Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-179/2021 02.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2-1(118)-712/2020 saylı qərarından iddiaçı və 3-cü şəxs tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) müraciət edərək Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 0,00637 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsini xahiş etmişdir. Cavabdeh 25 dekabr 2019-cu il tarixli, **********01 saylı məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən 01.12.2007-ci il tarixdən sonra qəbul edilən qərarlarda bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Müraciətə əlavə edilmiş **********46 reyestr nömrəli, 25 oktyabr 2016-cı il tarixli dövlət reyestrindən əldə edilmiş çıxarışdan göründüyü kimi torpaq sahəsi üzərində icarə müddəti 31 dekabr 2019-cu il tarixdə bitəcəkdir. Odur ki, həmin torpaq sahəsi üzərində icarə müddətinin uzadılması yalnız açıq torpaq hərracı və ya müsabiqəsi ilə mümkündür. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onunla X3 arasında notarial qaydada bağlanılmış 3M-692 saylı, 11 oktyabr 2016-cı il tarixli “İcarə hüquqlarının alqı-satqı müqaviləsi” əsasında X1 bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhər bələdiyyəsinin 27.01.2006-cı iltarixli 2 saylı iclas qərarı ilə icarəsinə verilmiş Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən sahəsi 63,7 kv m olan torpaq sahəsi üzərindəki icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı onun adına müvafiq reyestr çıxarışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2016-cı ildə X3 ilə aralarında əldə edilmiş razılaşma əsasında onun icarəsində olan Sumqayıt şəhəri,13-cü mikrorayon ərazisində yerləşən sahəsi 63,7 kvadrat metr olan torpaq sahəsini almışdır. Onların arasında 11 oktyabr 2016-cı il tarixli icarə hüquqlarının alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə bağlandıqdan sonra torpaq sahəsinə dair onunla torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt Bələdiyyəsi arasında torpaq icarə müqaviləsi bağlanılmışdır ki, icarənin müddəti 2019-cu ilin sonunadək müəyyən edilmişdir. Bundan sonra iddiaçı torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün cavabdehə müraciət etmiş, Cavabdeh tərəfindən 25 oktyabr 2016-cı il tarixdə sözügedən torpaq sahəsi üzərində onun icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona Seriya RX saylı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin çıxarışa əsasən icarə hüququnun yüklülüyü 2019-cu ilin dekabr ayının 31-i tarixinədək müəyyən edilmişdir. İddiaçı 2019-cu ilin dekabr ayında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək torpağın icarə müddətinin başa çatmaq üzrə olduğunu bildirmiş və icarə müddətinin uzadılmasını xahiş etmişdir. Onun müraciəti əsasında Sumqayıt şəhər Bələdiyyəsi sözügedən torpaq sahəsinə dair onunla 16 dekabr 2019-cu il tarixli, 132 saylı yeni torpaq icarə müqaviləsi bağlamış və torpağın icarə müddəti 31 dekabr 2044-cü il tarixədək müəyyən olunmuşdur. Bundan sonra o, torpaq üzərində hüququnun dövlət qeydiyyatı üçün yenidən ərizə ilə cavabdehə müraciət etsə də, bu dəfə cavabdeh hüququn dövlət qeydiyyatından imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-712/2020 saylı, 02 oktyabr 2020-ci il tarixli qərardadı ilə Sumqayıt Bələdiyyəsi hazırki iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2-1(118)-712/2020 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı və 3-cü şəxs Sumqayıt Bələdiyyəsi apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, qanunvericiliklə 2007-ci ilin dekabr ayının 1-dən sonra ayrılmış bələdiyyə torpaqlarının açıq torpaq hərracı, yaxud müsabiqəsi yolu ayrılması nəzərdə tutulmuşdur. Yuxarıda qeyd etdiyi kimi, sözügedən torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və Sumqayıt şəhər Bələdiyyəsinin 27 yanvar 2006-cı il tarixli, 2 saylı iclas qərarı ilə X1 icarəsinə ayrıldığından, həmin torpaq sahəsi üzərində yaranmış icarə hüququnun müddətinin uzadılmasına 2007-ci ilin dekabr ayının 1-dən sonra bələdiyyə torpaqlarının ayrılması qaydası tətbiq edilə bilməz. Bu müddəa müvafiq qanunvericilik aktında da öz əksini tapmışdır. Cavabdehin imtina məktubunda istinad etdiyi müddəalar 2008-ci ildən mövcuddur, lakin buna baxmayaraq Cavabdeh tərəfindən 25 oktyabr 2016-cı il tarixdə sözügedən torpaq sahəsi üzərində onun icarə hüququ dövlət qeydiyyatından keçirilmiş və bu barədə ona Seriya RX saylı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarış verilmişdir. Sual oluna bilər ki, əgər qanun torpaq üzərində hüququnun dövlət qeydiyyatını istisna edirsə, niyə 2016-cı ildə eyni əsaslarla həmin torpaq üzərində hüququnun dövlət qeydiyyatı həyata keçirilmişdir? Həqiqətən də, cavabdehin bildirdiyi kimi, qüvvədə olan qanun normaları torpaq üzərində onun hüququnun dövlət qeydiyyatını istisna edirsə, hansı səbəbdən torpaq sahəsi üzərində əvvəlcə X1, daha sonra isə eyni əsaslarla onun icarə hüququnun dövlət qeydiyyatı aparılmışdır? Cavabdeh torpaq üzərində hüququnun təkrar qeydiyyatını aparmaqdan imtina etməklə, qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericlik aktlarının müddəalarını da heçə saymışdır. Təəssüf ki, işə baxan məhkəmə bütün bu dəlillərini heçə sayaraq iddia tələblərini əsassız olaraq rədd etmişdir. Məhkəmənin istinad etdiyi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi sadalanan mübahisəyə tətbiq edilə bilməz, belə ki,həmin maddə ilə sözügedən qanun norması qüvvəyə mindikdən sonra bələdiyyələr tərəfindən ayrılan torpaq sahələri üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsi tənzimlənir, həmin qanun norması qüvvəyə minməmişdən əvvəl ayrılmış torpaq sahələrinin icarə müqavilələrinin uzadılmasına münasibətdə isə bu qanun norması tətbiq oluna bilməz. Sözügedən qanun norması isə “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr2008-ci il tarixli Qanunu qəbul edildikdən sonra qüvvəyə minmişdir. Başqa sözlə desək, üzərində icarə hüququ yaranmış və icarə hüququnu alqı-satqı qaydasında əldə etdiyi X2 torpaq sahəsinin ayrılması barədə Sumqayıt Şəhər Bələdiyyəsinin 27 yanvar 2006-cı il tarixli, 2 saylı iclas qərarı qəbul edildikdən sonra qüvvəyə minmiş qanun norması həmin torpaq sahəsinin icarə müqaviləsinin müddətinin uzadılmasına şamil edilə bilməz. Bu müddəa “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixli Qanununda da aşkar şəkildə nəzərdə tutulmuşdur. Belə ki, həmin Qanunun İX bəndində birbaşa qeyd olunmuşdur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. 3-cü şəxs apelyasiya şikayətini iddiaçının apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətlərinə etiraz edib təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən 3-cü şəxsin nümayəndəsi tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, İddiaçı Cavabdehnə müraciət edərək Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 0,00637 ha torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçının torpaq sahəsi üzərində qeydə alınmış icarə hüququnun müddəti 31.12.2019-cu il tarixdə bitmişdir. Həmin torpaq sahəsi üzərində 16.12.2019cu il tarixli icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqə yolu ilə mümkün olmasına baxmayaraq bələdiyyə ilə vətəndaş arasında bilavasitə bağlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin 27 yanvar 2006-cı il tarixli, 2 saylı iclas qərarına əsasən, 2-ci qrup Qarabağ müharibəsi əlili X1 13-cü mikrorayon ərazisində faktiki istifadə etdiyi ticarət obyektinin sahəsinin yerləşdiyi 63,7 kv.m torpaq sahəsi onun adına rəsmiləşdirilməsi, qanunvericiliyə uyğun olaraq M.Vəlixanov ilə icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Qeyd edilən qərara əsasən bağlanmış icarə müqaviləsi Sumqayıt Bələdiyyəsi tərəfindən məhkəmə kollegiyasına təqdim edilmədiyindən, kollegiya Dövlət Arxivinin Sumqayıt Filialına sorğu edərək, Sumqayıt Bələdiyyəsi ilə X3 arasında bağlanmış 29.12.2015-ci il tarixli, 202 saylı icarə müqaviləsinin və müqavilənin bağlanmasına əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı 01 iyun 2021-ci il tarixli, 41/1 saylı məktubla sorğuya cavab olaraq Sumqayıt şəhər Bələdiyyəsinin 27 yanvar 2006-cı ilə dair 2 saylı iclas protokolundan vətəndaş X1 adına torpaq sahəsinin rəsmiləşdirilməsi barədə qərarın və ona əlavə edilmiş sənədlərin arxiv surətini göndərmiş, lakin qərara icarə müqaviləsinin əlavə edilmədiyini bildirmişdir. Beləliklə müəyyən olunur ki, 2006-cı ildə X2 63.7 kv m torpaq sahəsi ayrılsa da, onunla qanunla müəyyən edilmiş qaydada həmin vaxt icarə müqaviləsi bağlanmamışdır. Daha sonra işdən görünür ki, 29 dekabr 2015-ci il tarixdə Sumqayıt Bələdiyyəsi ilə X3 arasında hərracdan kənar 202 saylı torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən, Sumqayıt Bələdiyyəsinin 27 yanvar 2006-cı il tarixli, 02 saylı qərarı əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 63,7 kv.m olan torpaq sahəsi 15 il müddətinə(31.12.2019-cu il tarixədək) X1 icarəsinə verilmişdir. Torpağın icarə hüquqlarının 11.10.2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X3 özünə məxsus Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 63,7 kv.metr olan torpaq sahəsinin icarə hüquqlarını İddiaçı 50000(əlli min) manata satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 25 oktyabr 2016-cı il tarixli, RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən 0.00637 ha torpaq sahəsi üzərində 01.01.2015-ci il tarixdən 31.12.2019-cu il tarixədək İddiaçı icarə hüququ qeydə alınmışdır. Mübahisəsi gedən torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun müddəti bitmək üzrə olduğundan iddiaçının müraciətinə əsasən, onunla Bələdiyyə arasında 16 dekabr 2019-cu il tarixdə 132 saylı torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən, icarəyə verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı, 25 oktyabr 2016-cı il tarixli çıxarışı əsasında Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 63,7 kv.metr olan torpaq sahəsi müvəqqəti istifadə üçün İddiaçı icarəyə verilmiş və icarə müddəti 01.01.2020-ci il tarixdən 31.12.2044-cü il tarixədək müəyyən edilmişdir. Hazırda iddiaçı qeyd edilən icarə müqaviləsi əsasında torpaq sahəsi üzərində icarə hüquqlarının qeydə alınması məqsədilə cavabdehə müraciət etdikdə sonuncu yuxarıda qeyd edilən əsaslarla icarə hüququnun qeydə almaqdan imtina etmişdir. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 .10.2008-ci il tarixli qanunla yeni redaksiyada verilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. İddiaçı “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli qanunun 9-cu bəndinə istinad edərək, onunla Bələdiyyə arasında icarə müqaviləsinin bağlanması üçün hərracın keçirilməsinə zərurət olmadığını bildirmişdir. Qeyd edilən normaya əsasən, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Qanunvericilik normasının tələbinə görə yalnız aşağıdakı şərtlər daxilində hərracdan kənar icarə müqaviləsinin müddətinin uzadılmasına yol verilir: 1) torpaq sahəsi 28.10.2008-ci il tarixədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün Azərbaycan Respublikası vətəndaşının icarəsinə verilmiş olsun və 2)28.10.2008-ci il tarixdən sonra icarə müqaviləsi müddətinin uzadılması barədə müqavilə bağlansın. Əvvəla hazırkı işin hallarına nəzər yetirdikdə görünür ki, 28.10.2008-ci il tarixədək iddiaçının sələfi olan M.Vəlixanova torpaq sahəsi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası üçün icarəyə verilməmiş, 27 yanvar 2006-cı il tarixli qərarla faktiki istifadə edilən ticarət obyektinin yerləşdiyi 63,7 kv.m torpaq sahəsi X2 ayrılmışdır. Bundan əlavə həmin torpaq sahəsi M.Vəlixanova ayrılması barədə bələdiyyə qərarı olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq Bələdiyyə ilə M.Vəlixanov arasında icarə müqaviləsi bağlanmamışdır. Halbuki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmçinin, Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. Eləcə də, kollegiya qeyd edir ki, hətta yuxarıda sadalanan şərtlər ödənilmiş olsa belə, Bələdiyyə əvvəllər bağlanmış icarə müqaviləsinin müddətinin uzadılması barədə müqavilə bağlamalı idi. İşdən isə görünür ki, müqavilə müddəti bitməsinə baxmayaraq, uzadılması barədə deyil, yeni icarə müqaviləsi bağlanmışdır. İş materiallarından görünür ki, M.Vəlixanovla Bələdiyyə arasında ilk dəfə icarə müqaviləsi qanunvericiliyə dəyişiklik ediləndən sonra, yəni 29.12.2015-ci il tarixdə 05 il müddətinə bağlanmışdır. Qeyd edilən icarə müqaviləsi üzrə icarə hüquqları alqı-satqı qaydasında iddiaçı tərəfindən əldə edidikdən sonra sonuncunun icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, qeydə alınmış icarə hüququnun müddəti 31.12.2019-cu il tarixdə bitmişdir. 16 dekabr 2019-cu il tarixdə isə Bələdiyyə ilə iddiaçı arasında 132 saylı torpaq icarəsi müqaviləsi bağlanmış, müqaviləyə əsasən, icarəyə verən Sumqayıt şəhəri, 13cü mikrorayon ərazisində yerləşən ümumi sahəsi 63,7 kv.metr olan torpaq sahəsini müvəqqəti istifadə üçün iddiaçının icarəsinə vermiş və icarə müddəti 01.01.2020-ci il tarixdən 31.12.2044-cü il tarixədək müəyyən edilmişdir. Yuxarıda sadalanmış qanunvericilik normalarına əsasən, Bələdiyyə tərəfindən qeyd edilən torpaq sahəsinin yalnız hərrac yolu ilə icarəyə verilməsi mümkün olduğu halda, Bələdiyyə bilavasitə iddiaçı ilə 15 illik icarə müqaviləsi bağlamışdır. Beləliklə, kollegiya işin müəyyən edilən hallarını nəzərə alaraq hesab edir ki, bələdiyyə tərəfindən 27 yanvar 2006-cı il tarixdə 63,7 kv.m torpaq sahəsi M.Vəlixanova zəruri tikililərin inşası üçün ayrılmadığından, eləcə də onunla qanunvericiliklə müəyyən edilmiş qaydada icarə müqaviləsi bağlanmadığından iddiaçı və üçüncü şəxsin apellyasiya şikayətində istinad etdiyi “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28.10.2008-ci il tarixli qanunun 9-cu bəndi hazırkı mübahisəyə tətbiq edilə bilməz. Mülki Məcəllənin 139-1.1-139-1.1.1-ci maddəsində göstərilmişdir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji norma “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Sadalanan normalara əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlmə əsaslarından biri qanunla müəyyən edilmiş qaydada bələdiyyə tərəfindən ona məxsus daşınmaz əmlakın icarəyə verilməsinə dair müqavilədir. Lakin hazırkı iş üzrə, Bələdiyyə tərəfindən 16.12.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, torpağın iddiaçıya icarəyə verilməsi qanunla müəyyən edilmiş qaydada (hərrac vasitəsilə) həyata keçirilmədiyindən kollegiya hesab edir ki, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisənin müəyyən edilmiş faktiki hallarına hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir. Ona görə də, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli 2-1(118)-712/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-179/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-179/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver