Məhkəmə qərarları › İş №2-1(105)-18/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-18/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-18/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 18.07.2017-ci il tarixli, **********096269 saylı qərarın ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(085)-26/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Sumqayıt Apelyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazilriyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 18.07.2017-ci il tarixli **********096269 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı anası Məmmədxanova Nazilə Heydər qızının mülkiyyətində olan yaşayış binasında qeydiyyatdadır, həmin binanın bir hissəsi tədris mərkəzi kimi fəaliyyət göstərir. Ailə üzvü olduğuna görə əvvəlcə onların aralarında icarə müqaviləsi bağlanmamış, lakin sonradan vergi orqanının işçilərinin təkidi ilə 08.09.2014-cü il tarixdə anası ilə aralarında formal olaraq icarə müqaviləsi bağlanmışdır. Müqavilədə icarə haqqı 10 manat məbləğində göstərilmişdir. Lakin vergi orqanı tərəfindən səyyar vergi yoxlaması keçirilərkən həmin məbləği az hesab edərək onun barəsində məsuliyyətə cəlb etmə barədə qərar çıxarmış və 9760,80 manat əlavə vergi və 4880,40 manat maliyyə sanksiyası hesablamışdır. İddiaçı hesab edir ki, icarəyə götürülən obyekt anasının xüsusi mülkiyyətində olduğundan icarə haqqı da aralarında istənilən məbləğdə müəyyənləşdirilə bilərdi. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim V.Əzizova) 04 dekabr 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh vergi orqanının 19.04.2017-ci il tarixli **********091220 nömrəli qərarına əsasən iddiaçıda iyul 2014-dekabr 2016 dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və həmin qərar, yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçı tərəfindən imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında 20.04.2017-ci il tarixli **********091372 nömrəli Tələbnamə iddiaçıya verilmiş və vergilərin ödənilməsi və hesablanması barədə sənədlər iddiaçı tərəfindən yoxlamaya qismən təqdim edilmişdir. Yoxlama zamanı iddiaçının hazırlıq kurslarının fəaliyyəti ilə məşğul olması müəyyən edilmişdir. Yoxlama zamanı iddiaçının faktiki sahəsi 930 m2 olan obyekti 08.09.2014-cü il tarixli icarə müqaviləsinə əsasən 10 (on) manat aylıq icarə haqqı müqabilində icarəyə götürdüyü, lakin həmin icarə müqaviləsində icarə haqqı məbləğinin real bazar qiymətlərindən aşağı təsbit edilməsi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 14.3.5-ci maddəsinə əsasən bu Məcəllənin 124.4-cü maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair 12.03.2012-ci il tarixli Qərarında qeyd edilir ki, “Vergi Məcəlləsinin 14-cü maddəsi vergitutma məqsədləri, o cümlədən icarə haqqı məbləğindən tutulmalı olan verginin müəyyən edilməsi üçün bazar qiymətinin tətbiq olunmasını nəzərdə tutur. Belə ki, bu Məcəllənin 13.2.11-ci maddəsində “xidmət” malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət kimi göstərilmiş, Məcəllənin 14-cü maddəsi isə “xidmət" anlayışına icarəni daxil etməklə bu sahəyə də bazar qiymətinin tətbiqini mümkün etmişdir (14.6.1.8-ci maddə). Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin tətbiqi Mülki Məcəllənin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Sadalanan maddələrin məzmunundan və Konstitusiya Məhkəməsinin şərhindən aydın olduğu kimi, daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər və bu zaman bazar qiyməti ekspertiza təyin olunmaqla müəyyən oluna bilər. Yuxarıda qeyd olunanlara əsasən icarəyə verilmiş daşınmaz əmlakın vergitutma məqsədləri üçün yoxlanılan dövr üzrə aylıq icarə haqqı məbləğini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq 28.04.2017-ci il tarixli **********092989 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən yoxlamaya ekspert dəvət edilmişdir. İddiaçının direktoru qeyd olunan qərar ilə tanış edilmiş, ona Vergi Məcəlləsinin 44.7-ci maddəsində təsbit edilmiş hüquqları izah edilmiş və bununla bağlı 02.05.2017-ci il tarixli Protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyinin eksperti X1 tərəfindən icarəyə götürülmüş obyektin faktiki sahəsi ölçülərək dəqiqləşdirilmiş və obyektin sahəsinin 930 m2 olduğu müəyyən edilmişdir. Eyni zamanda, 04.07.2017-ci il tarixli 111 nömrəli ekspert rəyinə əsasən iddiaçı tərəfindən icarəyə verilmiş obyektin aylıq icarə haqqı məbləği 08.09.2014-cü il tarixdən 31.12.2016-cı il tarixədək 2500 manat müəyyən edilmişdir. Beləliklə, səyyar vergi yoxlamasının nəticəsində ekspert rəyi nəzərə alınmaqla iddiaçı tərəfindən icarə haqqından 2014-cü ilin 3-cü rübündən 2016-cı ilin 4-cü rübünədək cəmi 9760,8 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmişdir: 2014-cü il İİİ rüb - (2500 - 10 (özü bəyan etdiyi)) * 14 % = 348,6 AZN 2014-cü il İV rüb - 2016-cı il İV rüb: (3 ay * 2500 manat) - (3 ay * 10 (öz bəyan etdiyi)) = 7470 * 14 % * 9 rüb = 9412,2 Cəmi - 348,6 + 9412,2 = 9760,8 AZN Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ödəmə mənbəyindən tutulan verginin bəyannamədə göstərilməli olan məbləğə nisbətən 9760,8 manat azaldılmasına görə iddiaçı barəsində azaldılmış vergi məbləğinin 50% məbləğində, yəni 4880,4 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri 15.07.2017-ci il tarixli **********096269 nömrəli aktla rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 18.07.2017-ci il tarixli **********02917 nömrəli Qərar qəbul edilmişdir. SVY aktının və məsuliyyətə cəlb etmə haqqında qərarın bir nüsxəsi imza etdirilməklə iddiaçıya təqdim edilmişdir. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, obyektin mülkiyyətçisi iddiaçının anası Məmmədxanova Nazilə Heydər qızı olmuşdur. Bununla bağlı bildirmişdir ki, Vergi Məcəlləsinin 14.3.2-ci maddəsinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilər bazar qiyməti nəzərə alınmaqla hesablana bilər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, apelyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisələndirdiyi qərarın nömrəsində texniki səhvə yol verildiyini bildirərək,cavabdehin 18.07.2017-ci il tarixli 1**********02917 saylı qərarının ləğv edilməsini xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(085)-26/2019 saylı qərarı ləğv edilməli, iş üzrə iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəyişdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh vergi orqanı tərəfindən sübuta yetirilmədiyini nəzərə alaraq, iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir: Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. Hazırki işin hallarından görünür ki, 19 aprel 2017-ci il tarixli **********091220 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarı ilə iddiaçı barəsində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə iyul 2014-cü il tarixdən dekabr 2016-cı il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlanılan dövr ərzində iddiaçının icarəyə götürdüyü obyektin aylıq icarə haqqı məbləği üzrə real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert cəlb edilmişdir. 14 iyul 2017-ci il tarixli **********096269 saylı “Səyyar vergi yoxlaması haqqında” akta əsasən, səyyar vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən 2014-cü ilin 3-cü rübündən 2016-cı ilin 4-cü rübünədək cəmi 9760,8 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilmişdir. Həmin akt əsasında qəbul olunmuş 18 iyul 2017-ci il tarixli, 1**********02917 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçı ödəmə mənbəyindən vergi üzrə 9760,8 manat və həmin məbləğin azaldılmasına görə 4880,40 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qərardan narazı qalan iddiaçı onun ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, icarəyə götürdüyü obyektin mülkiyyətçisi anası olduğundan, müqavilədə icarə haqqı olaraq istənilən məbləği müəyyən etmək hüquqları vardır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qərarda qeyd etmişdir ki, ekspert rəyi hazırki iş üzrə vergi ödəyicisində keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş 18.07.2017-ci il tarixli «vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» qərarının qanuni və əsaslı olaraq qəbul edilməsində hər hansı sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, vergi orqanının mübahiəsləndirilən qərarı «Azərekspertiza» Birliyinin 14.07.2017-ci il tarixli rəyi əsasında qəbul edilmişdir ki, həmin qərarın da qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən inzibati orqanın üzərinə düşür. Daha sonra qərarda ekspertin rəyinə tənqidi yanaşaraq göstərmişdir ki, hazırki iş üzrə səyyar vergi yoxlaması dövrü üçün ekspert tərəfindən icarəyə verilmiş obyektin təyinatı, ünvanı, fəaliyyət göstərdiyi ərazi nəzərə alınmamış, müxtəlif ünvanlarda ayrı-ayrı sahələrə malik obyektlərin icarə haqları əsas götürülmüşdür. Halbuki, həmin obyektlərin nə ünvanı, nə də fəaliyyət istiqamətləri eynilik təşkil etmir, onlar arasında heç bir uyğunluq da yoxdur. Həmçinin, qərarda istinad edilir ki, məhkəmə baxışı zamanı müəyyən olundu ki, səyyar vergi yoxlaması zamanı obyektin icarə haqqının müəyyən edilməsi məqsədilə vergi orqanı tərəfindən «Ekspertizanın təyin edilməsi» haqqında 28.04.2017-ci il tarixli qərar qəbul edilsə də, bu zaman həmin qərarla bağlı müvafiq protokol tərtib edilməmiş, belə ki, həmin protokolun təqdim olunması cavabdeh orqanın nümayəndəsinə təklif olunsa da, məhkəməyə təqdim olunmamış, bunun nəticəsində vergi ödəyicisinin ekspertizanın təyin olunması ilə bağlı vergi qanunvericiliyində göstərilən hüquqlarının ona izah edilməsi təmin olunmamış buna görə də Vergi Məcəlləsinin 44-cü maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşmır. Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi ilə fiziki şəxslər tərəfindən əmlakın icarəyə verilməsindən gəlir qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə aid edilmiş, həmin Məcəllənin 124.1, 150.1.6 və 150.2-ci maddələri bu gəlirdən verginin 14 faiz təşkil etdiyini və ödəmə mənbəyində tutulmalı olduğunu müəyyən etmişdir. Məcəllənin 124.4-cü maddəsi nəzərdə tutur ki, Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin minimum həddi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin vergitutma məqsədləri üçün müəyyən başlanğıc nöqtəsi kimi qəbul oluna bilən xüsusi mülkiyyətdə olan daşınmaz əmlak üçün belə hədd hal-hazırda müəyyən edilməmişdir. Eyni zamanda, həmin Məcəllənin 14-cü maddəsi vergitutma məqsədləri, o cümlədən icarə haqqı məbləğindən tutulmalı olan verginin müəyyən edilməsi üçün bazar qiymətinin tətbiq olunmasını nəzərdə tutur. Belə ki, bu Məcəllənin 13.2.11-ci maddəsində “xidmət” malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət kimi göstərilmiş, Məcəllənin 14-cü maddəsi isə “xidmət” anlayışına icarəni daxil etməklə bu sahəyə də bazar qiymətinin tətbiqini mümkün etmişdir (14.6.1.8-ci maddə). Müəyyənləşdirilmiş bazar qiymətlərindən ancaq vergitutma məqsədləri üçün istifadə edilir və mallar (işlər, xidmətlər) qanunvericilikdə nəzərdə tutulmuş qaydada faktiki satış qiyməti ilə uçota alınır (Vergi Məcəlləsinin 14.6.4-cü maddəsi). Buna baxmayaraq, bazar qiymətinin nəzərə alınması ilə vergilərin hesablanması Vergi Məcəlləsinin 14.3-cü maddəsi ilə tələb edilir. Həmin norma bazar qiymətinin tətbiqinin əsası kimi konkret bir neçə halları, o cümlədən təsərrüfat əqdlərinin qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilməsini müəyyən edir. Belə ki, 14.3.2-ci maddədə deyilir ki, Bu Məcəllənin 14-1.2-ci maddəsində nəzərdə tutulan şəxslər arasında həyata keçirilən əməliyyatlar istisna olmaqla, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanması həyata keçirilə bilər. Eyni zamanda, Məcəllənin 13.2.7.2-ci maddəsində valideynlər vergi ödəyicisinin ailə üzvü sayılır. 18.2.5-ci maddəsinə əsasən isə bu Məcəllənin 13.2.7-ci maddəsində göstərilən ailə üzvləri qarşılıqlı surətdə asılı olan şəxslər sayılır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 12.03.2012-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş bazar qiymətinin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirə verginin hesablanması məqsədilə tətbiqi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 390-cı maddələrində təsbit edilmiş mülkiyyət hüququnu və müqavilə azadlığını pozmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin olunmaqla müəyyən olunur. Sadalanan maddələrin məzmunundan və Konstitusiya Məhkəməsinin şərhindən aydın olduğu kimi, təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilən zaman daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilə bilər və bu zaman bazar qiyməti ekspertiza təyin olunmaqla müəyyən oluna bilər. Odur ki, kollegiya hesab edir ki, hazırkı iş üzrə daşınmaz əmlakın icarəyə verilməsinə dair əqd qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirilsə də, vergi orqanı bazar qiyməti nəzərə alınmaqla vergilərin hesablanmasını həyata keçirilməklə qanunvericiliyin tələbinə uyğun hərəkət etmişdir. İş materiallarından görünür ki, səyyar vergi yoxlaması zamanı icarəyə verilmiş daşınmaz əmlakın vergitutma məqsədləri üçün yoxlanılan dövr üzrə aylıq icarə haqqı məbləğini müəyyən etmək məqsədilə Vergi Məcəlləsinin 44-cü maddəsinə müvafiq olaraq 28.04.2017-ci il tarixli **********092989 nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən yoxlamaya ekspert dəvət edilmişdir. İddiaçının direktoru qeyd olunan qərar ilə tanış edilmiş, ona Vergi Məcəlləsinin 44.7-ci maddəsində təsbit edilmiş hüquqları izah edilmiş və bununla bağlı 02.05.2017-ci il tarixli Protokol tərtib edilmişdir. 12.06.2017-ci il tarixli akta əsasən, “Azərekspertiza” Birliyinin eksperti X1 tərəfindən icarəyə götürülmüş obyektin faktiki sahəsi ölçülərək dəqiqləşdirilmiş və obyektin sahəsinin 930 m2 olduğu müəyyən edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 04 iyul 2017-ci il tarixli 111 nömrəli ekspert rəyinə əsasən iddiaçı tərəfindən icarəyə götürülmüş obyektin aylıq icarə haqqı məbləği 08.09.2014-cü il tarixdən 31.12.2016-cı il tarixədək 2500 manat müəyyən edilmişdir. İddiaçı yoxlama zamanı mütəxəssisin verdiyi rəylə razılaşmayaraq, həmin ərazidə icarə haqqı məbləğinin aşağı olduğunu, bazar qiymətinin düzgün müəyyən edilmədiyini bildirdiyindən, məhkəmə kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının icarəyə götürdüyü ünvan 1 ünvanda yerləşən sahənin müvafiq olaraq 01.07.2014-cü il tarixdən 31.12.2016-cı il tarixədək bazar qiymətlərinə uyğun aylıq icarə haqqı nə qədər təşkil etməsi barədə mütəxəssis rəyinin alınması “X5” MMC-yə həvalə edilmişdir. “X5” MMC-nin 09 mart 2021-ci il tarixli M21/221 saylı mütəxəssis rəyindən görünür ki, yerli baxış zamanı mütəxəssislər tərəfindən aparılmış ölçü işləri nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən yaşayış evinin tikinti altı sahəsi 280 kv.metr, zirzəmi sahəsi (qazanxana, elektrik şit otağı və s.) 238 kv.metr. 1-ci və 2-ci mərtəbələrin icarəyə yararlı olan sahəsi 309 kv.metr təşkil edir. 01.07.2014-cü il tarixdən 31.12.2016-cı il tarixinədək aylıq icarə dəyəri 711AZN müəyyən edilmişdir. Rəyin təsviri hissəsində qeyd edilir ki, 2014-2016-cı illərin bazar araşdırmalarına əsasən, Sumqayıt şəhərinin mərkəzə yaxın hissələrində ofis tipli binaların bir kv m-nin aylıq icarə dəyəri 3-3.5 manat civarında, qiymətləndirilən yaşayış evinin yerləşdiyi hissədə(mərkəzdən aralıda) və onunla oxşarlıq təşkil edən ətraf ərazidə 1 kv m aylıq icarə dəyəri 2-2.5 manat civarında dəyişmişdir. Həmçinin, işdən görünür ki, birinci instansiya məhkəməsinin 14.12.2018-ci il tarixli qərardadına əsasən, “xxxx” MMC-nin verdiyi 02.08.2019-cu il tarixli A-04/264 saylı rəyə əsasən, mübahisələndirilən ərazidə xidmət sahələrinin aylıq icarə haqqı 1 kv.m üçün 1 və 2 manat arasında dəyişməsi müəyyən edilmiş, eləcə də, mübahisəsi gedən xidmət sahəsinin aylıq icarə haqqının 800 manat olması məqbul hesab edilmişdir. Səyyar yoxlama zamanı “Azərekspertiza” Birliyi tərəfindən verilmiş rəydə isə, obyektin 1 kv m aylıq icarə haqqı məbləği 2.6 manat (2500/930=2.6) müəyyən edilmişdir. Məhkəmə kollegiyası, hər üç qiymətləndirmə rəylərini müqayisəli şəkildə təhlil edərək, həmçinin icarə müqaviləsinin qarşılıqlı surətdə asılı olan şəxslər arasında bağlandığını nəzərə alaraq hesab edir ki, iddiaçının icarəyə götürdüyü sahənin 1 kv mnin bazar qiymətinə uyğun olaraq orta aylıq icarə haqqı məbləği 2 manat müəyyən edilməlidir. “Azərekspertiza” Birliyi rəyində 12.06.2017-ci il tarixdə tərtib edilmiş akta istinad edərək, iddiaçı tərəfindən icarəyə götürülmüş obyektin faktiki sahəsinin 930 m2 olduğunu nəzərə almış və bazar qiymətini də həmin sahə nəzərə alınmaqla müəyyən etmişdir. “X5” MMC-nin mütəxəssis rəyində isə obyektin icarəyə yararlı olan sahəsinin 309 kv.metr təşkil etdiyi qeyd edilmiş və icarə haqqı məbləği həmin sahə nəzərə alınmaqla hesablanmışdır. Məhkəmə kollegiyası hər iki rəydə icarəyə verilən ərazinin ölçüsü ilə bağlı mütəxəssislərin gəldiyi nəticə ilə razılaşmayaraq, qeyd edir ki, iş materiallarından görünür ki, 08.09.2014-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən, Məmmədxanova Nazilə Heydər qızı ünvan 2 ünvanda yerləşən yaşayış evinin 650 kv m hissəsini 10 il müddətinə İddiaçı icarəyə vermişdir. Kollegiya qeyd edir ki, obyektin faktiki sahəsi 930 m2 olsa belə, icarəyə götürülən sahənin ölçüləri icarə müqaviləsində dəqiq qeyd edilmişdir. Odur ki, kollegiya hesab edir ki, iddiaçı tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahəsinin bazar qiymətinə uyğun olaraq aylıq icarə haqqı məbləği 1300 (650 x 2) manat müəyyən edilməlidir. Bu qiymət nəzərə alındıqda isə iddiaçı tərəfindən icarə haqqından 2014-cü ilin 3-cü rübündən (sentyabr ayından) 2016-cı ilin 4-cü rübünədək cəmi 5056,8 manat məbləğində ödəmə mənbəyindən tutulan verginin azaldılması müəyyən edilir: 2014-cü il İİİ rüb (sentyabr ayı) - (1300 - 10 (öz bəyan etdiyi)) * 14 % = 180,6 AZN 2014-cü il İV rüb - 2016-cı il İV rüb: (3 ay * 1300 manat) - (3 ay * 10 (öz bəyan etdiyi)) = 3870 * 14 % * 9 rüb = 4876,2 Cəmi - 180,6 + 4876,2 = 5056,8 AZN Bundan əlavə, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən iddiaçıya azaldılmış vergi məbləğinə münasibətdə 50 % həcmində, yəni 2528.4 manat maliyyə sanksiyası tətbiq edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən yoxlama ilə əhatə edilən dövrdə icarə haqqından ödəmə mənbəyində tutulmalı vergi üzrə ümumilikdə 5056.8 manat vergi məbləği azaldılmış və həmin vergi məbləği ilə bağlı cavabdeh vergi orqanı tərəfindən iddiaçıya cəmi 2528.4 manat maliyyə sanksiyası tətbiq edilə bilərdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasın inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinin tələbinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuş, birinci instansiya məhkəməsi isə hazırki iş üzrə qərara gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qərar qəbul etmişdir ki, bu da qərarın ləğvi üçün əsasdır. Odur ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin 18.07.2017-ci il tarixli **********096269 saylı qərarı qismən – 4704 manat ödəmə mənbəyində tutulan vergi və 2352 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2-1(085)- 26/2019 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edlsin. İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Departamentinin 18.07.2017-ci il tarixli 1**********02917 saylı qərarı qismən – 4704 manat ödəmə mənbəyində tutulan vergi və 2352 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar