Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-18/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X20 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X10, Üçüncü şəxsin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxsin adına verilmiş torpaq sahəsinin plan-ölçü sənədinin, dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(118)-11/2022 nömrəli qərarından iddiaçı və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Dəvəçi rayon X9 Rəyasət Heyətinin 22 iyul 1992-ci il tarixli, 09 nömrəli qərarına əsasən X7 Dəvəçi şəhərinin baş planı üzrə 17-ci məhəllədən fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m. həyətyanı torpaq sahəsi verilmişdir. Sözügedən 500 kv.m. torpaq sahəsinin N.Ş.Cümşüdovun istifadəsinə verilməsi ilə bağlı onunla Dəvəçi rayon X4 İcraiyyə Komitəsinin nümayəndəsi arasında 28 noyabr 1992-ci il tarixdə müqavilə bağlanmışdır. Həmçinin, həmin torpaq sahəsinə dair N.Ş.Cümşüdovun adına JN-4157A, KOD304401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmişdir. Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının 16 mart 2006-cı il tarixli, 82 nömrəli sərancamına əsasən X13 və İddiaçı ərizələri nəzərə alınaraq, N.Ş.Cümşüdova ayrılmış 500 kv.m. həyətyanı torpaq sahəsindən onun istifadə hüququna xitam verilməsi və həmin torpaq sahəsinin İddiaçı verilməsi qərara alınmışdır. Şabran bələdiyyəsinin 31 may 2013-cü il tarixli, 05 nömrəli iclas qərarına əsasən, X11 şəhərin 17-ci məhəlləsindən 400 kv.m. torpaq sahəsi satılmışdır. Həmin 400 kv.m. torpaq sahəsinə dair X8 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən A seriyalı, 469815 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş və dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 48 nömrəsi ilə uçota alınmışdır. X15 cavabdeh X5 qarşı iddia ərizəsi ilə Şabran Rayon Məhkəməsinə müraciət edərək Şabran bələdiyyəsinin 31 may 2013-cü il tarixli, 05 nömrəli qərarı ilə ona ayrılmış 0,04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasını, həmin torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli, 2(031)-97/2014 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması və həmin torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülərək sahənin boşaldılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 fevral 2015-ci il tarixli, 2(105)-96/2015 nömrəli qətnaməsi ilə Şabran Rayon Məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 iyun 2015-ci il tarixli, 2(102)-2781 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-96/2015 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İkinci apellyasiya baxışı zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2016-cı il tarixli, 2(105)-109/2016 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 02 may 2014-cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi torpaq sahəsində özbaşına inşa edilmiş tikilinin sökülərək sahənin boşaldılması hissəsində təmin edilməmiş, məhkəmənin həmin tarixli qərardadı ilə bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 0,04 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun tanınması hissəsində iddiaçıya inzibati orqana, müraciəti təmin edilmədiyi təqdirdə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilərək iş üzrə icraata xitam verilmişdir. Sözügedən məhkəmə aktlarından kassasiya şikayəti verilməmiş və aktlar qanuni qüvvəyə minmişdir. Bundan sonra sözügedən 0,04 ha torpaq sahəsinə dair X8 adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 14 sentyabr 2016-cı il tarixli, A seriyalı, 097891 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmiş, həmçinin, həmin torpaq sahəsi üzərində onun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 15 sentyabr 2016-cı il tarixdə qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra X15 cavabdeh X5 qarşı iddia ərizəsi ilə yenidən mülki qaydada məhkəməyə müraciət edərək mülkiyyətində olan 0,04 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdehin törətdiyi maneçiliklərə qadağa qoyulmasını xahiş etmiş, eyni zamanda X12 qarşılıqlı iddia qaldıraraq S.Q.Cəfərovun adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın və plan-ölçü sənədinin ləğv edilməsini xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli, 2(031)-734/2018 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının mülkiyyətində olan 0,04 ha torpaq sahəsində tikinti işlərinin aparılmasına cavabdeh tərəfindən törədilən maneçiliklərə qadağa qoyulması qət edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilməmişdir. Məhkəmənin qətnaməsi xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Daha sonra İddiaçı ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək X8 adına dövlət reyestrindən verilmiş sözügedən çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********637 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və torpaq sahəsinə dair X8 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Bu səbəbdən, müraciətin icrası mümkün olmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şabran şəhərində yerləşən torpaq sahəsinə dair X8 adına tərtib edilmiş 14 sentyabr 2016-cı il tarixli, “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, eləcə də onun adına RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayon XDS RH-nin 22 iyul 1992-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçının atası X5 ayrılmış 500 kv.m. həyətyanı torpaq sahəsində tikinti işlərinə başlanılmış və torpaq sahəsi uzun müddətdir ki, onun istifadəsindədir. Hazırkı mübahisədən əvvəlki mülki mübahisə üzrə aidiyyəti orqandan alınmış mütəxəssis rəyində Şabran bələdiyyəsinin 31 may 2013-cü il tarixli, 05 saylı qərarı ilə X11 ayrılmış 400 kv.m. torpaq sahəsinin və iddiaçıya məxsus 500 kv.m. torpaq sahəsinin dəqiq cizgiləri müəyyən edilməklə, üçüncü şəxsə ayrılmış 400 kv.m. torpaq sahəsinin 154 kv.m hissəsinin onlara məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, üçüncü şəxsə ayrılmış 400 kv.m. torpaq sahəsinin zəbt olunmadığı, həmin ərazinin 154 kv.m hissəsinin iddiaçıya ayrılmış torpaq sahəsinə aid olduğu qeyd olunmuşdur. Hesab edir ki, 500 kv.m. torpaq sahəsi hüquqmüəyyən edici sənədlər əsasında iddiaçı tərəfin mülkiyyətinə verilmiş, lakin, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsinin 154 kv.m hissəsi də daxil olan sahəyə dair X8 adına plan və ölçüsü sənədi tərtib edilmiş, bununla da onun hüquqları kobud surətdə pozulmuşdur. Qeyd etdiklərinə əsasən hesab edir ki, üçüncü şəxsin adına həmin torpaq sahəsinin plan və ölçüsünün tərtib olunması qanunsuzdur və həmin sənəd ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, X8 adına Şabran şəhəri ərazisində yerləşən 0,04 ha torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016cı il tarixli torpaq sahəsinin planı və ölçüsü və RX ******* nömrəli çıxarış Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 saylı qətnaməsi, o cümlədən, Şabran Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 saylı qərarı, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü əsasında hazırlanmışdır. Odur ki, həmin sənədlər qanunun tələblərinə riayət etməklə hazırlanmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2-1(118)-583/2020 nömrəli qərardadı ilə X15 üçüncü şəxs qismində inzbati məhkəmə icraatına cəlb edilmişdir. Üçüncü şəxs iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, Dəvəçi rayon XDS İK-nin 22 iyul 1992-ci il tarixli, 09 saylı qərarı ilə iddiaçıya verilmiş 0,05 ha torpaq onun mülkiyyətində olan 0,04 ha torpaq sahəsi ilə yanaşıdır və həmin torpaq sahəsinin iddiaçının torpağına aidiyyatı yoxdur. Belə ki, o, 2018-ci ildə hazırkı iş üzrə iddiaçı Kamran Rəsulova qarşı torpaq sahəsində tikinti işləri aparmağa maneələrin aradan qaldırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, qeyd olunan işə baxılarkən K.Rəsulov da məhkəməyə qarşılıqlı iddia təqdim edərək ona məxsus 0,04 ha torpaq sahəsinə dair verilmiş plan və ölçü sənədinin və çıxarışın ləğv edilməsini xahiş etmişdir. Həmin işə məhkəmədə baxılarkən məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş və 22 dekabr 2015-ci il tarixli ekspert rəyi ilə sübuta yetirilmişdir ki, Şabran bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 saylı qərarı ilə ona ayrılmış 0,04 ha torpaq sahəsi ilə hazırkı iş üzrə iddiaçının 0,05 ha torpaq sahəsi üst-üstə düşmür. Bu səbəbdən, Şabran Rayon Məhkəməsinin 05 noyabr 2018-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş, cavabdeh K.Rəsulovun iddiası təmin edilməmişdir və qeyd olunan qətnamə qanun qüvvəsini almışdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(118)-11/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilərək, X8 adına verilmiş Şabran şəhərində torpaq sahəsinə dair **********03 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır (hakim İ.Quliyev) Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, üçüncü şəxsin adına olan mübahisələndirilən sənədlər Şabran Rayon Məhkəməsinin 05 may 2016-cı il tarixli, 2(031)-591/2016 nömrəli qətnaməsi əsasında verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(105)-3083/2021 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin həmin qətnaməsi ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Şabran Rayon Məhkəməsinin 2(031)-591/2016-003 nömrəli qətnaməsi ləğv olunduğundan həmin qətnamə əsasında verilmiş plan-ölçü sənədi də ləğv edilməlidir. İddia tələbi çıxarışın ləğv edilməsi hissəsində isə təmin edilə bilməz. Belə ki, iddiaçı ilə üçüncü şəxs arasındakı mübahisə torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlıdır. Ona görə də məhkəmə hesab edir ki, hazırkı əsaslarla çıxarışın ləğv edilməsi yolverilməzdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, Dəvəçi (Şabran) şəhərinin baş planı üzrə 17-ci məhəllədə yerləşən 500 kv.m. torpaq sahəsi faktiki və sənəd üzərində ona məxsus olmasına, onun faktiki istifadəsində olmasına baxmayaraq, Şabran Bələdiyyəsinin 31 may 2013-cü il tarixli, 05 saylı qərarı ilə həmin sahə hazırki iş üzrə üçüncü şəxs X11 verilmişdir. Hesab edir ki, həmin qərar qanunsuzdur. Belə ki, 2007-ci ildən etibarən bələdiyyə torpaqları hərrac vasitəsilə satılmalı olmasına baxmayaraq, torpaq sahəsi 2013-cü ildə bələdiyyə tərəfindən hərracdan kənar satılmışdır. Bu səbəbdən də, üçüncü şəxsə DƏDRX tərəfindən çıxarış verilməmiş və sonuncu xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair Şabran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx.xx.2016cı il tarixli, 2(031)-591/2016 nömrəli qətnaməsi ilə onun mülkiyyət hüququ üzrə sahiblik, istifadə etmək və onun barəsində sərəncam vermək faktı müəyyən olunaraq, daşınmaz əmlaka mülkiyyət sənədi vermək vəzifəsi DƏDRX-nin üzərinə qoyulmuşdur. Qanunvericiliyin tələbinə görə əgər iddia tələbi üzrə mübahisə varsa, buna xüsusi icraat qaydasında baxıla bilməz. Şabran Rayon Məhkəməsi də artıq bir dəfə onun atası Kamran Rəsulov və Seymur Cəfərov arasında olmuş mülki mübahisəyə (torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsi tələbinə dair) baxaraq torpaq sahəsinin boşaldılması və tikililərin sökülməsinə dair Seymur Cəfərovun xeyrinə qərar çıxarmış, lakin həmin qərar apellyasiya instansiya məhkəməsi tərəfindən ləğv edilmiş, Ali Məhkəmə tərəfindən də qüvvədə saxlanılmışdır. Tərəflərindən verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3083/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə Şabran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(031)-591/2016 nömrəli qətnaməsi ləğv olunmuşdur. Bu isə o deməkdir ki, Seymur Cəfərova çıxarışın verilməsinə əsas olmuş məhkəmə qətnaməsi, yəni hüquqi əsas ləğv olunmuşdur. Buna görə də iddiaçı üçüncü şəxsə verilmiş çıxarışın və plan-ölçünün ləğv olunması barədə hazırkı iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən mühüm əhəmiyyət kəsb edən hala hüquqi qiymət verməmiş, torpaq satmaq səlahiyyəti olmayan bələdiyyənin qərarını əsassız olaraq qanuni sənəd kimi qəbul etmişdir. Üçüncü şəxsə bələdiyyə tərəfindən satılmış torpaq iddiaçının faktiki istifadəsində olmasına, XDS-nin qərarı və İcra Hakimiyyətinin sərəncamı ilə onun qanuni istifadəsində və mülkiyyətində olmasına baxmayaraq, eləcə də verilmiş bələdiyyə qərarının özünün qanuniliyinə hüquqi qiymət vermədən məhkəmə torpaq sahəsinə dair üçüncü şəxsə verilmiş çıxarışı qanuni hesab etmiş və bu hissədə onun iddiasını təmin etməmişdir. Bundan əlavə, məhkəmə qərarında xx.xx.2015-ci il tarixli ekspert rəyinə istinad edərək, onunla üçüncü şəxsin qonşu olduğunu və onların torpaq sahələrinin 154 kv.m-lik bir hissədə üst-üstə düşdüyünü qeyd etmişdir. Məhkəmənin bu mövqeyi ilə razılaşmayaraq bildirir ki, 2015-ci ildə GPS və elektron xəritələr mövcud deyildi və ekspert rəyində qeyd olunanlar yanlışdır. Belə olan halda, məhkəmə torpaq sahələrinin həqiqətən 154 kv.m. hissədə və ya tamamilə üst-üstə düşməsini dəqiqləşdirmək məqsədilə mütəxəssis rəyinin alınması üçün qərardad qəbul etməli idi, çünki bu sahə xüsusi bilik tələb edən sahədir. Lakin, məhkəmə tərəfindən bunların heç birini edilməmişdir. Bundan başqa, məhkəmənin iddia tələbinin çıxarışın ləğv olunmasına dair hissədə rədd edilməsi ilə bağlı mövqeyi qeyri-müəyyəndir, məhkəmə hansı əsasla çıxarışın ləğv olunmamasına heç bir aydınlıq gətirməmişdir. Halbuki, çıxarışın verilməsinə əsas olmuş Şabran Rayon Məhkəməsinin 2(031)-591/2016 nömrəli qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən qanunsuz hesab edilərək ləğv olunmuşdur. Məhkəmə iş üzrə mühüm əhəmiyyət kəsb edən halları - üçüncü şəxsin adına verilmiş çıxarışın hansı sənədlər əsasında verilməsini, torpaq sahəsinin harada yerləşməsini, iddiaçının torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini araşdırmadan, çıxarışın ləğv olunmasına dair iddianın təmin olunmaması qənaətinə gəlmişdir. Qeyd olunanlarlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuzdur və həmin qərar ləğv olunaraq iddia tələbi tam təmin olunmalıdır. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, mülkiyyət hüququ əsasında özünə məxsus olan 0,04 ha həyətyanı torpaq sahəsini Şabran bələdiyyəsinin xx.xx.2013-cü il tarixli, 05 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün qanuni əsaslarla əldə etmişdir. İddiaçı isə özünə məxsus torpaq sahəsini - X6 mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsini notarial qaydada alqı-satqı müqaviləsi əsasında deyil, Dəvəçi (Şabran) rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 82 nömrəli sərəncamı ilə əldə etmişdir. Göründüyü kimi həmin torpaq sahəsi qanuni əsaslarla iddiaçıya verilməmiş və aralarında olmuş mülki mübahisələr üzrə heç bir məhkəmə buna fikir verməmişdir. Apellyasiya şikayətinə əlavə edilən yerquruluşu xəritəsindən də görünür ki, iddiaçının istifadəsində olan torpaq sahəsi hal-hazırda reyestr xidmətinin elektron bazasında X6 adına qeydiyyatdadır. Belə olan halda, hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Belə ki, əgər qonşu kimi onun hüquqları pozularsa, 0,05 ha torpaq sahəsinin mülkiyyətçisi X13 iddia qaldıra bilər. İddiaçı hazırkı tələbi üçüncü şəxsə qarşı o halda qaldıra bilərdi ki, o, həmin torpaq sahəsini qanuni əsaslarla əldə etmiş olsun. Dəvəçi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli sərəncamı qəbul edilərkən xx.xx.1997-ci il tarixdə anadan olmuş iddiaçı X3 9 yaşı var idi. Hesab edir ki, azyaşlı uşağa torpaq sahəsi ayrıla bilməzdi. Bundan başqa, Şabran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 qarşılıqlı iddia üzrə iddiaçı kimi ona qarşı qaldırdığı dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barədə məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi olmasına baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntularla müşayiət olunan əsassız qərar qəbul edilmişdir. Bu baxımdan, hesab edir ki, məhkəmənin qərarı əsassız olduğundan ləğv edilməli və iddia tələbi rədd edilməlidir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus 0,05 ha torpaq sahəsi 20.0 m. x 25.0 m. ölçüsündədir və həmin torpaq sahəsi ilkin mülkiyyətçi X6 adına olan 1992-ci il tarixli sənədlərdə də həmin ölçüdə göstərilmişdir. Torpaq sahələri həmin ərazidə hamıya eyni ölçüdə paylanmışdır, bu baxımdan, qonşu torpaq sahələri də həmin ölçüdədir. İddiaçının naturada iddia etdiyi torpaq sahəsinin koordinatları üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları ilə qismən üst-üstə düşür. İddia edilən torpaq sahəsinin koordinatları X6 adına tərtib edilmiş Dövlət Aktında göstərilmişdir, lakin həmin torpaq sahələrinin konfiqurasiyası fərqlidir. Əlavə olaraq bildirir ki, Dövlət Aktındakı koordinatlarla naturada olan torpaq sahəsinin koordinatlarının uyğunlaşdırılması ilə bağlı tərəflərindən cavabdeh orqana müraciət edilməmişdir. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, mübahisəli torpaq sahəsi hal-hazırda boşdur və heç kim tərəfindən faktiki istifadə olunmur. Torpaq sahəsi ümumilikdə 0,09 ha təşkil edir, onun 0,04 ha hissəsi üçüncü şəxsə, qalan 0,05 ha hissəsi isə iddiaçıya məxsusdur. Torpaq sahələri üst-üstə düşmür. Üçüncü şəxsin nümayəndəsi şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, iş üzrə alınmış ekspert rəyindən də müəyyən edilir ki, mübahisəli torpaq sahəsi yerləşən ərazidə konfiqurasiya fərqi mövcuddur. Belə ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçüləri üçüncü şəxsin torpaq sahəsi ilə üst-üstə düşsə də, X6 adına tərtib edilmiş Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatları ilə üçüncü şəxsə məxsus torpaq sahəsinin koordinatları üstüstə düşmür. Üçüncü şəxsin vəkili şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərərk izahatında əlavə olaraq bildirmişdir ki, X7 ayrılmış torpaq sahəsinin ölçüləri 36.74 metr, 13.69 metr, 36.31 metr və 13.69 metrdir. Lakin, iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin ölçüləri isə 20.0 x 25.0 metr ölçüdədir. Bu, o deməkdir ki, torpaq sahəsində konfiqurasiya fərqi var. TƏTBİQ EDİLƏN HÜQUQ: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayətləri vaxtında verilmişdir. Apellyasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçlərin tələbləri göstərilmişdir. Ona görə də, şikayətlər üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən – 0,04 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, **********03 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilməli, bu hissədə iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, işə baxan məhkəmə iddianı qismən təmin edərkən işin faktiki hallarını ətraflı araşdırmamış, nəticədə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddiadır. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yəni, hazırkı halda 0,04 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş plan-ölçü sənədinin və qeydiyyatın qanuniliyinə hüquqi qiymət verilməzdən əvvəl iddiaçı mübahisələndirilən torpaq sahəsinə dair ona məxsus hüquqmüəyyənedici sənədləri təqdim etməli, yəni iddia tələbinin əsaslı hesab edilərək təmin edilməsinə nə dərəcədə haqqı çatdığını sübut etməlidir. İşin tərəflər arasında mübahisələndirilməyən hallarından görünür ki, iddia edilən 0,05 ha torpaq sahəsinin ilkin mülkiyyətçisi 1992-ci ildən X13 olmuş, torpaq sahəsinə dair onun adına JN-4157A, KOD304401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə tərtib edilmiş və həmin sənəddə torpaq sahəsinin döngə nöqtələrinin koordinatları təsbit edilmişdir. Eyni zamanda işdən görünür ki, 0,04 ha torpaq sahəsinin koordinatlarının təsbit edildiyi ilkin sənəd X8 adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şabran rayon şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilmiş A seriyalı, 469815 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmuş, daha sonra həmin torpaq sahəsi üzərində S.Q.Cəfərovun mülkiyyət hüququ qeydə alınaraq adına dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış və plan-ölçü sənədi verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın mütəxəssisi qarşısında həm xx.xx.2013-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində, həm RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən 0,04 ha torpaq sahəsinin koordinatlarının iddiaçının 0,05 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı suallar olmuşdur. Kollegiyanın sorğusuna cavab olaraq cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyindən görünür ki, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən üçüncü şəxsin xüsusi mülkiyyətində olan 0,04 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları DTXK tərəfindən onun adına xx.xx.2013-cü il tarixdə tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. **********03 reyestr nömrəli plan və ölçüsü sənədindəki koordinatlar xx.xx.2013-cü il tarixli plan-ölçü sənədində qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarından, Şabran bələdiyyəsinin təsdiq etdiyi sxem və koordinatlara əsasən şimal-şərq tərəfə (yollara tərəf 6.51 metr, 6.98 metr, 6.9 metr və 6.93 metr) çəkilərək tərtib edilmişdir. İddiaçının istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsinin naturada döngə nöqtələrinin koordinatları JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən X6 mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə üst-üstə düşmür. Ləğv edilmiş DTXK tərəfindən Dəvəçi (Şabran) şəhərində yerləşən torpaq sahələrinə tərtib edilmiş elektron xəritə məlumatlarında JN-4157A nömrəli sahənin ölçüləri 36.74 metr, 13.69 metr, 36.31 metr və 13.69 metrdir. Lakin, iddiaçının naturada iddia etdiyi torpaq sahəsinin ölçüləri 20.0 x 25.0 metr ölçüdədir. - Üçüncü şəxsin adına xx.xx.2013-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, iddia edilən 20.0 x 25.0 metr ölçüdə olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə 151.2 m2 hissədə üst-üstə düşür. - ******* nömrəli, RX seriyalı çıxarışa əsasən üçüncü şəxsin xüsusi mülkiyyətində olan sahənin əsas döngə nöqtələrinin koordinatları isə iddia edilən həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə 117.6 m2 hissədə üst-üstə düşür. Mütəxəssis rəyindən göründüyü kimi iddiaçının hazırda naturada iddia etdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilkin mülkiyyətçi X6 adına tərtib edilmiş JN- 4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarla üst-üstə düşmür, başqa sözlə iddiaçının naturada tanıtdığı torpaq sahəsi sənəd üzrə ayrılmış torpaq sahəsi deyildir. Həmçinin, rəyə əlavə edilən mübahisəli torpaq sahəsi yerləşən ərazinin orto-foto xəritəsindən çıxarışdan görünür ki, JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsi ilə ******* nömrəli, RX seriyalı çıxarışa əsasən üçüncü şəxsin xüsusi mülkiyyətində olan sahənin əsas döngə nöqtələrinin koordinatları ümumiyyətlə üst-üstə düşmür, hər iki torpaq sahəsi ayrı-ayrı ərazilərdə yerləşir. Eləcə də, yuxarıda qeyd edilən mülki mübahisə üzrə də Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 dekabr 2015-ci il tarixli, 23328 nömrəli ekspert rəyindən görünür ki, Şabran bələdiyyəsinin qərarına əsasən üçüncü şəxsə ayrılmış 0,04 ha torpaq sahəsinin və Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 0,05 ha torpaq sahələrinin dəqiq cizgiləri müəyyən edilmişdir. Üçüncü şəxsə ayrılmış həmin torpaq sahəsinin koordinatları ilə iddiaçının istifadəsinə verilmiş torpaq sahəsinin koordinatları (X6 adına tərtib edilmiş JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarla) üst-üstə düşmür, üçüncü şəxsə ayrılmış torpaq sahəsi hər hansı üsulla hasarlanaraq başqa şəxs tərəfindən zəbt olunmamışdır. Üçüncü şəxsin torpaq sahəsində Z.Əliyeva küçəsi tərəfdən 11-12 metr uzunluğunda hasar üçün bünövrə atıldığı müəyyən edilir. Həmin torpaq sahəsinin evi bir tərəfdən 10.29 metr, digər tərəfdən 10.31 metr, uzunluğu isə bir tərəfdən 36.32 metr, digər tərəfdən isə 35.96 metrdir. İddiaçıya verilmiş 0,05 ha torpaq sahəsinin isə (JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarla) eninin 13.6 metr, uzunluğunun isə bir tərəfdən 36.8 metr, digər tərəfdən 36.6 metr olduğu müəyyən edilir. Göründüyü kimi, mülki işdə də alınmış ekspert rəyində Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsinin dəqiq koordinatları müəyyən edilmiş və həmin koordinatların üçüncü şəxsə ayrılmış 0,04 ha torpaq sahəsi ilə üst-üstə düşmədiyini müəyyən edilmişdir. İddiaçı tərəf Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş 0,05 ha torpaq sahəsinin eni və uzunluğunun 20.0 m. x 25.0 m. ölçüsündə olduğunu, ilkin mülkiyyətçinin adına olan 1992-ci il tarixli sənədlərdə də həmin ölçüdə göstərildiyini bildirərək, naturada göstərdiyi sahənin məhz hüquqmüəyyənedici sənəd üzrə ayrılan sahə olduğunu iddia edir. Bununla bağlı, kollegiya qeyd edir ki, sözügedən 0,05 ha torpaq sahəsinə dair X13 ilə Dəvəçi rayon X4 İcraiyyə Komitəsinin nümayəndəsi ilə arasında 28 noyabr 1992-ci il tarixdə bağlanmış müqavilədə torpaq sahəsinin ölçüləri – fasadı 20 metr, arxa tərəfi 20 metr, sağ tərəfi 20 metr, sol tərəfi 25 metr qeyd edilməsinə baxmayaraq, mütəxəssis rəyindən və elektron xəritə məlumatlarından müəyyən edilir ki, həmin torpaq sahəsinə dair N.Ş.Cümşüdovun adına sonradan JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı tərtib edilmiş, həmin aktda qeyd edilən koordinatlara əsasən, torpaq sahəsinin eni 13.6 metr, uzunluğu isə bir tərəfdən 36.8 metr, digər tərəfdən 36.6 metr müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, iddiaçı sənəd üzrə - JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən torpaq sahəsinin koordinatlarının naturada iddia etdiyi torpaq sahəsinin koordinatlarına uyğun olmadığını bildirsə də, həmin koordinatların düzgün vurulmadığı nə ilkin mülkiyyətçi, nə də hazırkı iş üzrə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də, iddiaçı JN-4157A, KOD 30401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin hüquq sahibi kimi qəbul edilir. İşin yuxarıda qeyd edilən hallarından isə həmin koordinatlarda göstərilən torpaq sahəsinin üçüncü şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsinin koordinatları ilə üstüstə düşmədiyi müəyyən edilmişdir. İddiaçının naturada iddia etdiyi torpaq sahəsi ilə üçüncü şəxsin mülkiyyətində olan sahənin koordinatlarının üst-üstə düşməsi isə həmin sənədlərin ləğv edilməsinə əsas vermir. Birinci instansiya məhkəməsi isə iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan yuxarıda qeyd edilən halları tam aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın həmin hissədə ləğvi üçün əsasdır. Odur ki, üçüncü şəxsin apellyasiya şikayəti təmin edilməli, 0,04 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, **********03 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və bu hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməli, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(118)-11/2022 nömrəli qərarı qismən – 0,04 ha torpaq sahəsinə dair üçüncü şəxsin adına tərtib edilmiş xx.xx.2016-cı il tarixli, **********03 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsinə dair iddianın təmin edilməsi hissəsində ləğv edilsin. Bu hissədə yeni qərar qəbul edilməklə iddia rədd edilsin. Qərar qalan hissədə – torpaq sahəsinə dair üçüncü şəxsin adına verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair iddianın təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-18/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-18/2024
19.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver