Məhkəmə qərarları › İş №2-1(105)-178/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-178/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-178/2025 30.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X2, hakimlər X1 və X3 ibarət tərkibdə, X4katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdehin 23.05.23-cü il tarixli, **********69 nömrəli qanunsuz qərarının ləğv edilməsi və "xxxx" MMC-nin dövlət qeydiyyatının həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2- 1(118)-2054/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün Dövlət Vergi Xidmətinə onlayn müraciət etmiş, 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023 tarixli, **********9 nömrəli qərarı ilə MMC-nin elektron dövlət qeydiyyatının həyata keçirilməsindən imtina edilmişdir.

BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT İddiaçının dəlilləri

1. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2023 tarixdə hüquqi şəxsin elektron qeydiyyatı ilə bağlı Dövlət Vergi xidmətinə onlayn müraciət etmiş, həmin gün **********260600 AVİS nömrəli cavab məktubu almış, 3 saylı Ərazi Vergi Xidməti tərəfindən verilmiş №**********69 qərarla MMC-nin elektron dövlət qeydiyyatının həyata keçirilməsindən imtina edilmişdir. İmtina edilməyə səbəb gətirilmiş müddəalar tamamilə əsassızdır. Belə ki, onun MMC-in adı kimi seçdiyi "xxxx" dövlət qurumu olması səbəb gətirilərək imtinaya əsas kimi “hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.3 maddəsini əsas götürülüb. Sözügedən maddədə sadalanan hallar olduqda hüquqi şəxsin elektron dövlət qeydiyyatının həyata heçirilməsindən imtina edilə bilər (firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə). Yuxarıda sadalanan halların heç birinin tələbi istifadə etmək istədiyi “DYP MMC” adında pozulmamışdır. 1. hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.3.3 maddəsinə əsasən dövlət qurumlarının adlarından yalnız qeyri-hökumət təşkilatlarının adında istifadə etmək olmaz. Hüquqi şəxsilərin–MMC-lərin qeydiyyatı zamanı ad seçimində dövlət qurumlarının adlarına uyğun adlar seçilməsi, həmçinin dövlət qurumlarının adlarının hər hansı birinin abreviaturu ilə oxşarlıq təşkil edən adın seçilməsinə heç bir məhdudiyyət yoxdur. 2. DYP adında heç bir dövlət qurumu yoxdur. Müəyyən dövlət qurumlarının adlarının abreviaturunun müəyyən hissəsi ilə oxşarlıq təşkil edir (ARBDYPİ, YRPİDYPŞ, BŞBPİDYPİ və s.). Həmçinin verilmiş qərarın qanunsuz və əsassız olmasını göstərən digər hal Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1 və 50.2 Ərizəni imzalayan şəxs haqqında məlumat maddələrini əsas tutmasıdır. Azərbaycan Resublikası Mülki Məcəlləsinin 11.1 maddəsi (qanunun analogiyası) “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 1.0.10 maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi” kimi izah olunub. Sözügedən məsələyə bu tətbiq oluna bilməz. Çünki, bu məsələdə tənzimlənməyən hal yoxdur. Hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına imtina edilməsinin bütün halları Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunun 11.3 maddəsində sadalanmışdır. Bu maddədə qeyd olunmuş “yalnız aşağıdakı hallarda imtina edilə bilər ifadəsi onu göstərir ki, heç bir qanun analogiyası və əlavə hal hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına imtina edilməsi üçün əsas deyildir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri

2. Cavabdeh etirazında bildirmişdir ki, iddia ərizəsində göstərilənləri aşağıdakı səbəblərə görə əsassız hesab edir: Belə ki, İddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün (AVİS qeydiyyatı: xx.xx.2023-cü il tarixli **********017200 nömrəli) ərizə ilə 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət edilmişdir. Qeyd olunan ərizə və ona əlavə edilmiş sənədlər araşdırılmış və aşağıda qeyd olunan səbəblərdən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron dövlət qeydiyyatının həyata keçirilməsindən imtina edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3.3-cü maddəsinə əsasən isə firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyrihökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. X3 (DYP) dövlət orqanı olması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsi (qanunun analogiyası) və 50.2-ci maddəsi tətbiq edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə əsasdır və bu səbəblərdən ərizənin icrasından imtina olunaraq İddiaçı 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən “Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatının həyata keçirilməsindən imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********69 nömrəli qərar qəbul edilərək müvafiq surətdə xx.xx.2023-cü tarixli **********260600 nömrəli məktubla onun poçt ünvanına göndərilmiş və məktub poçtdan geri qayıtmamışdır. İddiaçı tərəfindən qanunvericiliyin qeyd edilmiş tələblərinə əməl edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

3. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(118)-2054/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.(hakim R.Həsənov)

4. Məhkəmə hesab etmişdir ki, X3 (DYP-nin) dövlət orqanı olması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsi (qanunun analogiyası) və 50.2-ci maddəsi tətbiq edilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınmasından imtina edilməsinə əsasdır. Belə ki, BDYPİ-nin internet portalında dyp.gov.az saytının olması və eyni zamanda həmin dövlət qurumunun respublika ərazisində hamıya məlum olan qısaldılmış adı DYP kimi olması bu qəbildən olan adların məhz həmin quruma bağlı olmasının təzahürudur. Bu səbəblərdən cavabdeh təşkilat ərizənin icrasından imtinasında haqlı olmuşdur. Belə olan halda cavabdeh təşkilat üzərinə hər hansı öhdəliyin qoyulması yolverilməzdir.

5. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, "xxxx" adlı dövlət qurumu yoxdur. "xxxx" sadəcə müvafiq dövlət qurumunun adının abreviaturası ilə eynilik təşkil edir. Həmin dövlət qurumunun tam adı Azərbaycan Respublikası Baş X4 İdarəsidir.

8. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Maddə 5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir Maddə 11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı 11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər: 11.3.3-1.2. dövlətin və ya bələdiyyənin təsisçisi olduğu hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) və ya yerli özünüidarəetmə orqanlarının tam və ya qısaldılmış adlarından (qısaldılmış adın ayrıca söz kimi mövcud olduğu hallar istisna olmaqla) istifadə edildikdə;

10. İnzibati Prosessual Məcəllə: Maddə 12.. məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

12. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

14. Hazırkı işdə iddiaçının hüquqi marağı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınmasından ibarətdir.

15. Birinci instansiya yuxarıda qeyd edilən əsaslarla iddia tələbini rədd etmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının tələbinə münasibətdə qeyd edir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3.3- 1.2-ci maddəsinə əsasən dövlətin və ya bələdiyyənin təsisçisi olduğu hüquqi şəxslər istisna olmaqla, hüquqi şəxsin adında Azərbaycan Respublikası dövlət orqanlarının (qurumlarının) və ya yerli özünüidarəetmə orqanlarının tam və ya qısaldılmış adlarından (qısaldılmış adın ayrıca söz kimi mövcud olduğu hallar istisna olmaqla) istifadə edildikdə hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

17. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli, 2-1(118)-2054/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar