin əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Yeni Həyat kəndində torpaq islahatları keçirilən zaman o Qarabağ müharibəsində olmuş və ona kənddən pay torpaq sahəsi verilməmişdir. İcarəyə götürdüyü torpaq sahəsinə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən heç bir əsas olmadan icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməməsi ailənin vəziyyətini daha da çətinləşdirir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, İddiaçı icarə hüquqları haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı 15.01.2020-cu il tarixli ərizə ilə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə 03.02.2020-ci il tarixli **********66 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, ‘‘Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 12.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüqularının dövlət qeydiyyatını aparır. Bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş qaydada hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər təqdim olunacağı təqdirdə daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Ərizədə qeyd olunan əmlaka dair hüquqmüəyyənedici sənədlərin əsilləri hüquq sahibi və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə təqdim olunmalıdır. Azərbaycan Respublikasının Torpaq məcəlləsinin 16.4-cü maddəsinə əsasən, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 50.3-cü maddəsinə əsasən uzunmüddətli müvəqqəti istifadə bələdiyyə mülkiyyətində olan torpaqlar üçün 15 ildən 49 ilədək müəyyən oluna bilər.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Yuxarıda göründüyü kimi, iddia ərizəsində göstərildiyinin əksinə İddiaçı ərizəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən cavablandırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-754/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim Ceyhun Məmmədov) Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti cavabdehin iddia ərizəsinə etirazı ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, torpaq sahəsinin qış otlaqlarının və mal-qara düşərgələrinin ərazilərinə aid olduğu həmin müqavilədə göstərilməmişdir. Beləliklə, iddiaçının icarəsinə verilmiş torpağın yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin ərazisini əhatə etdiyi təsdiq olunmur, cavabdeh bildirməsinə baxmayaraq bu halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddiaçıya icarə verilmiş torpaq sahəsinə münasibətdə məhz örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəyə verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn məhdudiyyətlər tətbiq edilə bilməz. Birinci instansiya məhkəməsi iddiaçıya icarəyə verilmiş Qusar rayonu, Yeni Həyat kəndi ərazisində yerləşən 5.0 hektar torpaq sahəsinin məqsədli təyinatına görə hansı kateqoriya (yaşayış məntəqələrinin torpaqları, kənd təsərrüfatı təyinatlı torpaqlar və s.) torpaqlara aid olduğunu araşdırmadan iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin hansı kateqoriya torpaqlara aid olduğunun müəyyənləşdirilməsi üçün mütəxəssis rəyinin alınması ilə bağlı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu vermişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş C-60 nömrəli, 01 iyun 2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, İddiaçı ilə Qusar rayonu, X2 arasında bağlanmış 08 noyabr 2003-cü il tarixli, 4 nömrəli torpaq icarə müqaviləsinə əsasən iddiaçıya icarəyə verilmiş Qusar rayonu Yeni Həyat kəndi ərazisində yerləşən 5.0 hektar torpaq sahəsi məqsədli təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş təyinatlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə əsasən, yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir. Həmin maddənin 3-cü bəndinə əsasən, bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Həmin maddənin 4-cü bəndinə əsasən, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi” Qaydalarının 3-cü bəndinə əsasən, yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələri əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılır. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. Dövlət mülkiyyətində olan örüş, biçənək, yay və qış otlaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 fevral tarixli, 29 nömrəli qərarı ilə edilmiş dəyişikliklər və əlavələrlə) Sadalanan normalardan göründüyü kimi, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mütəxəssis rəyinə əsasən İddiaçı ilə Qusar rayonu, X2 arasında bağlanmış 08 noyabr 2003-cü il tarixli, 4 nömrəli torpaq icarə müqaviləsinə əsasən iddiaçıya icarəyə verilmiş Qusar rayonu Yeni Həyat kəndi ərazisində yerləşən 5.0 hektar torpaq sahəsi məqsədli təyinatına görə kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid örüş təyinatlı torpaq sahəsi olduğundan və həmin torpaq sahəsi qanunvericiliyə əsasən hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verildiyindən, İddiaçı ilə Qusar rayonu X2 arasında 5,0 ha torpaq sahəsilə bağlı 99 (doxsan doqquz) il müdətinə 03 noyabr 2003-cü ildə bağlanmış icarə müqaviləsinin daşınmaz əmlakın reyesterində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə mövcud iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-754/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası həmçinin hesab edir ki, İddiaçı iş üzrə keçirilmiş torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 351 (üç yüz əlli bir) manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-754/2020 saylı, 22 oktyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı ilə Qusar rayonu X2 arasında 5,0 ha torpaq sahəsi ilə bağlı 99 (doxsan doqquz) il müdətinə 03 noyabr 2003-cü ildə bağlanmış icarə müqaviləsinin daşınmaz əmlakın reyesterində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. İddiaçı iş üzrə keçirilmiş torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərci olan 351 (üç yüz əlli bir) manat alınaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin hesabına ödənilsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar