Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-177/2021 08.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Ağayev Rəşadət Əhməd oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2-1(118)- 832/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra cavabdeh) 14.02.2020-ci il tarixdə müraciət edərək, Azərbaycan Respublikası DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN-5160A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən, Quba şəhərində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh **********49 saylı, 17 fevral 2020-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus JN-5160A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitabında öz əksini tapmamışdır. Qeyd edilən imtina ilə razılaşmayan iddiaçı məhkəmədə iddia qaldıraraq, adına verilmiş JN-5159A kod 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Quba şəhərində yerləşən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının vahid daşınmaz əmlak kimi dövlət reyestrindən qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli qərarına əsasən Quba şəhəri ərazisində ona 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Hal-hazırda o, qeyd olunan torpağı özəlləşdirmək istəyir, bununla əlaqədar hüquqmüəyyənedici sənədlər toplayıb cavabdehə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Cavabdeh təşkilat iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya məxsus JN- 5160A kod 30301004 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş Şəhadətnamələrin qeydiyyatı kitablarında öz əksini tapmamışdır. Bu səbəbdən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-832/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim V.Əzizova) Qərardan cavabdeh apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-832/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd olunanları nəzərə alaraq müraciətin icrası tərəflərindən mümkün deyildir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. Göründüyü kimi iddia ərizəsində göstərilən daşınmaz əmlak ƏMDK yanında DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi keçrilməmiş və ərizəsinə dair texniki hissəyə heç bir münasibət bildirilməmişdir. Bununla əlaqədar, həmin torpaq sahəsinin yerləşdiyi ərazi məlum deyildir və qeyrimüəyyəndir. Qeyd olunduğu kimi mübahisələndirilən JN-5160A KOD 30301004 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarnın dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq izahatında bildirdi ki, Quba şəhərində aqrar islahat keçirilən zaman ona 0,08 ha torpaq sahəsi ayrılsa da, torpaq sahəsi ayrıldığı vaxtdan hazırkı vaxtadək onun istifadəsində olmamış, hazırda həmin torpağın yerləşdiyi yeri dəqiq bilmir. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməlidir. İş materiallarından görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarı ilə Quba şəhəri ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.08 ha torpaq sahəsinə dair iddiaçının adına torpağın mülkiyyətə verilməsinə dair JN5160A seriyalı, KOD 30301004 nömrəli şəhadətnamə tərtib edilmişdir. Hazırda iddiaçı qeyd edilən şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına dair ərizə ilə cavabdehə müraciət etsə də, sonuncu, şhadətnamənin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmaması və ləğv edilmiş DTXK-nın Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmaması səbəbindən imtina cavabı vermişdir. İşə baxan birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, torpağın iddiaçıya qanuni surətdə ayrılması keçmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş torpağı mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təsdiq edilir. Cavabdehin həmin şəhadətnamənin elektron baza məlumatlarında və şəhadətnamələrin qeydiyyat kitablarında aşkar edilməməsinə dair dəlili əsassızdır və iddiaçının müraciətinin təmin olunmasından imtina üçün səbəb ola bilməz. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış və nəticədə maddi hüquq normasının tətbiqində səhvə yol verilmişdir. Belə ki, Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə torpaq sahəsinin iddiaçıya Quba rayon Aqrar İslahat Komissiyasının 05 may 2000-ci il tarixli, 05 saylı qərarına əsasən ayrıldığı qeyd edildiyindən həmin qərarın arxiv surətinin əldə edilməsi məqsədilə məhkəmə kollegiyası tərəfindən X1 filialına, həmçinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müvafiq sorğular edilmişdir. Azərbaycan Respublikası X1 filialı 09 iyun 2021-ci il tarixli, 540 saylı məktubla məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının 2000-ci il üçün sənədləri araşdırılarkən məlum olmuşdur ki, 2000-ci ildə Quba şəhərində həyətyanı torpaq sahəsi alacaq vətəndaşların adlı siyahısı filiala təhvil verilməmişdir. Bundan əlavə Dövlət Arxivi tərəfindən təqdim edilmiş Quba rayon Aqrar İslahat Komissiyasının 5 saylı qərarından görünür ki, həmin qərar şəhadətnamədə qeyd edildiyi kimi 05 may 2000-ci il tarixdə deyil, 25 may 2000-ci il tarixdə qəbul edilmişdir. İclasın gündəliyindən görünür ki, iclasda aşağıdakı qərarların təsdiqi ilə bağlı 4 məsələ müzakirə olunmuş və müvafiq qərarlar qəbul edilmişdir: 1) Torpaq islahatı ilə əlaqədar kompyuter qaydasında aparılmış bölgünün yerə keçirilməsinin yekunu və edilmiş zəruri dəyişikliklər barədə “Nügədi” sovxozu aqrar islahat komissiyasının 24 may 2000-ci il tarixli 55 saylı qərarının təsdiqi; 2) Quba yardımçı təcrübə təsərrüfatı Aqrar İslahat Komissiyasının özəlləşdiriləcək torpaq paylarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 may 2000-ci il tarixli 17 saylı qərarının təsdiqi; 3) Təsərrüfatda aparılan torpaq islahatı ilə əlaqədar Respublika Dövlət Kadastr Monitorinqi və İnformasiya Mərkəzindən çıxmış pay bölgü sxeminin Respublika Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutunun mütəxəssisləri tərəfindən yerə köçürülmə zamanı edilmiş qismən zəruri dəyişikliklər barədə M.Əsədov adına Quba sovxoz texnikumu Aqrar İslahat Komissiyasının 23 may 2000-ci il tarixli 16 saylı qərarının təsdiqi; 4) Yer quruluşu Layihə İnstitutunun Kompyuter mərkəzində hazırlanmış Dövlət Aktlarında müəyyən olunmuş uyğunsuzluqların aradan qaldırılması ilə əlaqədar Aşağı Atuc İƏV üzrə Aqrar İslahat Komissiyasının 24 yanvar 2000-ci il tarixli 17 saylı saylı qərarının təsdiqi. Protokoldan həmçinin görünür ki, Quba şəhəri ərazisində keçirilən aqrar islahat zamanı vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılmasına dair məsələ iclasda müzakirə predmeti olmamış və bu barədə hər hansı qərar qəbul edilməmişdir. Həmçinin, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən yazılmış 17 iyun 2021-ci il tarixli, **********18 saylı, həmçinin 15 iyul 2021-ci il tarixli **********07 saylı məktublardan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin arxivində aparılan araşdırma zamanı Quba rayon Aqrar İslahat Komissiyasının 05.05.2000-ci il tarixli, 05 saylı qərarı, həmçinin vətəndaş İddiaçı adına JN-5160A (kod ********) nömrəli şəhadətnamənin işlənməsinə əsas olmuş sənədlər aşkar edilməmişdir. Beləliklə, JN5160 A seriyalı, KOD 30301004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 0.08 ha torpaq sahəsinin Quba rayon Aqrar İslahat Komissiyasının 05.05.2000-ci il tarixli, 05 saylı qərarına əsasən iddiaçıya ayrıldığı göstərilsə də, məhkəmə kollegiyasının araşdırması nəticəsində müəyyən edildi ki, Quba rayon Aqrar İslahat Komissiyasının 05 saylı qərarı 05.05.2000-ci il tarixdə deyil 25.05.2000-ci il tarixdə qəbul edilmiş və həmin qərarla Quba şəhərində iddiaçıya torpaq sahəsinin ayrılmasına dair hər hansı qərar qəbul edilməmişdir. Bundan əlavə iddiaşı özü məhkəmə iclasında bildirmişdir ki, aqrar islahat zamanı ona torpaq sahəsi ayrılsa da, hazırkı vaxtadək həmin torpaqdan təyinatı üzrə istifdə etməmiş, eyni zamanda torpaq sahəsinin yerləşdiyi yeri dəqiq bilmir. Eyni zamanda cavabdehin imtina məktubundan görünür ki, şəhadətnamə 5 saylı Xaçmaz Ərazi İdarəsinin məlumat bazasında olan xəritədə öz əksini tapmamış, o cümlədən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış şəhadətnamələrin qeydiyyat kitablarında qeydə alınmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun: 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur; 9.1.2 və 9.1.3 maddələrinə əsasən, hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi qaydasında aparılır; 15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, JN5160A seriyalı, KOD 30301004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən məlumatların həqiqiliyi –həqiqətən də, aqrar islahat zamanı iddiaçıya torpaq sahəsinin ayrılması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, eləcə də, şəhadətnamədə göstərilən məlumatlar dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığından cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, məcburetmə haqqında iddia növündə olduğu kimi, öhdəliyin icrası haqqında iddia üzrə də, daşınmaz əmlaka çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırki tələbində haqlı olmamış, üzərinə düşən sübutetmə vəzifəsini icra edə bilməmişdir. Buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri). Lakin birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın ləğvi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2-1(118)-832/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-177/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-177/2021
08.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver