Məhkəmə qərarları › İş №2-1(105)-180/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-180/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-180/2022 12.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçı X7, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Zirə tərəvəzçilik-südçülük sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı il tarixli 3 nömrəli birgə qərarı ilə ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən (0,12 ha) saylı bağ sahəsinə onun üzərində yerləşən əmlaka dair X1 adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(118)-58/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zirə tərəvəzçilik-südçülük sovxozun əmək kolektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı il tarixli 3 nömrəli birgə qərarı ilə ona ayrılmış Bakı şəhəri Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən (0,12 ha) saylı bağ sahəsinə və onun üzərində yerləşən əmlaka dair X1 adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bağ sahəsinə dair çıxarışın verilməsi Azərbaycan SSR Nazirlər Sovetinin 9 fevral 1990-cı il tarixli qərarı ilə Zirə tərəvəzçilik südçülük sovxozuna hər ailəyə 0.12 hektar hesabı ilə 150 ailəlik həyətyanı torpaq fondu ayrılmışdır. Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin qeyquruluşu layihə İnstitutunun əməkdaşları hər sahənin sxemasını (baş planı) hazırlamış onun əsasında sahələr nişanlanmışdır. Vətəndaşlar torpaq alınması üçün tələb olunan sənədləri hazırlayıb sovxoza təqdim etmişlər. Zirə tərəvəzçilik-südçülük sovxozun əmək kolektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı ii tarixli 3 nömrəli birgə qərarı ilə 131 ailəyə, həmçinin X2 0.10 hektar torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində 60 kv.metr ölçüyə qədər fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Bu bağ sahəsinin özəlləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqanın **********69 saylı 17.05.2019-cu il tarixli məktubu ilə ona imtina edilmişdir. İmtina məktubunda göstərilmişdir ki, ilkin baş planın, təsdiq edilmiş ayrıc aktının və yerləşmə sxeminin ərizəyə əlavə əlavə edilmədiyindən ərizənin icrası mümkün sayılmamışdır. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənəd - qeydiyyat vəsiqəsi, icarə müqaviləsi inzibati orqana təqdim edilmişdir. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16.12.2019-cu il tarixli qərardadı ilə ölmüş iddiaçı X3 onun hüquqi varisi olan İddiaçı ilə əvəz olunmuşdur. Cavabdeh iddia tələbinə etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(118)-58/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı tərəfindən şikayət verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(118)- 58/2021 nömrəli qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Hazırki işin hallarından görünür ki, iddiaçı Zirə tərəvəzçilik-südçülük sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı il tarixli 3 nömrəli birgə qərarı ilə ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən (0,12 ha) saylı bağ sahəsinə onun üzərində yerləşən əmlaka dair X1 adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələblə məhkəməyə müraciət etmişdir. İşə apellyasiya qaydasında baxılarkən mübahisəli torpaq sahəsinin Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsinin inzibati ərazi dairəsinin hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırki iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı da məhz bu səbəbdən İPM-in 8.1.4-cü maddəsinə əsaslanaraq cavabdehin yerləşdiyi yer üzrə aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə də iddia ərizəsini icraata qəbul etməklə işə mahiyyəti üzrə baxmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə müstəsna aidiyyət qaydalarını pozaraq mahiyyəti üzrə baxmışdır. Belə ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi qanunverici daşınmaz əmlak, yaxud müəyyən ərazi ilə bağlı müstəsna aidiyyət qaydası müəyyən etmişdir və bu qaydaya görə belə mübahisəyə yalnız həmin ərazinin olduğu yerin məhkəməsi baxmağa səlahiyyətlidir. Belə olduğu təqdirdə kollegiya hesab edir ki, hazırki mübahisəyə də İPM-in 8.1.1-ci maddəsinin tələbinə əsasən torpaq sahəsinin yerləşdiyi ərazi üzrə baxılmalıdır. Belə ki, hazırkı işin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin icraatına daxil olduğu 01.11.2019-cu il tarixdə qüvvədə olmuş Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 11.04.2017ci il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri Xəzər rayonu 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin, hazırda qüvvədə olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasının 15.3-cü bəndinə əsasən isə Bakı şəhəri Xəzər rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göründüyü kimi iddiaçı aidiyyət qaydalarına uyğun olaraq hazırki iddia ərizəsi ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət etməli idi. Lakin, iddiaçı aidiyyət qaydalarını pozmaqla Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, məhkəmə isə işə mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. İPM-nin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia məhkəmə aidiyyəti qaydalarının pozulması ilə icraata qəbul edilərək mahiyyəti üzrə baxıldığından, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2021ci il tarixli, 2-1(118)-58/2021 nömrəli qərarı ləğv edilməli və inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 may 2021-ci il tarixli, 2-1(118)-58/2021 nömrəli qərarı ləğv edilsin. İddiaçı X7 Cavabdehnə qarşı “Zirə tərəvəzçilik-südçülük sovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 15 mart 1990-cı il tarixli 3 nömrəli birgə qərarı ilə ona ayrılmış Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsində yerləşən (0,12 ha) saylı bağ sahəsinə onun üzərində yerləşən əmlaka dair X1 adına plan və ölçünün tərtib olunaraq və hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, prospekti, 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar