Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-180/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, Məmmədov Fuad Əli oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı mənzil kirayəsi üçün kompensasiya ödənişinin bərpa edilməsi tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(118)-770/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı oğlu cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin dayandırıldığı müddətdən, yəni 2019-cu ilin iyun ayından hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il tarixdə Qazax rayonunun Tatlı kəndində anadan olmuşdur. X1 ilə 09.09.2002-ci il tarixdə rəsmi dövlət nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 31.10.2002-ci il təvəllüdlü Səma və 09.05.2006-cı il təvəllüdlü Hüseyn adlı iki övladları vardır. 10.10.1993-cü il tarixdə Sumqayıt şəhər Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və həqiqi hərbi xidmətini başa vurduqdan sonra xidmətdən artıq hərbi qulluqçu kimi 04.04.2015-ci il tarixə kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyin tabeliyindəki müxtəlif hərbi hissələrdə baş gizir rütbəsində hərbi qulluqçu kimi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 28.02.2015-ci il tarixli 057 gm saylı əmrinə əsasən xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 265 №-li, 20.09.2016-cı il tarixli sərəncamı ilə o, üç nəfər ailə üzvləri də nəzərə alınmaqla yaşayış sahəsinə ehtiyacı olan ailə kimi qeydiyyata alınmışdır. Bundan əlavə tərxis olunduqdan sonra dövlət tərəfindən evlə təmin olunmadığına görə “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli 174 saylı qərarına əsaslanaraq Sumqayıt şəhət İcra Hakimiyyəti tərəfindən ona müvəqqəti mənzil kirayəsi üçün pul kompensasiyası ödənilmişdir. Lakin 2019-cu ilin iyun ayından kompensasiyasının ödənilməsi naməlum səbəblərdən dayandırılmışdır. Bununla əlaqədar olaraq 18.09.2019 cu il və 02.12.2019- cu il tarixlərdə Sumqayıt şəhər İcra Hakimiyyətinə məktub ilə müraciət etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı yazılı etirazında qeyd etmişdir ki, 1975-ci il təvəllüdlü baş gizir İddiaçı 30.10.1993-cü il tarixdən 05.04.2015-ci ıl tarixə kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Müdafiə Nazirliyinin 28.02.2015-ci il tarixli 057grm saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “156-cı maddəsinin «a» bəndinə (xidmət müddəti başa çatdığına görə) əsasən ehtiyata buraxılmış, 19.052015-ci il tarixdən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır. Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən 156-cı maddənin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlər nəzərə alınaraq iddianın təmin olunmasına qarşı etiraz olunur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-770/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. (hakim V.Əzizova). Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-770/2020 saylı 16 oktyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsini xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində onun mənzillə təmin edilənə qədər kirayə haqqının ödənilməsi üçün kompensasiya ilə təmin edilmək hüququ nəzərdə tutulduğu halda cavabdeh onu bu hüquqdan məhrum etmiş, məhkəmə də ona haqq qazandırmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edib, məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək ki, mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 2019-cu ilin avqust ayından dayandırılmış kompensasiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin olunmalıdır. Hazırki işin hallarından görünür ki, tərəflər arasında yaranmış mübahisə iddiaçıya, ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənişinin həyata keçirilməsi barədədir. İddia tələbindən görünür ki, iddiaçının tələbi 2019-cu ilin iyun-iyul ayından təyin olunmuş kompensasiya ödənişinin bərpa edilməsi barədə olmuşdur. Məhkəmə araşdırması zamanı isə müəyyən edilmişdir ki, ödənişin dayandırılması 2019-cu ilin avqust ayında dayandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyasının iclasında iddiaçıya hüquqi yardım edilərək, iddia tələblərini dəqiqləşdirmək təklif edilmiş və iddiaçı məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona, müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 2019-cu ilin avqust ayından təyin olunmuş kompensasiya ödənişinin bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizənin icraata qəbulu ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, AR İPM-in 13cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş 14.02.2020-ci il tarixli 60 saylı arayışdan görünür ki, iddiaçı həqiqətən 10.01.1993-cü il tarixdən 05.04.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirinin BM-SQBQR-nin 28.02.2015-ci il tarixli 057gm saylı əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “156-cı maddəsinin «a» bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmışdır. 19.05.2015-ci il tarixdən Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 20 sentyabr 2016-cı il tarixli, 265 saylı sərəncamından görünür ki, ehtiyata buraxılmış baş gizir İddiaçı 4 nəfərlik ailə tərkibi ilə birlikdə yaşayış yeri üzrə yaşayış yerinə ehtiyacı olan qismində uçota alınmışdır. Hazırda iddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün ödənilmiş kompensasiya məbləğinin bərpa edilməsini xahiş etmiş, lakin imtina cavabı almışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Sumqayıt Apelyasiya Məhkəməsinə ünvanladığı 29 aprel 2021-ci il tarixli arayışdan görünür ki, ehtiyatda olan zabit İddiaçı Sumqayıt şəhər İcra Hakimiyyətinin mənzil təsərrüfatı və mənzillərin üçotu şöbəsinin 20 avqust 2019-cu il tarixli 29 saylı məktubuna əsasən 01 avqust 2019-cu il tarixdən müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyası məbləğinin ödənişi dayandırılmışdır. Cavabdehin hazırki iş üzrə imtinasının əsas dəlili ondan ibarət olmuşdur ki, Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 saylı, 6 avqust 2012-ci il tarixli qərarına əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli İcra Hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən qanun normasına əsasən 156-cı maddənin “a” bəndinə (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. İşə baxan məhkəmə cavabdehin imtinası ilə razılaşmış və iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 1-ci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə düzgün nəticəyə gəlməmişdir. Bu qənaət aşağıdakılardan irəli gəlir. Azərbaycan Respublikasının Konstitusiyasının 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Azərbaycan Ordusunun vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri, o cümlədən hərbi xidmət keçən vətəndaşların hüquq və vəzifələrini müəyyən edən "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının 25 dekabr 1991-ci il tarixli qanunu qəbul edilmişdir. Həmin qanuna görə, hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçular Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyənləşdirilən, hərbi xidmətin xüsusiyyətləri ilə bağlı əlavələrlə və məhdudiyyətlərlə Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edirlər. İstinad olunan hərbi qanunvericilikdə hərbi qulluqçuların konstitiusion hüquq, azadlıq və vəzifələri konkretləşdirilmiş və mühüm dərəcədə inkişaf etdirilmişdir. Belə ki, hərbi qulluqçuların və onların ailə üzvlərinin güzəştləri sosial iqtisadi və mədəni həyat fəaliyyətinin müxtəlif sahələrinə aiddir və onlardan asılı olaraq həmin güzəştlər əmək üzrə, təhsil sahəsində, sosial sığorta sahəsində, maliyyə, mənzil və səhiyyə sahəsində güzəştlərə bölünürlər. Həmin güzəştlər sırasında hərbi qulluqçuların həmçinin mənzillə təmin olunmaq hüququnun da qanunvericiliklə tənzimlənməsi vacib məsələlərdəndir. Qanunverici, hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun digər növlərindən üstünlüyünü nəzərə alaraq nəinki həqiqi hərbi xidmətdə olan, hətta həqiqi hərbi xidmətdən ehtiyata və ya istehfaya buraxılmış şəxslərin də mənzil şəraitinin yaxşılaşdırılması, bu zaman güzəşt və kompensasiyaların təmin edilməsini nəzərdə tutmuşdur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. İstinad olunan Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndindən də göründüyü kimi ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ nəzərdə tutulmuşdur. Təhlil olunan normadan da göründüyü kimi qanunverici mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, bütün ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlər, gizirlər və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Halbuki elə istinad olunan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində yeri gəldikdə qanunverici konkret iradəsini ifadə etmiş və müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, onların müəyyən kateqoriyalarına münasibətdə tətbiqinin mümkünlüyünü vurğulamışdır. Məsələn, yuxarıda da qeyd edildiyi kimi adı çəkilən Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 3-cü bəndində deyilir ki, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Göründüyü kimi qanunverici yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunmaq hüququnu nəzərdə tutmuşdur. Bu baxımdan qeyd edilməlidir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndi Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur. Həmin xərclərin isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödənilir. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının birinci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. İstinad olunan normativ hüquqi aktda mənzil kirayəsi xərclərinin ödənilməsi məbləği, məsələn Sumqayıt şəhəri üçün bu məbləğin 100 manat təşkil etməsi, eləcə də mənzil kirayəsi xərclərinin ödənilməsi qaydasının yalnız nağdsız qaydada, yəni pul nişanlarından istifadə etmədən pul vəsaitlərinin bir bank hesabından digər bank hesabına köçürülməsi vasitəsilə həyata keçirilərək ödənilməsi qaydası nəzərdə tutulmuşdur. Nazirlər Kabinetinin istinad olunan 6 avqust 2012-ci il tarixli qərarında yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların mənzil kirayəsi üçün kompensasiya hüququnun tanındığı, xidmət müddəti başa çatdığına ehtiyata buraxılmış gizirlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinin nəzərdə tutulmaması ilə bağlı cavabdehin dəlilinə münasibətdə kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İ hissəsinə əsasən qanunvericilik sistemi aşağıdakı normativ hüquqi aktlardan ibarətdir: 1) Konstitusiya; 2) referendumla qəbul edilmiş aktlar; 3) qanunlar; 4) fərmanlar; 5) Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları; 6) mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları. Konstitusiyanın 149-cu maddəsinin V bəndində isə deyilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun: - 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. -2.7-cı maddəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları fərmanla ziddiyyət təşkil etdikdə fərman tətbiq edilir. Sonuncu müddəanın tətbiqi onu ehtiva edir ki, Nazirlər Kabinetinin göstərilmiş Qaydalarına münasibətdə “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunu daha üstün hüquqi qüvvəyə malik olduğundan, tətbiq edildiyi subyektlərin dairəsi ayırd edilmədən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ tanınaraq təmin edilməlidir. Bəhs olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi isə işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının tələb edildiyi kimi tam ləğvi üçün əsasdır. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(118)-770/2020 saylı qərarı ləğv edilməli, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 oktyabr 2020-ci il tarixli, 2-1(118)-770/2020 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 2019-cu ilin avqust ayından təyin olunmuş kompensasiya ödənişinin bərpa edilməsi vəzifəsi cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-180/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-180/2021
07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver