Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-178/2024 29.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X4, hakimlər X2 və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının prosessual hüquqi varisinin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0,25 ha olan əvvəllər 27 saylı, 2 dekabr 2013-cü ildən Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərində onun adına qeydə alınmış icarə müqaviləsinə əsasən bağ sahəsinin nömrəsi 3907а kimi oxunması qərara alınan 3907а saylı bağ torpaq sahəsinə X1na münasibətdə daşınmaz əmlak hüquqlarının ona aid olması barədə arayışın verilməsi”nə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-218/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ərizənizə əlavə etdiyiniz Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-372/2009 saylı qətnaməsinin foto surətindən görünür ki, həmin iddia Sumqayıt Bələdiyyəsinə qarşı qaldırılıb, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin işdə iştiraka cəlb edilməyib, qətnamənin müvafiq qaydada təsdiq edilmiş surəti də məhkəmə tərəfindən rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilməyib. Sözügedən mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-372/2009 saylı qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətinin rəsmi olaraq təqdim edilməsi haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsi tərəfindən həmin məhkəməyə sorğu göndərilmişdir. Buna görə bildiririk ki, poçt vasitəsi ilə göndərdiyiniz qətnamənin fotosurətində istinad edilən mübahisə ilə bağlı məhkəmə qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surəti rəsmi olaraq Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həmin qətnaməyə münasibət bildiriləcəkdir. Olüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə ölmüşdür. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağar massivində yerləşən sahəsi 0,25 ha olan bağ sahəsinin X7 və onun vərəsələrinin hansı vaxtdan istifadə olması barədə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsində heç bir məlumat yoxdur. Qeyd olunan məsələ ilə bağlı arayışın verilməsi barədə qərar qəbul edilməsi məhkəmənin mülahizəsinə buraxılır. Sumqayıt Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt Bələdiyyəsinin bir sıra arxiv sənədləri, o cümlədən 2013-cü ilin sənədləri, qərarları və həmin qərarların qəbul edilməsinə əsas olmuş sənədlərin bələdiyyədə saxlanılan nüsxələri saxlama vaxtı keçmiş arxiv sənədləri ilə birlikdə Dövlət Arxivinin Sumqayıt şəhər filialına təhvil verilmişdir. Eyni zamanda onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, ləğv edilmiş Sumqayıt şəhəri Bağlar təsərrüfatı idarəsinin bələdiyyədə saxlanılmış arxiv sənədləri də, o cümlədən bağ sahələrinin icarə müqavilələri və həmin müqavilələrin bağlanılmasına əsas olmuş sənədlər tərəfimizdən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təhvil verilmişdir. Bu səbəbdən sorğuda tələb olunan vətəndaş X7 adına qeydə alınmış icarə müqaviləsinin və ona dair arxiv, sənədlərinin tərəfimizdən məhkəməyə təqdim edilməsi mümkün deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşən, sahəsi 0.25 ha olan 27 saylı bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və həmin bağ sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0,25 ha olan əvvəllər 27 saylı, 2 dekabr 2013-cü ildən Sumqayıt Bələdiyyəsinin arxiv sənədlərində İddiaçı adına qeydə alınmış icarə müqaviləsinə əsasən bağ sahəsinin nömrəsi 3907а kimi oxunması qərara alınan 3907а saylı bağ torpaq sahəsinə X1na münasibətdə daşınmaz əmlak hüquqlarının ona aid olması barədə arayışın verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə ilə birlikdə 1965-ci il tarixindən "‘Novxanı” (Qurd dərəsi) bağlar massivində yerləşən sahəsi 0, 25 ha olan 27 saylı bağdan istifadə etmişdir. Bağ sahəsi həmin vaxtdan və hazırda istifadələrindədir. Bağ-torpaq sahəsinin sənədlərini qaydaya salaraq onu özəlləşdirmək istədikdə Sumqayıt şəhər bələdiyyəsinin bağ təsərrüfatı şöbəsində bildirilmişdir ki, mərhum atası X7 adına bağlanmış müqaviləyə möhür vurulmamışdır. O, bu halın necə baş verdiyini soruşduqda məntiqli bir cavab ala bilməmişdir. Halbuki 44 ildir ki, göstərilən bağ sahəsi istifadələrindədir və bu illər ərzində bir dəfə də olsun ona irad və ya xəbərdarlıq edilməmişdir. Müqavilənin maraqlı şəxsin arxivində olan surətindən görünür ki, müqavilənin tarixi qoyulmuş, onun qüvvədə olma müddəti xx.xx.1965-ci ildən xx.xx.1975-ci ilə qədər müəyyən edilmişdir, müqavilə tam şəkildə doldurulmuşdur. Yalnız möhür vurulmamışdır. Müqavilə Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X6 rəisi tərəfindən imzalanmışdır. Yalnız Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X6 vəzifəli şəxslərinin səhlənkarlığı səbəbindən həmin müqaviləyə möhür vurulmamışdır. Belə ki, müqavilə imzalanan zaman Azərbaycan Respublikasının ərazisində qüvvədə olan Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur. Müqavilənin qanunla mühüm sayılan və ya həmin müqavilə növü üçün zəruri olan bəndləri, habelə tərəflərdən birinin təklifi üzrə onların razılığa gəlməsi tələb olunan bütün bəndlər müqavilənin mühüm bəndləri hesab olunur. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən tərəflər müqaviləni müəyyən formada bağlamağı şərtləşiblərsə, qanun üzrə həmin müqavilə növü üçün bu forma tələb edilməsə də, müqavilə, bu formada tərtib edildikdən sonra bağlanmış hesab olunur. Ərizəçi kimi maraqlı şəxs Sumqayıt şəhər Bələdiyyəsinə qarşı məhkəmədə iddia qaldıraraq sahəsi 0.25 ha olan 27 saylı bağ sahəsinin mərhum atası X7 istifadəsinə verilməsi faktının tanınması və həmin bağ torpaq sahəsinə dair xx.xx.1965-ci il tarixli icarə müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin çıxışlarını dinləyərək, təqdim edilmiş sənədləri araşdıraraq hesab etmişdir ki, ərizə təmin edilməlidir. X1 ilə Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X12 arasında “Novxanı” bağlar massivində yerləşən sahəsi 0,25 ha olan 27 saylı bağ sahəsindən istifadə edilməsi barədə 17 aprel 1965-ci il tarixli, 28 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən bağdan istifadə müddəti xx.xx.1975-ci il tarixə qədər müəyyən edilmişdir. Ərizəçi həmin bağı özəlləşdirmək, məqsədilə müraciət etdikdə Sumqayıt şəhər bələdiyyəsinin bağ təsərrüfatı şöbəsi xx.xx.1965-ci il tarixli 28 nömrəli müqaviləyə möhür vurulmaması səbəbindən bağın özəlləşdirilməsi üçün sənədləri hazırlamaqdan imtina etmişdir. Məhkəməyə təqdim edilmiş 28 nömrəli, xx.xx.1965-ci il tarixli müqavilənin surətindən görünür ki, həmin müqavilə həm mərhum D.Əliyev həm də Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X6 rəisi tərəfindən imzalanmışdır. Yalnız Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X6 vəzifəli şəxslərinin səhlənkarlığı səbəbindən həmin müqaviləyə möhür vurulmamışdır ki, bu da həmin müqavilənin bağlanmamış hesab edilməsinə əsas ola bilməz. Müqavilə imzalanan zaman Azərbaycan Respublikasının ərazisində qüvvədə olan Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən tərəflər arasında müvafiq hallarda tələb olunan formada, bütün mühüm bəndlər üzrə razılıq əldə edildikdə, müqavilə bağlanmış hesab olunur. Müqavilənin qanunla mühüm sayılan və ya həmin müqavilə növü üçün zəruri olan bəndləri, habelə tərəflərdən birinin təklifi üzrə onların razılığa gəlməsi tələb olunan bütün bəndlər müqavilənin mühüm bəndləri hesab olunur. Həmin Məcəllənin 153-cü maddəsinə əsasən tərəflər müqaviləni müəyyən formada bağlamağı şərtləşiblərsə, qanun üzrə həmin müqavilə növü üçün bu forma tələb edilməsə də, müqavilə, bu formada tərtib edildikdən sonra bağlanmış hesab olunur. Qanuna və ya tərəflərin razılığına əsasən müqavilə yazılı formada bağlanmahdırsa, o həm tərəflərin imzaladığı sənədin tərtib edilməsi yolu ilə, həm də göndərən tərəfin imzaladığı məktub, teleqram, telefonoqram və şairənin mübadiləsi yolu ilə bağlana bilər. Məhkəmə hesab etmişdir ki, göstərilənlərə əsasən X1 “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0.25 ha olan 27 saylı bağ sahəsindən, istifadəyə dair 17 aprel 1965-ci il tarixli 28 nömrəli müqavilə bağlanmış hesab edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 372/2009 saylı iş üzrə, 29 yanvar 2009 cu il tarixli qətnamə ilə X1 “Novxanı” bağlar massivində yerləşən, sahəsi 0.25 ha olan 27 saylı bağ sahəsindən, istifadəyə dair 17 aprel 1965-ci il tarixli 28 nömrəli müqavilə bağlanmış hesab edilmişdir. Lakin onun ərizəsinin təmin edilməsi barədə müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi **********11 saylı, 11 fevral 2021-ci il tarixli məktubu ilə aşağıdakı məzmunda cavablandırmışdır: Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 3907а ünvanda yerləşən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə xx.xx.2021-ci il tarixli ********** Ə-0005 qeydiyyat nömrəli ərizənizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, ərizənizə əlavə etdiyiniz Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-372/2009 saylı qətnaməsinin fotosurətindən görünür, həmin iddia Sumqayıt Bələdiyyəsinə qarşı qaldırılıb. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin işdə iştiraka cəlb edilməyib, qətnamənin müvafiq qaydada təsdiq edilmiş surəti də məlikəmə tərəfindən rəsmi olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə təqdim edilməyib. Sözügedən mülk iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(060)-372/2009 saylı qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətinin rəsmi olaraq təqdim edilməsi haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həmin məhkəməyə sorğu göndərilmişdir. Buna görə bildiririk ki, poçt vasitəsi ilə göndərdiyiniz qətnamənin fotosurətində istinad edilən mübahisə ilə bağlı məhkəmə qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surəti rəsmi olaraq Sumqayıt Şəhər Məhkəməsi tərəfindən təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddət ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həmin qətnaməyə münasibət bildiriləcəkdir.” Sumqayıt Şəhər Məhkəməsinin 2(060) 372/2009 saylı, 29 yanvar 2009 cu il tarixli qətnaməsindən verilən apelyasiya şikayəti təmin edilmiş hüquq barədə mübahisələndirildiyinə əsasən hüquqi faktın tanınması barədə xüsusi icraat qaydasında baxılmış qətnamə ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt “Asan Xidmət“ mərkəzində xüsusi notariat kontoru Xüsusi notarius X11 tərəfindən 23 fevral 2017-ci il tarixdə 1353 saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisinə X5 miras qalmış Sumqayıt şəhəri, X21 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə X7 oğlu kimi tanınması, Sumqayıt şəhəri, X21 ünvanında yerləşən 0,25 ha torpaq sahəsinə dair İddiaçı Diavər oğluna vərəsə kimi tanındığı üçün hüquq müəyyən edici sənəd verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin **********31 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunur ki, “X7 vərəsəsi İddiaçı Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 3907а ünvanda yerləşən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədin verilməsi ilə bağlı ərizənizə“ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildiririk ki, məktubunuzda qeyd edilən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(060)-372/2009 saylı “müqavilənin bağlanmış hesab edilməsi” barədə qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)- 2363/2021 saylı qərardadı ilə ləğv edilərək, iddia tələbi baxılmamış saxlanılmışdır. Bu səbəbdən sözügedən xx.xx.1965-ci il tarixli, 28 nömrəli bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə veriməsi barədə icarə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil Sumqayıt şəhəri, X21 ünvanda yerləşən 27 saylı bağ torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin verilməsi barədə xx.xx.2022-ci il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti **********31 nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, ərizəyə əlavə edilmiş məktubda qeyd edilən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(060)-372/2009 saylı “müqavilənin bağlanmış hesab edilməsi" barədə qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2363/2021 saylı qərardadı ilə ləğv edilərək, iddia tələbi baxılmamış saxlanılmışdır. Bu səbəbdən, sözügedən xx.xx.1965ci il tarixli, 28 nömrədi bağ sahəsinin və tikililərin uzunmüddətli icarəyə verilməsi barədə icarə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-218/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində yerləşən, Sumqayıt Bələdiyyəsi tərəfindən təhvil verilmiş arxiv sənədlərində İddiaçı adına qeydə alınmış icarə müqaviləsinə əsasən 0,25 ha bağ torpaq sahəsinə dair mülkiyyət hüqunun X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim İsmayıl Quliyev). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, X1 ilə Sumqayıt şəhər Soveti İcraiyyə Komitəsinin X12 arasında bağlanmış torpaq sahələrinin və tikililərin uzunmüddətli icarəyə verilməsi haqqında 28 nömrəli müqaviləyə əsasən sahəsi 0.25 ha olan 27 nömrəli bağ sahəsi xx.xx.1965-ci ildən xx.xx.1975ci ilə qədər X7 icarəsinə verilmişdir. Hazırki mübahisənin səbəbi həmin bağ torpaq sahəsinə dair icarə müqaviləsinin möhürlə təsdiqlənməməsindən ibarətdir. İşin hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29 yanvar 2009-cu il tarixli, 2(060)372/2009 saylı qətnaməsi ilə Novxanı (Qurd dərəsi) bağlar massivində yerləşən 27 saylı bağ sahəsinin X7 istifadəsinə verilməsi faktı tanınmış, həmin bağ sahəsinin onun icarəsinə verilməsinə dair tərtib edilmiş 17 aprel 1965-ci il tarixli, 28 nömrəli müqavilə bağlanmış hesab edilmişdir. Sözügedən 3907a saylı bağ torpaq sahəsinə Sumqayıt şəhər İH BTİ və İB-nin xx.xx.1965-ci il tarixli, 28 saylı Müqaviləsi və Sumqayıt Şəhər Məhkəməsin xx.xx.2019-cu il tarixli, 2(060)372/2019 saylı Qətnaməsi əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 497876 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş, X17 kitabında xx.xx.2014-cü il tarixdə 6918 nömrə ilə uçota alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-2363/2021 saylı qərardadı ilə məhkəmənin 29 yanvar 2009-cu il tarixli, 2(060)372/2009 saylı Qətnaməsi ləğv edilərək iddia tələbi baxılmamış saxlanılmışdır. Cavabdeh orqan Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadına istinad edərək iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. İcarə müqaviləsinin bağlanmış hesab edilməsi faktının təsdiq edilməsinə zərurət yoxdur. Müqavilənin möhürlə təsdiqlənməmiş olması və ya bağ təsərrüfatı idarəsinin müqavilələrinin dövlət arxivinə verilməmiş olması iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Cavabdeh inzibati orqanın özünün arxivində bu həmin müqavilənin saxlanılması müqavilənin mövcudluğun sübutu qiymətləndirilməlidir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətininin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi darəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada bağ sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, sözügedən bağ sahəsi bağlı sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəflərindən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdır. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu sarədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə zarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3907a kimi oxunması qərar alınan 0.2405 ha torpaq sahəsinin X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının prosessual hüquqi varisinin nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; .... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi müvafiq torpaq sahəsində yerləşən bağ sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan bağ sahəsinə dair müvafiq icra müqaviləsinin bağlanmış hesab edilməsinə dair məhkəmə qətnaməsinin ləğv edilərək, ərizənin baxılmamaış saxlanması səbəbindən qeyd edilən icarə müqaviləsinin hüququn qeydə alınması üçün əsas olmadığına, müqavilə imzalansa da, möhür ilə təsdiq edilmədiyindən, iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Şəhər Soveti İcraiyyə Komitəsinin Bağ Təsərrüfatı Tresti ilə X13 arasında bağ sahələrinin və tikililərin uzunmüddətli icarə müqaviləsi bağlanılmış, müqavilənin predmeti qismində Novxanı qəsəbəsində yerləşən 0,25 torpaq sahəsi olan 27 saylı bağ sahəsi çıxış etmişdir. Qeyd edilən icarə müqaviləsinə aid arxiv qovluğu cavabdehin özündə mövcuddur. Həmin bağ sahəsinin hazırda nömrəsi 3907a kimi qeyd edilir. X13 xx.xx.1976-cı il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmış, oğlu İddiaçı vərəsəsi kimi tanınmışdır. Daha sonra məhkəmə icraatı zamanı İddiaçı 14 oktyabr 2023-cü il tarixdə vəfat etmiş, onun oğlu X15 oğlu prosessual hüquqi varisi qismində işə cəlb edilmişdir. Həmçinin, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən sözügedən bağ sahəsinə texniki baxış keçirilmiş, əmlakın texniki vəziyyətinə dair müayinə aktı tərtib edilmişdir. Qeyd edilən bağ sahəsi hazırda da mərhum şəxsin vərəsələrinin faktiki istifadəsindədir. Yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən qeyd edilən icarə müqaviləsi əmlaka dair hüququn yaranması və həmin hüququn dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Belə olan halda, kollegiya hesab edir ki, mərhum şəxsin həmin əmlaka dair hüququ yaranmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halı ilə bağlı qeyd edir ki, icarə müqaviləsini hər iki tərəf imzalamışdır. Qeyd edilən müqavilənin lazımi qaydada təsdiq edilməsi məhz müvafiq qurumun səlahiyyətinə aid olmuş, mərhum şəxsin öhdəlik daşıdığı hal kimi çıxış etməmişdir. Bundan əlavə, həmin sənədlərin müvafiq qaydada arxivə təhvil verilməsi halı da məhz müvafiq qurumun səlahiyyətinə aid olmuşdur. İndiki halda cavabdeh inzibati orqan məhz mərhum şəxsin öhdəlik daşımadığı, müvafiq qurumun öz səlahiyyətlərinin lazimi qaydada icra etməməsinin nəticələrinə istinad edərək, mərhum şəxsə məxsus olan hüququn qeydiyyata alınmasından imtina etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, həmin müqavilənin arxiv qovluğu cavabdehdə mövcuddur. Qeyd edilən müqavilə qanunvericilik normasının tələbinə əasən hüququn yaranması və qeydiyyatı üçün əsas kimi çıxış edir. Sözügedən bağ sahəsi həmin vaxtdan indiyədək mərhum şəxs və onun vərəslərinin faktiki istifadəsindədir. İşin müəyyən edilmiş həmin halları mövcud olduğu halda, cavabdeh tərəfindən iddiaçının təqsiri ilə əhatə olunmayan hala istinad etməsi, hər şeydən əvvəl qanunvericiliyin prinsiplərinin mahiyyətinə və inzibati icraatın məqsədinə zidd olmuş olur. Bununla bağlı qeyd olunmalıdır ki, bu halda iddia tələbinə ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərindən çıxış etməklə də qiymət verilməlidir. Buna görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyrimütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, icarə müqaviləsinin möhürü ilə təsdiq eidlməməsi və ya arxivə təhvil verilməməsi iddiaçının iradəsi və hərəkətləri nəticəsində deyil, məhz müvafiq dövlət orqanlarının öz vəzifələrini və səlahiyyətlərini lazımi qaydada icra etməməsinə görə yaranmışdır. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Bununla yanaşı, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş müayinə aktının əsasında hüquqmüəyyənedici sənəd üzrə bağ sahəsinin yerləşdiyi torpaq sahəsinin ölüçüsü 0,25 ha, faktiki istifadədə olan torpaq sahəsinin ölüçüsü 0,2405 ha qeyd edilmişdir. Bu səbəbdən, iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, məhz 0,2405 ha torpaq sahəsində yerləşən 3907a saylı bağ sahəsinə dair mülkiyyət hüququnun mərhum şəxsə məxsus olması barədə arayışı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Bu halda, məhkəmə kollegiyası iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizəni nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə (torpaq sahəsinin ölçüsünə aid) dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından, apellyasiya şikayəti təmin edilməməli, iddia tələbinin dəqqiləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-218/2023 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Sumqayıt şəhəri, “Novxanı” bağlar massivində yerləşən, Sumqayıt Bələdiyyəsi tərəfindən təhvil verilmiş arxiv sənədlərində X7 adına qeydə alınmış icarə müqaviləsinə əsasən 3907a nömrəli (əvvəlki 27 nömrəli) 0,2405 ha bağ torpaq sahəsinə dair mülkiyyət hüququnun X1na məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-178/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-178/2024
29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver