Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-178/2021 26.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2-1(118)-981/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı(bundan sonra iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, cavabdeh 04 noyabr 20N-cu il tarixli məktubla müraciəti təmin etməkdən imtina edərək bildirmişdir ki, Mərkəzi Arxivin 17.07.2017-ci il tarixli, 26.09.2018-ci il tarixli, 18.12.2018-ci il tarixli arayışlarına əsasən N nömrəli hərbi hissənin siyahısına daxil olmağı, xidmət etməyi və yaralanmağı barədə məlumat olmadığından müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Verilən cavabla razılaşmayan iddiaçı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, müharibə veteranı adı və vəsiqəsi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 fevral 2020-ci il tarixli, 2-1(112)-975/2020 saylı, 05 fevral 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə iddia tələbinə dair 2-1(112)-975/2020 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İzibati Məhkəməsinə göndərilmişdir.(hakim A.Abdullayeva) İddianın əsaslandırması: İddiaçı N91-N92-ci illərdə Minsk və Moskva şəhərlərində həqiqi hərbi xidmətdə olmuşdur. Dəvəçi rayon Hərbi Komissarlığının N nömrəli 10.07.N92-ci il tarixli əmri ilə müddətdən artıq hərbi xidmətə könüllü getmiş və Binəqədi rayonunda yerləşən N saylı hərbi hissədə könüllü xidmətə başlamışdır. Həmin ilin payız aylarında Füzuli rayonu Horadiz qəsəbəsində yerləşən N saylı hərbi hissəyə ezamiyyətə göndərilmişdir. Orada N92-N94-cü illər arasında hərbi əməliyyatlarda iştirak etmiş və 17.04.N94-cü il tarixində iki güllə yarası almışdır. Birinci dəfə Füzulidə hərbi hospitalda, ikinci dəfə isə Mirqasımov adına Respublika Kliniki Xəstəxanasında əməliyyat olunmuşdur. 03.05.N94-cü il tarixində Respublika Xəstəxanasında xəstə sayı çox olduğundan yarımçıq olaraq xəstəxanadan ayrılaraq müalicəyə evdə davam etmişdir. Həmin xəstəxanadan verilmiş 4399 saylı çıxarışda Horadiz istiqamətində gedən döyüşlərdə 17 aprel N94-cü il tarixində güllə yarası aldığı, həmin gün bir dəfə əməliyyat olunduğu, sonra yenidən əməliyyat edildiyi, 17.04.N94-cü ildən 03.05.N94-cü il tarixədək həmin müəssisədə müalicə aldığı və iş yerinin N saylı hərbi hissə olduğu göstərilmişdir. Həmin arayışlar və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən Rayon Bölməsinin 01 noyabr 2018-ci il tarixli 171 saylı arayışı ona müharibə veteranı adının verilməsi üçün əsasdır. Lakin Müdafiə Nazirliyi qanunun tələblərini pozaraq iş üçün əhəmiyyət kəsb edən bütün halları obyektiv və hərtərəfli araşdırmayaraq 04.11.20N-cu il tarixli 1/Ə-15615 nömrəli məktubu ilə ona müharibə veteran statusunun və vəsiqəsinin verilməsindən imtina etmişdir. Cavabdehin etirazları: İddiaçı xx.xx.N73-cü ildə anadan olmuş, 18 yaşı olduğundan müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Sovet Ordusunda qanunla müəyyən edilmiş 2 illik xidmətini başa çatdırmadığından, özünün qeyd etdiyi kimi 10.07.N92-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə hərbi xidmətə göndərilmişdir. O, müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Arxiv məlumatlarından görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin 10.07.N92-ci il tarixli N nömrəli əmrilə hərbi hissəyə qəbul edilmişdir. Həmin hərbi hissə Bakı şəhərində yerləşmiş, bilavasitə döyüş əməliyyatları aparmamışdır. İddiaçının sonrakı xidməti barədə hər hansı məlumat, o cümlədən onun N nömrəli hərbi hissəyə ezamiyyətə göndərilməsi, həmin hərbi hissədə xidməti, döyüşlərdə iştirak etməsi, yaralanması aşkar edilməmişdir. İşdə olan M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş 4399 saylı çıxarışa əsasən İddiaçı N nömrəli hərbi hissədə Füzuli rayonunun Horadiz ərazisində 17.04.N94-cü ildə qəlpə yaraları almış, həmin gün hərbi hospitalda əməliyyat olunmuş, 17.04.N94-cü il tarixdən 03.05.N94-cü il tarixə kimi Respublika Klinik Xəstəxanasında müalicə almış, sonuncu tarixdə kafi vəziyyətdə evə yazılmış, “Salyan kazarmasındakı” hərbi poliklinikaya müraciət etməsi tövsiyə olunmuşdur. Müdafiə Nazirliyi yalnız onun tabeliyində olub döyüş əməliyyatları aparan hərbi hissələrin və orqanların tərkibində xidmət etmiş hərbi qulluqçulara müharibə veteranı adı vermək öhdəliyi daşıyır. Həm də bu öhdəlik o şəxslərə münasibətdə yaranmışdır ki, həmin şəxslər ya hal hazırda xidmət keçsinlər və yaxud hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılsınlar. İddiaçı müddətli həqiqi hərbi xidmətçi olmuş, lakin hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmamışdır. Hərbi hissə komandirinin onun ehtiyata və ya istefaya buraxılması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə əmri olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli 2-1(118)-981/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Birinci instansiya məhkəməsi qərarında qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının sonrakı xidməti barədə, eləcə də N saylı hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının hərbi hissəyə qəbul edilməsi və aprel N94-cü il tarixli şonrakı xidmətləri barədə məlumat aşkar olunmamışdır. Həmçinin məhkəmə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilən 04.11.20N-cu il tarixli l/Ə-15615 №-li məktubunda Mərkəzi Arxivin 17.07.2017-ci il və 26.09.2018-ci il tarixli arayışlarına əsasən iddiaçının N nömrəli hərbi hissənin siyahısına daxil olması, xidmət etməsi və yaralanması barədə məlumat olmamasına əsaslanır. Məhkəmənin işə bu şəkildə yanaşması və hərbi hissə komandirlərinin əmrlərinin olmamasına və Mərkəzi Arxivdə iddiaçının hərbi hissənin siyahısına daxil edilməməsinə əsaslanaraq qərar qəbul etməsi tamamilə yanlışdır. Əgər ortada iddiaçının N saylı hərbi hissədə olmasına dair heç bir sübut olmasa idi və iddiaçı heç bir sübut olmadığı halda bu iddianı məhkəmə qarşısında qaldırsa idi, məhkəmə qəbul etmiş olduğu qərarda haqlı mövqeyi nümayiş etdirmiş olardı. Lakin hal-hazırda iddiaçı hərbi xidmətdə olmadığı hər hansı bir hərbi hissəni deyil, Füzuli rayonu Horadiz qəsəbəsində gedən döyüşlər zamanı birlikdə düşmənə qarşı mübarizə apardığı və tabe olduğu N saylı hərbi hissədə xidmətdə olarkən yaralandığını bildirmişdir. Bu faktı sübut edəcək Mirqasımov adma Respublika Kliniki Xəstəxanasının 4399 saylı çıxarışı və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən Rayon Bölməsinin 01.09.2018-ci tarixli 171 saylı arayışı da mövcuddur. O ki qaldı iddiaçının N saylı hərbi hissədə qeydiyyatda olub-olmaması məsələsinə bu artıq həmin hərbi hissənin səlahiyyətli şəxsləri tərəfindən edilmiş işə məsuliyyətlə yanaşılmamanın nəticəsidir. Çünki N saylı hərbi hissədə qeydiyyata alınmasına baxmayaraq, eyni məzmunlu məlumatlar N saylı hərbi hissədə qeydə alınmamış və ya qeydiyyata alınsa belə nəzarət etməli olan şəxslər tərəfindən itirilmiş və ya məhv edilmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apelyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun: - 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. - 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Nazirlər Kabineti) orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (o cümlədən öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası Müdafiə Nazirliyi) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli, 216 nomrəli Qərarı ilə təsdiq edilmiş «Muharibə veteranı, silahlı quvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndində əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N98-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən N91-ci il oktyabrın 9-dan N94cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Kollegiya işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək qeyd edir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Bununla bağlı, döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət keçməni təsdiq edən sənəd kimi yalnız hərbi biletə və oradakı qeydlərə istinad edilə bilməz. Belə ki, qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarından göründüyü kimi yalnız hərbi biletdəki qeydlər özü-özlüyündə yetərli deyildir, onunla yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa, artıq oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, şəxsin hərbi hissəyə daxil olması kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) da baş verməlidir. İş materiallarında olan sənədlər: -Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İşlər İdarəsi tərəfindən verilən 17.07.2017-ci il tarixli 9/2-13401 №-li arxiv arayışına əsasən, İddiaçı N N-li hərbi hissə komandirinin 10.07.N92-ci il tarixli N saylı əmri ilə hərbi hissəyə qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatl kitablarında və komandirin sentyabr N92-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı hərbi hissəyə qəbul edilməsi və aprel N94-cü il tarixdə sonrakı xidməti barədə məlumat aşkar olunmamışdır. Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş 4399 saylı çıxarışa əsasən iddiaçı N nömrəli hərbi hissədə Füzuli rayonu Horadiz şəhəri ərazisində 17 aprel N94-cü il tarixdə döyüş zamanı yaralanmış, 17.04.N94-cü ildən 03.05.N94-cü il tarixə qədər həmin xəstəxanada müalicə olunmuş, 03.05.N94-cü il tarixdə kafi vəziyyətdə evə yazılmış, “Salyan kazarmasındakı” hərbi poliklinikaya müraciət etməsi tövsiyə olunmuşdur. SHXÇDX-nin Siyəzən rayon bölməsi tərəfindən verilmiş 01.11.2018-ci il tarixli 171 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən 10.07.N92-ci il tarixdə N saylı hərbi hissəyə qəbul edilmiş, sonrakı hərbi xidməti barədə məlumat yoxdur. Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş 4399 saylı çıxarışa əsasən N nömrəli hərbi hissədə Füzuli rayonu Horadiz şəhəri ərazisində 17 aprel N94-cü il tarixdə döyüş zamanı yaralanmış, 17.04.N94-cü ildən 03.05.N94-cü il tarixə qədər həmin xəstəxanada müalicə olunmuşdur. İddiaçı Bakı Hərbi Prokurorluğunun 07 avqust 2017-ci il tarixli məktubuna əsasən hərbi qeydiyyata götürülmüşdür. Məhkəmə kollegiyasının sorğusuna əsasən təqdim edilmiş Bakı Hərbi Prokurorluğunun 07.08.2017-ci il tarixli HP-11/3642 nömrəli məktubundan görünür ki, məktubda Bakı Hərbi Prokurorluğunda N74-cü il təvəllüdlü İddiaçı barəsində cinayət işi və ya təqsirləndirici material olmadığı bildirilmişdir. AR Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 06.08.20N-cu il tarixli Ə-56648 nömrəli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivin 18 dekabr 2018-ci il tarixli, 9/2-20713 saylı arxiv arayışından görünür ki: - İddiaçı N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas səh-7, sıra-41, məlumatda atasının adı Ağasəfər yazılmışdır) Dəvəçi RHK-dan çağırılmış, N73-cü il təvəllüdlü İddiaçı komandirin 10.07.92-ci il tarixli, N saylı əmrilə hərbi hissənin siyahısına daxil olması və hərbi hissəni özbaşına tərk etdiyi üçün komandirin 14.06.93-cü il tarixli, N saylı əmrilə hərbi hissənin siyahısından çıxarılması barədə məlumat vardır. -Dəvəçi RHK-dan çağırılmış N73-cü il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N iyul N92-ci il tarixli N saylı əmrində (əsas səh-30, sıra-2, əmrdə atasının adı Ağasəfər yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlarla təmin olunaraq “sıravi” hərbi rütbəsi verilməklə baş sürücü vəzifəsinə təyin olunması barədə məlumat vardır. -N nömrəli hərbi hissə komandirinin 14.06.93-cü il tarixli N saylı əmrində N nömrəli hərbi hissə komandirinin sentyabr-dekabr N92-ci il tarixli, aprel N94-cü il tarixli nizami hissə üzrə komandirinin sentyabr-dekabr N92-ci il tarixli, aprel N94-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı Ağacəfər oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Qeyd edilmişdir ki, Akademik Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Beləliklə, iş materiallarında olan sənədlərlə iddiaçının N hərbi hissənin tərkibində döyüş bölgəsində olarkən yaralanması öz təsdiqini tapsa da, onun tərəfindən hərbi hissədən qanuni əsaslarla tərxis olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Hərbi xidmət zamanı iddiaçının yaralanması ilə bağlı apelyasiya şikayətində göstərdiyi dəlil ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də, iş materiallarından görünür ki, iddiaçı N saylı hərhi hissədə olarkən 17.04.N94-03.05.N94-cü ildə müalicə almış, Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının 4399 saylı çıxarışına əsasən, diaqnozu: ”nazik bağırsağın yaralanması ilə bağlı sakral bölgədə qəlpə yarası olmuşdur”. Eləcə də çıxarışda qeyd edilmişdir ki, İddiaçı Füzuli rayonu, Horadiz qəsəbəsində gedən döyüşlər zamanı yaralanmış, hospitalda əməliyyat olunmuş, 7-8 günə tikişi açılmış, müalicəsini davam etdirmiş, 03.05.N94-cü il tarixdə yüksək əhval-ruhiyyədə evə buraxılmışdır. Ona Salyanski adına kazarmanın hərbi poliklinikasında cərrahiyyə şöbəsinə müraciət etmək məsləhət görülmüşdür. 25 dekabr N91-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında”Azərbaycan Respublikasının Qanunun: - 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər; - 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmçinin, səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçular ehtiyata və ya istefaya buraxılırlar. Daha sonra qəbul edilmiş 03 noyabr N92-ci il tarixli “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: - 2-ci maddəsinə əsasən, hərbi xidmət həmçinin müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir; - 14-cü maddəyə əsasən, çağırışçılar üçün - hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün hərbi xidmətin başlanğıcı sayılır. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır; - 17-ci maddəsinə əsasən, ali zabit heyəti və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti)tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Hərbi qulluqçuların qalan heyətləri “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən müvafiq icra hakimiyyəti orqanları tərəfindən buraxılırlar. - 18-ci maddəsinin v) bəndinə əsasən, xəstəliyə görə—hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan və ya 12 aydan sonra yeni müayinədən keçməklə müharibə dövründə həqiqi hərbi xidmətə yararsız sayıldıqda həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılırlar. - N-cu maddəsinin b) bəndinə əsasən, xəstəliyə görə—hərbi-həkim komissiyaları tərəfindən həqiqi hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda hərbi qulluqçular həqiqi həqiqi hərbi xidmətdən istefaya buraxılırlar. Sadalanmış bu müddəalardan bəlli olur ki, müharibə dövründə səfərbərlik elan edildikdə, bu dövrdə xidmət hərbi xidmətə aid edilir və çağırış üzrə qaydalara uyğun tənzimlənir. Həmin qaydalara görə isə, hərbi qulluqçunun xidmət keçmənin başlanğıcı hərbi komissarlığa gəldiyi gün, onun sonu isə ehtiyata və ya istefaya buraxıldığı gün hesab edilir. İddiaçı döyüş zamanı yaralansa da, onun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmamış, şəxsi heyət siyahısından qanunla müəyyən edilmiş qaydada çıxarılmamışdır. İddiaçının özü də ərizəsində etiraf edir ki, 03.05.N94-cü il tarixdə xəstə sayı çox olduğundan yarımçıq olaraq xəstəxanadan ayrılaraq müalicəsini evdə davam etdirmişdir. Odur ki, kollegiya qeyd edir ki, iddiaçının qanuni əsaslarla ordudan tərxis olunması mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Belə ki, yuxarıda istinad olunan normalara əsasən iddiaçının qanunla müəyyən edilmiş qaydada təxris olunmaması onun «döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs» statusunu əldə etməməsinə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı iddia tələbi üzrə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə şərtlərin mövcudluğunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2-1(118)-981/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1N3-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-178/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-178/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver