Məhkəmə qərarları › İş №2-1(105)-177/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-177/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-177/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X37 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 13b ünvanında yerləşən, ümumi sahəsi 47 kv.metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kv.metr olan bir otağına onun və övladları X26 və X9 adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(118)- 931/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur və ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.

2. Abşeron rayon X19 16 yanvar 1970-ci il tarixli, 1062 saylı orderinə əsasən ünvan 1, mənzil 39-da yerləşən yaşayış sahəsinin icarədarı X12r. Orderdə onun ailə üzvləri kimi Gülxanım Ağayeva, Nasim Ağayev, Fəxrəddin Ağayev, Bibixanım Ağayeva, İsa Ağayev, Dünyaxanım Ağayeva, Səməd Ağayev və Saleh Ağayev göstərilmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli 2(105)-467/2019 saylı, qətnaməsi ilə iddiaçı və onun övladları X21 və X17 cavabdehlər X1, X7, X4, X2 qarşı ayrıca sosial kirayə müqaviləsinin bağlanması tələbi barədə ilk iddiası təmin edilmiş və mübahisəli mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kvadrat metrlik bir otağına iddiaçı və övladları ilə ayrıca sosial kirayə müqaviləsi bağlanması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir.

4. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 22.09.2020-ci il tarixli, 154 saylı sərəncamına əsasən, Xırdalan şəhəri, 27-ci məhəllə, 13B saylı evin 47 kv.metrlik 3 (üç) otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kv.metrlik 1(bir) otağının icarə müqaviləsi İddiaçı adına bağlanmaqla mənzilin şəxsi hesabı 3 (üç) nəfər ailə üzvü ilə (özü: oğlu və qızı) onun adına dəyişdirilməsi qərara alınmışdır.

5. Abşeron rayon İcra Hakimiyyəti 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 26.10.2020-ci il tarixli, 1104 nömrəli arayışına əsasən iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 13B nömrəli evin 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 47 kvadrat metr olan, 3 otaqlı, 39 nömrəli mənzildə yaşayır. Mənzildə iddiaçı ilə birlikdə 9 nəfər – X18, X22, X3, X5, X23, X26, X21, X24 qeydiyyatdadırlar. İş materiallarına mübahisəli mənzilin sxemi də əlavə edilmişdir.

6. İddiaçı cavabdehə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilin 1 otağı üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

7. Cavabdehin 12 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilin 1 (bir) otağına dair verilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 154 nömrəli sərəncamının 22.09.2020-ci il tarixdə verildiyi aşkar edilmişdir. Bundan başqa ünvan 1 ünvanında yerləşən 39 saylı mənzilə dair təqdim edilmiş 1062 nömrəli orderin oxunmağa yararsız olduğu və qeydiyyatda olan digər şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələri əlavə edilməmişdir. Həmçinin, sözügedən daşınmaz əmlak barəsində mübahisə olduğu, bu səbəbdən texniki baxışa şərait yaradılmadığı müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı 29 mart 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47 kv.metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən ümumi sahəsi 17 kv.metr olan bir otağına onun və övladları X26 və X9 adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 09.01.2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47 kvadrat metr olan üç otaqdan ibarət 39 saylı mənzilin giriş hissəsinin sağ tərəfində yerləşən sahəsi 17 kvadrat metr olan bir otağına iddiaçı və övladları X26 və X21 ilə ayrıca sosial kirayə müqaviləsinin bağlanılması qət edilmişdir.

10. Həmin qətnamə icra olunması üçün Abşeron rayon İcra Hakimiyyətinə göndərilmiş və icra başçısının 22.09.2020-ci il tarixli, 154 nömrəli sərəncamına əsasən qeyd olunan mənzilin bir otağı iddiaçı və onun övladlarının adına dəyişdirilmişdir.

11. Daha sonra iddiaçı cavabdeh orqana çıxarış əldə etmək üçün müraciət etsə də, ona imtina cavabı verilmişdir. Həmin imtina əsassız və qanunsuzdur.

Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri

12. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən 39 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 21 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı həmin mənzilin bir otağına dair verilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının 154 nömrəli sərəncamının 22.09.2020-ci il tarixdə verildiyi aşkar edilmişdir. Sözügedən mənzilə dair təqdim edilmiş 1062 nömrəli order oxunmağa yararsızdır, eləcə də qeydiyyatda olan digər şəxslərin notarial qaydada təsdiq edilmiş ərizələri mövcud deyildir. Həmçinin, daşınmaz əmlak barəsində mübahisə olduğu, bu səbəbdən texniki baxışa şərait yaradılmadığı müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

13. Sumqayıt İnzibati Məhkəməsinin 26 may 2021-ci il tarixli 2-1(118)-931/2021 saylı qərardadı ilə X3, X5, X22, X23, X24, X13, X6, X26, X21, X14 və X25 üçüncü şəxs qismində işə cəlb edilmişlər.

14. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli 2-1(118)-931/2021 saylı qərarı ilə iddia təmin edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın irəli sürdüyü etiraz əsassızdır. İddiaçının mübahisəli yaşayış sahəsinə dair mövcud hüququ yaranmış və həmin hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı hər hansı bir ziddiyyət müəyyən edilməmişdir.

16. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri:

17. Apellyasiya şikayətinin dəlilləri cavabdehin imtinasının və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh apellyasiya şikayətində Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci, 9-cu, 23-cü və 15-ci maddələrinə istinad etməklə Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə 02.11.2021-ci il tarixli qərarının ləğv edilməsi və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.

19. İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;

22. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. ... Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

23. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 146. Dövlət mənzil fondunun yaşayış sahələrinin özəlləşdirilməsi 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.

24. Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan SSR Mənzil Məcəlləsi Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

25. İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

26. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 08.12.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının iki övladı ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinin 09.01.2019-cu il tarixli qətnaməsi ilə ayrıca sosial kirayə müqaviləsinin bağlanılması qət edildiyi bir otağın onun və övladlarının adına qeydiyyata alınmasından imtinası təşkil edir.

30. Cavadehin imtinasının, habelə etirazının və apellyasiya şikayətinin əsas dəlilləri ondan ibarətdir ki mənzilə dair təqdim edilmiş 1062 nömrəli order oxunmağa yararsızdır və qeydiyyata olan digər şəxslərin notarial qaydada təsdiq edilmmiş razılıq ərizələri olmamışdır.

31. Birinci instansiya məhkəməsi qeyd edilən dəlillərə uyğun olaraq araşdırma apararaq düzgün olaraq müəyyən etmişdir ki, iddiaçının təqdim etdiyi 1062 nömrəli, 16.01.1970-ci il tarixli order iddiaçı və hazırkı iş üzrə üçüncü şəxslərin tərəf olduqları mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-467/2019 saylı, 09.01.2009-cu il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hallara uyğun olaraq mötəbər sübut kimi qəbul edilmiş və həmin iş üzrə bu qərarın 3-cü bəndində göstərilən məzmunda yekun qərar qəbul edilmişdir.

32. Bundan əlavə, hazırkı işin materiallarında qeyd edilən orderin onun məzmununun müəyyənləşdirilməsinə imkan verən surətinin kserosurəti də mövcuddur. İşə həmçinin orderin verilməsinə əsas olmuş Abşeron Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin 06.03.1970-ci il tarixli protokolunun dövlət arxivində təsdiq edilmiş kserosurəti də əlavə edilmişdir.

33. İddiaçının orderdə adı qeyd edilmiş yaşayış sahəsinin əsas icarədarı X10 ailə üzvü (orderdə adı qeyd edilmiş Səməd Ağayevin arvadı) olması işin mübahisəsiz halıdır. Belə ki, əsli iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 09.01.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddiaçı ilə orderdə adı qeyd edilən X15 07.12.1971-ci il tarixdə nikaha daxil olmuşlar və həmin nikahdan onların hazırda iddiaçı ilə birgə yaşayan övladları X26 və X21 (hazırkı iş üzrə üçüncü şəxslər) dünyaya gəlmişdir.

34. Belə olan halda iddiaçının və onun övladlarının hazırkı qərarın 22, 23 və 24-cü bəndlərində istinad edilmiş maddi hüquq normalarının məzmuna uyğun olaraq yaşayış otağını özəlləşdirmək hüquqları mövcuddur və 21-ci bənddə istinad edilən normaya əsasən 1062 nömrəli, 16.01.1970-ci il tarixli order onların daşınmaz əmlak (yaşayış otağı) üzərində hüquqlarının əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

35. Cavabdehin etirazının digər dəlili kimi qeydiyyata olan digər şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrinin olmamasına gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, məhz belə bir razılığın əvvəlcədən mövcud olmaması iddiaçı ilə üçüncü şəxslər arasında ayrıca sosial kirayə müqaviləsinin bağlanması tələbinə dair mülki mübahisənin predmeti olmuş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli qətnaməsi ilə həmin mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Belə olan halda iddiaçının onun adına ayrıca icarə müqaviləsi bağlanmış bir otağa hüquqlarının dövlət qeydiyyatına alınması üçün yenidən mənzildə qeydiyyatda olan bütün şəxslərin razılıqlarının alınmasına dair cavabdehin imtinasının dəlilləri əsassız olmuşdur. İş materiallarından göründüyü kimi, iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş iddiaçının övladları X26 və X21 ərizələr təqdim edərək iddia tələbinin təmin olunmasına hər hansı bir etirazlarının olmadığını bildirmişlər.

36. Abşeron rayon İcra Hakimiyyəti Başçısının müvafiq otağın icarə müqaviləsinin iddiaçının adına bağlanılmasına dair 154 saylı sərəncamının 22.09.2020-ci il tarixdə verilməsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal ümumiyyətlə iddiaçının tələbinin təmin edilməsindən imtina üçün əsas ola bilməz. Belə ki, qərarın 22-ci bəndində istinad edilən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin məzmunundan da aydın olur ki, qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib: mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Göründüyü kimi, qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır.

37. Digər tərəfdən hazırkı işin hallarından da aydın olur ki, 22.09.2020-ci il tarixli sərəncam iddiaçının qeyd edilən yaşayış sahəsinə hüququnun məhz həmin tarixdə yaranması anlamına gələ bilməz. Əksinə, sərəncamın özündə də istinad edildiyi kimi, həmin sərəncam Sumqayıt Apellyasiya Məhkəməsinin yuxarıda (3-cü bənd) göstərilən qətnaməsi əsasında verilmiş icra sənədinin icrası məqsədi ilə verilməklə, iddiaçının və onun övladlarının hazırda qüvvədə olan Mənzil Məcəlləsinin qüvvəyə minməsindən (01.10.2009-cu il) əvvəl mövcud olmuş hüquqlarının rəsmiləşdirilməsinə yönəldilmişdir.

38. Cavabdehin imtinasının və etirazının digər dəlili olan daşınmaz əmlaka texniki baxışa şərait yaradılmaması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bu formal dəlil olmaqla hər-hansı hala əsaslanmır, cavabdeh bunu təsdiq edən hər-hansı mötəbər dəlil təqdim etməmişdir. Digər tərəfdən qeydiyyata alınmalı olan daşınmaz əmlaka texniki baxış keçirilməsi cavabdeh inzibati orqanın qanunvericilikdən irəli gələn vəzifəsidir və iddiaçının bu vəzifəyə mane olan hər-hansı hərəkətlərə yol verməsi işdən görünmür.

39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin imtinasında göstərilməsə də, ümumiyyətlə qüvvədə olan qanunvericilik, habelə qüvvədən düşmüş Mənzil Məcəlləsi iddiaçının cavabdehdən hüquqlarını qeydiyyata almağı tələb etdiyi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.01.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş sahəsi 17 kvadrat metr olan bir otağın ayrıca yaşayış sahəsi, daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmasını istisna edən hər hansı norma nəzərdə tutmur.

40. Beləliklə, iddiaçının ərizəsinin təmin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və onun hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddianın təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, və apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2-1(118)-931/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar