Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-178/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı “torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən iddiaçıya satılması“ tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-2095/2021 nömrəli qərarının icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın cərimə edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(118)-2095/2021 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İş materiallarından görünür ki, İddiaçı cavabdeh Quba Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba şəhəri, 32-33-cü məhəllə ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərrac və ya müsabiqəsi keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətlə iddiaçıya satılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-2095/2021 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, Quba şəhəri, 32-33-cü məhəllədə yerləşən 0,02 ha torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracı və ya müsabiqə keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətə uyğun iddiaçıya satılması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. İş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)- 2095/2021 nömrəli qərarı qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Sumqayıt İnzibati Məhkəməsi tərəfindən 11 yanvar 2022-ci il tarixli məktubla cavabdeh inzibati orqana göndərilmiş, 17 yanvar 2022-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan 01 fevral 2022-ci il tarixli və 16 fevral 2022-ci il tarixli məktublardan görünür ki, iş üzrə qərarın icrası ilə əlaqədar qeyd olunan torpaq sahəsinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanması üçün tərəflərindən DƏDRX-nin tədqiqat mərkəzinə müraciət ünvanlanmışdır. Quba bələdiyyəsi məhkəmə qərarının icrası ilə bağlı qərarda göstərilmiş torpaq sahəsinə ilkin olaraq bələdiyyənin adına çıxarış alınması ilə bağlı “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə 25 yanvar 2022-ci il tarixli, 72 nömrəli müraciət edilmişdir. "Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi” MMC-nin əməkdaşları həmin torpaq sahəsini müayinə etmiş, 28 yanvar 2022-ci tarixli məktubla ayrılması nəzərdə tutulan torpaq sahəsinin 12 kv.m hissəsinin elektron kadastr məlumat bazasına əsasən **********92 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə kəsişdiyindən bələdiyyənin adına ilkin yerquruluşu planının hazırlanmasının mümkün olmaması bildirilmişdir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil birinci instansiya məhkəməsinə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2095/2021 nömrəli qərarının cavabdeh tərəfindən icra edilmədiyini bildirmişdir, bununla əlaqədar cavabdehin müvafiq məsuliyyətə cəlb olunması barəsində məsələyə baxılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(118)-2095/2021 nömrəli qərardadı ilə cavabdeh Quba bələdiyyəsi Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)- 2095/2021 nömrəli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur (hakim C.Məmmədov). Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin cərimə barədə 17 noyabr 2022-ci il tarixli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin göstərişi ilə torpaq sahəsinin satılması barədə 04 oktyabr 2022-ci il tarixdə bələdiyyənin iclasında müzakirə edilmiş və protokoldan çıxarış verilmişdir. Daha sonra iddiaçıya bələdiyyənin qərarı, bələdiyyənin yerquruluşu xəritəsindən 1:10000 və 1:20000 xəritələr işlənmişdir. Bundan sonra yenidən 06 oktyabr 2022-ci il tarixdə çıxarış verilməsi üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmiş, bütün bu sənədlər həm iddiaçıya, həm də məhkəməyə verilmiş və görülmüş işlərlə bağlı məhkəməyə məlumat verilmişdir. Lakin buna baxmayaraq məhkəmə tərəfindən torpaq sahəsinin satılmasının həyata keçirilməsi cavabdehdən tələb edilmişdir. Cavabdeh torpaq sahəsinin satılması üçün bütün vasitələrdən istifadə etdiyini bildirmişdir. Bundan başqa izahla bağlı məhkəməyə müraciət etmişdir. Qeyd edir ki, məhkəmə qərarının icrası ilə bağlı tədbirlər görmüş, torpaq sahəsinin satılması üçün bütün vasitələrindən istifadə etmişdir. Bələdiyyə olaraq çıxarış hazırlamaq səlahiyyətləri yoxdur. Çıxarışın hazırlanması ilə bağlı dəfələrlə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Hesab edir ki, cavabdehin məhkəmə qərardadı ilə cərimə edilməsi işçilərin əmək haqqından kəsilmələrinə səbəb olacaqdır. Torpaq sahəsinin iddiaçıya satılmasına etiraz etmir. Hesab edir ki, məhkəmə qərardadı əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, hazırki iş Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-2095/2021 nömrəli qərarının icra edilməməsi ilə bağlı halların yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi cavabdeh orqanı 500 manat məbləğində cərimə etmiş və qərardadını onunla əsaslandırmışdır ki, Quba Bələdiyyəsi tərəfindən yerquruluşu planından çıxarış və bələdiyyənin mühəndisi tərəfindən qonşuların sərhədlərinin müəyyən edərək müvafiq sxemin tərtib edildikdən sonra alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi nəzərdə tutulduğu halda cavabdeh iddiaçıya torpaq sahəsinin ayrılması haqqında qərar və yerquruluşu xəritəsindən çıxarışın verilməsi ilə kifayətlənmişdir. İddiaçı öz növbəsində üzərinə düşən öhdəliyi yerinə yetirərək alqı-satqının dəyəri olan 1000 manat maliyyə vəsaitini Quba Bələdiyyəsinin hesabına köçürmüşdür. Quba Bələdiyyəsi məhkəmənin qanuni qüvvəyə minmiş 24 noyabr 2021-ci il tarixli qərarını yerinə yetirməkdən boyun qaçırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. AR İnzibati Prosessual Məcəlləsinin 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Hər şeydən öncə kollegiya qeyd edir ki, istinad olunan normanın məzmunundan görünür ki, inzibati orqanların üzərinə öhdəliklərin (vəzifələrin) qoyulması üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra məhkəmə tərəfindən inzibati orqana ilkin olaraq könüllü icra üçün müddət müəyyən olunur, eyni zamanda da məhkəmə qərarı icra olunmayacağı təqdirdə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq edilir. Bu xəbərdarlıq ona görə edilməlidir ki, məhkəmə qərarını icra etməyəcəyi təqdirdə inzibati orqan onu nələrin gözləyəcəyindən agah olmuş olsun. Lakin həmin normada qanunverici könüllü icra üçün müəyyən edilməli müddəti konkret olaraq göstərməmişdir. Bununla bağlı “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” AR Ali Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenum Qərarının: - 25-ci bəndində qeyd olunmuşdur ki, İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. - 26-cı bəndində isə qeyd olunmuşdur ki, İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Demək ki, könüllü icra müddəti bitib, xəbərdarlığa baxmayaraq məhkəmə qərarı yenə də icra olunmazsa, məcburi icra tədbirlərinin tətbiqi zəruriliyi məsələsi gündəmə gəlmiş olur. Bu halda qanunverici məhkəmələrə cərimə tətbiq etmək səlahiyyətini təqdim edir. Çünki, icra edilmək keyfiyyətinə malik olan hər bir məhkəmə aktının icra edilməməsi əlbəttə ki, məsuliyyətə səbəbiyyət vermiş olur. Lakin eyni zamanda da dərhal qeyd olunmalıdır ki, məhkəmə qərarının icra olunmaması halında cərimə tətbiq etmək məhkəmənin vəzifəsi deyil, hüququdur. Çünki həmin norma imperativ deyil, səlahiyyətvericidir. Ona görə ki, qanunverici cərimənin mütləq qaydada tətbiq olunmasını deyil, tətbiqi mümkünlüyünü – təyin oluna bilməsini təsbit edir. Bu yanaşma isə məhkəməyə azad seçim davranışı təklif etmiş olur. Kollegiya hesab edir ki, o məhkəmə qərarının icra olunmamasına görə məcburi icra tədbirlərinin tətbiqi labüd ola bilər ki, hərəkətsizlik (qərarı icra etməmə) həmin tərəfin təqsiri üzündən (yəni qərarı icra etməli olan inzibati orqanla cavabdehin eyniliyi) olsun, yaxud da hərəkətsizlik bu və ya digər formada aşkar surətdə, təkzibolunmaz formada qərəzlə müşayiət olunmuş olsun. Bu mərhələdə önəmli məqam icranın - hansı səbəbdən baş tutmadığını, yəni üzərinə öhdəlik qoyulmuş tərəfin iradəsindən asılı olub-olmamasını aşkara çıxarmaq da ədalətli məhkəmə araşdırması hüququnun tərkib elementi kimi qəbul olunmalıdır. Yalnız bu səbəbləri aşkara çıxardıqdan və qeyd olunan hallara məcmu şəkildə qiymət verdikdən sonra heç bir əməli tədbir görülmədiyi halda məcburi icra tədbirlərinin tətbiqi məsələsinə qiymət verilə bilər. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-2095/2021 nömrəli qərarının icrası ilə bağlı cavabdehə müraciət olunmuş, könüllü icra müddəti üçün 15 gün müəyyən olunmuş, lakin məhkəmə qərarının icra olunmayacağı təqdirdə cərimə olunacağı barədə xəbərdarlıq olunmamışdır. Cavabdeh tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2- 1(118)-2095/2021 nömrəli qərarının icrası ilə bağlı "xxxx" MMC-yə müraciət edilərək Quba bələdiyyəsinin ərazisindən yaşayış məntəqələrinin torpaqlarında fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılması nəzərdə tutulan 0.0170 ha torpaq sahəsinin yerləşmə mövqeyinin təyin olunması və yerquruluşu planının hazırlanaraq bələdiyyəyə təqdim edilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. "xxxx" 28 yanvar 2022-ci il tarixli, **********03 nömrəli məktubu ilə cavabdehin müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin 12 kv.m hissəsi elektron kadastr məlumat bazasına əsasən **********92 reyestr nömrəli çıxarış sənədi ilə başqa şəxsə məxsus torpaq sahəsi ilə kəsişdiyindən yerquruluşu planının hazırlanması mümkün olmamışdır. Bundan sonra cavabdeh xx.xx.2022-ci il tarixli məktubla Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Quba bələdiyyəsinin ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan 100 kv.m, 200 kv.m və 400 kv.m torpaq sahələrinin müayinə-baxış aktlarının hazırlanmasını xahiş etmişdir. Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Quba bələdiyyəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubla bildirilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahələri elektron kadastr baza məlumatlarına əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri ilə üst-üstə düşdüyündən müayinə-baxış aktlarının hazırlanması mümkün olmamışdır. Quba bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 11 saylı protokol qərarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-2095/2021 saylı qərarına əsasən Quba şəhəri, 32/33-cü məhəllədə yerləşən bələdiyyənin perspektiv inkişaf fonduna məxsus yaşayış məntəqələri torpaqlarına aid 0.02 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə hərrac və ya müsabiqə keçirilmədən, Quba şəhərində həyətyanı torpaq sahələrinin bir sotu üçün müəyyənləşdirilmiş normativ qiymətə uyğun olaraq İddiaçı satılması və qeyd olunan 0.02 ha torpaq sahəsinin İddiaçı satılması üçün torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması qərara alınmışdır. Daha sonra cavabdeh 06 oktyabr 2022-ci il tarixli, 819 nömrəli məktubla 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək 0.02 ha torpaq sahəsi üzərində Quba bələdiyyəsinin mülkiyyət hüququnun tanınmasını xahiş etmişdir. Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli, **********55 nömrəli məktubu ilə cavabdehin müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu ilə müəyyən edilmiş qaydada və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlərlə müraciət olunacağı təqdirdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə qanunla nəzərə tutulmuş qaydada və müddətdə baxılacaqdır. Ərizəyə əlavə edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-2095/2021 nömrəli qərarı ilə mülkiyyət hüququ müəyyən edilməmiş və ərazi idarəsinin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. Beləliklə də işin hallarından görünür ki, məhkəmə qərarının icrası ilə bağlı cavabdehə birinci instansiya məhkəməsi tərəfindən məktub ünvanlandıqdan sonra bununla bağlı cavabdeh tərəfindən müvafiq orqan və qurumlara müraciətlər edilmişdir. İşin hallarına əsasən məhkəmə qərarının icrasının tam həcmdə (0.02 ha torpaq sahəsinin satılması) həyata keçirilməsinin mümkünsüz olması nəticəsinə gəlinmişdir. İddiaçı torpaq sahəsinin üst-üstə düşən hissəsindən imtina etdiyini bildirmişdir. Belə olan halda tərəflərin yüklü olmayan həcmdə torpaq sahəsinin satılması barədə razılığa gəlmələri mümkündür. Digər tərəfdən, işin gedişatı göstərir ki, iddiaçıya müvafiq torpaq sahəsinin satılması üçün ilk öncə cavabdehin özünün həmin torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsinin həyata keçirilməsi lazım olmuşdur. Bu isə cavabdeh tərəfindən deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən aparılmalıdır. Bir sözlə, sadalanan xüsusatlar ilkin baxışda cavabdeh tərəfindən qərarı icra etməmə və yaxud da qəsdən icranı yubatma kimi görünsə də, mövcud vəziyyət sonuncunun arzusu və iradəsi ilə baş verdiyi qənaətinə gəlmək üçün, başqa sözlə, məcburi icra tədbirinin tətbiqi üçün hələ yetərli deyil. Lakin işə baxan məhkəmə işin yuxarıda qeyd olunan xüsusatları ilə bağlı araşdırma aparmamışdır. Belə ki, məhkəmə cavabdeh tərəfindən qərarın icrası ilə bağlı üzərinə düşən öhdəliklərin həqiqətən də tam şəkildə yerinə yetirilib-yetirilməməsini müəyyən etməmişdir. Yuxarıda adıçəkilən Plenum Qərarının 28-ci bəndində qeyd olunmuşdur ki, cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. İstinad olunan normadan görünür ki, cərimənin tətbiqi ilə bağlı məsələ mütləq tərəflərin, xüsusən də cərimə tətbiq olunacaq tərəfin (hazırki halda cavabdehin) iştirakı ilə müzakirə olunmalıdır. Lakin işin hallarından görünür ki, müvafiq məsələ məhkəmə müzakirə predmetinə çevrilərkən cavabdehin tərəfin iştirakına müvəffəq olunmamışdır. Təkrar baxışda müzakirə zamanı hər iki tərəfin eyni vaxtda məhkəmə iclasında iştirakı təmin olunmalı, zərurət olarsa tərəflərə hüquqi yardım olunmalı, mümkün hüquqi təkliflər və vəziyyətlər təhlil olunmalıdır. Bütün bu qeyd olunanlardan sonra da heç bir əməli tədbir görülmədiyi halda məcburi icra tədbirlərinin tətbiqi məsələsinə qiymət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsində nəzərdə tutulmuş obyektiv araşdırma prinsipi tələb edir ki, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı iş üzrə məcburi icra tədbirini tətbiq edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da prosessual pozuntuya yol vermişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırki iş, Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(118)-2095/2021 nömrəli qərarının icra edilməməsi ilə bağlı halların yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 89, 90, 94 və 120.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 2-1(118)-2095/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Quba rayon Quba bələdiyyəsinə qarşı “torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün açıq torpaq hərracı və ya müsabiqəsi keçirilmədən iddiaçıya satılması“ tələbinə dair iş, Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2- 1(118)-2095/2021 nömrəli qərarının icra edilməməsi ilə bağlı halların yenidən araşdırılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 6 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-178/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-178/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver