Məhkəmə qərarları › İş №2-1(105)-178/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-178/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-178/2022 08.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Quba rayon ərazisində yerləşən “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 25.08.2016-cı il tarixli, 173 saylı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(118)-859/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh tərəfindən Quba rayon ərazisində yerləşən “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 25.08.2016-cı il tarixli, 173 saylı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2002-ci ildən qanuni əsaslarla istifadə etdiyi Quba rayonu ərazisində yerləşən Bulanlıq yaylağından 161 ha yay otlaq sahəsi sonuncu dəfə Cavabdeh başçısının 26 iyul 2016-cı il tarixli 155 saylı sərəncamı əsasında 15 il müddətinə heyvandarlığın inkişafı məqsədi ilə onun istifadəsinə verilmişdir. Bundan başqa həmin torpaq sahəsi ilə bağlı onun mülkiyyətçisi hesab edilən Dövlət Əmlak Komitəsi tərəfindən onun hüquqları tanınmaqla həmin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin yerquruluşu planı verilmiş və bununla əlaqədar o, həmin komitənin hesabına 17.01.2018ci ildə 606 manat vəsait ödəmişdir. Lakin Qəbələ rayon Laza kənd sakini X5 onun qanuni istifadəsinə ayrılmış bu örüş sahəsini qeyri-qanuni şəkildə əldə etməklə Cavabdeh tərtib etdiyi xəritə əsasında zəbt etmiş və həmin sahənin ona ayrıldığını bildirməklə ona həmin örüş sahəsindən istifadə etməyə imkan verməmişdir. Həmin torpaq sahələri hazırda Dövlət Əmlak Komitəsinin balansında və mülkiyyətində olduğu üçün onun üzərində sərəncam vermək hüququ yalnız həmin komitəyə məxsusdur və komitə tərəfindən də onun hüquqları tanınmışdır. O, həmin ərazidən istifadə etmək üçün komitəyə vəsait ödəmiş və həmin sahədən təyinatına uyğun istifadə etməklə gəlir götürmək və himayəsində olan ailəsini dolandırmaq istəmişdir. Lakin qanunsuz sənədləşmə üzündən, yəni istifadəsinə verilmiş torpaq sahəsinin eyni cizgilər əsasında başqa bir şəxsin istifadəsinə də verilməsi səbəbindən o nəinki gəlir götürmüş, maddi zərərə uğramışdır. O, bu məsələ ilə bağlı polisə müraciət etmiş, lakin ona bu məsələnin mülki qaydada həll edilməsi bildirilmişdir. Buna görə də, o, cavabdeh təşkilata dəfələrlə ərizələr göndərmiş və həmin ərizələrdə ayrılmış torpaq sahəsinə dair xəritədə dəyişiklik edilməsini və bu barədə sərəncamın İəğv olunmasını, ona başqa sahədən torpaq sahəsinin ayrılmasını xahiş etmiş, sonuncu dəfə 06.02.2021-ci il tarixdə teleqramla müraciət edərək cavabdehdən bu məsələni yoluna qoymasını bildirmiş lakin, cavabdeh bu müraciətinə də cavab verməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Quba RİHB-nin 26 iyul 2016-cı il tarixli,155 nömrəli sərəncamına əsasən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 161 ha yay otlaq sahəsi 15 il müddətinə İddiaçı istifadəsinə verilmişdir. Həmçinin Quba RİHB-nin 25 avqust 2016-cı il tarixli 173 nömrəli sərəncamına əsasən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsi 15 il müddətinə X1 istifadəsinə verilmişdir. İddiaçı ilə yuxarıda qeyd olunan şəxs Qəbələ rayonu Laza kənd sakinidirlər. Onlar uzun müddət öz heyvanlarını həmin otlaq sahələrində qarşılıqlı razılıq əsasında saxlamış və hər birinə verilmiş sərəncamlar barədə məlumatlı olmuşlar. Rayon İcra Hakimiyyətinin arxivində saxlanılan qeyd olunan materiallarda (sərəncamların verilməsinə əsas olan sənədlərdə) torpaq sahələrinin yerquruluşu planları və cizgiləri mövcud deyildir. X6 və həmin yaylaqda yerləşən digər şəxslərə rayon icra hakimiyyəti tərəfindən 2020-ci il tarixdə məktub ünvanlanaraq bildirilmişdir ki, rayon ərazisində mövcud olan yay və qış otlaq sahələrində (dövlət mülkiyyətində) elektron uçot işlərinin (dəqiqləşdirmələrin) aparılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar müvafiq sənədlərin rayon icra hakimiyyətinə təqdim edilməsi barədə xəbərdar edilsələr də, qeyd olunan müraciətlərə cavab verilməmişdir. Həmçinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən İddiaçı verilmiş yerquruluşu planından görünür ki, şərti işarələrlə işarələnmiş 161 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi nəzərdə tutulmuşdur. Elektron baza məlumatlarında həmin 161 ha örüş sahəsi göstərilsə də, ora hər-hansı bir digər şəxsin adına yerquruluşu planının işlənməsi müəyyən edilməmişdir. Vətəndaşlara sərəncamla birlikdə verilmiş cizgi planlar yerində faktiki araşdırma aparılmadan tərtib edilmişdir. Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi zamanı ilkin olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzindən yerquruluşu planı alınmalı və müvafiq orqanların razılığından sonra sərəncam verilməlidir. Həmin qaydalara əməl edilmədən verilmiş yerquruluşu planı etibarlı hüquqi sənəd hesab edilə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(118)-859/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur və iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. Belə ki, üçüncü şəxsin istifadəsinə verilmiş torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Belə olan halda iddiaçının üçüncü şəxslərə torpaq sahəsi ayrılması ilə bağlı sərəncamları mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil. İddiaçı düzgün olmayan hüquqi müdafiə vasitəsi seçmişdir. İddiaçı və üçüncü şəxslər mübahisəli torpaq sahəsinin onlara ayrıldığını iddia edirlər, cavabdeh inzibati orqan isə onlara ayrı-ayrı torpaq sahələrinin ayrıldığını lakin arxivdə yerqruluşu planları və cizgilərin mövcud olmadığını qeyd edir. Bu halda hüquqi müdafiə vasitəsi olaraq mülki məhkəmə icraatı qaydasında torpaq sahəsindən qanunsuz istifadə ilə bağlı iddialar qaldırıla bilər. İnzibati orqanların torpaq sahəsinin plan və cizgi ilə bağlı müvafiq sənədlərin verilməsi ilə bağlı hərəkətlərində qanunsuzluq olarsa, həmin hissədə inzibati məhkəmə icraatı qaydasında iddialar qaldırıla bilər. Qərardaddan İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İş üzrə Cavabdehnə və üçüncü şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçını subyektiv hüquq sahibi kimi qəbul etmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dair sübutların iddia verilərkən təqdim olunması tələb olunur, lakin iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. İş materiallarına əlavə edilmiş İddiaçı Şirəli oğlunun şikayəti üzrə Quba rayon polis şöbəsinin təhqiqatçısı, polis kapitanı X7 21 avqust 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Quba rayon icra başçısı Yaşar Məmmədov tərəfindən 26.07.2016-cı il tarixdə Quba rayonu Haput kəndi ərazisində yerləşən yaylaq sahəsinin xəritəsinin yeniləndiyi vaxt həmin ərazinin həmkəndlisi X4 da sərəncam və xəritə ilə verildiyinin müəyyən edildiyi, Qədirin həmin ərazini Haput kənd sakinlərinə icarəyə verməsi bununla bağlı aralarında münaqişə yaranması ilə bağlı rayon polis şöbəsinə teleqram ünvanlamışdır. Qeyd olunan qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X5 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, Quba RİHB tərəfindən 26.07.2016-cı il tarixli 155 nömrəli sərəncamla İddiaçı icarəyə verilmiş 161 ha yay otlaq sahəsi, onunla qonşu olan 25.08.2016-cı il tarixli 173 nömrəli sərəncamla X2 icarəsinə verilmiş 150 ha yay otlaq sahələrinin ilkin yer quruluşu xəritələrində göstərilən cizgilərin hər ikisində eyni olması təqdim olunan ilkin sənədlərin surətləri ilə müəyyən edilmişdir. Araşdırma zamanı İddiaçı icarəyə verilmiş 161 ha yay otlaq sahəsinin xəritə sənədlərində göstərilən sahənin ona verilməsi Qədir Muştaqova verilən yay otlaq sahəsinin xəritədə göstərilən cizgiləri səhvən Cəlal Mikayılova verilən sahənin xəritəsinin cizgi sxemi ilə eyni olduğundan Nəsrulla Vəliyev tərəfindən dəyişdirilməklə ona yeni xəritə sxemi verilmiş, Qədir Mikayılova düzəlişlə verilən yeni xəritə sxemi verildiyi, sonuncu isə ona səhvən verilmiş Cəlal Mikayılovun sahəsinin xəritəsini özündə saxladığı və hal-hazırda polisə təqdim etdiyi xəritə olduğu Nəsrulla Vəliyev, Məhəmməd Məmmədov, Ağməmməd Qədirov, Ramiq Qədirov və İddiaçı izahatları ilə təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsi Cavabdeh tərəfindən üçüncü şəxs X1 istifadəsinə verilmiş torpaq sahəsinin yerquruluşu planından çıxarışın məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq sorğular vermiş, lakin onun istifadəsinə verilmiş torpaq sahəsinə yerquruluşu planından çıxarışın verildiyi müəyyən edilməmişdir. İşdən göründüyü kimi, üçüncü şəxsin istifadəsinə verilmiş torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçının üçüncü şəxsə torpaq sahəsi ayrılması ilə bağlı sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(118)-859/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar